Hidrotexniki
qurğuların təhlükəsizliyi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Bu qanun hidrotexniki qurğuların layihələndirilməsi, tikintisi, istismarı, yenidən qurulması, bərpası, konservasiyası və ləğv edilməsi zamanı onların təhlükəsizliyinin təmin olunması ilə bağlı münasibətləri tənzimləyir, dövlət hakimiyyəti orqanlarının, qurğu mülkiyyətçilərinin və istismarçılarının vəzifələrini müəyyənləşdirir.
I fəsil. Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.0.
Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1.
hidrotexniki qurğu—su anbarları, bəndlər, magistral sunəqledici kəmərlər, su
elektrik stansiyaları, sutullayıcı, suburaxıcı, suqəbuledici, sudurulducu, suötürücü,
su nasosxanaları, tunellər, kanallar, kollektorlar, səviyyəəlaqələndirici,
sahilqoruyucu, sahilbərkidici, məcranizamlayıcı, balıqburaxan və balıqqoruyucu,
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yerləşən
dəniz qurğuları (estakadalar, estakadayanı meydançalar, stasionar dəniz
platformaları, limanlar, gəmiburaxan şlüzlər), habelə yeraltı və yerüstü su
ehtiyatlarından istifadə etmək və suyun zərərli təsirlərinin qarşısını almaq
üçün istifadə olunan digər xüsusi mühəndis-texniki qurğular;
1.0.2.
hidrotexniki qurğunun təhlükəsizliyi — hidrotexniki qurğunun qəzaya uğraması və
zədələnməsi nəticəsində yarana biləcək fəlakətlərdən və təhlükəli hadisələrdən
insanların həyatının, sağlamlığının, əmlakının, ətraf mühitin və təsərrüfat
obyektlərinin mühafizəsini təmin edən xüsusiyyətləri;
1.0.3.
hidrotexniki qurğunun təhlükəsizliyinin qiymətləndirilməsi — hidrotexniki
qurğunun texniki vəziyyətinin və istismar heyətinin ixtisas dərəcəsinin bu
Qanunla və digər müvafiq normativ hüquqi aktlarla müəyyən olunan norma və
qaydalara uyğunluğunun müəyyənləşdirilməsi;
1.0.4.
hidrotexniki qurğunun təhlükəsizliyi meyarları — hidrotexniki qurğunun
davamlılığının və texniki vəziyyətinin, eləcə də istismar şərtlərinin qurğuda qəza
baş verməsinin yol verilə bilən risk həddinə uyğun gələn kəmiyyət və keyfiyyət
göstəricilərinin son həddi;
1.0.5.
hidrotexniki qurğunun təhlükəsizliyinin təmin olunması — hidrotexniki qurğuda qəza
baş verməsinin qarşısının alınması üzrə kompleks tədbirlərin işlənib hazırlanması
və həyata keçirilməsi;
1.0.6.
hidrotexniki qurğunun təhlükəsizlik bəyannaməsi — hidrotexniki qurğunun təhlükəsizliyini
əsaslandıran və təhlükəsizliyin təmin edilməsi tədbirlərini özündə əks etdirən
sənəd;
1.0.7.
hidrotexniki qurğunun mülkiyyətçisi — hidrotexniki qurğuya sahiblik etmək, onun
barəsində sərəncam vermək və ondan istifadəyə icazə vermək hüququ olan hüquqi və
ya fiziki şəxs;
1.0.8.
hidrotexniki qurğunun istismarçısı — mülkiyyət və təşkilati-hüquqi formasından
asılı olmayaraq təsərrüfat, yaxud sahibkarlıq fəaliyyəti məqsədilə hidrotexniki
qurğunu istismar edən hüquqi və ya fiziki şəxs;
1.0.9.
fövqəladə hal — hidrotexniki qurğuda baş verən qəza və zədələnmə nəticəsində müəyyən
bir ərazidə insanların həyatına, sağlamlığına, əmlakına, ətraf mühitə və təsərrüfat
obyektlərinə zərər dəyməsinə, habelə maddi itkilərə səbəb olan vəziyyət.
Maddə 2. Hidrotexniki qurğuların təhlükəsizliyi
haqqında qanunvericilik
2.1.
Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında qanunvericilik bu qanundan, Azərbaycan
Respublikasının Su Məcəlləsindən, «Meliorasiya
və irriqasiya haqqında», «Su təchizatı və tullantı suları haqqında», «Energetika haqqında», «Elektrik və istilik stansiyaları haqqında», «Enerji resurslarından istifadə
haqqında», «Texniki təhlükəsizlik
haqqında» Azərbaycan
Respublikasının Qanunlarından və digər normativ hüquqi aktlardan ibarətdir.
2.2.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə
hidrotexniki qurğuların təhlükəsizliyi ilə əlaqədar müəyyən edilmiş qaydalar bu
qanunda nəzərdə tutulmuş qaydalardan fərqlənərsə, beynəlxalq müqavilələrin
qaydaları tətbiq edilir.
2.3.
Hidrotexniki qurğuların təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan
Respublikasının qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun olaraq
Azərbaycan Respublikası ilə başqa dövlətlər və beynəlxalq təşkilatlar arasında
bağlanmış müqavilələr, sazişlər və razılaşmalar əsasında həyata keçirilir.
Maddə 3. Hidrotexniki qurğuların təhlükəsizliyi üzrə təsnifatı
3.1.
Azərbaycan Respublikasının ərazisində məqsədli təyinatından, təhlükəsizlik dərəcəsindən,
mühafizə rejimindən və istifadə xüsusiyyətlərindən asılı olaraq hidrotexniki
qurğular təsnifatlaşdırılır, dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğulara
bölünür.
3.2.
Dövlətlərarası müştərək istismar edilən və kaskad tipli su elektrik
stansiyaları, iri su anbarları, su nasosxanaları, bəndlər, tunellər, magistral
kanallar, kollektorlar, su anbarlarının və çay sahillərinin mühafizə qurğuları,
habelə Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində
yerləşən dəniz qurğuları xüsusi mühafizə olunan dövlət əhəmiyyətli hidrotexniki
qurğulara aid edilir.
3.3.
Dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısı, mühafizə rejimi və
təhlükəsizliyi üzrə təsnifatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 4. Hidrotexniki qurğular üzərində mülkiyyət və
istismar hüququ
4.1.
Hidrotexniki qurğular dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə ola bilər.
4.2.
Hidrotexniki qurğular üzərində istismar hüququ Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əldə edilir.
Maddə 5. Hidrotexniki qurğuların dövlət reyestri
5.1.
Hidrotexniki qurğuların dövlət reyestri qurğunun məqsədli təyinatını, texniki
xassələrini, təhlükəsizlik dərəcəsini və təhlükəsizliyi üzrə təsnifatını özündə
əks etdirən məlumatlar toplusudur və onların sistemləşdirilmiş qeydiyyatını, səmərəli
istifadəsini və mühafizəsini təşkil etmək məqsədilə aparılır.
5.2.
Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması
qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
5.3.
Hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsi təsdiq edildikdən sonra dövlət
reyestrinə daxil edilir.
II fəsil. Hidrotexniki qurğuların təhlükəsizliyinin təmin olunması
Maddə 6. Hidrotexniki qurğuların təhlükəsizliyinin təmin
olunmasına tələblər
6.1.
Hidrotexniki qurğuların təhlükəsizliyi aşağıdakı tələblər əsasında təmin
olunur:
6.1.1.
qurğularda qəza riskinin müəyyən olunması;
6.1.2.
qurğuların təhlükəsizlik bəyannaməsinin tərtib edilməsi və ona riayət edilməsi;
6.1.3.
qurğuların istismarının fasiləsizliyi;
6.1.4.
qurğuların təhlükəsizliyinin təmin olunması üzrə tədbirlərin hazırlanması, həyata
keçirilməsi, o cümlədən onların təhlükəsizlik meyarlarının müəyyən edilməsi,
texniki vəziyyətinə nəzarət etmək üçün lazımi vasitələrlə təchiz olunması,
istismar heyətinin tələb olunan texniki ixtisas dərəcələrinin təmin olunması;
6.1.5.
qurğularda fövqəladə halların qarşısını almaq məqsədilə qabaqlayıcı kompleks tədbirlərin
görülməsi;
6.1.6.
qurğuların təhlükəsizliyinin təmin olunması üzrə tədbirlərin maliyyələşdirilməsi;
6.1.7.
qurğuların təhlükəsizlik dərəcəsinin müəyyən edilmiş həddən aşağı düşməsinə səbəb
olan hərəkətlərə (yaxud hərəkətsizliyə) görə məsuliyyətin müəyyənləşdirilməsi.
6.2.
Hidrotexniki qurğuların yerləşdiyi ərazilərdə onların təhlükəsizliyi üzrə təsnifatından
asılı olaraq müvafiq mühafizə rejimi tətbiq edilir və ətrafında mühafizə
zonaları yaradılır. Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi
qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
6.3.
Dövlət əhəmiyyətli xüsusi mühafizə olunan hidrotexniki qurğuların mühafizə
zonalarının hüdudlarında (dəniz qurğularında yerləşən quyularda quyudaxili
partlayış işləri istisna olmaqla) partlayış işlərinin aparılması və yeraltı təbii
ehtiyatların istismarı, habelə qurğulara və ətraf mühitə fiziki, kimyəvi və
bioloji təsir göstərə bilən obyektlərin yerləşdirilməsi və fəaliyyət göstərməsi
qadağan edilir.
6.4.
Dövlət energetika və su nəqliyyatı sistemi müəssisələrinin tərkibində fəaliyyət
göstərən hidrotexniki qurğuların, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan
Respublikasına mənsub olan bölməsində yerləşən dəniz qurğularının təhlükəsizliyinin
təmin olunmasının xüsusiyyətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə
ilə müəyyən olunur.
Maddə 7. Hidrotexniki qurğuların təhlükəsizliyinin təmin
olunması üzrə dövlətin vəzifələri
7.0.
Hidrotexniki qurğuların təhlükəsizliyinin təmin olunması üzrə dövlətin vəzifələri
aşağıdakılardır:
7.0.1.
qurğuların təhlükəsizliyinin təmin olunması üzrə dövlət proqramları hazırlamaq
və həyata keçirmək;
7.0.2.
qurğuların təhlükəsizliyi sahəsində elmi-texniki siyasəti müəyyən etmək və beynəlxalq
əməkdaşlığı həyata keçirmək;
7.0.3.
qurğuların təhlükəsizliyi üzrə təsnifatını və mühafizə rejimini müəyyən etmək;
7.0.4.
qurğuların dövlət reyestrinin tərtib edilməsi və aparılması qaydalarını müəyyən
etmək;
7.0.5.
qurğuların təhlükəsizlik bəyannaməsinin ekspertizasının keçirilməsi və tərtib
olunma qaydalarını təsdiq etmək;
7.0.6.
qurğularda qəza hadisələrinin texniki təhqiqatının aparılması üzrə xüsusi
komissiya təşkil etmək;
7.0.7.
qurğuların etibarlılığını, təhlükəsiz istismar qaydalarını və tələblərini özündə
əks etdirən normativlərin və standartların işlənməsini və təsdiqini təşkil etmək;
7.0.8.
qurğuların təhlükəsizliyi üzrə dövlət nəzarətinin həyata keçirilməsi
qaydalarını müəyyən etmək;
7.0.9.
təbii fəlakət nəticəsində qəzaya uğramış, zədələnmiş və dağılmış qurğuların ləğv
olunması, bərpası və ya konservasiyası barədə qərar qəbul etmək;
7.0.10.
qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.
Maddə 8. Hidrotexniki qurğuların təhlükəsizliyinin təmin
olunması sahəsində qurğu mülkiyyətçisinin və istismarçısının vəzifələri
8.1.
Hidrotexniki qurğuların təhlükəsizliyinin təmin olunması sahəsində qurğu
mülkiyyətçisinin və istismarçısının vəzifələri aşağıdakılardır:
8.1.1.
qurğunun tikintisi, istismara verilməsi, istismarı, təmiri, yenidən qurulması,
istismardan çıxarılması və konservasiyası zamanı təhlükəsizlik norma və
qaydalarına riayət edilməsini təmin etmək;
8.1.2.
qurğunun istismarını mövcud qanunvericiliyə uyğun təşkil etmək, istismar heyətinin
ixtisas dərəcəsinin artırılmasını təmin etmək;
8.1.3.
qurğunun texniki vəziyyətinə müntəzəm nəzarət etmək, fasiləsiz monitorinq
aparmaq, onların nəticələrini təhlil etmək, əldə olunmuş məlumatlar əsasında
qurğuların təhlükəsizliyini, təbii və texnogen hadisələrin zərərli təsirini
proqnozlaşdırmaq və qiymətləndirmək;
8.1.4.
qurğuda fövqəladə vəziyyətin yarandığını xəbər verən yerli xəbərdarlıq
sisteminin daim işlək vəziyyətdə olmasını təmin etmək;
8.1.5.
qurğunun texniki vəziyyətinə nəzarət sistemi yaratmaq, onu daim təkmilləşdirmək
və işlək vəziyyətdə olmasını təmin etmək;
8.1.6.
qurğuda qəza baş verməsi ehtimalı yarandığı hallarda müvafiq icra hakimiyyəti orqanlarını, bələdiyyələri və əhalini xəbərdar
etmək, baş verə biləcək qəzanın aradan qaldırılması üzrə təkliflər vermək və tədbirlər
görmək;
8.1.7.
qurğunun təhlükəsizliyinə mənfi təsir göstərən səbəblərin müntəzəm təhlili,
onun texniki cəhətdən saz və təhlükəsiz olmasının təmin edilməsi, habelə
qurğuda qəza baş verməsinin qarşısının alınması üzrə vaxtında lazımi tədbirlər
işləyib həyata keçirmək;
8.1.8.
qurğuda qəzanın qarşısının alınması məsələləri üzrə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələrlə qarşılıqlı əlaqələr
yaratmaq, qəza təhlükəsi və qurğunun dağılma qorxusu reallaşdıqda ərazidə məskunlaşan
əhalinin və təşkilatların subasma zonasından çıxarılmasına yardım etmək;
8.1.9.
dövlət nəzarət orqanları tərəfindən aşkar edilən təhlükəsizlik norma və qayda
pozuntularını vaxtında aradan qaldırmaq;
8.1.10.
qurğunun təhlükəsiz istismarı, qəza hadisələrinin baş verməməsi və qəzanın nəticələrinin
aradan qaldırılması üçün müvafiq maliyyə və material ehtiyatları yaratmaq.
8.2.
Hidrotexniki qurğunun mülkiyyətçisi və istismarçısı onun təhlükəsizliyinə öz səlahiyyətləri
daxilində cavabdehdirlər.
Maddə 9. Hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsi
9.1.
Hidrotexniki qurğuların layihələndirilməsi, tikintisi və istismarı mərhələlərində,
eləcə də onların yenidən qurulması, əsaslı təmiri, bərpası və
konservasiyasından sonra qurğunun mülkiyyətçisi və ya istismarçısı hidrotexniki
qurğunun təhlükəsizlik bəyannaməsini tərtib etməlidir.
9.2.
Hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsi qurğunun təhlükəsizlik
meyarlarına cavab verən məlumatları özündə əks etdirən əsas sənəddir.
9.3. Hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsinin tərtib olunma qaydaları və forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
9.4. Hidrotexniki qurğunun mülkiyyətçisi və ya istismarçısı qurğunun təhlükəsizlik bəyannaməsini müvafiq icra hakimiyyəti orqanlarının təsdiqinə verir. Hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsinin təsdiq olunması, qurğunun dövlət reyestrinə daxil edilməsi, layihənin təsdiq edilməsi, qurğunun tikintisi, istismara verilməsi, istismar edilməsi, istismardan çıxarılması, yenidən qurulması, əsaslı təmiri, bərpası və konservasiyası, habelə təyinatının dəyişdirilməsi və ləğvi üçün əsasdır.
9.5. Hidrotexniki qurğunun mülkiyyətçisi və istismarçısı təhlükəsizlik bəyannaməsində göstərilən məlumatların düzgünlüyünə qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
9.6. Hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsi qurğunun mülkiyyətçisində və ya istismarçısında saxlanılır.
Maddə
10. Hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsinin ekspertizası
10.1. Hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsinin ekspertizası layihə mərhələsi də daxil olmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənişli əsaslarla həyata keçirilir.
10.2. Hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsinin ekspertizasını aparmaq üçün elmi-tədqiqat və layihə təşkilatları cəlb edilə bilər.
10.3. Ekspertizanın nəticəsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən qurğuların təhlükəsizlik bəyannaməsinin təsdiqi haqqında qərar verilir.
Maddə
11. Hidrotexniki qurğuda baş vermiş qəza hadisələrinin texniki təhqiqatı
11.1. Hidrotexniki qurğuda baş vermiş qəza hadisəsi müvafiq icra hakimiyyəti orqanının təşkil etdiyi xüsusi komissiya tərəfindən texniki cəhətdən təhqiq edilir.
11.2. Qəza hadisələrinin texniki təhqiqatının nəticələri barədə komissiya tərəfindən xüsusi akt tərtib edilir. Aktda qəzanın səbəbləri və onunla bağlı təhlükənin hərtərəfli qiymətləndirilməsi, qəza nəticəsində dəyən ziyanın həcmi, təhlükəsizlik qaydalarının və tələblərinin pozulması halları, habelə qəza hadisəsinin lokallaşdırılması və aradan qaldırılması üzrə görülmüş və görüləcək tədbirlər göstərilir.
11.3. Hidrotexniki qurğuların mülkiyyətçiləri və istismarçıları qəza hadisələrinin texniki təhqiqatı üzrə təşkil edilmiş komissiyaya lazımi məlumat və sənədləri təqdim etməlidir.
III fəsil.
Hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarəti
Maddə
12. Hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarətinin məqsədi
12.1. Hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarətinin məqsədi onların təhlükəsizliyi meyarlarına, normalarına, habelə bu sahədə müəyyən olunmuş digər normativlərə, ekoloji, texnoloji, seysmoloji, metroloji, sanitariya-gigiyenik standartlara, qaydalara və tələblərə riayət olunmasını təmin etməkdən ibarətdir.
12.2. Hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə
13. Hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən
orqanların vəzifələri
13.1. Hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
13.2. Hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən orqanların vəzifələri aşağıdakılardır:
13.2.1. qurğuların təhlükəsizlik qaydalarını hazırlamaq, təsdiq etmək, onların meyarlarını müəyyənləşdirmək;
13.2.2. qurğuların dövlət reyestrini aparmaq;
13.2.3. qurğuların təhlükəsizlik bəyannaməsinin ekspertizasını keçirmək, təsdiq etmək və onları dövlət reyestrinə daxil etmək;
13.2.4. qurğuların yerləşdirilməsində, layihə tapşırıqlarının, tikinti və yenidən qurulma layihələrinin, habelə istismar qaydalarının razılaşdırılmasında, tikintinin keyfiyyətinə nəzarət və tikintisi qurtarmış obyektlərin istismara qəbul edilməsində iştirak etmək;
13.2.5. qurğulara maneəsiz baxış keçirmək, təhlükəsizliyi barədə materiallarla tanış olmaq və texniki nəzarəti təşkil etmək;
13.2.6. qurğuların texniki vəziyyətinin onun təhlükəsizlik bəyannaməsinə uyğunluğunu yoxlamaq;
13.2.7. qurğuların yerləşdiyi ərazilərdən, çayların məcralarından, digər sututarlardan və onlara bitişik ərazilərdən (suqoruyucu zonalar yerləşən torpaq sahələri istisna olmaqla) istifadə olunmasını razılaşdırmaq;
13.2.8. qurğuların təhlükəsizliyinə aid normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək;
13.2.9. çayların məcralarında, sututarlarda, onlara bitişik sahələrdə və dənizdə hidrotexniki qurğuların təhlükəsizliyinə xələl gətirən hüquqi və fiziki şəxslərin təsərrüfat fəaliyyətini dayandırmaq, yaxud məhdudlaşdırmaq;
13.2.10. qurğuların təhlükəsizliyi təmin olunmadıqda tikinti, yenidənqurma, bərpa və konservasiya işlərini, eləcə də fəaliyyətini dayandırmaq.
Maddə
14. Hidrotexniki qurğuların təhlükəsizliyinə nəzarətin təşkili
14.1. Hidrotexniki qurğuların təhlükəsizliyinə nəzarət onların təhlükəsizliyinin qiymətləndirilməsi məqsədilə qurğuların istismarı, eləcə də tikintisi, yenidən qurulması, əsaslı təmiri, bərpası və konservasiyası zamanı texniki yoxlama qaydasında həyata keçirilir.
14.2. Texniki yoxlama müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnamə ilə nizamlanır və həyata keçirilir.
14.3. Texniki yoxlamanın nəticələri əsasında müvafiq icra hakimiyyəti orqanları qərar qəbul edir və onu hidrotexniki qurğunun mülkiyyətçilərinə və ya istismarçılarına göndərir.
14.4. Mülkiyyətçilər və ya istismarçılar texniki yoxlamanın nəticələri barədə müvafiq icra hakimiyyəti orqanlarının qərarını yerinə yetirməyə borcludurlar.
IV fəsil.
Hidrotexniki
qurğuların təhlükəsizliyi
haqqında
qanunvericiliyin pozulmasına görə məsuliyyət və mübahisələrin həlli
Maddə
15. Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında qanunvericiliyin pozulması
nəticəsində vurulan ziyanın ödənilməsi
15.1. Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında qanunvericiliyin pozulması nəticəsində fövqəladə hallar istisna olmaqla, insanların həyatına, sağlamlığına, hüquqi və fiziki şəxslərin əmlakına vurulan ziyan qüvvədə olan qanunvericiliyə əsasən zərərçəkənlərə qurğunun mülkiyyətçisinin və ya istismarçısının vəsaiti hesabına ödənilir.
15.2. Hidrotexniki qurğuların mülkiyyətçisi və ya istismarçısı onların sığortalanmasını Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təmin edir.
Maddə
16. Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında qanunvericiliyin
pozulmasına görə məsuliyyət
Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Maddə
17. Mübahisələrin həlli
Hidrotexniki qurğuların təhlükəsizliyinin təmin olunması ilə bağlı mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 27 dekabr 2002-ci il.
№ 412-IIQ.