

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


2006-cı il oktyabrın 4-də Paris şəhərində imzalanmış “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Fransa Respublikasının Daxili İşlər və Ərazi Abadlaşdırma Nazirliyi arasında Niyyət Protokolu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
1. 2006-cı il oktyabrın 4-də Paris şəhərində imzalanmış “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Fransa Respublikasının Daxili İşlər və Ərazi Abadlaşdırma Nazirliyi arasında Niyyət Protokolu” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Niyyət Protokolunun həyata keçirilməsini təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 dekabr 2006-cı il
№ 1816
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Fransa Respublikasının Daxili İşlər və Ərazi Abadlaşdırma Nazirliyi arasında
NİYYƏT PROTOKOLU
Fransa Respublikasının Daxili İşlər və Ərazi Abadlaşdırma Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Fransa Respublikasının Hökuməti və Azərbaycan Respublikasının Hökuməti arasında 20 dekabr 1993-cü il tarixində imzalanmış “Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Saziş”i nəzərə alaraq, hər iki dövlət arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsini istəyərək, mülki müdafiə sahəsində Azərbaycanda regional ekspertiza mərkəzini inkişaf etdirmək üçün birgə iradə göstərərək, Fransa Respublikasının Daxili İşlər və Ərazi Abadlaşdırma Nazirliyi Mülki Müdafiə və Təhlükəsizlik İdarəsinin bu sahədəki təcrübəsi əsasında, Azərbaycanın mülki müdafiə sahəsində malik olduğu vasitələrinin gücləndirilməsini arzu edərək, Fransa Respublikasının Daxili İşlər və Ərazi Abadlaşdırma Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi məqsədilə, aşağıdakılar barədə razılığa gəldilər:
a) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə qurumlarının işinin təkmilləşdirilməsi məqsədilə fəaliyyət planının işlənib hazırlanmasına yardım göstərmək;
b) mülki müdafiə sahəsində tədqiqat laboratoriyasının yaradılmasında yardım göstərmək;
c) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nəzdində Dövlət yanğından mühafizə xidməti və Dövlət yanğın nəzarəti xidmətinin maddi- texniki bazalarının gücləndirilməsi istiqamətində əməkdaşlıq etmək və sözügedən strukturların fəaliyyətinin təkmilləşdirilməsi sahəsində birgə tədbirlər planının işlənməsində iştirak etmək;
d) neft dağılmaları nəticəsində yaranmış fövqəladə halların aradan qaldırılması ilə bağlı tədbirlər planının işlənib hazırlanmasına və həyata keçirilməsinə yardım göstərmək;
e) Azərbaycan tərəfinə fövqəladə halların xəbərdar edilməsi və fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı müvafiq texnika və avadanlığın alınmasında yardım göstərmək;
f) Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi nəzdində Böhran Vəziyyətlərinin İdarə Olunması Mərkəzinin işinin təşkilində, o cümlədən əməliyyat zalının yaradılmasında yardım göstərmək;
g) çimərliklərdə və açıq dənizdə insanlara yardım göstərilməsi də daxil
olmaqla, Xəzər dənizində xilasetmə işinin təşkili sahəsində əməkdaşlığa dəstək vermək;
h) fövqəladə hallar zamanı qarşılıqlı humanitar yardımın göstərilməsinin təşkilinə yardım göstərmək.
Bu Niyyət Protokoluna uyğun olaraq nəzərdə tutulan əməkdaşlığın formaları aşağıdakılardır:
a) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə qurumlarının əməkdaşlarının ümumi və ixtisas üzrə hazırlıq səviyyəsinin artırılması məqsədilə birgə tədbirlərin həyata keçirilməsi;
b) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının zabit heyətinin hazırlıq səviyyəsinin artırılması ilə bağlı birgə tədbirlərin görülməsi;
c) Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi nəzdində Dövlət yanğından mühafizə xidməti və Dövlət yanğın nəzarəti xidməti əməkdaşlarının peşə hazırlıq səviyyəsinin təkmilləşdirilməsi məqsədilə birgə tədbirlərin görülməsi, mübadilə proqramlarının həyata keçirilməsi;
d) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin digər əməkdaşlarının təhsili və təlimi, onların qarşılıqlı mübadiləsi ilə bağlı tədbirlərin həyata keçirilməsi;
e) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Elm-Tədris Mərkəzi nəzdində Fransa təcrübəsinə əsasən tədris müəssisəsinin təşkil olunması məqsədilə lazımi tədbirlərin həyata keçirilməsi;
f) birgə texniki seminarlarda, sərgilərdə və ekspozisiyalarda iştirak etmək.
Niyyət Protokolunu imzalayanlar, birgə əməkdaşlığın prinsiplərini müəyyən etmək, onun praktiki cəhətdən həyata keçirilməsi yollarını dəqiqləşdirmək və bununla bağlı maliyyələşdirmə məsələlərini iki dövlət arasında qarşılıqlı yardım və əməkdaşlıq Sazişi çərçivəsində müzakirə etmək məqsədini əsas tutmuşlar.
Bu Protokol iki əsl nüsxədə Azərbaycan və fransız dillərində 4 oktyabr 2006-cı il tarixində Paris şəhərində imzalanmışdır. Hər iki mətn eyni qüvvəyə malikdir.