ENG     26 Aprel 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
14 Aprel 2017-ci il
N 13 (528)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Rəsmi xronika

Prezident İlham Əliyev 1 saylı “ASAN kommunal” Mərkəzinin açılışında iştirak edib və səyyar “ASAN qatar”la tanış olub

Dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda 1 saylı "ASAN kommunal" Mərkəzinin açılışında iştirak edib və Biləcəri stansiyasında səyyar "ASAN qatar"la tanış olub.

Dövlətimizin başçısı mərkəzi işə salıb.

Prezident Administrasiyanın hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov mərkəzdə yaradılan şərait barədə dövlətimizin başçısına məlumat veriblər.

Könüllü qruplardan biri tərəfindən hazırlanmış "Prezidentim" adlı videoçarx nümayiş olunub.

Sonra dövlətimizin başçısı mərkəzin kollektivi ilə görüşərək çıxış edib.

  "ASAN kommunal" mərkəzinin açılışı münasibətilə kollektivi təbrik edən Azərbaycan Prezidenti İlham Əliyev  deyib ki, bu ilin may ayında mən müvafiq Fərman imzalamışam. Fərmana əsasən, "ASAN kommunal" mərkəzləri yaradılmalı idi. Birinci mərkəz artıq fəaliyyətə başlayır. Mənə verilən məlumata görə, yaxın gələcəkdə növbəti mərkəz də açılacaq. Bu, çox gözəl təşəbbüsdür, növbəti layihədir.

"ASAN xidmət"in öz fəaliyyətini genişləndirdiyini bildirən dövlətimizin başçısı deyib ki, "ASAN xidmət", o cümlədən "ASAN kommunal" mərkəzlərində ən yüksək xidmət göstərilir və göstəriləcək: "Bu, ölkəmizin müasirliyini, inkişafını göstərir, bizim siyasətimizi əks etdirir.

Bildiyiniz kimi, bu yaxınlarda mənim göstərişimlə kommunal tariflərin həcminə düzəlişlər edilibdir. Bu da sırf sosial yanaşma idi. Çünki növbəti düzəlişdən sonra artıq vətəndaşların 75-80 faizi işıq və qaz pulunu köhnə tariflərlə ödəyəcək. Yəni, bu, o deməkdir ki, əhalimizin əksəriyyəti bu dəyişikliyi hiss etməyəcək, əksinə, görülmüş tədbirlər nəticəsində vətəndaşların sosial müdafiəsi gələn il daha da möhkəmlənəcək.

Bu, sosial ədalət prinsipidir. İmkanlı, varlı insanlar, böyük evlərə, villalara sahib olan vətəndaşlar daha çox ödəməlidirlər. Kiminsə imkanı azdır və ya məhduddur, yaxud da ki, orta təbəqənin nümayəndələridir, onlara dövlət daim güzəştlər edir. Hətta artırılmış tariflərin səviyyəsi qonşu ölkələrdə mövcud olan tariflərdən bir neçə dəfə aşağıdır. Buna baxmayaraq, yenə də qeyd etmək istəyirəm, biz növbəti addımı ataraq sosial müdafiəni daha da gücləndirmişik".

"ASAN xidmət" təşəbbüsünün də sosial xarakter daşıdığını bildirən dövlətimizin başçısının sözlərinə görə, çünki bu, vətəndaşlara göstərilən xidmətdir.Vətəndaşlar bu xidmətdən istifadə edərək heç bir çətinlik çəkmirlər.Təsadüfi deyil ki, "ASAN xidmət"in bəyənilmə əmsalı təxminən 100 faizə yaxındır. Yəni, bu, camaatın, insanların bu xidmətə verdikləri qiymətdir.

Son bir neçə il ərzində "ASAN xidmət"ə 13 milyon müraciət olduğunu diqqətə çatdıran dövlətimizin başçısı qeyd edib ki, bu xidmətin həm coğrafi əhatəsi genişlənir, həm də funksiyaları artır: "Artıq bizim 11 mərkəzimiz var. Onlardan altısı bölgələrdə yerləşir. Gələn il Quba və Mingəçevir şəhərlərində iki yeni mərkəz açılacaq. Gələn il, eyni zamanda, digər iki şəhərimizdə - Şəkidə və İmişlidə növbəti mərkəzlərin tikintisi başlanacaq".

Prezident İlham Əliyev vurğulayıb ki, "ASAN xidmət"də mövcud olan mədəniyyət, mədəni xidmət, qayda-qanun, nizam-intizam, şəffaflıq hər bir yerdə olmalıdır. Ona görə "ASAN xidmət" hər bir sahədə öz təsirini göstərməlidir və göstərir.

Sözünə davam edən Prezident İlham Əliyev deyib: "Əslində, bu sistemin yaradılması ictimai xidmətlər və ictimai münasibətlər sahəsində bir inqilab idi. Bu, özlüyündə böyük bir irəliləyiş, böyük bir yenilikdir. Ancaq "ASAN xidmət"in təsiri təkcə bundan ibarət deyil, bu mərkəzlərdə göstərilən xidmətlərlə məhdudlaşmır. "ASAN xidmət", ümumiyyətlə, vətəndaş-məmur münasibətlərinə yenilik gətirdi, rüşvətxorluğa qarşı mübarizədə bizə daha da böyük güc verdi. Yəni, göstərdi ki, rüşvətxorluqla mübarizə aparmaq və qələbə çalmaq da mümkündür. Bax, "ASAN xidmət"in mənası və əhəmiyyəti bundan ibarətdir.Vətəndaşlar da bu xidməti çox bəyənirlər və gözləyirlər ki, onların rayonlarında da "ASAN xidmət" mərkəzləri açılacaq. Biz bunu tədricən edəcəyik. Bizim planlarımıza görə, 2018-ci ildə ölkəmizdə, yəni, rayonlarda 10 mərkəz yaradılacaq. Ondan sonra bu proses daha da sürətlə gedəcək".

"ASAN viza"nın yaradılmasının bir zərurət olduğunu bildirən Prezident İlham Əliyev bildirib ki, çünki biz çalışırıq ki, Azərbaycana daha çox turist gəlsin. Həm ölkəmizi tanısın, həm də ölkəmiz haqqında düzgün məlumat alsın. Eyni zamanda, bu, ölkə iqtisadiyyatına da böyük töhfədir.

Azərbaycana gəlmək üçün viza almağın vaxtilə böyük problem yaratdığını qeyd edən dövlətimizin başçısı deyib: "Çünki vizalarla bağlı vəziyyət bizi qane edə bilməzdi. Həm pozuntular kifayət qədər çox idi, həm əsassız tələblər irəli sürülürdü. Ümumiyyətlə, Azərbaycana gəlmək üçün insanlar gərək aylarla növbə tutaydılar, gedib başqa şəhərlərdə bizim səfirliklərdə, konsulluqlarda növbədə dayanaydılar, hələ onlara viza verilib-verilməyəcəyi bəlli deyildi. Ona görə bu məsələni birdəfəlik həll etmək üçün "ASAN viza" yaradıldı və indi istənilən vətəndaş üç gün ərzində Azərbaycana gələ bilər. Mənə verilən məlumata görə, bu il, - hətta "ASAN viza" hələ işə düşməmiş, - Azərbaycana gələn turistlərin sayı təxminən 10 faiz artıb. Bəzi ölkələr var ki, o ölkələrdən gələnlərin sayı 30-40 dəfə artmışdır. 2017-ci ildə bu proses daha da sürətlə gedəcək".

"Əlbəttə ki, biz "ASAN xidmət"i könüllülər hərəkatından ayıra bilmərik",- deyə sözünə davam edən Prezident İlham Əliyev bildirib ki, "ASAN" yaranana qədər Azərbaycanda könüllülər hərəkatı olmamışdır. Biz könüllülər haqqında eşitmişdik. Ancaq könüllülər hərəkatı nədir, onu bilmirdik. Bu gün artıq bu hərəkat Azərbaycanda yaşayır. Mənə verilən məlumata görə, 10 min gənc artıq könüllü kimi "ASAN xidmət" mərkəzlərində işləyib və bu insanların bir çoxu bu gün müxtəlif vəzifələrdə, müxtəlif işlərdə ölkəmizin gələcək inkişafı üçün çalışırlar. Hazırda bütün bu mərkəzlərdə 700-dən çox könüllü fəaliyyət göstərir. İki il bundan əvvəl mən könüllülərin birinci toplantısında onlarla görüşmüşdüm.

Nəhayət, bu mərkəzlərin bir xüsusiyyəti də var ki, burada iş yerləri açılır. Bu mərkəzdə təxminən yüzə qədər yeni iş yeri açılır. İşləyənlərin demək olar ki, hamısı gənclərdir və onların əksəriyyəti qadınlar, qızlardır. Bu da məni çox sevindirir. Çünki bizdə qadınlar da işlə təmin olunmalıdırlar. Beləliklə, biz həm işsizliklə bağlı uğurla mübarizə aparmış oluruq, həm də ki, qadınlar cəmiyyətimizin fəal üzvləri kimi dövlətimizə xidmət göstərmiş olurlar.

1 saylı "ASAN kommunal" Mərkəzində çalışan "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı Gülnar Allahverdiyeva burada yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Daha sonra Prezident İlham Əliyev səyyar "ASAN qatar"la tanış olmaq üçün "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasına gəlib.

Məlumat verilib ki, səyyar "ASAN qatar"ları ölkəmizdə geniş dəmir yolu şəbəkəsi, mövcud infrastruktur, kommunikasiya xətləri və ən müasir texnologiyalardan istifadə edərək yerlərdə vətəndaşlara xidmət göstərəcək.

Dövlətimizin başçısı səyyar "ASAN qatar"larda yaradılan şəraitlə tanış olub.

Prezident İlham Əliyev səyyar "ASAN qatar" xidmətinin fəaliyyətə başlamasını bildirən düyməni basıb.

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il