ENG     23 Yanvar 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
19 Yanvar 2017-ci il
N 02 (517)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Maarifləndirmə

Fövqəladə hallarla bağlı davranış qaydaları
Avtomobildə yanğın

Avtomobildə yanğın baş veribsə:

- avtomobili dərhal dayandırın və mühərriki söndürün;

- avtomobili tərk edin, sərnişinlərinizi avtomobildən düşürün, "112" qaynar xəttinə məlumat verin;

- heç bir halda yanan avtomobilə minməyin;

-mümkündürsə, ilkin odsöndürücü vasitələrlə və ya hər hansı qalın parça materialı, torpaq, qum və s. ilə yanğını söndürməyə çalışın;

- yanğın mühərrik bölməsindən başlayıbsa və hələ geniş yayılmayıbsa, kapotu ehtiyatla açın və yanğını söndürməyə çalışın;

- yanğın güclüdürsə, onu özünüz söndürməyə çalışmayın. Bu zaman təhlükəsiz məsafəyə (ən azı 10 metr) çəkilin.

Avtobusda yanğın

Sərnişin avtobusunda yanğın baş veribsə:

- yanğın haqqında sürücünü dərhal xəbərdar edin və "112" qaynar xəttinə məlumat verin;

 - yanan avtobusu  mümkün qədər tez tərk edib ondan uzaqlaşın;

- qəza çıxış düyməsini basaraq, qapıları açmağa çalışın. Əgər qapılar açılmırsa, çəkicdən və ya hər hansı bərk əşyadan istifadə edərək pəncərəni sındırmaqla avtobusdan çıxmağa çalışın;

 - ağız və burnunuzu parça materialı ilə (dəsmal, şərf, paltar və s.) tutaraq tüstüdən qorunun;

 - təxliyyə zamanı uşaqlara, ahıllara və köməyə ehtiyacı olan digər insanlara yardım edin.

Qatarda yanğın

Qatarda yanğın baş veribsə:

- yanğın barədə dərhal bələdçini xəbərdar edin, "112" qaynar xəttinə məlumat verin;

 - mümkündürsə, yanğını ilkin odsöndürücü vasitələr və ya hər hansı qalın parça materialı, su və s. ilə söndürməyə çalışın;

 - küləyin alovu gücləndirməməsi üçün pəncərələri bağlayın;

- xəbərdar etmək və ya yanğını söndürmək mümkün olmadıqda, stop-kran vasitəsilə qatarı dayandırın;

- təşviş və çaxnaşma yaratmadan qatarın gedişi istiqamətində hərəkət edərək yanan vaqondan digərinə keçin;

- ağız və burnunuzu parça materialı ilə (dəsmal, şərf, paltar və s.) tutaraq tüstüdən qorunun;

- qatar dayandıqdan sonra qapı və ya pəncərələr vasitəsilə onu tərk edin. Hərəkətdə olan qatardan tullanmaq təhlükəlidir!

- təxliyyə zamanı uşaqlara, ahıllara və köməyə ehtiyacı olan digər insanlara yardım edin.

Metroda yanğın

Metroda qatarda yanğın baş veribsə:

- vaqonda tüstü və ya alov gördüyünüz halda dərhal danışıq qurğusu ilə maşinisti xəbərdar edin və "112" qaynar xəttinə məlumat verin;

- mümkündürsə, ilkin odsöndürücü vasitələr və ya hər hansı qalın parça materialı, su və s. ilə yanğını söndürməyə çalışın;

- küləyin alovu gücləndirməməsi üçün pəncərələri bağlayın;

- stop-kran vasitəsi ilə qatarı saxlamaq olmaz! Bununla hərəkət edən qatarın növbəti stansiyaya tez çatmasına və sərnişinlərin təxliyyəsinə mane olarsınız;

- təşviş və çaxnaşma yaratmadan qatarın gedişi istiqamətində hərəkət edərək yanan vaqondan digərinə keçin;

- ağız və burnunuzu parça materialı ilə (dəsmal, şərf, paltar və s.) tutaraq tüstüdən qorunun;

- qatar tuneldə dayanıbsa, maşinistin göstərişi olmadan vaqonu tərk edib tunelə çıxmayın;

- vaqonu tərk etdikdən sonra relslərə toxunmadan onların  arası ilə bir-birinizin ardınca qatarın gedişi istiqamətində hərəkət edin;

- təxliyyə zamanı uşaqlara, ahıllara və köməyə ehtiyacı olan digər insanlara yardım edin.

Su nəqliyyatında yanğın

Su nəqliyyatında yanğın baş veribsə:

- əvvəlcədən nəqliyyat vasitəsinin təxliyyə planı ilə tanış olun və xilasedici jiletlərin yerini dəqiq öyrənin;

 - yanğın gördükdə dərhal gəmi kapitanı, yaxud ekipaj üzvlərini xəbərdar edin və "112" qaynar xəttinə məlumat verin;

- mümkündürsə, yanğını ilkin odsöndürücü vasitələr və ya hər hansı qalın parça materialı, su və s. ilə söndürməyə çalışın;

- kapitanın göstərişi ilə xilasedici jileti geyinin və əvvəlcədən polietilen paketə bükülmüş ən vacib əşyalarınızı (sənəd, pul və s.) götürüb təşviş və çaxnaşma yaratmadan cəld göyərtəyə çıxın;

- əgər kayutun çıxışı tüstü və ya alovla kəsilibsə, qapını möhkəm bağlayın. İllüminatorun şüşəsini qıraraq oradan çıxmağa çalışın;

- ağız və burnunuzu parça materialı ilə (dəsmal, şərf, paltar və s.) tutaraq tüstüdən qorunun;

- gəmini kapitanın göstərişi ilə tərk edin. Xilasedici vasitələrə mindikdə ekipaj üzvlərinin göstərişlərinə əməl edin;

- təxliyyə zamanı uşaqlara, ahıllara və köməyə ehtiyacı olan digər insanlara yardım edin.



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il