ENG     26 Fevral 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
23 Fevral 2017-ci il
N 07 (522)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Rəsmi xronika
Rəsmi xronika
23 Fevral 2017 Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
23 Fevral 2017 M.A.Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
23 Fevral 2017Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın nümayəndə heyətini qəbul edib
23 Fevral 2017Prezident İlham Əliyev Yaponiyanın dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Prezident İlham Əliyevin Sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilib.

AZƏRTAC xəbər verir ki, fevralın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

İclasda Prezident İlham Əliyev Mehriban xanım Əliyevanı təqdim edərək deyib:

-Bu gün mənim Sərəncamımla Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır. Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının sədr müavinidir. Yeni Azərbaycan Partiyası ölkəmizin aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır. Bu gün Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı 700 minə yaxınlaşır.

Mehriban Əliyeva 2005-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. O, deputat kimi çox böyük işlər görüb, təmsil etdiyi dairənin sosial-iqtisadi problemlərinin həlli istiqamətində çox böyük addımlar atıb. Seçicilərlə daim təmasdadır və onun deputat kimi əsas fəaliyyəti seçicilərin problemlərinin həlli ilə bağlıdır. Eyni zamanda, Mehribanın deputat kimi çox geniş beynəlxalq fəaliyyəti də var. Bu fəaliyyət nəticəsində müxtəlif ölkələrdə qazandığımız dostların sayı artıb.

2004-cü ildən bu günə qədər Mehriban Əliyeva Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondunun prezidentidir. Heydər Əliyev Fondu onun rəhbərliyi ilə nəinki Azərbaycanın, hesab edirəm ki, regionun ən böyük və nüfuzlu ictimai təşkilatına çevrilmişdir. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Fondun təşəbbüsü ilə bir çox önəmli layihələrə, proqramlara start verilmişdir. Onların arasında "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı xüsusi qeyd edilməlidir. Məhz bu proqramın başlanması nəticəsində son 13 il ərzində ölkəmizdə üç mindən çox məktəb əsaslı təmir olunub və ya yenidən tikilmişdir.

Digər layihələr ölkəmizin hərtərəfli inkişafına xidmət göstərmişdir. Heydər Əliyev Fondunun xətti və dəstəyi ilə minlərlə insan tibbi müalicə ilə təmin edilmişdir. Bir çox hallarda bu məsələlər ictimaiyyət üçün açıqlanmır. Fondun fəaliyyəti məhz o məqsədi güdür ki, ehtiyacı olan insanlara yardım etsin və ən az müdafiə olunan vətəndaşlara imkan daxilində öz dəstəyini göstərsin.

Heydər Əliyev Fondunun mədəniyyətlə, incəsənətlə bağlı layihələri bizim mənəvi, tarixi, mədəni irsimizin qorunması işində əvəzolunmaz rol oynamışdır. Bizim milli sərvətimiz olan muğam sənətinin yenidən inkişafı və beynəlxalq arenaya çıxarılması məhz Heydər Əliyev Fondunun və Mehriban Əliyevanın şəxsi təşəbbüsü nəticəsində mümkün olmuşdur. Azərbaycanda keçirilən muğam müsabiqələri artıq həyatımızın ayrılmaz hissəsinə çevrilmişdir. Bu, sadəcə olaraq sənət növü deyil, bu, bizim mədəni sərvətimizdir. Gənc nəslin tərbiyə olunmasında milli-mənəvi dəyərlər, ənənələr xüsusi rol oynayır. Bu baxımdan belə təşəbbüslər çox böyük ictimai məna daşıyır. Eyni zamanda, dünya miqyasında muğamın məhz Azərbaycan sənəti kimi təqdim olunmasında Heydər Əliyev Fondunun çox böyük rolu olmuşdur.

Azərbaycanı dünyada tanıtmaq üçün müxtəlif təqdimatlar, sərgilər, tədbirlər keçirilmişdir. Çoxsaylı tədbirlər nəticəsində dünya ictimaiyyəti ölkəmizi daha yaxından tanımağa, öyrənməyə, görməyə başlamışdır ki, Azərbaycan müasir, dinamik inkişaf edən ölkədir. Eyni zamanda, Azərbaycan xalqı öz tarixi köklərinə çox bağlı olan xalqdır.

Mehriban Əliyeva Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvüdür və onun bu fəaliyyəti də təqdirəlayiqdir. Ölkəmizdə keçirilmiş bir neçə qlobal tədbirin təşkilində Mehriban Əliyeva xüsusi rol oynamışdır. 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsi məhz onun təşkilatçılığı ilə mümkün olmuşdur. 2015-ci ildə birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi də Təşkilat Komitəsinin və onun rəhbəri Mehriban Əliyevanın fəaliyyəti nəticəsində mümkün olmuşdur. İki il yarım ərzində bu Oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirmək, əlbəttə ki, böyük nailiyyət idi. Birinci Avropa Oyunları tarixdə ən yüksək səviyyədə keçirilmiş mötəbər idman tədbiri kimi qalacaqdır.

Təsadüfi deyil ki, bu il keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının təşkili də Mehriban Əliyevaya həvalə edilib. Bu Oyunların Təşkilat Komitəsinin sədri də odur və hazırlıq işləri yüksək səviyyədə aparılır. Əminəm ki, biz İslam Həmrəyliyi Oyunlarını da yüksək səviyyədə keçirəcəyik.

Mehribanın beynəlxalq aləmdə böyük nüfuzu var. Məhz öz fəaliyyəti nəticəsində bir çox ölkələrin ən yüksək dövlət mükafatları və ordenləri ilə təltif edilibdir. Eyni zamanda, on ildən artıqdır ki, Mehriban Əliyeva UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiridir. Dünyada ikinci belə şəxsiyyət yoxdur ki, hər iki mötəbər təşkilatın eyni zamanda səfiri olsun. Bu, eyni zamanda, onun dinlərarası, sivilizasiyalararası dialoqa verdiyi töhfə ilə bağlıdır. Bu töhfə ölkəmizin siyasətinin təzahürüdür. Çünki bu gün Azərbaycan dünya miqyasında sivilizasiyalararası dialoqa ən çox töhfə verən ölkələrdən biri kimi tanınır. Əlbəttə ki, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi Mehriban bu işə də çox önəmli töhfə verir. 2015-ci ildə birinci Avropa Oyunlarının keçirilməsində göstərdiyi xidmətlərə görə Mehriban Əliyeva Azərbaycan dövlətinin ən ali mükafatı olan "Heydər Əliyev" ordeni ilə təltif edilmişdir.

Bax, bu, çoxşaxəli fəaliyyət və eyni zamanda, uğurlu fəaliyyət mənim bu qərarı qəbul etməyimdə əsas rol oynamışdır. Eyni zamanda, qeyd etməliyəm ki, Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır.

Sadaladığım bütün bu amilləri nəzərə alaraq, mən bu qərara gəldim və bu gün Mehribanın həyatında yeni dövr başlayır. Əminəm ki, o, bundan sonra da ölkəmizin inkişafına öz dəyərli töhfəsini verəcəkdir. Bu təyinat münasibətilə mən onu təbrik edirəm və ona yeni uğurlar arzulayıram.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva çıxış edərək dedi:

-Hörmətli cənab Prezident.

Mənə göstərdiyiniz yüksək etimada görə Sizə dərin minnətdarlığımı bildirirəm. Bu vəzifəyə təyin olunmaqla öhdəmə düşən məsuliyyətin ciddiliyini tam şəkildə dərk edirəm və inanıram ki, cənab Prezident, Sizin və mənə inanan bütün insanların etimadını doğrultmağı bacaracağam.

Mənim fəaliyyətim haqqında dediyiniz sözlərə, verdiyiniz qiymətlərə görə Sizə dərin təşəkkürümü bildirirəm. Mənim üçün belə bir qiymətə layiq olmaq böyük şərəfdir. Sadaladığınız hər bir uğurun, hər bir nailiyyətin arxasında Sizin köməyiniz, Sizin dəstəyiniz durur.

Ötən illər ərzində Sizin dövlətçilik ideyalarınız, vətənpərvərliyiniz, Azərbaycan dövlətinin maraqlarını sədaqətlə, iradə ilə, cəsarətlə qorumağınız, insanlarla, Azərbaycan xalqı ilə birliyiniz mənim və mənimlə çalışan bütün insanlar üçün bir nümunə idi. Bizim fəaliyyətimizi istiqamətləndirən bir nümunə idi. Biz fəxr edirik ki, son illər ölkəmizdə baş verən müsbət meyillərdə, dəyişikliklərdə, inkişafda, Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasında biz öz kiçik də olsa töhfəmizi verməyi bacarmışıq. Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır.

Rəhbərlik etdiyim Heydər Əliyev Fondu artıq 13 ildir ki, öz fəaliyyətini humanizm prinsipləri əsasında qurub. Biz bu illər ərzində bir çox irimiqyaslı layihələr icra etmişik. Biz Azərbaycanın ictimai və siyasi həyatında fəal iştirak edirik. Biz infrastruktur layihələri icra edirik. Eyni zamanda, biz 13 il ərzində ayrı-ayrı insanların problemlərinə heç zaman biganə qalmamışıq. İnsanlarla ünsiyyətdə olmaq, onları dinləmək və eşitmək, köməyə ehtiyacı olana kömək etmək, mənəvi dəstək vermək Heydər Əliyev Fondunun hər bir əməkdaşının birbaşa vəzifəsidir. Hesab edirəm ki, bu, dövlət qurumlarında çalışan bütün insanların əsas borcu və vəzifəsidir. Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar.

Hörmətli cənab Prezident.

Hörmətli Təhlükəsizlik Şurasının üzvləri.

Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam.

Göstərdiyiniz etimada görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm.

***

İclasda Təhlükəsizlik Şurasının üzvləri Azərbaycan Respublikası Prezidentinin qərarını dəstəklədiklərini bildirdilər və Mehriban Əliyevaya fəaliyyətində uğurlar arzuladılar.

 

 



M.A.Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 1031-ci maddəsinin I hissəsini rəhbər tutaraq qərara alıram:

Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilsin.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 fevral 2017-ci il 

 

 



Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 22-də ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini xanım Robin Danniqanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin görüşlərinin Bakıda təşkil olunmasının artıq yaxşı ənənə halı aldığını dedi. Bu görüşlərin praktiki müzakirələrin aparılması baxımından vacibliyini qeyd edən Prezident İlham Əliyev bunu həm də layihənin uğurlu icrasının göstəricisi kimi dəyərləndirdi. Ötən dövr ərzində bir çox işlərin görüldüyünü bildirən dövlətimizin başçısı layihənin artıq yekun mərhələyə çox yaxın olduğunu qeyd etdi. Prezident İlham Əliyev ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Robin Danniqanın sabah Bakıda keçiriləcək “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü iclasında iştirakının əhəmiyyətini vurğulayaraq, bunun ABŞ hökumətinin layihəyə davamlı dəstəyinin yaxşı göstəricisi olduğunu dedi.

ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Robin Danniqan “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü iclasına ev sahibliyi etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Bu görüşün layihənin icrası ilə bağlı məsələlərin nəzərdən keçirilməsi baxımından önəmli olduğunu qeyd edən qonaq ABŞ nümayəndəsinin bu iclasda iştirakının vacibliyinə toxundu. Robin Danniqan bildirdi ki, bu, ABŞ-ın yeni hökumətinin “Cənub Qaz Dəhlizi” layihəsinə, həmçinin Avropanın enerji təhlükəsizliyi məsələsinə dəstəyini bir daha açıq şəkildə nümayiş etdirir.

Görüşdə “Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə bağlı məsələlər müzakirə edildi, sabah Bakıda keçiriləcək “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının növbəti iclasının əhəmiyyəti bir daha vurğulandı, ABŞ dövlətinin enerji siyasətinin bu layihəyə öz dəstəyini bundan sonra da davam etdirəcəyi əminliklə qeyd olundu.



Prezident İlham Əliyev Yaponiyanın dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 22-də Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye üzrə dövlət naziri Yoşifumi Matsumuranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Yaponiyanın dövlət naziri Yoşifumi Matsumura xanım Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi münasibətilə təbriklərini çatdırdı.

Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirdi.

Azərbaycan ilə Yaponiya arasında ikitərəfli əlaqələrin çox yaxşı və uzun tarixə malik olduğunu deyən dövlətimizin başçısı ölkələrimizin müxtəlif sahələrdə uğurla əməkdaşlıq etdiyini vurğuladı. Prezident İlham Əliyev siyasi sahədə əlaqələrimizin razılıq doğurduğunu dedi. Dövlətimizin başçısı Yaponiyanın maliyyə dəstəyi ilə Azərbaycanda bir çox mühüm layihələrin icra olunduğunu, Yaponiya hökumətinin kreditləri ilə ölkəmizdə çox önəmli infrastruktur layihələrinin artıq istismara verildiyini qeyd etdi. Azərbaycanın neft-qaz sektorunda da Yaponiya şirkətlərinin fəaliyyət göstərdiyini vurğulayan Prezident İlham Əliyev bu şirkətlərin gələcəkdə də ölkəmizin yeni neft-qaz sahələrində iştirak edəcəklərinə ümidvar olduğunu bildirdi. Ölkələrimiz arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün gözəl imkanların olduğunu deyən dövlətimizin başçısı Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye üzrə dövlət naziri Yoşifumi Matsumuranın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri zamanı bütün bu mövzuların və xüsusilə ticarət dövriyyəsinin artırılması istiqamətində görüləcək işlərin müzakirə ediləcəyinə, geniş fikir mübadiləsi aparılacağına və əməkdaşlıq haqqında qərarlar qəbul ediləcəyinə əminliyini ifadə etdi.

Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayan Yoşifumi Matsumura Prezident İlham Əliyevlə görüşündən şərəf duyduğunu dedi. O, ölkəmizə səfərinin Azərbaycan ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd olunduğu bir vaxta təsadüf etməsinin və Azərbaycan-Yaponiya İqtisadi Komitəsinin 9-cu iclasında iştirakının onda böyük sevinc hissi yaratdığını dedi. Yoşifumi Matsumura ölkəsinin Azərbaycanla neft-qaz sahəsində əməkdaşlığın gələcəkdə də inkişaf etdirilməsində maraqlı olduğunu dedi.

Görüşdə Azərbaycan ilə Yaponiya arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən qeyri-neft sektoru, sənaye, kənd təsərrüfatı, səhiyyə, insan resursları, yeni yaradılmış sənaye zonalarına texnologiyaların gətirilməsi, sərmayə qoyuluşu və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il