

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


2007-ci il iyunun 19-da Bakı şəhərində GUAM - Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın 2-ci Zirvə Toplantısı zamanı imzalanmış sənədlər haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. 2007-ci il iyunun 19-da Bakı şəhərində GUAM - Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın 2-ci Zirvə Toplantısı zamanı imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:
1.2. GUAM - Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın üzvü olan dövlətlərin Hökumətləri arasında nüvə və radiasiya təhlükəsizliyi məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında Memorandum.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən sənədlərin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 avqust 2007-ci il
№ 2329
GUAM - Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın üzvü olan dövlətlərin Hökumətləri arasında nüvə və radiasiya təhlükəsizliyi məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında
MEMORANDUM
Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti, Moldova Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti (bundan sonra - Tərəflər),
nüvə və radiasiya təhlükəsizliyi sahəsində məhsuldar əməkdaşlığın və qarşılıqlı yardımın bundan sonra da möhkəmləndirilməsinə və inkişafına can atdıqlarını ifadə edərək,
beynəlxalq standartlar əsasında, elmin və texnologiyaların inkişafını nəzərə almaqla nüvə və radiasiya təhlükəsizliyi sahəsində səylərin birləşdirilməsinin və müasir tənzimləyici üsul və prinsiplərin tətbiqi ilə bağlı müsbət təcrübənin yayılmasının əhəmiyyətini dərk edərək,
əhalinin və ətraf mühitin radiasiyadan mühafizəsi, radioaktiv tullantılardan, radioaktiv ionlaşdırıcı şüa mənbələrindən istifadə, o cümlədən onların fiziki mühafizəsi ilə bağlı məsələlər üzrə beynəlxalq norma və tələbləri rəhbər tutaraq,
radioaktiv mənbələrin təhlükəsizliyinin və mühafizəsinin təmin edilməsi üzrə Məcəlləyə tərəfdar olduqlarını təsdiq edərək,
GUAM üzvü olan dövlətlərin Beynəlxalq Atom Enerji Agentliyinin (BAEA) üzvləri olduğunu nəzərə alaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Memorandumun məqsədləri
Tərəflər aşağıdakı məqsədlər üçün nüvə və radiasiya təhlükəsizliyinin tənzimlənməsi məsələləri ilə bağlı əməkdaşlığı inkişaf etdirir:
nüvə və radiasiya təhlükəsizliyinin tənzimlənməsi sahəsində qanunvericilik bazasının və milli infrastrukturların inkişafı və təkmilləşdirilməsi;
texnogen xarakterli fövqəladə hallar zamanı cavab reaksiyası ilə bağlı
razılaşdırılmış tədbirlərin işlənib hazırlanması;
təhlükəsizliyin və müasir təhlükələrdən, o cümlədən terrorizmdən, nüvə və radioaktiv maddələrin icazəsiz yerdəyişməsindən mühafizənin gücləndirilməsi.
Maddə 2
Səlahiyyətli orqanlar
Bu Memorandumun müddəalarının icrası məsələləri ilə bağlı Tərəflərin səlahiyyətli orqanları aşağıdakılardır:
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
Gürcüstanın Ətraf Mühitin və Təbii Sərvətlərin Mühafizəsi Nazirliyi
Moldova Respublikasının Radiasiya və Nüvə Fəaliyyətinin Tənzimlənməsi üzrə Milli Agentliyi
Ukraynanın Nüvə Tənzimlənməsi üzrə Dövlət Komitəsi.
Maddə 3
Əməkdaşlığın əsas istiqamətləri
Əməkdaşlığın əsas istiqamətləri aşağıdakılardır:
- nüvə və radiasiya təhlükəsizliyi məsələləri üzrə fəaliyyəti nizamlayan
qanunvericilik təminatı barəsində məlumat mübadiləsi;
- nüvə, yaxud radiasiya qəzalarına praktik reaksiya məsələləri üzrə, o cümlədən BAEA-nın texniki sənədlərində ifadə olunan prosedur və üsullar əsasında təcrübə mübadiləsi;
- ionlaşdırıcı şüa mənbələrinin saxlanılması da daxil olmaqla, onlardan, eləcə də radioaktiv tullantılar və nüvə materiallarından istifadə, lisenziyalaşdırma, onların yerdəyişməsinə nəzarət və qeydiyyat prosedurları daxil edilməklə, məsələləri üzrə təcrübə mübadiləsi;
BAEA-nın regional layihələrinin həyata keçirilməsi prosesində qarşılıqlı fəaliyyət;
- radioaktiv maddələrin gözlənilməz tullantıları olduğu halda, onların transsərhəd daşınmasının mümkünlüyü nəzərə alınmaqla, GUAM üzvü olan dövlətlərin ərazisində nüvə və radiasiya təhlükəsizliyi ilə bağlı istənilən insident barədə vaxtında qarşılıqlı məlumatlandırma;
- qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq.
Maddə 4
Əməkdaşlığın formaları
Əməkdaşlığın əsas formaları aşağıdakılardır:
- Nüvə Təhlükəsizliyi üzrə Konvensiya və İstifadə olunmuş yanacaqla
rəftarın təhlükəsizliyi və radioaktiv tullantılarla rəftarın təhlükəsizliyi barədə
Birgə Konvensiya çərçivəsində hazırlanmış nüvə və radiasiya təhlükəsizliyinin vəziyyəti, ətraf mühitin - o cümlədən iştirakçı dövlətlər üçün - radiasiya vəziyyəti haqqında milli hesabatların mübadiləsi;
- BAEA-nın məlumat bazasının fəaliyyətində qarşılıqlı maraq doğuran
məsələlər üzrə İnternet şəbəkəsində məlumat resurslarının Tərəflərin iştirakı
ilə yaradılması və dəstəklənməsi;
- qarşılıqlı maraq doğuran məsələlər üzrə keçirilən seminar, konfrans və
iclaslarda birgə hesabatların (məlumatların, çıxışların) hazırlanması;
- əməkdaşlığın başlıca istiqamətləri üzrə beynəlxalq tədbirlər çərçivəsində birgə işgüzar görüşlərin keçirilməsi;
- Tərəflər üçün qəbul olunan digər əməkdaşlıq formaları.
Maddə 5
Məxfilik
Bu Memorandum çərçivəsində məlumatların verilməsi GUAM üzvü olan dövlətlərin milli qanunvericiliyinə uyğun həyata keçirilir. Məhdud istifadəli məlumatın ötürülməsi zamanı belə məlumatı verən Tərəf onun məxfiliyini/gizliliyini bildirir. Məxfi/gizli məlumatı alan Tərəf onu qorumalıdır.
Maddə 6
Əqli mülkiyyət hüququ
Tərəflər öz dövlətlərinin qanunvericiliklərinə uyğun olaraq, əqli mülkiyyətin səmərəli şəkildə qorunmasını təmin etməyi öhdələrinə götürürlər.
Maddə 7
Dəyişikliklər və əlavələr edilməsi
Tərəflərin razılığı ilə bu Memoranduma dəyişikliklər və əlavələr edilə bilər. Həmin dəyişiklik və əlavələr bu Memorandumun ayrılmaz hissəsi olan və Memorandumun 11-ci maddəsinə müvafiq olaraq qüvvəyə minən protokollarla rəsmiləşdirilir.
Maddə 8
Fəaliyyət sahəsi
1. Tərəflər nüvə və radiasiya təhlükəsizliyini nizamlayan orqanlar, nizamlayıcı fəaliyyətə yardım göstərən elmi-texniki təşkilatlar, institutlar, təhsil ocaqları, fəaliyyətləri əməkdaşlığın qeyd olunan məqsədlərinə uyğun olan idarə və təşkilatlar arasında birbaşa elmi-texniki və iqtisadi əməkdaşlığın inkişafına kömək edəcəklər.
2. Bu Memorandum müəssisələr (təşkilatlar, idarələr) arasında Tərəflərin qanunvericiliyinə müvafiq olaraq əməkdaşlıq və birbaşa kontraktların (müqavilələrin, sazişlərin) bağlanması üçün əsasdır.
Maddə 9
Mübahisələrin həlli
Bu Memorandumun müddəalarının şərhi və tətbiqi zamanı yaranmış mübahisəli məsələlər Tərəflər arasında məsləhətləşmələr və danışıqlar yolu ilə həll edilir.
Maddə 10
Əlaqələndirmə
Bu Memorandum çərçivəsində əməkdaşlığın və qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi məqsədilə Tərəflər məsul şəxsləri təyin edir və onların əlaqə ünvanları barədə məlumatı mübadilə edirlər.
Maddə 11
Qüvvəyə minmə və qüvvədə qalma müddəti
1. Bu Memorandum Tərəflərin bütün zəruri dövlətdaxili prosedurları yerinə yetirməsi ilə bağlı ikinci bildirişi saxlanca vermə tarixindən qüvvəyə minir. Bildirişlərini bu tarixdən sonra vermiş Tərəflərə münasibətdə isə Memorandum depozitarinin belə bildirişi alması tarixindən qüvvəyə minir.
2. Bu Memorandumun depozitarisi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyidir.
3. Memorandum 5 (beş) il müddətinə bağlanır. Tərəflərin razılığı ilə Memorandumun müddəti növbəti beşillik müddətlərə uzadıla bilər.
4. Tərəf depozitariyə yazılı bildiriş göndərməklə Memorandumda iştiraklarına son qoya bilər.
5. Memorandumda iştirak depozitarinin qeyd olunan bildirişi alması tarixindən 90 gün sonra başa çatır.
Maddə 12
Mətnin orijinallığı
2007-ci il iyunun 19-da Bakı şəhərində ingilis və rus dillərində dörd nüsxədə hazırlanmışdır, hər iki mətn orijinaldır. Mətnlərin təfsiri ilə bağlı mübahisə yarandıqda ingilis dilində olan mətnə üstünlük verilir.