ENG     20 Avqust 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
11 Avqust 2017-ci il
N 25 (540)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Maarifləndirmə
Maarifləndirmə
11 Avqust 2017 Günvurma zamanı ilk yardım
11 Avqust 2017 AVTOVAĞZALLARDA YANĞIN TƏHLÜKƏSİZLİYİ
11 Avqust 2017 Qayıqla gəzərkən təhlükəni unutmayın
11 Avqust 2017Föv­qə­la­də Hal­lar Na­zir­li­yi xə­bər­dar­lıq edir:
Dəm qazı təhlükəsi
11 Avqust 2017 "112"/"101" QAYNAR TELEFON XƏTTİNƏ BU HALLARDA MÜRACİƏT ETMƏK OLAR:

Günvurma zamanı ilk yardım

Yay mövsümündə günəş şüaları insan orqanizmi üçün faydalı olmaqla yanaşı həm də zərərli ola bilər. Günvurma günəş şüalarının xeyli müddət başın açıq nahiyələrinə təsiri nəticəsində baş verir. Günvurmaya ən çox ürək-damar sistemi xəstəlikləri olanlar, şəkər xəstələri, onkoloji xəstələr, düzgün qidalanmayan insanlar, hamilə qadınlar, artıq çəkili adamlar, siqaret çəkənlər, alkoqollu şəxslər, uşaqlar və yaşlı adamlar məruz qalır.

Günvurmanın əlamətləri:

Yüngül dərəcə günvurma

- başgicəllənmə və başağrısı;

- ürəkbulanma;

- tərləmə;

- hava çatışmazlığı hissi;

- ürək döyüntülərinin sayının artması;

- göz bəbəklərinin genəlməsi.

Orta ağır dərəcəli günvurma

- güclü baş ağrıları;

- qulaqların batması hissiyatı;

- ürəkbulanma və qusma;

- həddən artıq halsızlıq;

- bədən hərarətinin yüksəlməsi;

- bəzən huşun ala-qaranlıq olması.

Ağır dərəcə günvurma

- bədən hərarətinin 40 dərəcə və daha yuxarı yüksəlməsi;

- huşun tamamilə itməsi;

- qeyri-iradi sidik ifrazı;

- komatoz vəziyyət;

- yardım göstərilməsə, ölümlə nəticələnir.

Günvurma zamanı ilkin yardımın göstərilməsi zərərçəkmişin sonrakı müalicəsinə birbaşa təsir göstərir. Bu səbəbdən də ilkin yardımın vaxtında və düzgün aparılması mühüm əhəmiyyət kəsb edir. Günvurma zamanı zərərçəkən dərhal kölgəlik və sərin yerə aparılmalıdır. Zərərçəkmişin boynunu və döş qəfəsini sıxan paltarlardan azad etmək, rahat vəziyyətdə uzandırmaq, başına, boynuna və sinəsinə soyuq kompress qoymaq lazımdır. Soyuq su içirtmək, soyuq suda isladılmış mələfəni paltarsız bədəninin üstunə örtmək, huşunu itirmiş zərərçəkənin tənəffüsü dayanarsa, suni tənəffüs vermək lazımdır. İstənilən halda təcili yardıma müraciət etmək lazımdır.

Əlbəttə ki, günvurmadan qorunmaq onun fəsadlarını aradan qaldırmaqdan daha asandır. Belə ki, insanlar yay aylarında, havalar isti keçən vaxtlar çoxlu miqdarda maye qəbul etməlidirlər. Açıq havada, günəş şüaları altında çox qalmaq olmaz. Açıq rəngli baş örtüyü və yaxud çətirdən istifadə olunmalı, düzgün qidalanmalı, əsasən meyvə - tərəvəzdən kifayət qədər istifadə edilməlidir.



AVTOVAĞZALLARDA YANĞIN TƏHLÜKƏSİZLİYİ

Yanğın təhlükəsizliyinə dair mövcud qaydaların tələblərinə uyğun olaraq avtovağzallarda yanğın təhlükəsizliyinə müəssisənin rəhbəri cavabdehlik daşıyır. Onun əmri ilə avtovağzalın ərazisində, sexlərdə, anbarlarda, sahələrdə və s. yerlərdə yanğın təhlükəsizliyinin təmin edilməsinə cavabdeh şəxs təyin edilir. Cavabdeh şəxs rübdə bir dəfədən az olmayaraq müəssisənin yanğın təhlükəsizliyinin vəziyyətini, yanğından mühafizənin texniki vasitələrinin  mövcudluğunu və sazlığını, müəssisənin yanğından mühafizəsinin və könüllü yanğınsöndürmə dəstələrinin döyüş hazırlığını yoxlamalı, onların işinin yaxşılaşdırılması istiqamətində zəruri tədbirləri həyata keçirməlidir. O, həmçinin yanğına qarşı təlimatlandırmanın və yanğın - texniki minimum üzrə məşğələlərin keçirilməsini təşkil etməlidir.

Avtovağzalın struktur bölmələrinin rəhbərləri müvafiq istehsalat sahələrinin, sexlərin, anbarların rəhbərləri nəqliyyat müəssisələrinin yanğın təhlükəsizliyi və "Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları"nın tələblərinə əsasən, öz bölmələri üçün yanğın təhlükəsizliyi tədbirləri barədə təlimatlar işləyib hazırlamalı və müəssisənin rəhbəri tərəfindən təsdiq etdirməlidirlər. Təlimatlar hər bir istehsalat otağında aydın görünən yerdə asılmalıdır.

Müəssisənin struktur bölmələrinin rəhbərləri və ayrı - ayrı bölmələrin, otaqların və qurğuların yanğın təhlükəsizliyinə cavabdeh şəxslər:

- yanğının baş vermə hallarında insanların, avtomobillərin, avadanlıqların və digər maddi sərvətlərin  təxliyyə planının işlənib hazırlanmasını təmin etməli;

- müəyyən edilmış yanğına qarşı rejimə, yanğın təhlükəsizliyi qaydalarının tələblərinə və yanğın təhlükəsizliyi tədbirlərinə dair təlimata riayət edilməsini təmin etməli;

- binaların, qurğuların, texnoloji proseslərin, istehsalat avadanlıqlarının, istehsalatda istifadə edilən, saxlanılan və dövr edən maddə və materialların yanğın təhlükəliliyi xüsusiyyətlərini bilməli, habelə  yanğın - partlayış təhlükəli maddələrin tətbiqini, nəqlini, yanğın baş verməməsi üçün təhlükəsiz vəziyyətdə saxlanılmasını  təşkil etməli;

- insanların təxliyyə yollarının, yanğına qarşı ara məsafələrinin və səddlərin, su təchizatı mənbələrinin və s. saxlanılmasına nəzarət məqsədilə əraziyə, binalara, istehsalat və xidməti otaqlara dövri baxışlar  keçirərək, aşkar edilən çatışmazlıqların aradan qaldırılması üzrə  təcili tədbirlər görməli;

- iş başa çatdıqdan sonra iş yerlərinin və otaqların yığışdırlımasına, texnoloji proseslərin şərtlərinə görə bütün gün ərzində işləməli  olan növbətçi işıqlandırıcılar və elektrik qurğuları istisna olmaqla, elektrik istifadəedicilərinin şəbəkədən ayrılmasına nəzarət etməli;

- yanğına qarşı mühafizə, yanğın siqnalizasiya və rabitə vasitələrinin fəaliyyətə daim hazır və saz vəziyətdə saxlanılmasını təmin etməli;

- yanğınsöndürmə texnikalarından təsərrüfat və  istehsalat işlərində, onların birbaşa təyinatı ilə əlaqəli olmayan digər məqsədlər üçün istifadə olunmasına yol verməməli;

- işçilərə yanğın təhlükəsizliyi qaydalarını öyrətməli;

- müəssisə rəhbərinin yazılı icazəsi olmadan, açıq alovun tətbiq edilməsilə bağlı elektrik - qaz qaynağı və digər işlərin bu məqsədlər üçün nəzərdə tutulmayan yerlərdə aparılmasına yol verməməli;

- bölmədə olan ilkin yanğınsöndürmə vasitələrinin saxlanılması və tətbiqi qaydalarını bilməli, onların  daimi hazırlığını təmin etməlidir.

Fəhlə və qulluqçular bu Qaydaların, habelə  müəyyən edilmiş qaydada təsdiq edilmiş yanğın təhlükəsizliyi tədbirlərinə dair təlimatların tələblərini bilməli və onlara əməl etməlidirlər.

Avtovağzalın ərazisində və iş yerlərində yanğına qarşı rejimə əməl edilməsi üzrə giriş təlimatlandırma işi aparılmalıdır.

Giriş təlimatlandırmasının aparılması və təlimatlandırılanların biliyinin yoxlanılmasının nəticələri təlimatlandırılan və təlimatlandıran (əməyin mühafizəsi üzrə mühəndis və ya onun vəzifəsinin icrası həvalə olunmuş şəxs) tərəfindən imzalanmaqla, xüsusi ayrılmış jurnalda qeyd olunmalıdır.

İşə yeni qəbul edilənlərlə, yeni və başqa işə keçirilənlərlə, müəssisənin ərazisində işlərin icrasına başlamazdan əvvəl tikinti - quraşdırma təşkilatlarının əməkdaşları ilə, ezam olunanlarla, eləcə də istehsalat təlimi və təcrübə keçməyə gələn tələbə və şagirdlərlə iş yerində ilkin təlimatlandırılma aparılmalıdır. İş yerində ilkin təlimatlandırma bölmənin yanğın təhlükəsizliyinə cavabdeh şəxs tərəfindən hər bir işçi ilə fərdi qaydada aparılmalıdır.

İxtisas dərəcəsindən, təhsilindən və iş stajından asılı olmayaraq, müəssisənin bütün işçiləri hər altı aydan bir  təkrar  təlimatlandırılma keçməlidir. Təkrar təlimatlandırma, yanğın təhlükəsizliyi tələbləri və təlimatlar üzrə bilik səviyyəsinin yoxlanılması və artırılması məqsədilə, iş yerində hər bir işçi ilə fərdi qaydada və ya  eyni peşəyə malik bir qrup işçilərlə ilkin təlimatlandırma proqramı üzrə aparılmalıdır.

İcazə - buraxılış vərəqəsi tərtib edilən işləri icra edən əməkdaşlarla işə başlamazdan əvvəl cari təlimatlandırma aparılmalıdır. Cari təlimatlandırmanın aparılması barədə işin icrası ilə bağlı tərtib edilən icazə -  buraxılış vərəqəsində müvafiq qeyd edilməlidir.

Yanğın - texniki minimum üzrə məşğələlər yüksək yanğın təhlükəli  sahələrdə, hər bir işçi kateqoriyası (elektrik - qaz qaynaqçıları, bənnalar, rəngsazlar, dülgərlər, elektromontyorlar, anbardarlar, sürücülər, xüsusilə qaz balonlu avtomobillərin sürücüləri, yanacaqdoldurma məntəqələrinin əməkdaşları, yanacaq aparatlarının təmiri üzrə çilingərlər, qazanxana oçaqçıları) üzrə ayrılıqda, müəssisə rəhbəri tərəfindən təsdiq edilmiş xüsusi proqram üzrə keçirilməlidir.

Bütün istehsalat, inzibati, köməkçi, anbar, təmir otaqları, eləcə də dayanacaqlar və avtonəqliyyat  texnikasının saxlanılma meydançaları normalara uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri (odsöndürən, yanğın lövhəsi, yanğınsöndürmə qurğuları və s.) ilə təmin edilməlidir .

Qüvvədə olan standartların tələblərinə uyğun olaraq müəssisənin bütün otaqları yanğın təhlükəsizliyi nişanları və təxliyyə istiqamətinin göctəriciləri ilə təchiz edilməlidir.

Yağa bulaşmış xüsusi geyimlərdə işləmək qadağandır.

Asan alışan mayelərin  (bundan sonra - AAM) və yanar mayelərin (bundan sonra - YM)  daşınması uçün nəzərdə tutulan avtosisternlər normativ sənədlərin tələblərinə uyğun olaraq əlahiddə birmərtəbəli binalarda və ya xüsusi olaraq bu məqsədlər üçün ayrılmış açıq meydançalarda saxlanılmalıdır.

Yanğın təhlükəli yüklərin  doldurulub - boşaldılması zamanı avtomobilin mühərriki söndürülməlidir.

Dövlət Yanğın Nəzarəti Xidməti və idarəetmə orqanları  ilə razılaşdırılmadan müəssisənin ərazisində müvəqqəti binaların, qurğuların, eləcə də yanacaq-sürtkü  materialları anbarlarının tikintisinə yol verilmir.

Ərazinin işlənmiş yanacaq - sürtkü materialları ilə çirkləndirilməsinə yol verilmir.

Müəssisənin ərazisində yerləşən avtomobillərin yanacaqdoldurma məntəqələri mövcud qaydaların tələblərinə cavab verməlidir.

 Bütün istehsalat, anbar, inzibati, yardımçı otaqlarda görünən yerlərdə  yanğın təhlükəsizliyi tədbirləri barədə təlimat, könüllü yanğınsöndürmə  dəstəsinin  döyüş hesabının tabeli, eləcə də bütün otaqların qapılarının açarları saxlanılan yer göstərilməklə işçilərin və maddi sərvətlərin təxliyyə planı asılmalıdır.

Akkumulyatorların doldurulması üçün nəzərdə tutulan otaqların, rəngləmə, qazgenerator otaqlarının döşəməsi yanmayan və qığılcım əmələ gətirməyən materialdan hazırlanmalıdır.

(ardı var)

FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin

Yanğına qarşı təbliğat şöbəsi

 

 



Qayıqla gəzərkən təhlükəni unutmayın

Paytaxtımızın sakinləri yayda asudə vaxtlarını Xəzərin qumlu sahillərində, dənizin mavi dalğalarının qoynunda keçirməyi çox sevirlər. Əksər valideynlər öz uşaqları ilə birlikdə çimərliklərə üz tuturlar. Lakin unutmaq olmaz ki, dənizdə (eləcə də çayda, göldə) çimmək zövq verdiyi qədər də təhlükəlidir. Buna görə də çimmək üçün getdiyimiz yerlərdə təhlükəsizlik qaydalarına çox ciddi əməl etməyə çalışırıq. Bəzən valideynlər öz ailə üzvləri ilə birlikdə, bəzən bir qrup həvəskar insan dənizdə (eləcə də çayda, göldə) qayıqla gəzməyə daha çox vaxt ayırırlar. Qayıqla gəzinti zamanı da təhlükəsizlik qaydalarına riayət olunmalıdır.

Suda təhlükəsizlik qaydalarından biri də üzməyi bacarmaqdır. Lakin bununla iş bitmir. Suda ehtiyatı əldən verməmək, gəzinti zamanı təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl etmək həyatınızın qorunması deməkdir.

Bu qaydalar elə də çətin deyil. Belə ki, qayığa oturmazdan əvvəl onu diqqətlə nəzərdən keçirərək sazlığına, möhkəmliyinə, avarların yerində olmasına, xilasedici halqaların və qayığa sıza biləcək suyun boşaldılması üçün çanağın olmasına diqqət yetirmək lazımdır. Qayığın tarazlığını pozmamaq üçün, ona bir-bir minmək lazımdır. Qayığa minərkən çalışın ki, ayağınızı döşəmənin ortasına atasınız. Oturacaqlarda bərabər şəkildə oturmaq da çox mühümdür. Qayıq hərəkətdə olduqda yana əyilmə baş verməsin deyə, yerləri dəyişmək və ya "bort"da oturmaq olmaz. Avarı bir qaydada çəkmək, başqa qayıqla toqquşmanın qarşısını almaq da təhlükəsizlik qaydalarına daxildir.

Qayıqla gəzinti vaxtı çayın sağ tərəfi ilə hərəkət edin, çalışın sahildən 20-30 m-dən artıq uzaqlaşmayasınız. Digər qayığı ötüb-keçmək zərurəti yarandıqda, onu hərəkət istiqamətinin sol tərəfindən keçmək lazımdır. Avarlı qayıq mühərrikli və yelkənli qayıqlara yol verməlidir. Çünki həmin qayıqlar daha sürətlidir. Teploxod və katerlərin yolunu kəsməkdən çəkinin - bu, çox təhlükəlidir. Gəmilərin aramsız və qısa siqnallarını eşitdikdə, avarlı qayıq kənara çəkilməli və ya təhlükəsiz məsafəyə uzaqlaşmalıdır. Bu siqnallar sizin qayığın təhlükəli zonada olmasına işarədir. Gəmilərdən aralanan zaman yaranan dalğaları qayığın burnu ilə kəsərək hərəkət etməyə çalışın. Bu qaydanın pozulması avarlı qayığın çevrilməsinə səbəb ola bilər. Qayıqla gəzərkən yersiz hərəkətlər etmək və ya zarafatlaşmaq olmaz: unutmayın ki, yersiz hərəkətlər tarazlığın pozulmasına, daha doğrusu qayığın çevrilməsinə şərait yaradar. Bu cür hallar həyat üçün təhlükəlidir.

Qayıqda qəti surətdə yerini dəyişmək, eləcə də digər qayığa keçmək, onu silkələmək, eləcə də suda çimmək qadağandır. Əgər qayıq çevrilibsə, özünüzü itirməyin. İlk növbədə üzməyi bacarmayanları sudan çıxarmağa çalışın. Bu zaman boğulan insanı qayığa mindirin və ya yaxın sahilə doğru aparın.

Valideynlər qayıqla gəzinti zamanı əməl edilməli olan təhlükəsizlik qaydalarını öz övladlarına izah etməlidirlər. Ən yaxşısı isə övladınıza təkbaşına qayıqda gəzməyi qadağan edin.

Qayıqla gəzərkən bu qaydalara əməl edilərsə, bədbəxt hadisələrdən qorunmaq olar. Faciədən kənarda qalmaq isə sizin öz əlinizdədir.

Hazırladı: Mehman Fərzəliyev



Föv­qə­la­də Hal­lar Na­zir­li­yi xə­bər­dar­lıq edir:
Dəm qazı təhlükəsi

 

 

 

 

 

 

 



"112"/"101" QAYNAR TELEFON XƏTTİNƏ BU HALLARDA MÜRACİƏT ETMƏK OLAR:

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il