
Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi FHN Mətbuat xidmətinin məlumatı (video)
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonu, Ceyhun Şərifov küçəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “BMW” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı hasara çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və sərnişin deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin, 1962-ci il təvəllüdlü Hüseynov Elçin Əlövsət oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

















