Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

“Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında fövqəladə hallar sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında fövqəladə hallar sahəsində əməkdaşlıq haqqında” 2019-cu il mayın 3-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 12 iyul 2019-cu il

№ 1664-VQ

 

Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında

fövqəladə hallar sahəsində əməkdaşlıq haqqında

 

SAZİŞ

 

Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti,

təbii və texnogen fəlakətlər və digər fövqəladə halların transsərhəd xarakterinin getdikcə artmasını, bu cür fəlakətlər və digər fövqəladə hallarla bağlı məsələlərin beynəlxalq əməkdaşlıq vasitəsilə vaxtında və səmərəli həllinə olan ehtiyacı və bu sahədə hər iki dövlətin birgə səylərinin əlaqələndirilməsinin vacibliyini nəzərə alaraq,

Tərəf dövlətlərin milli qanunvericiliyinə və Tərəf dövlətlərin iştirakçısı olduqları beynəlxalq hüquqi sənədlərə uyğun olaraq,

onların Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinə sadiqliyini təsdiqləyərək, Birləşmiş Millətlər Təşkilatının təbii fəlakətlər və digər fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə səylərini və bu sahədə qəbul olunmuş beynəlxalq sənədləri nəzərə alaraq,

fəlakətlərə və digər fövqəladə hallara cavab verilməsi, yardımın təmin olunması zamanı beynəlxalq və qeyri-hökumət təşkilatlarının əhəmiyyətini vurğulayaraq,

Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Şimali Atlantika Müqaviləsi Təşkilatı, digər beynəlxalq təşkilatların və forumların fəlakət zamanı yardımın təmin olunması üzrə səylərini dəstəkləyərək,

BMT-nin və digər beynəlxalq təşkilatların apardıqları təhlillərin bu cür hallara artan həssaslığını və davamlılıq yaratmaq məqsədilə qarşısını alma və erkən xəbərdarlıqdan bərpa etməyə qədər bütün fəlakət və digər fövqəladə halların idarə edilməsi səviyyələrinə kompleks yanaşmaya çağırdığını xatırladaraq, fəlakətlərin və digər fövqəladə halların qarşısının alınması, hazırlıq və cavabvermə sahəsində faydalı ikitərəfli əməkdaşlığın həyatları xilas edə bildiyini, o cümlədən ətraf mühitin mühafizəsinə və iqtisadi inkişafa təkan verdiyini, Tərəflərin dövlətlərinin və onların vətəndaşlarının sabitliyini dəstəklədiyini anlayaraq,

Tərəflərin fövqəladə hallar sahəsində əməkdaşlıqlarının qarşılıqlı faydalılığı və hər iki dövlət arasında dostluq əlaqələrinin sürətləndirilməsi, fəlakətlər zamanı xəbərdarlığa səbəb olacağına və bu məqsədlə hər iki Tərəfin dövlətinin milli təhlükəsizliyinə və inkişafına öz töhfəsini verəcəyinə olan əminliyi rəhbər tutaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

Sazişin mövzusu

 

Hazırkı Saziş fəlakət və digər fövqəladə halların qarşısının alınması, hazırlıq və cavabvermə sahəsində əməkdaşlığın, o cümlədən Tərəflərin hər hansı birinin dövlətinin ərazisində baş vermiş fövqəladə hallar zamanı Tərəflər arasında könüllü yardımın göstərilməsi şərtlərinin və prosedurlarının ümumi çərçivəsini müəyyən edir.

 

Maddə 2

Anlayışlar

 

Bu Sazişin məqsədləri üçün istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:

“Fövqəladə hal” - əhali, ətraf mühit və ya mülkiyyətə mənfi təsir göstərən və ya göstərə biləcək hər bir vəziyyətdir;

“Fəlakət” - xüsusi tədbirlər görülməsini, xüsusi təyinatlı qüvvələrin iştirakını və xüsusi mənbələrdən istifadə edilməsini tələb edəcək miqyasda olan, insanların həyatı və ya sağlamlığı, mülkiyyət və ya ətraf mühit üçün təhlükə yaradan və ya təsir edən təbiət hadisələri, qəzalar, yanğınlar və digər fəlakətlərin səbəb olduğu hadisə və ya hadisələr ardıcıllığıdır;

“Yardım üçün müraciət edən Tərəf” - 3-cü maddənin 2-ci bəndində qeyd edildiyi kimi, səlahiyyətli qurumları digər Tərəfə yardım üçün yazılı sorğu göndərən Tərəfdir;

“Yardım qöstərən Tərəf” - 3-cü maddənin 2-ci bəndində qeyd edildiyi kimi, səlahiyyətli qurumları sorğu göndərən Tərəfə yardım göstərən Tərəfdir;

“Xilasetmə dəstəsi” - yardım göstərən Tərəfin xüsusi təlim keçmiş və müvafiq avadanlıqlarla, xilasetmə itləri və yardım ləvazimatları ilə təmin edilmiş qeyri-hərbi ekspertlər dəstəsidir;

“Avadanlıq” - materiallar, texniki və nəqliyyat vasitələri, dərmanlar və tibbi avadanlıqlar, yardım dəstəsinin üzvlərinin və/ və ya ekspertlərin şəxsi əşyalarıdır;

“Yardım ləvazimatları” - “yardım göstərən Tərəfin” “yardım üçün müraciət edən Tərəfin” fəlakətə məruz qalmış əhalisinə təmənnasız olaraq verdiyi əşyalar və vasitələrdir.

 

Maddə 3

Səlahiyyətli qurumlar

 

1. Bu Sazişin həyata keçirilməsi üçün Tərəflər milli qanunvericiliklərinə uyğun olaraq, öz səlahiyyətli qurumları vasitəsilə əməkdaşlıq edir.

2. Bu Sazişə əsasən səlahiyyətli qurumlar aşağıdakılardır:

Azərbaycan Respublikası tərəfindən - Fövqəladə Hallar Nazirliyi;

Monteneqro tərəfindən - Daxili İşlər Nazirliyi.

3. Bu Sazişin həyata keçirilməsi üçün Tərəflərin bu maddənin 2-ci bəndində qeyd olunan səlahiyyətli qurumları birbaşa əlaqə saxlamaq səlahiyyətindədirlər.

4. Səlahiyyətli qurumlar fövqəladə hallar zamanı xəbərdarlıq və məlumat mübadiləsi məqsədilə bir və ya bir neçə əlaqələndirici şəxs təyin edir. Səlahiyyətli qurumlar əlaqələndirici şəxslərin fasiləsiz fəaliyyətini təmin edir.

5. Tərəflər səlahiyyətli qurumlarda baş vermiş hər hansı dəyişikliklər barədə bir-birini diplomatik kanallar vasitəsilə yazılı şəkildə dərhal məlumatlandırırlar.

 

Maddə 4

Əməkdaşlıq sahələri və formaları

 

1. Milli qanunvericiliklərinə uyğun olaraq, Tərəflərin səlahiyyətli qurumları öz səlahiyyətləri çərçivəsində aşağıdakı sahələrdə əməkdaşlığı inkişaf etdirir və bir-birinə yardım göstərir:

a) fəlakət və ya digər fövqəladə hallar və ya onların baş verməsi təhlükəsi zamanı sorğu əsasında könüllü yardım göstərilməsi və məlumatın təmin edilməsi;

b) xilasetmə dəstələrinin avadanlıqla təchiz edilməsi;

c) elmi, texniki və hüquqi məlumatın, metodoloji və digər ədəbiyyatın, video və foto materialların mübadiləsi;

d) yanğın təhlükəsizliyi, yanğından xilasetmə və mülki müdafiə sahəsində elmi cəhətdən həyata keçirilə bilən elmi tədqiqat tapşırıqlarının işlənilib hazırlanması, bu sahədə məhsulların və ekspertlərin fəaliyyətlərinin sınaqdan keçirilməsi üzrə səriştə və səmərəli təcrübənin mübadiləsi;

e) birgə ekspert görüşlərinin, sessiyaların, seminarların və konfransların təşkil edilməsi və keçirilməsi;

f) qarşılıqlı əsasda ekspertlərin və xilasetmə dəstələrinin birgə təlimlərinin təşkil edilməsi və keçirilməsi;

g) Tərəflərin hər birinin sorğusu əsasında birgə təlim proqramlarının təşkil edilməsi, habelə müvafiq təlim mərkəzlərindən və qurumlardan olan məşqçilər də daxil olmaqla, ekspertlərin mübadiləsi və təlimləndirilməsi;

h) elmi tədqiqatların təşviqi, birgə layihələrin modelləşdirilməsi, planlaşdırılması, işlənilib hazırlanması və onlarda iştirak;

i) fəlakət və ya fövqəladə hallar zamanı cəmiyyətin məlumatlılığının artırılmasına istiqamətləndirilmiş tədbirlərin təşkili və keçirilməsi;

j) yanğınsöndürmə və qarşısını alma, həmçinin yanğınların nəticələrinin məhdudlaşdırılması və aradan qaldırılması üzrə fəaliyyətlərin planlaşdırılması, təşkili və keçirilməsi.

2. 3-cü maddənin 2-ci bəndinə müvafiq olaraq, Tərəflərin səlahiyyətli qurumları digər əməkdaşlıq formaları yarada və Tərəflərin milli qanunvericiliklərinə uyğun olaraq işçi qruplar təsis edə bilərlər.

3. Tərəflər fəlakət və ya digər fövqəladə hallar zamanı bir-birinə öz imkanları daxilində yardım göstərirlər.

4. Tərəflər başqa şəkildə razılaşmadığı təqdirdə, ekspertlərin mübadiləsi ilə bağlı xərcləri göndərən Tərəf ödəyir.

5. Bu Sazişin məqsədlərinə nail olmaq üçün zəruri olan avadanlıqların, materialların, digər vasitələrin və xidmətlərin mübadiləsi Tərəflərin hər birinin milli qanunvericiliyinə və normativ qaydalara müvafiq olaraq həyata keçirilir.

Maddə 5 Protokollar

Bu Saziş çərçivəsində fəal əməkdaşlığı təmin etmək üçün Tərəflərin səlahiyyətli qurumları bu Sazişin ayrılmaz tərkib hissəsi olan protokollar bağlaya bilərlər.

 

Maddə 6

Əməkdaşlıq və könüllü yardımın göstərilməsi prosedurları

 

1. Tərəflər arasında əməkdaşlıq ingilis dilində olan yazılı sorğu əsasında həyata keçirilir.

2. Sorğuda yardım üçün müraciət edən ölkənin ərazisində baş vermiş fəlakətin və ya digər fövqəladə halın növü, miqyası, yeri, vaxtı və hazırkı vəziyyəti, fəlakətin və ya digər fövqəladə halın öhdəsindən gəlmək üçün görülən və görülməsi planlaşdırılan işlər haqqında məlumat, xilasetmə dəstələri və/və ya ekspertlər, avadanlıq, həmçinin digər ləvazimatlar baxımından tələb olunan yardımın növü və prioritetlik dərəcəsi qeyd olunur.

3. Fövqəladə hallar zamanı şifahi sorğu, yalnız 24 saat ərzində yazılı təsdiq göndərildiyi təqdirdə ünvanlana bilər.

4. Sorğunun göndərildiyi Tərəf mövcud vasitələrlə milli və qanunvericiliyinə uyğun olaraq müraciətə cavab verir.

5. Yardım xilasetmə dəstələrinin və/və ya ekspertlərin göndərilməsi, zərərçəkənlərin ehtiyacları üçün mənbələrin təmin edilməsi yolu ilə göstərilə bilər.

6. Yardım üçün göndərilən xilasetmə dəstələri və/və ya ekspertlər, o cümlədən avadanlıqlar və yardım ləvazimatları quru, hava və ya su yolu ilə icra edilə bilər.

7. Yardım üçün müraciət edən Tərəfə bütün nəqliyyat xərclərini yardım göstərən Tərəf ödəyir.

 

Maddə 7

Xilasetmə dəstələrinin və/və ya ekspertlərin sərhədkeçmə prosedurları və ölkədə qalma qaydaları

 

1. Yardım üçün müraciət edən Tərəf yardım göstərən Tərəfin xilasetmə dəstələrinin və/və ya ekspertlərinin sərhəd keçməsini asanlaşdırmaq üçün bütün mümkün tədbirləri görür.

2. Xilasetmə dəstəsinin rəhbəri yardım üçün müraciət edən Tərəfin sərhəd nəzarətini həyata keçirən rəsmisinə ingilis dilində tərtib olunmuş və yardım göstərən Tərəfin səlahiyyətli qurumu tərəfindən təsdiq edilmiş aşağıdakı sənədləri təqdim edir:

a) xilasetmə dəstələrinin və/və ya ekspertlərin imkanlarını və onların yardım üçün müraciət edən Tərəfin dövlətinin ərazisinə gəliş məqsədini müəyyən edən, Tərəflərin səlahiyyətli qurumları tərəfindən təsdiq edilmiş standart formada doldurulmuş sənəd;

b) xilasetmə dəstəsinin üzvlərinin və/və ya ekspertlərin siyahısı, avadanlıqların və nəqliyyat vasitələrinin siyahısı;

c) yardım ləvazimatlarının siyahısı.

3. Sürücülər öz nəqliyyat vasitələrinə uyğun olan sürücülük vəsiqələrini və onların qeydiyyat sertifikatlarını təqdim edirlər.

4. 6-cı maddənin 2-ci bəndində qeyd edilmiş sorğunu və etibarlı olan şəxsiyyəti təsdiq edən sənədləri təqdim etdikdən sonra yardım üçün müraciət edən Tərəfin müvafiq dövlət qurumlarının rəsmiləri milli qanunvericiliyə və/və ya bağlanılmış ikitərəfli müqavilələrə uyğun olaraq, xilasetmə dəstəsinin üzvləri və/və ya ekspertləri üçün viza rəsmiləşdirir və ya ölkədə qalmaq üçün icazə ilə təmin edirlər.

5. Xilasetmə dəstələrinin xilasetmə itləri ilə birlikdə yardım üçün müraciət edən Tərəfin sərhədini keçməsi və adıçəkilən Tərəfin dövlət ərazisində qalması proseduru həmin Tərəfin karantin qaydalarına uyğun olaraq müəyyən edilir.

6. Xilasetmə dəstəsinin üzvləri yardım üçün müraciət edən Tərəfin ərazisində uniforma geyinə bilərlər. Yardım göstərən Tərəfin xilasetmə dəstələri yardım üçün müraciət edən Tərəfin dövlətinin ərazisində istifadə etdikləri avtomobillərdə xüsusi fərqləndirici nişanlardan istifadə edə bilərlər.

7. Xilasetmə dəstəsinin üzvləri və /və ya ekspertlər yardım üçün müraciət edən Tərəfin dövlətinin ərazisində olduqları müddətdə həmin dövlətin milli qanunvericiliyinə riayət edirlər.

 

Maddə 8

Avadanlıqların və ilkin yardım ləvazimatlarının sərhəddən keçirilməsi

 

1. Tərəflər avadanlıqların və ilkin yardım ləvazimatlarının sərhəddən keçirilməsi prosedurunun sadələşdirilməsini təmin edirlər.

2. Xilasetmə dəstəsinin üzvlərinə və ya yardım üçün göndərilən şəxslərə yardım üçün müraciət edən Tərəfin dövlətinin ərazisində silah və sursat gəzdirməyə icazə verilmir.

3. Malların sərhəddən keçirilməsinə tətbiq edilən məhdudiyyətlər və qadağalar bu Sazişdə nəzərdə tutulmuş avadanlıqlara və ilkin yardım ləvazimatlarına şamil edilmir. Avadanlıq istifadə zamanı məhv olmadığı və ya ilkin yardım ləvazimatı kimi saxlanılmadığı təqdirdə, yardım üçün müraciət edən Tərəf həmin avadanlığı geri qaytarmalıdır. İlkin yardım ləvazimatı kimi saxlanılan hər hansı avadanlıq xilasetmə dəstəsinin rəhbəri tərəfindən həmin avadanlığın növü, miqdarı və yeri qeyd olunmaqla təfərrüatlı şəkildə protokolda qeyd edilir və yardım üçün müraciət edən Tərəfin səlahiyyətli qurumu tərəfindən təsdiq edilir. Missiya başa çatdıqdan sonra yuxarıda qeyd olunan protokol Tərəflərin səlahiyyətli qurumları tərəfindən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi məqsədilə müvafiq gömrük qurumuna təqdim edilir.

4. Həmin şərtlər tərkibi nəzarətdə olan psixotrop maddəli dərman vasitələrinin yardım üçün müraciət edən Tərəfə gətirilməsi və onların istifadə olunmayan hissəsinin yardım göstərən Tərəfə geri qaytarılması hallarına da aid edilir. Malların bu şəkildə dövriyyəsi beynəlxalq müqavilələr nöqteyi-nəzərindən tərkibi nəzarətdə olan psixotrop maddəli dərman vasitələrinin idxalı və ixracı kimi qəbul edilə bilməz. Bu dərmanlar yalnız tibbi müalicə məqsədi ilə lazımi miqdarda gətirilə bilər və yardım üçün müraciət edən Tərəfin milli qanunvericiliyinə uyğun olaraq yalnız ixtisaslı tibbi heyət tərəfindən istifadə edilə bilər. Bu halda xilasetmə dəstəsinin rəhbəri tərkibi nəzarətdə olan psixotrop maddəli dərman vasitələrinin nomenklaturası və miqdarı əks olunan bəyannaməni gömrük rəsmiləşdirilməsi məqsədilə sərhəd gömrük buraxılış məntəqəsinə və ərazi gömrük qurumuna təqdim edir. İstifadə edilməmiş dərmanlarla bağlı isə xilasetmə dəstəsinin rəhbəri tərəfindən akt hazırlanmalı və hu Sazişin 3-cü maddəsinin 2-ci bəndində qeyd olunduğu kimi yardım üçün müraciət edən Tərəfin səlahiyyətli qurumu tərəfindən təsdiq edilməli və missiya başa çatdıqdan sonra yardım göstərən Tərəfin dövlətinin ərazisinə geri göndərilməsi məqsədilə gömrük rəsmiləşdirilməsi üçün gömrük qurumuna təqdim edilir.

5. Yardım üçün müraciət edən Tərəf yuxarıda qeyd edilmiş dərmanların, avadanlığın və ilkin yardım ləvazimatlarının istifadəsinə və saxlanılmasına nəzarət edə bilər.

 

Maddə 9

Hava gəmilərindən istifadə olunması

 

1. Hava gəmiləri bu Saziş çərçivəsində xilasetmə dəstələrinin və/və ya ekspertlərin cəld nəql edilməsi, o cümlədən fəlakət və ya digər fövqəladə hallar zamanı yardımın təmin olunması üçün istifadə edilə bilər.

2. Hava gəmisinin uçuşları Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) sənədlərinə və Tərəflərin milli qanunvericiliyinə müvafiq olaraq icra edilir.

3. Yuxandakı bənddə qeyd edilmiş hava gəmiləri digər Tərəfin dövlətinin ərazisi üzərindən uçuş yerinə yetirə, həmçinin beynəlxalq hava limanlarından və qeydiyyata alınmış uçuş-enmə zolaqlarından kənarda, Tərəflərin səlahiyyətli qurumları tərəfindən müəyyən edilən yerlərdə yalnız Tərəflərin qanunvericiliyinə müvafiq qaydada hər bir hal üçün uçuşların həyata keçirilməsi qaydalarına riayət etməklə enə və havaya qalxa bilər.

4. Xilasetmə əməliyyatları zamanı hava gəmilərindən istifadə hava gəmisinin növü və qeydiyyat nömrəsi, ekipajı, yükü, yoladüşmə vaxtı, marşrutu və eniş yeri ilə bağlı dəqiq məlumat təmin edilməklə, dərhal bu maddənin 3-cü bəndində qeyd edilən səlahiyyətli qurumlara bildirilməlidir.

5. Bu Sazişin 7-ci maddəsi hava gəmisinin ekipajı və nəql edilən xilasetmə dəstəsinin üzvlərinə də şamil edilir.

6. Bu Sazişin 8-ci maddəsi hava gəmisinə, daşınan avadanlıq və ilkin yardım ləvazimatlarına da şamil edilir.

7. Hava gəmisinin sərhədi keçməsi və gömrük nəzarəti yardım üçün müraciət edən Tərəfin müvafiq sərhəd və gömrük nəzarəti qurumları tərəfindən sözügedən hava gəmisinin eniş yerində həyata keçirilir.

8. Hərbi hava gəmisindən yardım üçün müraciət edən Tərəfin təcili yazılı razılığı ilə istifadə edilə bilər.

 

Maddə 10

Fəlakət və ya digər fövqəladə hallar zamanı yardım

əməliyyatlarının əlaqələndirilməsi və idarə olunması

 

1. Fəlakət və ya digər fövqəladə hallar zamanı yardım əməliyyatlarının əlaqələndirilməsi və idarə olunması üçün yardım üçün müraciət edən Tərəfin səlahiyyətli qurumları məsuliyyət daşıyır.

2. Yardım üçün müraciət edən Tərəf xilasetmə dəstələrinin rəhbərlərini və/və ya ekspertləri fəlakət zonasında və fəaliyyət üçün müəyyən edilmiş ərazilərdə vəziyyətin inkişafı barədə məlumatlandırır və lazım olan yerlərdə tərcüməçilər və əməliyyat baş qərargahları ilə əlaqə saxlamaq üçün rabitə vasitələri ilə təmin edir.

3. Xilasetmə dəstələri və/və ya ekspertlər fəlakət zonasına çatdıqdan sonra 24 saat ərzində sərbəst və müstəqil fəaliyyət qabiliyyətinə malik olmalıdır.

 

Maddə 11

Fəlakət və ya digər fövqəladə hallar zamanı

yardım əməliyyatları ilə bağlı xərclər

 

1. Yardım göstərən Tərəfin yardım üçün müraciət edən Tərəfdən göstərilmiş köməyə görə hər hansı ödəniş tələb etmək hüququ yoxdur. Bu yardım üçün müraciət edən Tərəfin rəsmilərinin və ya vətəndaşlarının kobud səhvi səbəbindən avadanlığın zədələnməsi və ya itməsi halları istisna olmaqla, avadanlığın istifadəsi, zədələnməsi və ya itməsi zamanı yaranan xərclərə də aid edilir.

2. Beynəlxalq sənədlər və mexanizmlər çərçivəsində yardım xərclərinin tam və ya qismən ödənildiyi hallarda, bu maddənin 1-ci bəndi tətbiq edilmir.

3. Yardım üçün müraciət edən Tərəf öz istəyi və yardım göstərən Tərəfin mümkün vasitəçiliyi əsasında hüquqi və ya fiziki şəxslər tərəfindən həyata keçirilən xilasetmə əməliyyatları ilə bağlı xərcləri özü ödəyir.

4. Fövqəladə hallar şəraitində olan yardım üçün müraciət edən Tərəf yardım göstərən Tərəfin göndərdiyi xilasetmə dəstələrinin üzvlərinin və/və ya ekspertlərin mümkün olduğu qədər tibbi xidmətlə, həmçinin missiyaları müddətində logistik dəstəklə təmin edir. Yardım göstərən Tərəfin göndərdiyi yardım dəstəsinin üzvləri və/və ya ekspertlər üçün yardımın göstərilməsində iştiraklarının nəticəsi olaraq, ehtiyac duyulan təcili tibbi yardımı yardım üçün müraciət edən Tərəf öz hesabına təmin edir.

 

Maddə 12

Yardımdan imtina

 

1. Əgər Tərəflərdən birinin səlahiyyətli qurumları müəyyən sorğunun yerinə yetirilməsinin onun suverenlik hüquqlarına, milli təhlükəsizliyinə və ya digər əhəmiyyətli maraqlarına ziyan vurduğunu və ya təhlükə altına aldığını və ya daxili qanunvericiliyi pozduğunu hesab edirsə, onlar əməkdaşlıqdan və ya onun həyata keçirilməsi üçün şəraitin yaradılmasından tam və ya qismən imtina edə bilərlər.

2. Tərəflərin səlahiyyətli qurumları gecikmədən dərhal yazılı şəkildə səbəblər göstərilməklə, sorğunun yerinə yetirilməsindən tam və ya qismən imtina qərarı barəsində məlumatlandırılmalıdırlar.

 

Maddə 13

Məlumatın, materialların, texniki avadanlıqların

üçüncü ölkələrə təqdim edilməsi

 

Bu Sazişin həyata keçirilməsi zamanı əldə olunan informasiya, materiallar, məlumat və texniki avadanlıqların üçüncü tərəfə verilməsi onları təmin edən Tərəfin əvvəlcədən yazılı razılığı əsasında həyata keçirilir.

 

Maddə 14

Məsuliyyət

 

1. Tərəflərdən birinin rəsmi şəxsləri (səlahiyyətli qurumların nümayəndələri, yardım dəstəsinin üzvləri və/və ya ekspertlər) digər Tərəfin dövlətinin ərazisində fəaliyyət göstərdiyi zaman ev sahibi olan Tərəf özünün milli qanunvericiliyinə uyğun olaraq, fəaliyyətləri müddətində onların səbəb olduğu ziyanlara görə özü məsuliyyət daşıyır və bu rəsmilərin məsuliyyətinə gəldikdə, onlar yardım göstərən Tərəfin səlahiyyətli qurumlarının rəsmiləri ilə bərabər tutulur.

2. Bu maddənin 1-ci bəndində qeyd olunan ziyan kobud etinasızlıq və ya qəsdən qeyri-qanuni davranış səbəbindən yaranmışdırsa, ev sahibi olan Tərəf göndərən Tərəfdən zərərçəkmiş şəxslər və ya onların səlahiyyət verdikləri şəxslər üçün göndərilmiş məbləğin ödənilməsini istəyə bilər.

 

Maddə 15

Təzminatlar

 

Digər Tərəfin dövlətinin ərazisində fəaliyyət göstərən dəstə üzvlərinin ölməsi və ya zədə alması halında, təzminat xərclərini yardım üçün müraciət edən Tərəf öz milli qanunvericiliyinə uyğun olaraq özü ödəyir.

 

Maddə 16

Fəlakət və ya digər fövqəladə hallarla bağlı

yardım əməliyyatları zamanı rabitə

 

Bu Sazişin 3-cü maddəsinin 2-ci bəndində qeyd olunan səlahiyyətli qurumlar fəlakət və ya digər fövqəladə hallar zamanı yardım əməliyyatlarının yerinə yetirildiyi yerdə xilasetmə dəstələrinin və/və ya ekspertlərin ehtiyacları üçün etibarlı rabitə əlaqəsinin qurulması məqsədilə bütün lazımi tədbirləri görürlər.

 

Maddə 17

Fəlakət və ya digər fövqəladə hallar zamanı

yardım əməliyyatlarının dayandırılması

 

Xilasetmə dəstələri və/və ya ekspertlər yardım üçün müraciət edən Tərəfin səlahiyyətli qurumlarının yazılı sorğusu əsasında öz fəaliyyətlərini dərhal dayandırırlar.

 

Maddə 18

Mübahisəli məsələlərin həlli

 

Bu Sazişin həyata keçirilməsi zamanı yarana biləcək və səlahiyyətli qurumlar arasında danışıqlar yolu ilə həll edilə bilməyən hər hansı mübahisəli məsələ diplomatik kanallar vasitəsilə həll edilməlidir.

 

Maddə 19

Digər beynəlxaq müqavilələr

 

Bu Saziş Tərəflərin ölkələrinin qüvvədə olan hər hansı digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə təsir etmir.

 

Maddə 20

Yekun müddəalar

 

1. Bu Saziş onun qüvvəyə minməsi üçün müvafiq dövlətdaxili prosedurların tamamlanması barədə Tərəflərin sonuncu bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən etibarən qüvvəyə minir.

2. Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır. Tərəflərdən hər biri bu Sazişi ləğv etmək niyyəti barədə digər Tərəfə diplomatik kanallar vasitəsilə yazılı şəkildə bildiriş göndərməklə ləğv edə bilər. Hər hansı belə ləğvetmə bildirişinin alındığı tarixdən etibarən altı aylıq müddətin bitməsindən sonra qüvvəyə minir.

3. Bu Saziş Tərəflərin qarşılıqlı yazılı ifadə olunmuş razılığı ilə dəyişdirilə və ona əlavələr edilə bilər. Dəyişikliklər və əlavələr bu maddənin 1-ci bəndində nəzərdə tutulan prosedura uyğun olaraq qüvvəyə minir və onun ayrılmaz tərkib hissəsini təşkil edir.

2019-cu il 3 may tarixində Bakı şəhərində iki əsl nüsxədə, hər biri Azərbaycan, Monteneqro və ingilis dillərində imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsirdə hər hansı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətnə üstünlük verilir.

 
Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Elmi-texniki Jurnalı akademiya
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu