ENG     11 Dekabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
8 Dekabr 2018-ci il
N 37 (595)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Müxtəlif

Qəzadan xilas olma yolları

Müxtəlif qəza halları zamanı konkret şəraitdən asılı olaraq  fəaliyyət sırası da bir-birindən fərqlənir. Yaranan hər hansı bir fövqəladə hadisə üçün ümumi fəaliyyət planı yaradıla bilmədiyindən, burada bizim köməyimizə ümumi biliklərimiz gələ bilər.

Bu halda insanların davranışı bir sıra faktorlardan asılıdır. Bununla belə, fəlakətə uğrayanlar üçün ilkin fəaliyyət  sxemi  mövcuddur ki, bunlar da aşağıdakılardır:

- İlk növbədə zərərçəkmişlər təcili  təhlükəsiz əraziyə təxliyə edilməlidir.

- Nəqliyyat vasitəsi tərk edildikdə  özünüzlə ilkin  dövr üçün lazım ola biləcək vəsaitlər  götürün.

- Zərərçəkmişlərə ilkin tibbi yardım göstərin.

- Rabitə üçün nəzərdə tutulmuş səyyar stansiya qəzalı vəziyyətdədirsə, onu bərpa edin və  fəlakət barədə xəbər verin. Qəza radio mayakını bundan sonra  işə salın.

- İşarə vermək məqsədilə siqnalizasiya vasitələrini (siqnal raketlərini, patronları, güzgüləri və s.)  hazırlayın.

- Düşdüyünüz  yerin səmtini müəyyənləşdirin.

- Əlverişsiz hava şərtlərində sığınacaq düzəldin,  mümkün qədər  onu talaya yaxın  yerləşdirin ki, xilasedici vertolyotlar rahat enə bilsinlər.

Nəqliyyat vasitəsinin vəziyyətini yoxlamaq  üçün onu nəzərdən keçirin. Xüsusi olaraq gizli yanğın ocaqlarının,  yanacaq bakının partlama təhlükəsinin olub-olmadığına diqqət yetirin.  Yanacaq və ya yağ sızması olduqda onun qarşısını alın. Baş vermiş yanğının qarşısını yanğın söndürmə vasitələrinin və ya əl altında olan predmetlərin köməyi ilə alın.

Əgər qəza yaşayış məntəqələrindən uzaqda , piyada hərəkət edən qrupun başına gəlibsə, o zaman ilkin fəaliyyət kimi tibbi yardım etmək, sonra təhlükəli faktoru aradan qaldırmaq və ya ondan tez bir zamanda uzaqlaşmaq lazımdır. Birbaşa təhlükədən uzaqlaşdıqdan sonra ətrafa nəzər yetirmək, şəraiti qiymətləndirmək və sonrakı fəaliyyət barədə qərara gəlmək lazımdır. Bu zaman artıq ərazidə qalmaq və  kömək gözləmək və ya yaxınlıqda yerləşən yaşayış məntəqəsinə getməyə calışmaq lazımdır. Zərurət yarandıqda qrupu  bölmək, bir neçə adamı qəza yerində saxlamaq, digərlərini isə kömək dalınca göndərmək olar.

Qəzaya uğramış hava nəqliyyatının sərnişinləri və ekipajı yaxşı olar ki, düşdükləri yerdə qalsınlar. Belə ki, məcburi yerə enmə ərazisi adətən məlum olur. Bundan əlavə, ekipaj üzvlərində axtarış-xilasetmə qüvvələri idarə etmə məntəqəsinə sputnik sistemi ilə siqnal catdıran  qəza radiomayakı olur. Lakin əgər təbii şərait həyat üçün təhlükə yaradırsa, qəza yerini tez tərk etməyə çalışın. Yaşayış məntəqəsi istiqamətində hərəkət edərkən nəzərə almaq lazımdır ki, kolluq və ağaclar arası gedirsinizsə, havadan qrupu görmək imkanı cox az olur.

Qərar qəbul edildikdə  dərhal onun icrasına başlayın. Sonrakı dövrdə də ilkin tərtib olunmuş plana əsasən hərəkət edin. Bir neçə gün keçdikdən sonra insanda aydın  düşünmək bacarığı  itə bilər. Xüsusən də insan yorğunluq fonunda fəaliyyətində düzəlişlər etməyə başlayır, bu və ya digər işi sonraya saxlamaq barədə düşünür. Sonda  isə yaxşı plandan imtina edən yanlış arzu yaranır və nəticədə insan daha da çətin vəziyyətdə qalır. Praktik olaraq sübut olunub ki, ilkin tərtib olunmuş plan ən düzgünü olur.

Qəza yerində qalmaq barədə qərar aşağıdakı hallarda qəbul olunur:

- hadisə yeri barədə fəlakət siqnalı və ya xəbəri qəza radiostansiyası vasitəsi ilə verilirsə,

- hadisə yeri dəqiq olaraq müəyyən edilməyən, ərazi tanış olmayan və çətin keçilən bir sahədirsə (dağlar, meşələr, dərin yarğanlar, bataqlıq, qalın qar örtüyü və s.),

- yaxınlıqdakı yaşayış məntəqəsinə olan istiqamət məlum deyilsə,

- insanların böyük bir hissəsi aldıqları travmadan müstəqil olaraq hərəkət edə bilmirsə,

- ərazi açıqlıqda yerləşir və insanları burdan tapmaq asandırsa.

Ərazidə qalmaq barədə qərar qəbul etdikdən sonra qrup rəhbəri bunları etməlidir:

- Hava nəqliyyatı və ətraf ərazi üçün gecə-gündüzlü növbə təşkil edilməlidir ki, xilasedici təyyarə (vertolyot) ekipajına  və yerüstü axtarış-xilasedici dəstəyə vaxtında siqnal verilsin.

- Yaralı və xəstələrə qulluğu təşkil etməlidir.

- Qrupun malik olduğu təchizat və malı, su və qida ehtiyatını hesaba almalı, onların sərf olunma normalarını müəyyən etməlidir.

- Sığınacaq tikmə işlərini təşkil etməlidir.

- Yerdə siqnal işarələri düzəltməli və siqnal ocaqları hazırlamalıdır.

- Yerli resurslardan su və qida əldə etmək işlərini təşkil etməlidir.

- Xəstəlik və zəhərlənmə barədə xəbərdarlıq edən profilaktik tədbirlər keçirməlidir.

Qəza ərazisini tərk etmək barədə isə qərar aşağıdakı hallarda qəbul olunur:

- Yaşayış məntəqəsinin yeri dəqiq məlumdur, ora qədər olan məsafə böyük deyil və insanların sağlamlığı bu məsafəni qət etməyə imkan verir.

- Həyat üçün birbaşa təhlükə yaranıbdır (məsələn,  meşə yanğını, daşqın və s.)

- İnsanları onları əhatə edən sıx bitki örtüyündən tapmamaq şəraiti var.

- 3 gün ərzində nə bir əlaqə, nə də bir kömək var.

Qəza ərazisini tərk etmək barədə qərar qəbul edərkən, qrup rəhbəri bunları etməlidir:

- vəzifə bölgüsü etmək,

- hərəkət marşrutu və vaxtını müəyyən etmək,

- götürülməsi vacib olan ləvazimat və malları seçmək və hazırlamaq,

- yolda xilasedicilər görünən kimi dərhal istifadə üçün siqnalizasiya vasitələri hazırlamaq,

- zərərçəkmişləri daşımaya və ya müstəqil yeriməyə hazırlamaq (xərək, qoltuqağacı düzəltmək və s.),

- qrup üzvləri arasında su və qidanı bölmək, onların gündəlik sərf olunma normasını müəyyən etmək,

- hadisə yerində hərəkət marşrutu, getmə vaxtı və insanların sağlamlıq vəziyyəti barədə kağız yazıb qoymaq.

Hadisə yerini tərk edərkən qrupun üzvlərini yoxlamaq, hamının bir yerdə olduğunu dəqiqləşdirdikdən sonra yola cıxmaq lazımdır.

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il