ENG     22 Avqust 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
11 Avqust 2017-ci il
N 25 (540)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Maarifləndirmə

Kəskin hava şəraitində diqqətli olun!

Güclü qar yağması və yolların buz bağlaması sürücülərin çətinlik çəkməsinə səbəb olur. Belə ki, buz qatında avtomobilin hərəkəti zamanı ilişmə əmsalı quru örtüklə müqayisədə təxminən 8 dəfə az olur. Bu isə maşının əyləc sisteminin normal qaydada işləməsinə maneçilik törədir. Bütün bunları nəzərə alaraq  qarlı hava şərtlərində sürücülərə avtomobili diqqətli sürmək, təqib məsafəsinə uyğun olaraq maşını ehtiyatla idarə etmək tövsiyə olunur.

Səriştəli avtomobil sürücüləri bilirlər ki, qış vaxtı yolların qar və buz qatı ilə örtüldüyü zaman  maşını tələsmədən, diqqətlə idarə etmək lazımdır. Belə sürücülər qar topasının olduğu yerlərdə sayıq olur, digər avtomobillərlə ara məsafəsini yay vaxtına nisbətən daha uzun saxlayırlar. Həmçinin, təcrübəli sürücülər qarla əlaqədar avtomobildə baş verən nasazlıqların  daha tez həll yolunu tapmağı bacarırlar. Şübhəsiz ki, sükan arxasında oturan sürücülərin hamısı təcrübəli deyil. Məhz buna görə də belə sürücülər buzlu yollarda daha ehtiyatlı olmalıdırlar. Hətta kəskin hava şəraitlərində təcrübəsiz sürücülərin ictimai nəqliyyatdan istifadə etməsi daha məsləhətlidir.

Qış vaxtı qarlı havalarda avtomobil idarə edənlər aşağıdakı qaydaları mütləq bilməlidirlər:

- Qarlı havada bayıra çıxarkən boş bir sahədə buz örtüyü üzərində avtomobilinizi dayandırın və bütün təkərlərin eyni vaxtda əyləc sisteminin tələblərinə cavab verib-vermədiyini yoxlamaq çox vacibdir. Bundan əlavə, buz üzərində avtomobilin əyləc məsafəsinə də fikir verilməlidir.

- Avtomobillərdə qış təkərlərinin olmasına çalışın. Buzlu yolda mütəmadi olaraq təkərlərin hava təzyiqini yoxlayın.  Ümumiyyətlə, avtomobilinizi soyuq hava şəraitinə uyğun olan avadanlıqlarla təchiz edin ki, problemlərlə üzləşməyəsiniz. Bu barədə peşəkarlardan da məsləhət almaqdan çəkinməyin.

- Sürüşmə təhlükəsi varsa, əyləc məsafəsinin  uzana biləcəyini  düşünərək, sürəti azaldın, təqib məsafəsini normalın iki qatına çıxarın.

- Unutmayın ki, əriməyə başlayan qar sərtləşmiş qardan daha təhlükəlidir. Belə hallarda avtomobilinizin sürətini azaldın.

- Döngələrdə dönərkən diqqətli olun. Xüsusən də yolların kəsişdiyi ərazilərdə digər avtomobillərlə toqquşma ehtimalı olduğunu unutmayın. Yadda saxlayın ki, piyada keçidlərindən istifadə edən piyadalar da sürüşkən səth üzərində hərəkət edir və onlar da özlərini buz üzərində saxlaya bilmirlər.  Körpü və estakadalara gəlincə isə, burada da ehtiyatlı olun,  çox vaxtı küləyin təsirindən bu yerlərdə buz qatı daha sürüşkən olur.

- Qarlı hava şərtlərində uzun məsafə üçün nəzərdə tutulan faralardan istifadə etməyin. Avtomobiliniz ağ rəngdədirsə, qarlı havada onun görünməsində çətinlik ola biləcəyi səbəbindən qısa faralarını gündüz də yandırın. Belə hallarda qəzalardan qaça bilərsiniz.

- Buzlanmış ön şüşəni istilətmədən silməyin, şüşə cızıla və sına bilər.

- Qış vaxtı yolun üzərini örtən qar və buz səthinin rənginə diqqət yetirin. Çünki səthin rəngi onun sürüşkən olub-olmamasını təxmin etməyə imkan verir. Mütəxəssislərin fikrincə, qarlı havada günəş şüaları qarın üzərinə düşərək yolun açıq rəngli olmasına şərait yaradır. Hava soyuduqda isə tünd rəngli sahələr əmələ gəlir və bu cür sahələrin daha az sürüşkən olduğu ehtimal edilir.

- Yollarda təzə yağan qar bir sıra hallarda altda qalan buz qatının üstünü örtür. Adətən, məhz bu amil daha çox qəzaların yaranmasına səbəb olur. Çox vaxt əyləcə basan zaman  bu qar qatı hamarlanmır, avtomobil təkərləri önündə toplanır və təkərlərin yola yapışma qabiliyyətini azaldır. Bunun nəticəsində avtomobilin təkərlərinin sürüşmə məsafəsi artır.

- Qarlı havada yolların üzərinə qum səpilir ki, avtomobillərin sürüşməsinin qarşısı alınsın. Amma bu, avtomobilin sürətinin artırılması anlamına gəlməməlidir. Unutmayın ki, bəzən qum səpilmiş yollarda əyləcdən istifadə edən zaman qum dayanıqlı olmur və təkərlərlə birgə sürüşür.

Əziz sürücülər, kəskin hava şəraitində avtomobil idarə etmək o qədər də asan deyil. Hər an təhlükə ilə üzləşə bilərsiniz. Lakin yuxarıda qeyd olunan qaydalara əməl etsəniz, istənilən təhlükənin qarşısını almağı bacaracaqsınız.

Hazırladı: Mehman Fərzəliyev

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il