ENG     11 Dekabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
8 Dekabr 2018-ci il
N 37 (595)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Maarifləndirmə

Böyrəkdaşı xəstəliyi

Böyrəkdaşı xəstəliyi - böyrəyin kasacıq-ləyən sistemində daşların əmələ gəlməsi ilə xarakterizə olunan bədəndə baş verən pozgunluqların təzahür formasıdır.Yer kürəsinin müxtəlif bölgələrində böyrəkdaşı xəstəliyinin yayılması müxtəlifdir. Bəzi yerlərdə onun endemik ocağı tapılmışdır.

Azərbaycan da Yer kürəsinin böyrəkdaşı xəstəliyinin çox yayıldığı endemik ocaqları sırasındadır. Xəstəlik kişilərdə qadınlara nisbətən sağ böyrəkdə sola nisbətən daha çox təsadüf olunur, 15-20% halda böyrəklərdə ikitərəfli daş müşahidə olunur. Xəstəlik əsasən 20-50 yaşlarında təsadüf olunur.

Daşların kimyəvi tərkibi müxtəlif olur. Böyrəkdaşları 65-70% təsadüflərdə kalsium duzları, 5-15% fosfat turşusu duzları, 5-15% sidik turşusu və urat duzlarından, təxminən 5% hallarda sistin, ksantin, zülal, xolesterin, sulfanilamid mənşəli olur.

Etiologiyası. Xəstəliyin etiologiyası və patogenezi tam aydın deyil. Böyrəkdaşının əmələ gəlməsində çoxlu faktorların rolu vardır. Bunların arasında sidik yollarının anadangəlmə və qazanılmış qüsurları nəticəsində sidiyin durgunluğu, urodinamik dəyişikliklər, sidik yollarının infeksiyasını qeyd etmək lazımdır.

Maddələr mübadiləsi pozğunluqlarının rolunu, o cümlədən sidik turşusu, oksalat turşusu, fosfat-kalsium mübadiləsinin pozulması nəticəsində baş verən diatezlərinin rolunu xüsusi göstərmək lazımdır.

D vitamininin hipervitaminozu, A vitamininin avitaminozu, qaraciyərin və mədə-bağırsaq sisteminin xroniki xəstəlikləri (hepatit, qastrit, kolit) böyrəkdaşı xəstəliyinin yaranmasına kömək edir.

Xəstələrin uzun müddət hərəkətsizliyinə səbəb olan xəstəliklər sümüklərin sınıqları, (sümük-oynaq sistemi xəstəlikləri) sidik yollarında daş əmələ gəlmə prosesinə meyilliyi artırır. İsti ölkələrdə bədəndən çoxlu su itirilməsi, suyun çoxluğu daşəmələ gəlmə prosesini gücləndirir. Böyrəkdaşı xəstəliyinin etiologiyasında irsi meyillilik də inkar edilmir.

Klinika. Böyrəkdaşının əsas əlamətləri ağrıdır. Xəstəliyin gedişində sancılar dövrü və sancıarası dövrləri qeyd etmək lazımdır. Bel nahiyəsində ağrılar sidik yollarında sidiyin normal hərəkətinin pozulması nəticəsində baş verir. Böyrəklərdə olan böyük daşlar (mərcanvari daşlar) zamanı ağrılar küt xarakterdə olur, kiçik daşlarda ağrılar güclü olub, böyrək sancısı şəklində təzahür edir.

Böyrək sancısı çox zaman daşın sidik axarına düşməsi nəticəsində baş verir, birdən-birə başlayır, bel nahiyəsində olur, sidik axari boyu, cinsiyyət orqanlarına irradiasiya edir. Ağrılar tez-tez, ağrılı sidiyə getmə aktları, ürəkbulanma, qusma, köpmə, defekasiya aktının ləngiməsi kimi reflektor pozğunluqlara səbəb olur. Xəstə çox narahat olur, özünə yer tapmır, çox vaxt narkotik preparatlardan, isti vannadan sonra agrılar sakitləşir. Ağrılar ola bilsin arabir sakitləşsin, sonra yenidən güclənsin və bəzən də kiçik daşın düşməsi ilə tam keçə bilər. Bəzi halda xəstədə tək böyrək olduqda sidik axarının daşla tutulması nəticəsində böyrəkdə durğunluq, kasacıq-ləyən sisteminin genişlənməsi, ləyəndaxili təzyiqin artması və oliqoanuriyaya (sidiyin azalması) səbəb ola bilər. Bəzən xəstələrdə hərarətin yüksəlməsi də aşkar edilir.

Obyektiv müayinədə bel nahiyəsində ağrı döyəcləmə simptomunun müsbət olması, əllədikdə böyrək nahiyəsi və sidik axarı boyu güclü ağrının meydana çıxması qeyd olunur.

Böyrək sancısından sonra bəzən sidiklə xırda daşların düşməsi müşahidə olunur.

Sancı arası dövrdə xəstələrdə bel nahiyəsində küt ağrılar, ağrıların nəqliyyatda getdikdə güclənməsi (bədənin silkələnməsi ilə əlaqədar) müşahidə olunur.

Təxminən xəstələrin 13%-də böyrəkdaşı xəstəliyi zamanı heç bir əlamət müşahidə edilmir. Belə hallarda daş ancaq təsadüfən rentgen müayinəsi, ultrasəs muayinəsi aparıldiqda tapılır və yaxud sidiyin umumi muayinəsində dəyişikliklərin aşkar edilməsindən sonra müəyyənləşdirilir.

Diaqnoz. Böyrəkdaşı xəstəliyinin diaqnozu anamnezə (sancının olması), sidiyin müayinəsinə xarakter ağrılara və onun irradiasiyası, sidik ifrazi aktının pozulması, sidikdə daşların çıxması və rentgenoloji ultrasəs müayinələrinin nəticələrinə əsasən qoyulur.

Müalicə. Böyrəkdaşı xəstəliyinin müalicəsi zamanı seçilən taktika konkrementin ölçüsündən, kimyəvi tərkibindən, lokalizasiyasından asılıdır. Sidik turşusu tərkibli daşlar olduqda tərkibində çoxlu purin əsasları olan qida maddələri (ət yeməkləri) azaldılır. Xəstələrə südlü-bitkili pəhriz təyin edilir, çünki belə pəhriz sidiyin qələvi mühitini artırır. Oksalat daşlarında xəstəyə tərkibində oksalat turşusu və onun duzları çox olan qida maddələri (paxlalı bitkilər, turşəng və s.) azaldılır. Fosfat dasları zamanı sidiyin mühitini turş tərəfə dəyişən pəhriz təyin edilir. Xəstələrə mineral sulardan Istisu, Qalaaltı məsləhət görülür.

Hazırda böyrək və sidik yollarının daşları distansion ekstrakorporal zərbə dalğası ilə vurulub sındırılır. Parçalanmış daşın xırda hissələri sidik yollarından düşürlər.

Cərrahi müalicəyə göstərişlər: tez-tez təkrar olunan güclü böyrək sancıları, kəskin pielonefrit və xroniki pielonefritin kəskinləşməsi, sidik axarında böyük daşlar, 3 gündən artıq böyrəkdən sidiyin ifrazı blokada olduqda, 3 ay ərzində sidik axarında daş miqrasiya etmədikdə, tək böyrəyin daşı, hematuriya və s. cərrahi müalicəyə göstərişdir.

Proqnoz. Ağırlaşmalar olmadıqda proqnoz yaxşıdır.

Profilaktika. Çox vaxt xroniki pielonefrit daş əmələ gətirmək meyilliyi yaratdığı üçün ona qarşı tədbirlər görülməli, diatezlərdə isə düzgün müalicə tətbiq edilməlidir.

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il