ENG     11 Dekabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
8 Dekabr 2018-ci il
N 37 (595)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Müxtəlif

GENETİK MODİFİKASİYA OLUNMUŞ ORQANİZMLƏR

Elmi - texniki tərəqqi bir çox sahələrlə yanaşı  özünü gen mühəndisliyi sahəsində də göstərir. Gen mühəndisliyinin nailiyyətlərindən biri də genetik modifikasiya olunmuş orqanizmlərin (GMO) yaradılması, onların istehsalatda tətbiq edilməsi olmuşdur. Artıq belə orqanizmlərdən olan transgen bitkilər geniş ərazilərdə istehsal edilərək bir çox ərzaq məhsullarının tərkib hissəsini təşkil edirlər. Yer üzərində əhalinin sayının artması və bununla da ərzaq çatışmazlığının yaranma ehtimalının artması belə bitkilərin yaradılmasına əsas vermişdir.

Genetik modifikasiya olunmuş - transgen bitki növlərinin təbiətdəki analoqlarından fərqli olaraq insanların istəyinə uyğun olaraq yaradılmış bir sıra üstünlükləri bu növlərin təsərrüfatlarda sürətlə və geniş tətbiq edilməsi üçün şərait yaratmışdır.

Genetik modifikasiya olunmuş bitki növləri təbii yolla əldə edilmiş növlərdən fərqli olaraq aşağıdakı xüsusiyyətlərə malikdir:

- yüksək və stabil məhsuldarlıq;

- il ərzində bir neçə dəfə məhsul vermək;

- ziyanvericilərə qarşı yüksək davamlılığa malik olmaq;

- daha yüksək və aşağı dərəcəli hava şəraitinə davamlı olmaq və s.

Bundan başqa bu növlərin istehsalında qeyri üzvi gübrələrin, pestisidlərin və digər zəhərli maddələrin tətbiqinə ehtiyacın azalması ətraf mühitin bu maddələrlə çirklənməsinin qarşısının alınmasında mühüm rol oynayır. Onların tərkibində kimyəvi maddələr az toplanır. Tərkiblərində toplanmış bəzi herbisidləri parçalamaq qabiliyyətinə (xüsusi fermentlərə malik olmaları ilə əlaqədar) malikdirlər. Bu xüsusiyyətləri nəzərə alaraq genetik modifikasiya olunmuş bitki növlərindən geniş istifadə olunur. Dünyanın bütün əkin sahələrinin təqribən 25-30 faizində transgen toxumlar əkilir. Onlardan alınan məhsullar müxtəlif qida məhsullarının tərkibinə daxil edilirlər. Dünyada yetişdirilən soyanın 80 faizi transgen yolla becərilir. Genetik modifikasiya olunmuş soyanın yağı və unundan kolbasa, şokolad, konfetlər, mayonez, bitki yağları istehsalında geniş istifadə edilir.

Genetik modifikasiya olunmuş orqanizmlərin əldə edilməsi zamanı heyvan geninin bitkiyə və ya əksinə, bitki geninin bitkiyə, heyvan geninin heyvana köçürülməsi baş verir. Nəticədə yeni bir növ alınır. Burada əsas məqsəd bitkilərə müxtəlif donor orqanizmlərdən arzu edilən əlamətləri idarə edən genlərin köçürülməsi və onların yeni "sahib" orqanizmlə spesifik zülalları sintez etməsi xüsusiyyətinə nail olmaq idi. Bu zaman təkcə yaxın "qohum" olmayan bitkilərin genləri deyil, eləcə də heyvan orqanizmlərindən məsələn: balıq, əqrəb, siçan, müxtəlif həşəratlardan və sair orqanizmlərdən təcrid olunmuş genlər də donor kimi istifadə olunur. Yeni alınmış bu növlərdə yüksək məhsuldarlıq, uzun müddət öz formasını qoruyub saxlamaq, spesifik aromatik iyə, dada malik olması və zərərvericilərə, əlverişsiz ətraf mühit amillərinə qarşı dözümlü olması və digər xüsusiyyətlərin olması  məqsəd kimi qoyulur.  Məsələn şimal balıqlarının soyuğa davamlılıq xüsusiyyətini daşıyan geni pomidor və çiyələk bitkilərinə köçürülür. İlandan alınmış genin qarğıdalıya köçürülməsi ilə qarğıdalının ziyanvericilərə qarşı davamlılığı artır. Bu kimi gen modifikasiyaları zamani "lazımlı" genlərlə əlaqəli digər genlərin də köçürülməsi baş verir. Köçürülmüş genlərin daha hansı məlumatlar daşıdığı məlum deyildir. Genetik modifikasiya olunmuş bitkilərin toxumları çiçəkləyərkən onun ətrafındakı bitkilərə, toxumları və meyvələri isə onunla qidalanan digər canlılara və nəhayət insanlara nə kimi təsir göstərəcəyi məlum deyildir.

Biz gündəlik həyatımızda geni dəyişdirilmiş qarğıdalı, pambıq, soya,  pomidor, kartof, alma, çiyələk və sair məhsullarla tez-tez rastlaşırıq. Bir sıra inkişaf etmiş ölkələr bu məhsulları geniş istehsal edərək iqtisadi cəhətdən geridə qalmış ölkələrə ixrac edirlər.

Bu qidalar insan orqanizmində hansı fəsadlar törədə bilər?

Bir sıra dövlətlər belə məhsullara çox ehtiyatla yanaşaraq tərkibində GMO olan məhsulların markalanmasına (məhsulun tərkibində GMO-nun faizinin göstərilməsinə) nail olmuşlar. Yaradılmış xüsusi laboratoriyalarda məhsulun tərkibində olan GMO-nun faizi müəyyən edilir.

Bu gün demək olar ki, bütün inkişaf etmiş ölkələrdə qida məhsullarının keyfiyyəti, ekoloji təmizliyi və bioloji təhlükəsizliyi diqqət mərkəzindədir.

Nəzərə almalıyıq ki, müasir biotexnoloji üsullarla əldə edilmiş genetik modifikasiya olunmuş bitki növləri ilə, illərlə sınaqdan çıxmış qiymətli və faydalı olan bitki növlərinin əvəz edilməsi mövcud qiymətli növlərin itməsinə, bu isə biomüxtəlifliyin azalmasına gətirib çıxara bilər.                                                                                                                                                                                                                                                                                                                                                      

İlk dəfə olaraq ingilis alimi Arpad Puştai genetik modifikasiya olunmuş məhsulların insan orqanizminə zərərli təsirini təcrübə yolu ilə sübut etmişdir. Təcrübələr zamanı siçovullara bir müddət transgen tərkibli məhsulların yedizdirilməsi nəticəsində heyvanların qanında leykositlərin miqdarı aşağı düşmüş, qara ciyərin ölçüləri kiçilmiş, çəkiləri azalmış, onlarda aqressivlik yüksəlmiş, hətta bir-birini yeməyə başlamışlar. Eyni zamanda heyvanlar arasında ölüm faizi də artmışdır. Sonralar Arpad Puştainin həmkarı Stenli Yuen onun təcrübəsinin nəticələrini yoxlayıb və düzgünlüyünü təsdiq etmişdir.

GMO-nun yaradılması üzərində ilk təcrübələr XX əsrin 70-ci illərində aparılmağa başlanmışdır. Artıq 15 ilə yaxındır ki, milyonlarla istehlakçı heyvan və bitki mənşəli GMO məhsullardan istifadə edir.

Onu da qeyd etmək lazımdır ki, transgen məhsulların əkilməsi, idxalı və s. məsələlər inkişaf etmiş ölkələrdə ciddi nəzarətə alınmışdır. Avropada transgen məhsulların əkilməsi qadağan edilmiş, yalnız bəzi bitkilərin ölkəyə idxalına icazə verilmışdir.

Transgen məhsullarla qidalanan bəzi ölkələrin əhalisində piylənmə prosesinin getdiyi müşahidə edilmişdir. Araşdırmalara görə, piylənmə prosesi ilə həmin ölkələrdə GMO məhsulların geniş yayılmasının birbaşa əlaqəsi mövcuddur. Çünki, bu ölkələrdə ət yeməkləri üçün istifadə edilən qida əlavələri transgen məhsullardan hazırlanmışdır. Transgen məhsullar maddələr mübadiləsinin pozulmasına və piylənmə prosesinin getməsinə səbəb olur.

Məsələ ondadır ki, təmiz ekoloji məhsulların araşdırılması nəticəsində məlum olmuşdur ki, çox yeməkdən kökələn şəxslər pəhriz, idman vasitəsilə arıqlaya bilirlər. Lakin transgen məhsullarla qidalanan əhalinin piylənməsinin qarşısını almaq demək olar ki, mümkün deyildir. Transgen məhsullar bütün planetdə sürətlə  yayıldığından, demək olar ki, elə bir insan tapmaq mümkün deyildir ki, GMO tərkibli məhsullar yemədiyini iddia etsin.

 Transgen məhsulların canlı orqanizmlərə, o cümlədən insanların sağlamlığına  etdiyi təhlükəli təsirin dərəcəsi hələ tam öyrənilməmişdir. Genetik modifikasiya olunmuş məhsulların orqanizmə təsiri uzun illər davam edə bilər. Ona görə də belə təsirin müayinə edilməsi çətinlik törədir. 

Ümumdünya Ticarət Təşkilatının tələblərinə görə tərkibində GMO olan qida məhsullarının üzərində "GMO tərkibli"(faizlə) olması göstərilməlidir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan 2000-ci ildə "Bioloji müxtəlifliyə dair" BMT-nin konvensiyasına, 2005-ci ildə isə bu konvensiyadan irəli gələn "Biotəhlükəsizliyə dair Kartagen protokolu"na qoşulmuşdur.

FHN Fövqəladə Halların

Xəbərdar Edilməsi Baş İdarəsi

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il