ENG     11 Dekabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
8 Dekabr 2018-ci il
N 37 (595)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Maarifləndirmə

Dəm qazı ilə zəhərlənmə zamanı ilk yardım

Dəm qazı üzvi maddələrin, o cümlədən təbii qazın, neft məhsullarının, odun yanacağının natamam yanması nəticəsində əmələ gəlir.

Dəm qazı iysiz, rəngsiz, dadsız bir qaz olduğu üçün çox təhlükəlidir. Elə buna görə də zəhərlənmə halları qətiyyən nəzərə çarpmadan və zərərçəkənin xəbəri olmadan baş verir .

Dəm qazı (elmi adı CO - yəni, karbon monooksid) yanma prosesi olan istənilən yerdə yarana bilər. Nəfəs aldığımız havada CO qazının sıxlığı 0,08% olduqda insan başağrı hiss edir, 0,32%-də huşun itməsi və yarım saat ərzində ölüm baş verir. CO-nun sıxlığı 1,2% olarsa, insan 2-3 dəqiqə ərzində ölə bilər.

Qaz və yağ sobaları, odun sobası, müxtəlif qaz cihazları, daxili yanma mühərriki və s. dəm qazı mənbəyi ola bilər.

Dəm qazı ilə zəhərlənmənin səbəbləri:

- suyu qazla qızdırılan duş və vanna otaqlarında nəfəsliklərin olmaması;

- soba ilə qızdırıcı sistemlərdə texniki təhlükəsizlik qaydalarının pozulması;

- standarta uyğun olmayan və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməsi;

- tüstü çıxarıcı boruların və tüstü bacasının yaxşı işləməməsi;

- sobada və borularda çatların və nasazlıqların olması;

- avtomobil qarajında ventilyasiyanın olmaması və s.

Dəm qazı ilə zəhərlənmənin əlamətləri:

Dəm qazı ilə zəhərlənmə yüngül dərəcəli, orta ağır və ağır dərəcəli ola bilər. Dəm qazı ilə zəhərlənmə zamanı zərərçəkəndə aşağıdakı əlamətlər müşahidə olunur:

- başgicəllənmə;

- başağrısı;

- qulaqlarda küy;

- ürəkbulanma

- qusma;

- yuxululuq;

- bəzən isə oyanıqlıq;

- müvazinətin itməsi;

- sayıqlama;

- hallüsinasiyalar;

- qıcolma tutmaları;

- koma;

- və nəhayət tənəffüs mərkəzinin iflici nəticəsində ölüm.

Dəm qazı ilə zəhərlənmə

zamanı ilk yardım

 

1) Zərərçəkmiş şəxsi dərhal təmiz havaya (ilin isti vaxtlarında evdən bayıra, soyuq vaxtlarda isə havası dəyişdirilən başqa otağa) çıxartmaq lazımdır;

2) Zərərçəkmiş şəxsi arxasıüstə rahat uzandırıb dar və sıxıcı paltarlarını soyundururlar;

3) Ətraflarını və bədənini ovuşdururlar;

4) Başına və sinəsinə soyuq kompress qoyulur;

5) Əgər huşu özündədirsə, ona isti çay içirdirlər;

6) Əgər huşsuzdursa, naşatır spirtində isladılmış pambığı onun burnuna yaxınlaşdırıb iylətmək olar;

7) Tənəffüsü dayanıbsa, dərhal süni tənəffüs verməyə başlamaqla "təcili yardım" çağırmaq lazımdır.

 Bunlar hadisə yerində hər bir adamın göstərə biləcəyi ilk yardımdır. Bunlardan başqa, ixtisaslı həkim yardımına da (hiperbarik oksigenasiya, dərman müalicəsi və s.) ehtiyac var.

Dəm qazı ilə zəhərlənmələrin ağırlıq dərəcəsindən asılı olmayaraq bütün hallarda müalicə üçün zərərçəkənin xəstəxanaya aparılması təmin olunmalıdır.

 

Dəm qazı ilə zəhərlənmənin profilaktikası

 

Dəm qazı ilə zəhərlənmə hallarının baş verməməsi üçün diqqətli olmaq lazımdır:

- ancaq sertifikatı olan, düzgün işləyən sobalardan və qaz cihazlarından istifadə etmək;

- sobaların tüstü çıxaran borularını düzgün quraşdırmaq;

- bu boruların keçiriciliyini mütəmadi olaraq yoxlamaq və lazım gəldikdə onları təmizləmək;

- vanna otağında nəfəslikləri açıq saxlamaq;

- otaqların havasını vaxtaşırı dəyişdirmək;

- qarajda avtomobilin mühərriki işləyən zaman qarajın qapısını açıq saxlamaq;

Nəzərə alsaq ki, qış fəsli yaxınlaşır və bir çox insanlar öz mənzillərində qazla işləyən qızdırıcı cihazlardan istifadə edirlər, əhaliyə ehtiyatlı olmağı məsləhət görürük.

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il