Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

2011-ci il mayın 26-da Roma şəhərində imzalanmış “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və İtaliya Respublikasının Nazirlər Şurası Sədrliyinin Mülki Müdafiə Departamenti arasında mülki müdafiə sahəsində əməkdaşlıq, fövqəladə hallar zamanı yardım və qarşılıqlı fəaliyyət haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2011-ci il mayın 26-da Roma şəhərində imzalanmış “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və İtaliya Respublikasının Nazirlər Şurası Sədrliyinin Mülki Müdafiə Departamenti arasında mülki müdafiə sahəsində əməkdaşlıq, fövqəladə hallar zamanı yardım və qarşılıqlı fəaliyyət haqqında Anlaşma Memorandumu” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İtaliya Respublikası tərəfini xəbərdar etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 27 iyul 2011-ci il

№ 488

 

 

 

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və İtaliya Respublikasının Nazirlər Şurası Sədrliyinin Mülki Müdafiə Departamenti arasında mülki müdafiə sahəsində əməkdaşlıq, fövqəladə hallar zamanı yardım və qarşılıqlı fəaliyyət haqqında

ANLAŞMA MEMORANDUMU

 

Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və İtaliya Respublikasının Nazirlər Şurası Sədrliyinin Mülki Müdafiə Departamenti iki ölkə arasında əlaqələri möhkəmləndirmək niyyəti ilə,

mülki müdafiə sahəsində əməkdaşlığın əhalinin aktual təhlükələrdən mühafizəsinə verdiyi töhfəni tanıyaraq,

əhali, mülkiyyət və ətraf mühit üzərində zərərin məhdudlaşdırılması və yumşaldılması üçün effektiv cavab vermənin təmin edilməsinin vacibliyini anlayaraq,

mülki müdafiə, milli sistemlərin və özlərinin idarəetmə bacarıqlarının gücləndirilməsi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi vasitəsilə ümumi məqsədlərinə nail olmaq üçün,

ikitərəfli və beynəlxalq hüquqi sənədlərin Tərəflər və ya onların dövlətləri üçün məcburi olan müddəalarını nəzərə alaraq,

aşağıdakılar barədə razılığa gəlirlər:

 

Maddə 1

Əməkdaşlığın məqsədi

 

(1) Bu Anlaşma Memorandumu Tərəflərdən birinin dövlətinin ərazisində baş vermiş təbii və ya texnogen xarakterli fövqəladə halların proqnozlaşdırılması, qarşısının alınması, azaldılması və onlarla mübarizə sahəsində ikitərəfli əməkdaşlığa yardım etmək məqsədi daşıyır.

(2) Bu Anlaşma Memorandumunda qeyd olunan əməkdaşlıq Tərəflərin dövlətlərinin milli qanunvericiliyinə, beynəlxalq öhdəliklərinə və İtaliya tərəfi üçün Avropa İttifaqına üzv olmasından irəli gələn öhdəliklərə müvafiq olaraq həyata keçiriləcəkdir.

 

Maddə 2

Əməkdaşlıq sahələri

 

Əməkdaşlıq aşağıdakı sahələri əhatə edir:

  1. elmi-texniki məlumat mübadiləsi və birgə layihələrin hazırlanması;
  2. ekspertlərin mübadiləsi;
  3. ortaq risklərin azaldılması, xüsusilə meşə yanğınsöndürməsi məqsədi ilə strategiyaların və metodların hazırlanması;
  4. razılaşdırılmış mövzular üzrə Azərbaycanda və İtaliyada keçirilməli olan təlim kurslarının, seminarların və simpoziumların təşkil edilməsi;
  5. Tərəflərdən hər hansı birinin dövlətinin ərazisində baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hallar zamanı mümkün yardım prosedurlarının müəyyən edilməsi;
  6. fövqəladə halların yumşaldılması üzrə təlimlərdə və ya iri miqyaslı qəzalar və fövqəladə hallarla bağlı simulyasiyalarda digər Tərəfin müşahidəçilərinin iştirakının həvəsləndirilməsinə yardım edilməsi;
  7. Tərəflərin qarşılıqlı şəkildə razılaşdırdıqları digər əməkdaşlıq sahələri.

 

Maddə 3

Əlaqələndirmə

 

(1)   Bu Anlaşma Memorandumuna müvafiq olaraq Birgə İşçi Qrupu bu Anlaşma Memorandumunun həyata keçirilməsini əlaqələndirəcəkdir.

(2)    Tərəflər bir-birini Birgə İşçi Qrupunun tərkibi barəsində məlumatlandıracaqlar (ad, soyad, müəssisə, telefon və faks nömrələri, elektron ünvan).

(3)   Tərəflər Birgə İşçi Qrupunun tərkibi və üzvlərin əlaqə ünvanlan ilə bağlı baş verən hər hansı dəyişikliklər barəsində bir-birini xəbərdar edəcəklər.

(4)   Birgə İşçi Qrupu ehtiyac olduğu təqdirdə, bu Anlaşma Memorandumu çərçivəsində əməkdaşlığın vəziyyətini və bu fəaliyyətlərin nəticələrini qiymətləndirmək, həmçinin gələcək fəaliyyət prioritetlərini razılaşdırmaq məqsədi ilə lazım olduğu zaman görüşəcəklər.

 

Maddə 4

Xərclər

 

Tərəflər bu Anlaşma Memorandumunun həyata keçirilməsi ilə bağlı xərcləri özlərinin maliyyə imkanları çərçivəsində, Tərəflər arasında xüsusi anlaşmalar vasitəsilə vaxtaşırı müəyyən edəcək və ümumi razılığa gələcəklər.

 

Maddə 5

Əlavə və dəyişikliklər edilməsi və onların tətbiqi

 

(1) Tərəflərin qarşılıqlı razılığı ilə bu Anlaşma Memorandumuna onun ayrılmaz tərkib hissəsi olan və 6-cı Maddəsində müəyyən olunan qaydada qüvvəyə minən ayrıca protokollar formasında dəyişikliklər edilə bilər.

(2) Bu Anlaşma Memorandumu xüsusi proqramları və layihələri müəyyən etmək üçün vaxtaşırı imzalanacaq texniki protokollar vasitəsilə həyata keçirilə bilər. Bu protokollar imzalandıqdan dərhal sonra qüvvəyə minir.

 

Maddə 6

Yekun müddəalar

 

(1) Bu Anlaşma Memorandumu üç il müddətinə bağlanılır və onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən etibarən qüvvəyə minir.

Bu Anlaşma Memorandumunun müddəti Tərəflərin əvvəlcədən razılığı əsasında onun müddətinin bitməsinə 30 gün qalmış yazılı şəkildə bildirilməklə uzadıla bilər.

(2) Tərəflərdən hər biri digər Tərəfi yazılı şəkildə məlumatlandırmaqla, bu Anlaşma Memorandumunu ləğv edə bilər. Bu halda, bu Anlaşma Memorandumu belə bildirişin alındığı tarixdən etibarən öz qüvvəsini itirir.

(3) Bu Anlaşma Memorandumu Roma şəhərində, 2011-ci il 26 may tarixində iki əsl nüsxədə, hər biri Azərbaycan, italyan və ingilis dillərində olmaqla imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Anlaşma Memorandumunun təfsirində fikir ayrılığı olduğu təqdirdə, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.

 

 
Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Elmi-texniki Jurnalı akademiya
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu