

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və təsirinin azaldılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasinin Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və təsirinin azaldılması sahəsində əməkdaşlıq haqqında” 2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyun 2016-cı il
№ 273-VQ
Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və təsirinin azaldılması sahəsində əməkdaşlıq haqqında
SAZİŞ
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti,
öz dövlətlərinin və Birləşmiş Millətlər Təşkilatının fövqəladə halların qarşısının alınması və təsirlərinin məhdudlaşdırılması sahəsindəki cəhdlərini dəstəkləməyi arzu edərək, beynəlxalq hüquq normalarına və öz dövlətlərinin milli qanunvericiliyinə uyğun olaraq, fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və təsirinin azaldılması sahəsində əməkdaşlıq tədbirlərinin hər iki dövlətin inkişafına və təhlükəsizliyinə töhfə verə biləcəyini düşünərək, aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Əhatə dairəsi
1. Bu Sazişin məqsədi fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və təsirinin azaldılması məqsədilə əməkdaşlıq etmək və qarşılıqlı yardımın təmin olunmasını asanlaşdırmaq üçün zəruri olan hüquqi çərçivə yaratmaqdır.
2. Bu Saziş çərçivəsində, Tərəflərdən hər hansı birinin ərazisində baş vermiş və ya baş vermə təhlükəsi olan fövqəladə halların nəticələri həmin Tərəfin öz cəhdləri və vasitələri ilə tam olaraq azaldıla bilmədiyi hallarda Tərəflər sorğu əsasında bir-birinə qarşılıqlı yardım göstərirlər.
Maddə 2
Əsas anlayışlar
Bu Sazişin məqsədləri üçün aşağıda qeyd olunan anlayışlar bu mənaları ifadə edir:
(a) “Fövqəladə hal” - insanların ölümünə səbəb olmuş və ya ola biləcək, şəxslərə və ya ətraf mühitə zərər yetirmiş və ya yetirə biləcək, maddi itkilər meydana gətirmiş və ya gətirə biləcək, insanların həyat fəaliyyətini pozmuş və ya poza biləcək qəza, təhlükəli təbii fenomen, bəla, təbii və ya digər fəlakətlərin səbəb olduğu, avadanlıqda, müəyyən quru və ya su ərazisində yaranmış vəziyyət;
(b) “Sorğu göndərən Tərəf” - yardım üçün müraciət edən Tərəf;
(c) “Sorğu alan Tərəf” - yardım üçün sorğunun ünvanlandığı Tərəf;
(d) “Yardım dəstəsi” - müvafiq sahədə təlim almış və müvafiq avadanlıqla, həmçinin axtarış və xilasetmə itləri ilə təchiz olunmuş, Sorğu alan Tərəfin yardım təmin etmək üçün təyin etdiyi mütəxəssislər qrupu;
(e) “Avadanlıq” - Sorğu göndərən Tərəfin istifadəsinə verilən və ya yardım dəstəsinin avadanlıqlarının tərkibində mövcud olan materiallar, texniki vasitələr və xüsusi nəqliyyat vasitələri, həmçinin yardım dəstəsinin üzvlərinin şəxsi tələbatlarını ödəmək üçün zəruri olan əşyalar;
(f) “Yardım yükü”- Sorğu göndərən Tərəfə təmənnasız olaraq verilən, fövqəladə halların təsirlərinin məhdudlaşdırılması və azaldılması üçün istifadə olunan zəruri maddi əşyalar;
(g) “Yardımın təmin edilməsi” - fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və təsirinin azaldılmasında Sorğu göndərən Tərəfə dəstək olmaq üçün Sorğu alan Tərəfin fövqəladə hallara cavabvermə fəaliyyətlərini həyata keçirməsi və/və ya ixtisaslaşmış şəxsi heyət, avadanlıq və maddi əşyalar ilə təmin etməsi;
(h) “Şəxsi məlumat” - təyin olunmuş və ya təyin olunacaq fiziki şəxs haqqında məlumat, müvafiq olaraq: adı, soyadı, təvəllüdü, ünvanı, işi haqqında məlumat, ixtisası, iş yeri və əgər lazım olarsa, sağlamlıq vəziyyəti;
(i) “Vəziyyətin parametrləri” - müəyyən bir zaman anında fövqəladə halın müvafiq xarakteristikasını/xüsusiyyətlərini təyin edən ölçülə bilən və ədədi göstəricilər;
(j) “Tranzit dövlət” - üçüncü ölkəyə yardımın təmin olunması üçün dövlətinin ərazisi vasitəsilə yardım dəstəsinin keçdiyi və ya humanitar avadanlıqların nəql edildiyi Tərəflərdən birinin Dövləti.
Maddə 3
Səlahiyyətli Orqanlar
1. Bu Sazişin müddəalarının həyata keçirilməsi məqsədilə Tərəflər bundan sonra “Səlahiyyətli Orqanlar” adlandırılacaq aşağıdakı orqanları təyin edirlər:
Azərbaycan Respublikası Hökuməti adından:
Fövqəladə Hallar Nazirliyi
İran İslam Respublikası Hökuməti adından:
Daxili İşlər Nazirliyi, Fəlakətlərin İdarəedilməsi Dövlət Təşkilatı.
2. Bu Sazişin müddəalarının həyata keçirilməsi, məqsədilə Səlahiyyətli Orqanlar birbaşa olaraq əməkdaşlıq edir və əlaqə saxlayırlar. Bu Sazişin qüvvəyə minməsi tarixindən sonra 60 (altmış) gün ərzində Səlahiyyətli Orqanlar bunun fasiləsizliyinə, həmçinin əlaqə ünvanlarında və şəxslərdə baş verən dəyişikliklər barədə məlumatların yenilənəcəyinə zəmanət verərək, bir-birinə daimi əlaqə saxlamaq üçün təyin olunmuş orqanlar və şəxslər barədə məlumat verirlər.
Maddə 4
Birgə İşçi Qrup
1. Bu Sazişin müddəalarının həyata keçirilməsi məqsədilə Tərəflər Birgə İşçi Qrup (bundan sonra “Birgə İşçi Qrup”) yaradaraq qrup üzvlərinin sayını, tərkibini, funksiyalarını və iş qaydalarını müəyyən edirlər.
2. Bu Saziş qüvvəyə mindikdən sonra Birgə İşçi Qrup əməkdaşlıq üzrə fəaliyyət planı işləyib hazırlayır və müəyyən olunmuş qaydada təsdiq edir.
Maddə 5
Yardım istəmək və məlumat mübadiləsi
1. Fövqəladə halın təhlükəsi/baş verməsi halında Tərəflər bir-birinə razılaşdırılmış əlaqə kanalları vasitəsilə Sorğu göndərən Tərəfin səlahiyyətli orqanının yalnız yazılı sorğusuna əsasən qarşılıqlı yardım göstərir.
2. Yazılı sorğuda Sorğu göndərən Tərəf aşağıdakıları qeyd edir:
(a) sorğu edilən tarixdə təhlükənin/fövqəladə halın yeri, tarixi, vaxtı, növü, ölçüsü və vəziyyətinin parametrləri;
(b) artıq görülmüş və artıq planlaşdırılmış tədbirlər;
(c) sorğu edilən yardımın xüsusiyyəti və prioritetləri;
(d) digər zəruri məsələlər.
3. Səlahiyyətli Orqanlar yardımın göstərilməsi üçün standart sorğu/cavab anketinin istifadəsi ilə bağlı razılığa gələ bilərlər.
4. Sorğu alan Tərəf gecikmədən yardımın göstərilməsi barədə qərar verir və mümkün olan ən qısa vaxt ərzində özünün təcili cavabvermə imkanları, həmçinin göstərilən yardımın növü, kəmiyyəti və şərtləri barədə Sorğu göndərən Tərəfə məlumat verir.
5. Bu Sazişin müddəalarının tətbiq edilməsi məqsədilə 1-4-cü bəndlərdə qeyd olunan məlumatlar istisna olmaqla, başqa məlumatların mübadiləsi Səlahiyyətli Orqanlar və xüsusilə bu məqsəd üçün təyin edilmiş qurumlar vasitəsilə, həmçinin Birgə İşçi Qrupun fəaliyyətləri çərçivəsində həyata keçirilir.
6. 5-ci bənddə qeyd olunan məlumatların mübadiləsi ilə əlaqədar olan növ, kəmiyyət, tezlik, format, mövzu və digər müəyyənedici xüsusiyyətlər razılıq əsasında Birgə İşçi Qrup tərəfindən hazırlanır.
Maddə 6
Yardımın göstərilməsi yolları
Bu Sazişə əsasən yardım avadanlığın, materialların, ixtisaslaşmış heyətin, yardımın və məlumatın Sorğu göndərən Tərəfin ixtiyarına verilməsi vasitəsilə, həmçinin insanların həyatını qorumaq, əhalinin sağlamlığını mühafizə etmək, maddi və mədəni sərvətlərə dəyən ziyanları və bütün növ fövqəladə halların təhlükəsi/baş verməsi zamanı təkrar təsirləri məhdudlaşdırmaq üçün cavabvermə fəaliyyətlərinin, ekspertizaların, axtarış və xilasetmə əməliyyatlarının keçirilməsi vasitəsilə təmin oluna bilər.
Maddə 7
Digər əməkdaşlıq formaları
1. Əsas məqsəd olan fövqəladə hal zamanı yardım göstərməkdən əlavə, bu Saziş çərçivəsində Tərəflərin əməkdaşlığı, aşağıdakı əməkdaşlıq formalarını əhatə edə bilər:
a) hər iki Tərəfin ixtisaslaşmış institutları tərəfindən fövqəladə halların xəbərdar edilməsi, qarşısının alınması, qiymətləndirilməsi, təsirlərinin məhdudlaşdırılması və azaldılması sahəsində birgə layihələrin irəli sürülməsi;
b) Tərəflərin Dövlətlərinin Səlahiyyətli Orqanları və müvafiq institutları arasında əməkdaşlıq vasitəsilə konfransların, elmi səfərlərin, elmi proqramların, təlim kurslarının, ekspert mübadiləsinin, birgə məşqlərin və təlimlərin təşkil olunması;
c) xüsusilə digər Tərəfin dövlətinin ərazisinə təsir göstərə biləcək hallarda, fövqəladə hallan yarada biləcək risk mənbələri barəsində məlumat mübadiləsi. Qarşılıqlı məlumat 5-ci maddənin 6-cı bəndinə əsasən yaradılmış çərçivələr daxilində təmin olunur;
d) fövqəladə halların səbəbləri ilə bağlı elmi tədqiqatların nəticələri və araşdırmaların yekunları üzrə sənədlərin mübadiləsi, onların təsirlərinin qiymətləndirilməsi və zəruri mühafizə tədbirləri.
2. Bu Sazişin məqsədləri üçün, lazım gəldikdə, Birgə İşçi Qrup digər əməkdaşlıq formalarını da yarada bilər.
Maddə 8
Tranzit
1. Fövqəladə hala məruz qalmış üçüncü tərəfə yardım göstərilməsi halında, Tərəflərdən birinin üçüncü tərəfin istifadəsinə verdiyi heyətin, materialların, avadanlıqların və yardımın tranzitini asanlaşdırmaq üçün hər bir Tərəf öz dövlətinin ərazisində gömrük prosedurlarını sadələşdirir və azaldır.
2. Tranzit haqqında Sorğu alan Tərəfin səlahiyyətli orqanı tərəfindən tranzit keçidin qəbul edilməsinin yazılı təsdiqlənməsindən sonra tranzit və tranzit rəsmiləşdirilmələri tətbiq edilir.
3. Səlahiyyətli orqanlar tranzitin zəruriliyi haqqında vaxtında bir-birini məlumatlandırır, onun icrasının qaydası və xüsusiyyəti barədə razılaşır və lazım gəldikdə, tranzit zamanı yardım dəstəsi üçün müşayiət təmin edir.
Maddə 9
Yardım əməliyyatlarının əlaqələndirilməsi və həyata keçirilməsi
1. Sorğu göndərən Tərəfin dövlətinin ərazisində fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və təsirinin azaldılması üçün həyata keçirilən əməliyyatlar Sorğu göndərən Tərəfin Səlahiyyətli Orqanları və şəxsləri tərəfindən əlaqələndirilir və həyata keçirilir.
2. 1-ci bəndə əsasən əməliyyatlarla məşğul olduqları müddət ərzində, Sorğu alan Tərəfin göndərdiyi yardım dəstələri yalnız öz dəstə rəhbərləri tərəfindən verilən tapşırıqları qəbul edir və onlara əməl edirlər.
3. Sorğu göndərən Tərəfin Səlahiyyətli Orqanı tərəfindən təyin edilmiş şəxslər Sorğu alan Tərəfin yardım dəstəsinin rəhbərinə fövqəladə hal nəticəsində yaranmış vəziyyət və onun inkişafı, fəaliyyət planı, təyin edilmiş tapşırıqlar, iştirak edən digər dəstələrlə əməkdaşlığın üsulu və mövcud maddi-texniki avadanlıqlar barəsində məlumat verməli, həmçinin sorğu əsasında tərcüməçilər, digər lazımi xidmətlər və vasitələr təmin etməlidir.
4. Tərəflər istifadələrinə verilən yardım dəstələrindən onların ixtisaslarına, təlimlərinə və ləvazimatlarına uyğun olaraq istifadə etməlidirlər.
5. Sorğu alan Tərəf yardım dəstələrini Sorğu göndərən Tərəfin dövlətinin ərazisində 72 saat kifayət edəcək qədər ərzaqla təmin edir.
6. Sorğu göndərən Tərəf yerli orqanların dəstəyi ilə yardım yükünün nəqli və zərərçəkmiş insanlara çatdırılması üçün gömrük və digər rəsmiləşdirmələrin operativ şəkildə yerinə yetirilməsini təmin edir. Sorğu alan Tərəfin nümayəndələri yardım yükünün paylanmasında iştirak edə bilərlər.
7. Yardım dəstələri aşağıdakı hallarda öz fəaliyyətlərini dayandırırlar:
a) missiya tamamlandıqda;
b) Tərəflərin Səlahiyyətli Orqanları əməliyyatların həyata keçirilməsinin artıq lazım olmadığı barədə razılaşdıqda;
c) bu Sazişdən irəli gələn tələblər və öhdəliklər yerinə yetirilmədikdə.
Maddə 10
Dövlət sərhədinin keçilməsi
1. Yardım dəstəsi Sorğu göndərən Tərəfin dövlətinin ərazisinə və/və ya Tranzit dövlətin ərazisinə gəlməzdən əvvəl Sorğu alan Tərəfin Səlahiyyətli Orqanı dəstənin üzvlərinin siyahısını və şəxsiyyətlərini müəyyən edən sənədin məlumatlarını Sorğu göndərən Tərəfə və ya Tranzit dövlətə göndərir.
2. Öz milli qanunvericiliklərinə və beynəlxalq öhdəliklərinə müvafiq olaraq, Sorğu göndərən Tərəf və Tranzit dövlət Tərəfi Sorğu alan Tərəfin yardım dəstələrinin öncül qaydada giriş və çıxış prosedurlarını təmin edirlər.
3. Sorğu alan Tərəfin yardım dəstələri Sorğu göndərən Tərəfin və Tranzit dövlətin ərazisinə Tərəflər arasında razılaşdırılmış dövlət sərhəd buraxılış məntəqələrindən Sorğu göndərən Tərəfin və Tranzit dövlətin də tanıdığı etibarlılıq müddəti bitməyən şəxsiyyəti təsdiq edən –sənədlərdən istifadə etməklə giriş və çıxış edə bilərlər.
4. Lazım olduğu halda, Sorğu göndərən Tərəf və Tranzit dövlət mümkün qədər tez bir zamanda yardım dəstələrinin üzvləri üçün viza rəsmiləşdirməsi həyata keçirir.
5. Tərəflərdən heç biri yardım dəstələri üzvlərinin Sorğu alan Tərəfin uniformalarını geyinmələrinə və nəqliyyat vasitələrinin üzərində fərqlənmə nişanlarının istifadəsinə məhdudiyyət qoymayacaqdır.
6. Yardım dəstələrinin üzvləri Sorğu göndərən Tərəfin dövlətinin qanunvericiliyinə tabe olmalı, bu Sazişin müddəalarına uyğun olmayan heç bir hərəkət etməməli və Sorğu göndərən Tərəfin dövlətinin ərazisində hər hansı bir siyasi fəaliyyət göstərməməlidir. Sorğu alan Tərəf bununla əlaqədar bütün zəruri tədbirləri öz öhdəsinə götürür.
Maddə 11
Malların dövlət sərhədindən keçirilməsi
Bu Sazişin məqsədləri üçün Tərəflər aşağıdakılar barədə razılaşırlar:
1. Yardım dəstəsinin rəhbəri Sorğu alan və Sorğu göndərən Tərəflərin dövlətlərinin Səlahiyyətli Orqanları tərəfindən razılaşdırılmış və fövqəladə hala cavabvermə məqsədilə idxal olunan avadanlıqların və yardım yüklərinin siyahısını Sorğu göndərən Tərəfin dövlətinin və/və ya Tranzit dövlətin gömrük orqanlarına təqdim edir.
2. Bu Saziş çərçivəsində idxal və ixrac edilən avadanlıq və yardım yükləri gömrük rüsumlarından, vergilərdən və digər ödənişlərindən azad edilir.
3. Avadanlıqların və yardım yüklərinin gömrük rəsmiləşdirilməsi Tərəflərin dövlətlərinin milli qanunvericiliklərinə müvafiq olaraq öncül şəkildə həyata keçirilir.
4. Sorğu göndərən Tərəfin dövlətinin ərazisinə gətirilmiş avadanlıqları (tam istifadə olunmuş və ya sıradan çıxmış avadanlıqlar istisna olmaqla) yardım işləri tamamlandıqdan sonra Sorğu alan Tərəf geri aparır. Avadanlıqların tam istifadə olunması və ya sıradan çıxması, həmçinin yardım yükünün zərərçəkmiş insanlara paylanması faktı Sorğu göndərən Tərəfin dövlətinin səlahiyyətli orqanı tərəfindən sənədləşdirilməlidir. Hər hansı bir şərait səbəbindən avadanlığın çıxarılması mümkün olmadıqda, onun Sorğu göndərən Tərəfə verilməsi hər bir hal üçün Tərəflərin razılaşması əsasında həyata keçirilir.
5. Yardım dəstələrinin təchizatları və ya 2-ci maddənin (f) bəndində qeyd olunan yardımın tərkibini təşkil edən malların və materialların dövriyyəsinə heç bir qadağa və məhdudiyyət tətbiq edilmir.
6. Sorğu göndərən Tərəfin dövlətinin ərazisinə silah, döyüş sursatı və partlayıcı maddələr gətirmək qadağandır.
7. Sorğu göndərən Tərəfin səlahiyyətli orqanına bu maddədə qeyd olunmuş malların, avadanlıqların və maddələrin istifadəsinə və saxlanılmasına nəzarətə icazə verilir.
Maddə 12
Hava gəmilərindən istifadə
1. Hava gəmiləri Sorğu göndərən Tərəfin istifadəsinə verilmiş yardım dəstələrinin, avadanlığın və yardımın nəqli, həmçinin fövqəladə halların qarşısının alınması, məhdudlaşdırılması və azaldılması üçün müdaxilə əməliyyatlarının həyata keçirilməsi məqsədilə istifadə oluna bilər.
2. Yardım göstərilməsi üçün hava gəmilərindən istifadə edildiyi təqdirdə, 5-ci maddədə izah edilmiş prosedura uyğun olaraq ötürülən məlumat aşağıdakıları əhatə etməlidir: hava gəmisinin növü, qeydiyyatda olduğu ölkə, dövlət nişanları, ekipaj üzvlərinin sayı, daşımanın növü, ağırlıq tipi, uçuş cədvəli, sərnişinlərin və ekipaj üzvlərinin adlarının siyahısı, uçuş marşrutu, yerəenmə məntəqəsi, yükün təsviri və digər aidiyyəti məlumatlar.
3. Tərəflər 1-ci bənddə qeyd olunan məqsədlər üçün istifadə olunan hava gəmilərinin təyin edilmiş uçuş korridoru çərçivəsində öz Dövlətlərinin hava məkanlarında uçmalarına, hətta beynəlxalq hava limanlarından istifadə etmədən Sorğu göndərən Tərəfin səlahiyyətli orqanı tərəfindən göstərilən məntəqələrdə yerə enmələrinə və havaya qalxmalarına icazə verildiyini təmin etmək üçün müvafiq tədbirlər görür. Əgər hava gəmiləri beynəlxalq hava limanlarından başqa məntəqələrdə yerə enərlərsə və ya havaya qalxarlarsa, 3-cü maddənin 1-ci bəndində qeyd edilmiş Səlahiyyətli Orqanlar bu yerlərə ən yaxın gömrük orqanını bu barədə gecikdirmədən məlumatlandırmalı, həmçinin 2-ci bənddə göstərilmiş məlumatın ötürülməsi vasitəsilə hava gəmilərinin milli hava məkanı üzərindən uçmasına icazə verilməsi üçün səlahiyyətli aviasiya qurumunu xəbərdar etməlidirlər.
4. Tərəflər başqa şəkildə hərəkət etmək barədə razılaşmadığı təqdirdə, bu Sazişin məqsədləri üçün hava gəmilərinin uçuşları Beynəlxalq Mülki Aviasiya Təşkilatının qaydalarına və Tərəflərin dövlətlərinin ərazilərində tətbiq edilən qanunvericiliyə müvafiq olaraq həyata keçirilir.
Maddə 13
Təzminatlar
1. Tərəflərdən hər hansı biri bu Sazişin həyata keçirilməsi ilə bağlı missiyanın yerinə yetirilməsi zamanı yardım dəstəsinin üzvlərinin onun mülkiyyətinə zərər yetirməsi, həmçinin bu Sazişin həyata keçirilməsindən irəli gələn işlərin icra edilməsi zamanı yardım dəstəsinin üzvlərinin yaralanması və ya ölməsi halında digər Tərəfə heç bir tələb iddia etməyəcəkdir.
2. Əgər yardım dəstəsinin üzvü Sazişin müddəalarının həyata keçirilməsi məqsədilə icra etdiyi işlər zamanı Sorğu göndərən Tərəfin ərazisində üçüncü şəxsə zərər yetirərsə, zərərin kompensasiyası Sorğu göndərən Tərəfin öhdəsinə düşür.
3. Ziyan bilərəkdən səhv davranış və ya kobud etinasızlıq səbəbindən meydana gələrsə və bu, Sorğu göndərən Tərəfin öz məhkəməsi tərəfindən təsdiq edilərsə, bu maddənin 1-ci və 2-ci bəndlərinin müddəaları tətbiq edilmir.
4. Bu maddənin 3-cü bəndində qeyd olunan halda, həmçinin, əgər yardım dəstəsinin üzvünə qarşı olan iddia Sazişin həyata keçirilməsi məqsədilə yerinə yetirilən işlərin icra edilməsi zamanı deyil, başqa vaxt meydana çıxan fəaliyyətlərdən və səhlənkarlıqdan irəli gələrsə və dəymiş ziyan Sorğu göndərən Tərəfin məhkəməsi tərəfindən təsdiq olunarsa, kompensasiyanın ödənilməsi Sorğu alan Tərəfin öhdəsinə düşür.
5. Bu maddənin müddəaları Sorğu göndərən Tərəfin ərazisinə daxilolma vaxtından həmin ərazini tərketmə vaxtına qədər yardım dəstəsinin üzvünün səbəb olduğu zərərlər üçün tətbiq edilir.
6. Yardım dəstələrinin üzvlərinin sığortalanmasını Sorğu göndərən Tərəf həyata keçirir. Tərəflərin Səlahiyyətli Orqanları ziyanın meydana gəldiyi şəraitləri qiymətləndirmək və kompensasiyanın həll edilməsinə kömək etmək üçün əməkdaşlıq edirlər. Bu məqsədlə onlar hər hansı mövcud məlumatı mübadilə edirlər.
Maddə 14
Xərclər
1. Tərəflər başqa cür razılaşmadıqları təqdirdə, bu sazişin müddəalarına əsasən, yardım təmənnasız olaraq təmin edilir.
2. Sorğu alan Tərəf aeronaviqasiya və yerəenmə, işıqlandırma, qalma və ərzaqla təmin edilmə ilə bağlı xərclərdən azaddır.
3. Bu məsələlərlə bağlı xərclərin ödənilməsi, köməkçi sənədlər, ödəmə qaydaları və digər təfsilatlar Birgə İşçi Qrup tərəfindən həll edilir.
4. 7-ci maddədə qeyd olunan əməkdaşlıq formalarının həyata keçirilməsi üçün lazım olan müvafiq xərcləri Birgə İşçi Qrupun təklif etdiyi və Tərəflərin qəbul etdiyi büdcə çərçivəsində qarşılılıq prinsipi əsasında hər iki Tərəf ödəyir.
Maddə 15
Beynəlxalq və yerli təşkilatlarla əməkdaşlıq
Tərəflər qarşılıqlı razılıq əsasında bu Sazişin həyata keçirilməsi üçün icra edilən fəaliyyətlərdə ixtisaslaşmış/aidiyyəti beynəlxalq və yerli təşkilatların iştirakını təklif edə bilərlər.
Maddə 16
Şəxsi məlumatın qorunması
Bu Sazişin müddəalarının həyata keçirilməsi üçün şəxsi məlumatların ötürülməsi sorğu edildiyi halda aşağıdakı müddəalar tətbiq olunacaqdır:
1. Hər bir Tərəf sorğu əsasında 2-ci maddənin “h” bəndində sıralanmış şəxsi məlumatları digər Tərəfə yalnız bu Sazişin 5-ci maddəsində nəzərdə tutulmuş şərtlər əsasında və sorğuda izah edilmiş məqsədlər üçün ötürür. Bu məlumatı qəbul edən Tərəf onu yalnız məlumatı verən Tərəfin razılığı ilə təyin edilmiş digər məqsədlər üçün istifadə edə bilər.
2. Şəxsi məlumatı qəbul edən Tərəf bu məlumatı yalnız özünün bu Sazişin müddəalarının həyata keçirilməsi üçün əməkdaşlıq edən və şəxsi məlumatı saxlamaq və ötürmək hüququ olan orqanlarına ötürə bilər. Məlumat yalnız məlumatı verən Tərəfin əvvəlcədən razılığı ilə digər orqanlara ötürülə bilər. Qəbul edilən məlumat məxfidir.
3. Məlumatı verən Tərəf onun dəqiqliyi və düzgünlüyünə görə məsuliyyət daşıyır. Əgər dəqiq olmayan və səhv məlumatın ötürüldüyü aşkarlanarsa, məlumatı verən Tərəf təcili olaraq onların düzəldilməsi yollarını və ya onların məhv edilməsinin vacibliyini izah edərək, bu barədə qəbul edən Tərəfi məlumatlandırır. Məlumatı qəbul edən Tərəf təcili olaraq onları düzəltməyə və ya şəraitdən asılı olaraq səhv məlumatı məhv etməyə məsuliyyət daşıyır.
4. Sorğu əsasında Tərəflər bu Saziş çərçivəsində və hüquqi əsasda məlumatlarını istifadə etdikləri şəxsləri bu barədə xəbərdar etməyi öhdəsinə götürürlər. Səlahiyyətli şəxslərin sorğusu ilə Tərəflər səhv məlumatı düzəldir, qeyri-qanuni olaraq saxlanılan məlumatı məhv edir və bu məqsədlər üçün görülən tədbirlər haqqında bir-birini məlumatlandırırlar.
5. Şəxsi məlumatı verən Tərəf qüvvədə olan qanunvericiliyə əsasən, onların yayılmasını qadağan edir və məhdudlaşdırır. Əgər məlumatı ötürən Tərəfin bu hüququ vardırsa, şəxsi məlumatın sahibi olan şəxsin 4-cü bənddə nəzərdə tutulmuş hüquqlardan istifadə etməsi rədd edilə bilər. Məlumatı verən Tərəf təyin edilmiş məhdudiyyətlər barədə məlumatı qəbul edən Tərəfi məlumatlandırır. Məlumatın istifadəçisi, qanunla nəzərdə tutulmuş hallardan başqa, əlaqədar şəxsi rəddetmənin səbəbi barədə məlumatlandırır.
6. Verilmiş məlumat, məlumatı təqdim edən Tərəfin müəyyən etdiyi vaxtda və ya onlardan tələb edilən məqsəd üçün artıq lazım olmadıqda, məhv edilə bilər. Məlumatı verən Tərəf müvafiq tarix və məhvedilmə səbəbi barədə məlumatlandırılır.
7. Tərəflər, şəxsi məlumatın göndərilməsi və qəbul edilməsi, məlumata qeyri-qanuni daxil olma əleyhinə effektiv mühafizə üçün vacib olan təşkilati və texniki tədbirlər, onların düzəldilməsi, məhv edilməsi və dəyişdirilməsi barədə qeydlər aparırlar.
8. Məlumatı qəbul edən Tərəf ötürülən şəxsi məlumat üçün hər bir vəziyyətdə özünün eyni kateqoriyalı məlumatına yanaşdığı kimi mühafizəni təmin etməlidir.
Maddə 17
Məxfi məlumatın ötürülməsi və qorunması
Bu Sazişin məqsədləri üçün, məxfi məlumat və ya statistika Tərəflərin əvvəlcədən yazılığı razılığı olmadan nəşr edilə və ya üçüncü tərəfə ötürülə bilməz.
Maddə 18
Digər beynəlxalq sazişlərlə münasibət
Bu Sazişin müddəalarının heç biri Tərəflərin iştirakçısı olduğu digər beynəlxalq sazişlərdən irəli gələn hüquq və öhdəliklərə toxunmur.
Maddə 19
Mübahisələrin həlli
Bu Sazişin təfsiri və ya tətbiqi ilə bağlı meydana çıxan istənilən mübahisə danışıqlar yolu ilə və diplomatik kanallar vasitəsilə həll olunacaqdır.
Maddə 20
Əlavə və dəyişikliklər
Tərəflərin qarşılıqlı razılığı əsasında bu Sazişə əlavə və dəyişikliklər edilə bilər. Belə əlavə və dəyişikliklər bu Sazişin ayrılmaz tərkib hissəsi olan ayrı-ayrı protokollar formasında rəsmiləşdirilir və bu Sazişin 21-ci maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minir.
Maddə 21
Yekun müddəalar
1. Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri olan müvafiq dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən sonra 30-cu (otuzuncu) gün qüvvəyə minir. Bu Saziş 3 (üç) il müddətinə qüvvədə qalır. Tərəflərdən biri üçillik müddətin bitməsinə 90 (doxsan) gün qalmış digər Tərəfə bu Sazişi ləğv etmək niyyəti barədə diplomatik kanallar vasitəsilə bildiriş təqdim etməzsə, avtomatik olaraq, hər dəfə eyni müddətlərə uzadılır.
2. Bu Sazişin ləğv edilməsi artıq başlanmış olan və ya Sazişin ləğv edilməsindən ən azı 6 (altı) ay əvvəl planlaşdırılmış birgə fəaliyyətlərin həyata keçirilməsindən irəli gələn öhdəliklərə təsir etmir.
Tehran şəhərində 23 fevral tarixli 2016-cı il tarixində, hər biri Azərbaycan, fars və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsir zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə edilir.