

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
19 aprel 2021, 12:50
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında” 2021-ci il yanvarın 13-də İslamabad şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 aprel 2021-ci il
Azərbaycan Respublikası Hökuməti və Pakistan İslam Respublikası Hökuməti arasında
fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması
və azaldılması sahəsində əməkdaşlıq haqqında
SAZİŞ
Bundan sonra ayrı-ayrılıqda “Tərəf” və birlikdə “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Pakistan İslam Respublikası Hökuməti,
öz dövlətlərinin və Birləşmiş Millətlər Təşkilatının fövqəladə halların qarşısının alınması və məhdudlaşdırılması sahəsindəki cəhdlərini dəstəkləməyi arzu edərək,
beynəlxalq hüquq prinsiplərinə və öz dövlətlərinin qanunvericiliyinə uyğun olaraq,
fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq tədbirlərinin hər iki dövlətin inkişafına və təhlükəsizliyinə töhfə verə biləcəyini düşünərək,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Əməkdaşlığın əhatə dairəsi
1. Bu Sazişin məqsədi fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və azaldılması məqsədilə əməkdaşlıq etmək və qarşılıqlı yardımın təmin olunmasını asanlaşdırmaq üçün zəruri hüquqi çərçivə yaratmaqdır. Bu Saziş bu Sazişin Tərəflərinin hər hansı üçüncü dövlətə qarşı istənilən hücum/müdafiə addımlarına dəstək üçün deyil.
2. Bu Saziş çərçivəsində, Tərəflərdən hər hansı birinin ərazisində baş vermiş/baş vermə təhlükəsi olan fövqəladə halların nəticələri zərər çəkmiş/zərər çəkmə təhlükəsi olan Tərəfin öz cəhdləri və vasitələri ilə tam olaraq azaldıla bilmədiyi hallarda Tərəflər sorğu əsasında bir-birinə qarşılıqlı yardım göstərəcəklər.
Maddə 2
Anlayışlar
Bu Sazişin məqsədləri üçün, aşağıda qeyd olunan anlayışlar bu mənaları ifadə edir:
(a) “Fövqəladə hal” |
- |
İnsanlar və ya heyvanların həyatına, habelə ətraf mühitə ziyan gətirə biləcək və ya ciddi iqtisadi itki, ekoloji zərərə yol açma riski olan, qismən və ya tamamilə idarə oluna bilinməyən fövqəladə hallar baş verdiyi zaman, nəticələrin aradan qaldırılmasına zərər görmüş tərəfin gücünün yetərli olmadığı hallar; |
(b) “Sorğu göndərən Tərəf” |
- |
yardım üçün müraciət edən Tərəf; |
(c) “Sorğu alan Tərəf” |
- |
yardım üçün sorğunun ünvanlandığı Tərəf; |
(d) “Yardım dəstəsi” |
- |
müvafiq sahədə təlim almış və müvafiq avadanlıq ilə, həmçinin axtarış və xilasetmə itləri ilə təchiz olunmuş, Sorğu alan Tərəfin yardım təmin etmək üçün təyin etdiyi mütəxəssislər qrupu; |
(e) “Avadanlıq” |
- |
Sorğu göndərən Tərəfin istifadəsinə verilən və ya yardım dəstəsinin avadanlıqlarının tərkibində mövcud olan materiallar, texniki vasitələr və xüsusi nəqliyyat vasitələri, həmçinin yardım dəstəsinin üzvlərinin şəxsi tələbatlarını ödəmək üçün zəruri olan əşyalar; |
(f) “Yardım” |
- |
Sorğu göndərən Tərəfə təmənnasız olaraq verilən, fövqəladə halların təsirlərinin məhdudlaşdırılması və azaldılması üçün istifadə olunan vacib maddi əşyalar; |
(g)“Yardımın təmin edilməsi” |
- |
fövqəladə halların qarşısının alınması, məhdudlaşdırılması və azaldılması məqsədilə Sorğu göndərən Tərəfə yardım etmək üçün Sorğu alan Tərəfin fövqəladə hallara cavabvermə fəaliyyətlərini həyata keçirməsi və/və ya ixtisaslaşmış şəxsi heyət, avadanlıq və maddi əşyalar ilə təmin etməsi; |
(h) “Şəxsi məlumat” |
- |
təyin olunmuş və ya təyin olunacaq fiziki şəxs haqqında məlumat, müvafiq olaraq: adı, soyadı, təvəllüdü, ünvanı, işi haqqında məlumat, ixtisası, iş yeri və lazım olduğu halda, sağlamlıq vəziyyəti; |
(i) “Vəziyyətin parametrləri” |
- |
müəyyən bir zaman anında fövqəladə halın müvafiq xarakteristikasını/xüsusiyyətlərini təyin edən ölçülə bilən ədədi göstəricilər. |
(j)“Məsul qurum” – yardım üçün müraciətlərin araşdırılması və onlar haqqında qərarların qəbul edilməsi, habelə bu razılaşmanın icrası üçün həyata keçiriləcək tədbirlərin koordinasiyası üçün nəzərdə tutulmuş dövlət qurumudur
Maddə 3
Səlahiyyətli Orqanlar
1. Bu Sazişin müddəalarının həyata keçirilməsi məqsədilə, Tərəflər aşağıdakı orqanları təyin edirlər:
Azərbaycan Respublikası Hökuməti adından :
- Fövqəladə Hallar Nazirliyi
Pakistan İslam Respublikası Hökuməti adından :
- Fəlakətlərin İdarəolunması Milli Agentliyi (FİMA), Baş Nazirin ofisi
2. Bu Sazişin müddəalarının həyata keçirilməsi məqsədilə səlahiyyətli orqanlar birbaşa olaraq əməkdaşlıq edəcək və əlaqə saxlayacaqlar. Bu Sazişin qüvvəyə minməsi tarixindən sonra 60 (altmış) gün ərzində səlahiyyətli orqanlar bunun fasiləsizliyinə, həmçinin əlaqə ünvanlarında və şəxslərdə baş verən dəyişikliklər barədə məlumatların yenilənəcəyinə zəmanət verərək bir-birilərinə daimi əlaqə saxlamaq üçün təyin olunmuş orqanlar və şəxslər barədə məlumat verəcəklər.
Maddə 4
Birgə işçi qrupu
1. Bu Sazişin müddəalarının həyata keçirilməsi məqsədilə Tərəflər Birgə İşçi Qrupu yaradaraq (bundan sonra “Birgə İşçi Qrupu”) qrup üzvlərinin sayını, tərkibini, funksiyalarını və iş qaydalarını müəyyən edirlər.
2. Bu Saziş qüvvəyə mindikdən sonra, Birgə İşçi Qrupu əməkdaşlıq üzrə kompleks plan işləyib hazırlayır və təsdiq edir.
Maddə 5
Yardımın sorğu edilməsi və məlumat mübadiləsi
1. Fövqəladə hal təhlükəsinin olması və ya artıq baş verməsi halında Tərəflər bir-birinə yalnız Sorğu göndərən Tərəfin səlahiyyətli orqanının yazılı sorğusuna əsasən yardım göstərəcəkdir. Sorğu razılaşdırılmış əlaqə kanalları vasitəsilə Sorğu alan Tərəfin səlahiyyətli orqanına ötürüləcəkdir.
2. Yazılı sorğuda Sorğu göndərən Tərəf aşağıdakıları qeyd edir:
(a) Sorğu edilən tarixdə təhlükənin/fövqəladə halın yeri, tarixi və vaxtı, növü, həcmi və vəziyyətinin parametrləri;
(b) artıq görülmüş və artıq planlaşdırılmış tədbirlər;
(c) sorğu edilən yardımın xüsusiyyəti və onun prioritetləri;
(d) istənilən digər zəruri məsələlər.
3. Səlahiyyətli orqanlar yardımın göstərilməsi üçün standart sorğu/cavab anketinin istifadə edilməsinə dair razılığa gələ bilərlər.
4. Sorğu alan Tərəf gecikmədən yardımın göstərilməsi barədə qərar verir və mümkün olan ən qısa vaxt ərzində özünün təcili cavabvermə imkanları, həmçinin göstərilən yardımın növü, kəmiyyəti və şərtləri barədə Sorğu göndərən Tərəfə məlumat verir.
5. Bu Sazişin müddəalarının tətbiq edilməsi məqsədilə bu Maddənin 1-4-cü bəndlərində qeyd olunan məlumatlar istisna olmaqla başqa məlumatların mübadiləsi səlahiyyətli orqanlar və xüsusilə bu məqsəd üçün təyin edilmiş qurumlar vasitəsilə, həmçinin, Birgə İşçi Qrupunun fəaliyyətləri çərçivəsində həyata keçirilir.
6. Bu Maddənin 5-ci bənddə qeyd olunan məlumatların mübadiləsi ilə əlaqədar olan növ, kəmiyyət, tezlik, format, mövzu və digər təyinedici xüsusiyyətlər razılıq əsasında Birgə İşçi Qrupu tərəfindən hazırlanır.
Maddə 6
Yardımın göstərilməsi yolları
Bu Sazişə əsasən yardım avadanlığın, materialların, ixtisaslaşmış heyətin, yardımın və məlumatın Sorğu göndərən Tərəfin ixtiyarına verilməsi vasitəsilə, həmçinin insanların həyatını qorumaq, əhalinin sağlamlığını mühafizə etmək, maddi və mədəni sərvətlərə dəyən ziyanları və fövqəladə hal təhlükəsi/baş verməsi zamanı təkrar təsirləri məhdudlaşdırmaq üçün cavabvermə fəaliyyətlərinin, ekspertizaların, axtarış və xilasetmə əməliyyatlarının keçirilməsi vasitəsilə təmin oluna bilər.
Maddə 7
Digər əməkdaşlıq formaları
1. Bu Saziş çərçivəsində Tərəflərin əməkdaşlığı, yardımın göstərilməsinin əsas məqsədindən başqa, aşağıdakı əməkdaşlıq formalarını da əhatə edə bilər:
a) Hər iki Tərəfin ixtisaslaşmış institutları tərəfindən fövqəladə halların xəbərdar edilməsi, qarşısının alınması, qiymətləndirilməsi, məhdudlaşdırılması və azaldılması sahəsində birgə layihələrin irəli sürülməsi;
b) Tərəflərin Dövlətlərinin müvafiq institutları və səlahiyyətli orqanları arasında əməkdaşlıq vasitəsilə konfransların, təhsil səfərlərinin, elmi proqramların, tədris kurslarının, təcrübə mübadiləsinin, birgə məşqlərin və təlimlərin təşkil olunması;
c) Xüsusilə digər Tərəfin dövlətinin ərazisinə təsir göstərə biləcək hallarda, fövqəladə halları yarada biləcək risk mənbələri barəsində məlumat mübadiləsi. Qarşılıqlı məlumat bu Sazişin 5-cı Maddəsinin 6-cı Bəndinə əsasən yaradılmış çərçivələr daxilində təmin olunur;
d) Fövqəladə halların səbəbləri ilə bağlı elmi tədqiqatların nəticələri və araşdırmaların yekunları üzrə sənədlərin mübadiləsi, onların təsirlərinin qiymətləndirilməsi və zəruri mühafizə tədbirləri.
2. Mülki müdafiə, təbii və antropogen fəlakətlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində mütəxəssislərin hazırlanması, peşəkar inkişafı, təkmilləşdirilmiş və praktiki təlimləri ilə bağlı tədris prosesinin təşkili, maliyyələşdirilməsi, tədris edənlərin mübadiləsi və digər əlaqəli məsələlər bu Sazişdən irəli gələrək Tərəflər arasında imzalanacaq kontrakt əsasında həyata keçiriləcək.
3. Bu Sazişin məqsədləri üçün lazım gəldikdə Birgə İşçi Qrupu digər əməkdaşlıq formalarını da yarada bilər.
Maddə 8
Tranzit
1. Fövqəladə hala məruz qalmış üçüncü tərəfə yardım göstərilməsi halında, Tərəflərdən birinin üçüncü tərəfin istifadəsinə verdiyi heyətin, materialların, avadanlıq və yardımın tranzitini asanlaşdırmaq üçün hər bir Tərəf öz dövlətinin ərazisində gömrük prosedurlarını sadələşdirir və azaldır.
2. Tranzit haqqında Sorğu alan Tərəfin səlahiyyətli orqanı tərəfindən tranzit keçidin qəbul edilməsinin yazılı təsdiqlənməsindən sonra tranzit və tranzit rəsmiləşdirilmələri tətbiq edilir.
3. Səlahiyyətli orqanlar tranzitin zəruriliyi haqqında vaxtında bir-birini məlumatlandırır, onun icrasının qaydası və xüsusiyyəti barədə razılaşır və lazım gəldikdə tranzit zamanı müşayiət dəstəsi üçün müşayiət təmin edir.
Maddə 9
Yardım əməliyyatlarının əlaqələndirilməsi və həyata keçirilməsi
1. Sorğu göndərən Tərəfin dövlətinin ərazisində fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və azaldılması üçün həyata keçirilən əməliyyatlar Sorğu göndərən Tərəfin səlahiyyətli orqanları və şəxsləri tərəfindən əlaqələndirilir və həyata keçirilir.
2. Bu Maddənin 1-ci bəndinə əsasən əməliyyatlarla məşğul olduqları müddət ərzində, Sorğu alan Tərəfin cəlb etdiyi yardım dəstələri yalnız öz dəstə rəhbərləri tərəfindən verilən tapşırıqları qəbul edir və onlara əməl edirlər.
3. Sorğu göndərən Tərəfin səlahiyyətli orqanı tərəfindən təyin edilmiş şəxslər Sorğu alan Tərəfin yardım dəstəsinin rəhbərlərinə fövqəladə hal nəticəsində yaranmış vəziyyət və onun inkişafı, fəaliyyət planı, təyin edilmiş tapşırıqlar, iştirak edən digər dəstələrlə əməkdaşlığın üsulu və mövcud maddi-texniki avadanlıqlar barəsində məlumat verməli, həmçinin, sorğu əsasında tərcüməçilər, digər lazımi xidmətlər və vasitələr təmin etməlidir.
4. Tərəflər istifadələrinə verilən yardım dəstələrini onların ixtisaslarına, təlimlərinə və ləvazimatlarına uyğun olaraq istifadə etməlidirlər.
5. Sorğu alan Tərəf yardım dəstələrini Sorğu göndərən Tərəfin dövlətinin ərazisində 72 saat kifayət edəcək qədər ərzaqla təmin edir.
6. Sorğu göndərən Tərəf yerli orqanların dəstəyi ilə yardımın nəqli və zərərçəkmiş insanlara çatdırılması üçün gömrük və digər rəsmiləşdirmələrin sürətləndirilmiş şəkildə yerinə yetirilməsini təmin edir. Sorğu alan Tərəfin nümayəndələri yardımın paylanmasında iştirak edə bilərlər.
7. Yardım dəstələri aşağıdakı hallardan birində öz fəaliyyətlərini dayandırırlar:
a) missiya tamamlandıqda;
b) Tərəflərin səlahiyyətli orqanları əməliyyatların həyata keçirilməsinin artıq lazım olmadığı barədə razılaşdıqda;
c) Bu Sazişdən irəli gələn tələblər və öhdəliklər yerinə yetirilmədikdə.
Maddə 10
Dövlət sərhədinin keçilməsi
1. Bu Sazişin müddəalarına əsasən Sorğu göndərən Tərəfin istifadəsinə verilən yardım dəstələrinin üzvlərinin dövlət sərhəddini keçməsi, dəstənin başçısında olan fərdi və kollektiv hərəkət əmri ilə və müvafiq sərhədkeçmə sənədləri ilə dövlət sərhədindən buraxılış məntəqələrində həyata keçirilir. Hərəkət əmri Birgə İşçi Qrupu tərəfindən hazırlanan şərtlər də daxil olmaqla çap şəklində Sorğu alan Tərəfin səlahiyyətli orqanının sorğusu əsasında verilir.
2. Tərəflər etibarlı pasportlarının nüsxələrini mübadilə edirlər.
3. Tərəflərdən heç biri yardım dəstələrinin üzvlərinin Sorğu alan Tərəfin uniformalarını geyinmələrinə və nəqliyyat vasitələrinin üzərində fərqlənmə nişanlarının istifadəsinə məhdudiyyət qoymayacaqdır.
4. Yardım dəstələrinin üzvləri Sorğu göndərən Tərəfin dövlətinin qanunvericiliyinə tabe olmalı, bu Sazişin müddəalarına uyğun olmayan heç bir hərəkət etməməli və Sorğu göndərən Tərəfin dövlətinin ərazisində hər hansı bir siyasi fəaliyyət göstərməməlidir. Sorğu alan Tərəf bununla əlaqədar bütün zəruri tədbirləri öz öhdəsinə götürür.
5. Bu Maddənin 1-ci və 3-cü bəndləri istisna olmaqla bu maddənin müddəaları bu Sazişin 8-ci Maddəsinə uyğun olaraq nəzərdə tutulmuş tranzit halında tətbiq edilir.
Maddə 11
Avadanlığın və yardımın dövlət sərhədindən keçirilməsi
Bu Sazişin məqsədləri üçün Tərəflər aşağıdakılar barədə razılaşırlar:
1. Tərəflərin milli qanunvericiliyindən başqa hal nəzərdə tutulmadığı təqdirdə, bu Sazişin 2-ci Maddəsinin f bəndində müəyyən edilmiş qaydada yardım dəstələrinin təchizatları və ya yardımın tərkibini təşkil edən malların və materialların dövriyyəsinə heç bir qadağa və məhdudiyyət tətbiq edilmir.
2. Yardım üçün olan mallar və yardım dəstələrinin təchiz olunduğu avadanlıqlar gömrük ödənişlərindən yalnız aşağıdakı şərtlərlə, azaddır:
a) daha sonra ticarətin obyekti olmamalıdır və
b) üçüncü tərəf üçün ödənilən xidmətlər üçün istifadə olunmamalıdır.
3. Beynəlxalq nəqliyyat icazəsi tələb olunmur və yardım dəstəsi tərəfindən və ya yardımın nəqli üçün istifadə edilən nəqliyyat vasitələrinin məcburi sığortası istisna olmaqla nəqliyyat vasitələrinin istifadəsi ilə bağlı öhdəliklərdən azaddır.
4. Yardım dəstəsinin rəhbəri hərəkət əmrini, yardım dəstəsinin avadanlıqlarının siyahısını və/və ya əgər varsa, yardım kimi nəzərdə tutulmuş malların ayrıca siyahısını Sorğu göndərən Tərəfin gömrük orqanlarına təqdim etdikdə bu Maddənin 1-3-cü bəndlərində sıralanan avadanlıqlar gətirilə bilər. Adı çəkilmiş siyahılar hərəkət əmrinin ayrılmaz tərkib hissəsidir və onların nümunə nüsxələri Birgə İşçi Qrupu vasitəsilə hazırlanır və qarşılıqlı şəkildə məlumat verilir.
5. Yardım dəstəsinin təchiz olunduğu avadanlıqların siyahısı yardım üçün təmin olunan malların siyahısı aşağıdakı ünvanlara təqdim olunmaq üçün üç nüsxədə hazırlanır:
a) 1-ci nüsxə ölkəyə daxil olmaq üçün gömrük rəsmiləşdirmələri məqsədilə sərhəd gömrük məntəqəsinə təqdim olunur;
b) 2-ci nüsxə Sorğu göndərən Tərəfin yardım dəstəsinin missiyasını əlaqələndirən nümayəndəsinə təqdim olunur;
c) 3-cü nüsxə yardım dəstəsinin rəhbərində qalır.
6. 2-ci və 3-cü nüsxələrdə istifadə olunan və ya Sorğu göndərən Tərəfin ixtiyarına verilən mallar yazılır və 3-cü nüsxə istifadəni təsdiqləmək və sübut etmək üçün Sorğu göndərən Tərəfin nümayəndəsi tərəfindən imzalanır və möhürlənir.
7. Yardım dəstəsi və yardımı daşıyan nəqliyyat vasitələri Sorğu göndərən Tərəfin ərazisinə daxil olduqları eyni dövlət sərhədindən buraxılış məntəqəsindən dövlət ərazisini tərk edirlər. Əgər onlar digər dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə ərazini tərk edirlərsə, Sorğu göndərən Tərəf bu dövlət sərhədinin buraxılış məntəqəsi 15 gün ərzində avadanlıqların siyahısını birinci dövlət sərhədinin buraxılış məntəqəsinə vermək məsuliyyətini daşıyır.
8. Müstəsna hallarda, əgər dövlət sərhəddinin keçilməsi digər yerlər vasitəsilə həyata keçirilirsə, bu siyahılar gecikmədən səlahiyyətli gömrük və sərhəd orqanlarına təqdim olunmalıdır.
9. Yardım kimi təklif olunan malların son istifadə müddəti bitməməlidir.
10. Missiyanın tamamlanmasından sonra 30 gün ərzində şəraitdən asılı olaraq aşağıdakı prosedurlar tətbiq olunmalıdır:
a) Bu Sazişin 3-cü maddəsində qeyd olunan səlahiyyətli orqanın nümayəndəsi Tərəflərdən birinin ərazisində digər Tərəfin əməliyyat zamanı istifadə etdiyi, korladığı və ya dağıtdığı avadanlıqlar, həmçinin yardım siyahısında qeyd olunmuş malların azad hərəkəti üçün çıxış məqsədi ilə istifadə olunan dövlət sərhədindən buraxılış məntəqəsinə gömrük bəyannaməsi təqdim edəcəkdir;
b) Sorğu alan Tərəfə qaytarılmalı olan istifadə olunmamış mallar yuxarıda qeyd olunan avadanlığı əhatə etməyən siyahılar təqdim etməklə gömrük qeydiyyatından çıxarılacaqdır.
11. Avadanlığın bir hissəsi yardım kimi Sorğu göndərən Tərəfin dövlətinin ərazisində qalırsa, Sorğu alan Tərəfin gömrük orqanları sonradan bu barədə məlumatlandırılır. Bu xəbərdarlıqda avadanlığın bu hissələrinin kəmiyyəti, növü və istifadə olunduğu yer qeyd olunmalıdır. Bu Sazişin 3-cü maddəsinin 1-ci bəndində qeyd olunan səlahiyyətli orqanlar da eyni zamanda bu barədə məlumatlandırılırlar. Əgər onların qalacaqları yer təsdiq olunarsa, bu Maddənin 2-ci bəndində göstərilmiş gömrük ödənişlərindən azadolmalar avadanlıqların Sorğu göndərən Tərəfin dövlətinin ərazisində qalan hissələrinə də tətbiq edilir. Lakin bu Sazişin 2-ci Maddəsinin e) bəndində qeyd olunmuş avadanlıqlar gömrük orqanının razılığı olmadan Tərəfin dövlətinin ərazisində 24 aydan artıq qala bilməz. Bu müddət bitərsə, onlar bu avadanlıq üçün bu maddənin 10-cu bəndinin birinci və ikinci cümləsində qeyd olunan şərtlərə uyğun olaraq hərəkət edirlər.
12. Əgər yardımın bir hissəsi tərkibində narkotik və/və ya psixotrop maddələr olan əczaçılıq məhsullarından ibarətdirsə, bunlar ayrıca siyahıda qeyd olunmalıdır. Bu məhsullarla bağlı Tərəflərin Səlahiyyətli Orqanları Ümümdünya Səhiyyə Təşkilatının və BMT-nin təlimatlarına uyğun olaraq hərəkət edir və bu məhsullar barədə bir-birini birbaşa olaraq məlumatlandırırlar, həmçinin hər bir ayrıca hal üzrə BMT-nin Narkotiklərə Nəzarət üzrə Beynəlxalq Proqramını da xəbərdar edirlər.
13. Bu Maddənin 1-ci və 10-cu bəndlərinin müddəaları tərkibində narkotik və/və ya psixotrop maddələr olan əczaçılıq məhsulları olduğu hallara da müvafiq qaydada tətbiq edilir. Yardım dəstələrinə bu məhsulları yalnız təcili tibbi ehtiyaclar üçün zəruri olan miqdarda aparmalarına və onların Sorğu göndərən Tərəfin dövlətinin ərazisində qüvvədə olan xüsusi tibbi nizamlamalara uyğun olaraq ixtisaslaşmış tibbi heyət tərəfindən idarə olunmasına icazə verilir. Bu məhsulların idxal və ixrac edilməsi Tərəflərin narkotik və psixotrop maddələrlə bağlı olan beynəlxalq sazişlərlə üzərlərinə götürdükləri öhdəliklərə uyğun olaraq ticarət fəaliyyəti sayılmır.
14. Sorğu göndərən Tərəfin dövlətinin ərazisinə silah, döyüş sursatı, partlayıcı maddələr, təhlükəli materiallar, kimyəvi, bioloji, nüvə və radioaktiv maddələr gətirmək qadağandır.
15. Sorğu göndərən Tərəfin səlahiyyətli orqanına bu maddədə qeyd olunmuş malların, avadanlıqların və maddələrin istifadəsinə və saxlanılmasına nəzarətə icazə verilir.
16. Bu Maddənin 1 – 4-cü və 11 – 12-ci bəndlərində qeyd olunmuş müddəalar tranzit nəql etmə hallarına da şamil olunur.
17. Sorğu göndərən Tərəf missiyanın sonunda avadanlığın kimyəvi, radioloji və bioloji zərərsizləşdirilməsini təmin etməyi öhdəsinə götürür. Bu əməliyyatlar yerinə yetirilə bilmədikdə, Sorğu göndərən Tərəfin dövlətinin ərazisində qalan avadanlıq zərərsizləşdirilir və missiyanın tamamlanması tarixindən sonra 45 gün ərzində geri qaytarılır.
Maddə 12
Hava gəmilərindən istifadə
1. Hava gəmiləri Sorğu göndərən Tərəfin istifadəsinə verilmiş yardım dəstələrinin, avadanlığın və yardımın nəqli, həmçinin fövqəladə halların qarşısının alınması, məhdudlaşdırılması və azaldılması üçün müdaxilə əməliyyatlarının həyata keçirilməsi məqsədilə istifadə oluna bilər.
2. Yardım göstərilməsi üçün hava gəmilərindən istifadə edildiyi təqdirdə, bu Sazişin 5-cı maddəsində izah edilmiş prosedura uyğun olaraq ötürülən məlumat aşağıdakıları əhatə etməlidir: hava gəmisinin növü, qeydiyyatda olduğu ölkə, dövlət nişanları, ekipaj üzvlərinin sayı, daşımanın növü, yükün tipi, uçuş cədvəli, sərnişinlərin və ekipaj üzvlərinin adlarının siyahısı, uçuş marşrutu, yerə enmə məntəqəsi, digər aidiyyəti məlumatlar.
3. Tərəflər bu Maddənin 1-ci bəndində qeyd olunan məqsədlər üçün istifadə olunan hava gəmilərinin təyin edilmiş uçuş korridoru çərçivəsində öz Dövlətlərinin hava məkanlarında uçmalarına, hətta beynəlxalq hava limanlarından istifadə etmədən Sorğu göndərən Tərəfin səlahiyyətli orqanı tərəfindən göstərilən məntəqələrdə yerə enmələrinə və havaya qalxmalarına icazə verildiyini təmin etmək üçün müvafiq tədbirlər görür. Əgər hava gəmiləri beynəlxalq hava limanlarından başqa məntəqələrdə yerə enərlərsə və ya havaya qalxarlarsa, bu Sazişin 3-cü Maddəsinin 1-ci bəndində qeyd edilmiş səlahiyyətli orqanlar bu yerlərə ən yaxın sərhəd və gömrük orqanını bu barədə gecikdirmədən məlumatlandırmalı, həmçinin bu Maddənin 2-ci bəndində göstərilmiş məlumatın ötürülməsi vasitəsi ilə hava gəmilərinin milli hava məkanı üzərindən uçmasına icazə verilməsi üçün səlahiyyətli aviasiya qurumunu xəbərdar etməlidirlər.
4. Tərəflər başqa şəkildə hərəkət etmək barədə razılaşmadığı təqdirdə, bu Sazişin məqsədləri üçün hava gəmilərinin uçuşları Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İKAO) qaydalarına və Tərəflərin dövlətlərinin ərazilərində tətbiq edilən qanunvericiliyə müvafiq olaraq həyata keçirilir.
Maddə 13
Təzminatlar
1. Tərəflərdən hər hansı biri bu Sazişin həyata keçirilməsi ilə bağlı missiyanın yerinə yetirilməsi zamanı yardım dəstəsinin üzvlərinin onun mülkiyyətinə zərər yetirməsi, həmçinin bu Sazişin həyata keçirilməsindən irəli gələn işlərin icra edilməsi zamanı yardım dəstəsinin üzvlərinin yaralanması və ya ölməsi halında digər Tərəfə heç bir tələb irəli sürməyəcəkdir.
2. Əgər yardım dəstəsinin üzvü Sazişin müddəalarının həyata keçirilməsi məqsədilə icra etdiyi işlər zamanı Sorğu göndərən Tərəfin ərazisində üçüncü şəxsə zərər yetirərsə, zərərin kompensasiyası Sorğu göndərən Tərəfin öhdəsinə düşür.
3. Ziyan bilərəkdən səhv davranış və ya kobud etinasızlıq səbəbindən meydana gələrsə və bu, Sorğu göndərən Tərəfin öz məhkəməsi tərəfindən təsdiq edilərsə, bu maddənin 1-ci və 2-ci bəndlərinin müddəaları tətbiq edilmir.
4. Bu maddənin 3-cü bəndində qeyd olunan halda, həmçinin əgər yardım dəstəsinin üzvünə qarşı olan iddia Sazişin həyata keçirilməsi məqsədilə yerinə yetirilən işlərin icra edilməsi zamanı yox başqa vaxt meydana çıxan fəaliyyətlərdən və səhlənkarlıqdan irəli gələrsə və dəymiş ziyan Sorğu göndərən Tərəfin məhkəməsi tərəfindən təsdiq olunarsa, kompensasiyanın ödənilməsi Sorğu alan Tərəfin öhdəsinə düşür.
5. Bu maddənin müddəaları Sorğu göndərən Tərəfin ərazisinə daxil olma vaxtından həmin ərazini tərk etmə vaxtına qədər yardım dəstəsinin üzvünün səbəb olduğu zərərlər üçün tətbiq edilir.
6. Tərəflərin səlahiyətli orqanları ziyanın meydana gəldiyi şəraitləri qiymətləndirmək və kompensasiyanın həll edilməsinə kömək etmək üçün əməkdaşlıq edirlər. Bu məqsədlə, onlar hər hansı mövcud məlumatı mübadilə edirlər.
Maddə 14
Əməkdaşlığın Maaliyyəşdirilməsi
1. Tərəflər başqa cür razılaşmadıqları təqdirdə, bu Sazişin müddəalarına əsasən yardım təmənnasız olaraq təmin edilir.
2. Sorğu alan Tərəf aeronaviqasiya və yerə enmə, işıqlandırma, qalma və bu Sazişin 9-cu maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş vaxt müddəti başa çatdıqdan sonra ərzaqla təmin edilmə ilə bağlı xərclərdən azaddır.
3. Bu məsələlərlə bağlı xərclərin ödənilməsi, əlavə sənədlər, ödəmə qaydaları və başqa təfsilatlara dair Birgə İşçi Qrupu tərəfindən qərar verilir.
4. Bu Sazişin 7-ci Maddəsində qeyd olunan əməkdaşlıq formalarının həyata keçirilməsi üçün lazım olan müvafiq xərcləri Birgə işçi qrupunun təklif etdiyi və Tərəflərin qəbul etdiyi büdcə çərçivəsində qarşılılıq prinsipi əsasında hər iki Tərəf ödəyir.
Maddə 15
Beynəlxalq və milli təşkilatlarla əməkdaşlıq
Tərəflər qarşılıqlı razılıq əsasında bu Sazişin həyata keçirilməsi üçün icra edilən fəaliyyətlərdə ixtisaslaşmış/aidiyyəti beynəlxalq və yerli təşkilatların iştirakını sorğu edə bilərlər.
Maddə 16
Şəxsi məlumatın qorunması
Bu Sazişin müddəalarının həyata keçirilməsi üçün şəxsi məlumatların ötürülməsi tələb edildiyi halda aşağıdakı müddəalar tətbiq olunacaqdır:
1. Hər bir Tərəf tələb əsasında bu Sazişin 2-ci maddəsinin “h” bəndində sıralanmış şəxsi məlumatları digər Tərəfə yalnız bu Sazişin 4-cü maddəsində nəzərdə tutulmuş şərtlər əsasında və tələbdə izah edilmiş məqsədlər üçün ötürür. Bu məlumatı qəbul edən Tərəf onu yalnız məlumatı verən Tərəfin razılığı ilə təyin edilmiş digər məqsədlər üçün istifadə edə bilər.
2. Şəxsi məlumatı qəbul edən Tərəf bu məlumatı yalnız özünün bu Sazişin müddəalarının həyata keçirilməsi üçün əməkdaşlıq etdiyi və şəxsi məlumatı saxlamaq və ötürmək hüququ olan orqanlarına ötürə bilər. Məlumat yalnız məlumatı verən Tərəfin əvvəlcədən razılığı ilə digər orqanlara ötürülə bilər. Qəbul edilən məlumat məxfidir.
3. Məlumatı verən Tərəf onların dəqiqliyi və düzgünlüyünə görə məsuliyyət daşıyır. Əgər dəqiq olmayan və səhv məlumatın ötürüldüyü aşkarlanarsa, məlumatı verən Tərəf təcili olaraq onların düzəldilməsi yolları və ya onların məhv edilməsinin vacibliyini qeyd edərək bu barədə qəbul edən Tərəfi məlumatlandırır. Məlumatı qəbul edən Tərəf təcili olaraq onları düzəltmək və ya şəraitdən asılı olaraq səhv məlumatı məhv etmək üzrə məsuliyyət daşıyır.
4. Tələb əsasında Tərəflər bu Saziş çərçivəsində və hüquqi əsasda məlumatlarını istifadə etdikləri şəxsləri bu barədə xəbərdar etməyi öhdəsinə götürürlər. Səlahiyyətli şəxslərin tələbi ilə, Tərəflər səhv məlumatı düzəldir, qeyri-qanuni olaraq saxlanılan məlumatı məhv edir və bu məqsədlər üçün görülən tədbirlər haqqında bir-birini məlumatlandırırlar.
5. Şəxsi məlumatı verən Tərəf qüvvədə olan qanunvericiliyə əsasən onların yayılmasını qadağan edə və məhdudlaşdıra bilər. Beynəlxalq qanunlara müvafiq olaraq məlumatı göndərən tərəfin şəxsi məlumatları yayma hüququ olduğu təqdirdə, şəxsi məlumata malik olan şəxsə bu maddənin 4-cü bəndinə əsaslanaraq imtina edilə bilər. Məlumatı verən Tərəf təyin edilmiş məhdudiyyətlər barədə məlumatı qəbul edən Tərəfi xəbərdar edir. Məlumatın istifadəçisi, qanunla nəzərdə tutulmuş hallardan başqa, əlaqədar şəxsi rədd etmənin səbəbi barədə məlumatlandırır.
6. Verilmiş məlumat məlumatı təqdim edən Tərəfin müəyyən etdiyi vaxtda və ya onlardan tələb edilən məqsəd üçün artıq lazım olmadıqda məhv edilə bilər. Məlumatı verən Tərəf müvafiq tarix və məhv edilmə səbəbi barədə məlumatlandırılır.
7. Tərəf şəxsi məlumatın göndərilməsi və qəbul edilməsi, məlumata qeyri-qanuni daxil olma əleyhinə effektiv mühafizə üçün vacib olan təşkilati və texniki tədbirlər, onların düzəldilməsi, məhv edilməsi və dəyişdirilməsi barədə qeydlər aparırlar.
8. Məlumatı qəbul edən Tərəf ötürülən şəxsi məlumat üçün hər bir vəziyyətdə özünün eyni kateqoriyalı məlumatına yanaşdığı kimi mühafizəni təmin etməlidir.
Maddə 17
Konfidensial məlumatın ötürülməsi və qorunması
Bu Sazişin məqsədləri üçün, konfidensial məlumat və ya statistika Tərəflərin əvvəlcədən yazılı razılığı olmadan nəşr edilə və ya üçüncü tərəfə ötürülə bilməz.
Maddə 18
Digər beynəlxalq sazişlərlə əlaqələr
Bu Sazişin müddəalarının heç biri Tərəflərin iştirakçısı olduğu digər beynəlxalq sazişlərdən irəli gələn hüquq və öhdəliklərə toxunmur.
Maddə 19
Mübahisələrin həlli
Bu Sazişin tətbiq olunması və ya təfsir ilə əlaqədar olan və ya bununla bağlı yaranan fikir ayrılıqları və ya mübahisələr Tərəflər arasında diplomatik yollarla danışıqlar vasitəsilə qarşılılıqlı razılaşma üsulu ilə həll olunacaqdır. Danışıqlar nəticəsiz olduğu təqdirdə Tərəflərin qarşılıqlı razılığı olduğu hal istisna olmaqla istənilən hər hansı üçüncü tərəfə, məhkəməyə, milli və ya beynəlxalq tribunala müraciət edilməyəcəkdir.
Maddə 20
Əlavə və dəyişikliklər
Tərəflər Qarşılıqlı razılıq əsasında bu Sazişə əlavə və dəyişikliklər edə bilərlər. Belə əlavə və dəyişikliklər bu Sazişin ayrılmaz tərkib hissəsi olan ayrı-ayrı protokollar formasında rəsmiləşdirilir və bu Sazişin 21-ci maddəsində nəzərdə tutulan qaydada qüvvəyə minir.
Maddə 21
Yekun müddəalar
1. Bu Saziş Tərəflərin Sazişin qüvvəyə minmə üçün tələb olunan müvafiq dövlətdaxili prosedurların tamamlandığını təsdiq edən Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alınması tarixindən sonra 30-cu (otuzuncu) gündə qüvvəyə minir.
2. Hazırki Saziş 3 (üç) il müddətinə bağlanılır, və Tərəflərin müqavilənin ləğv etmək niyyəti ən az 3 ay öncə diplomatik kanallar vasitəsi ilə yazılı bildiriş təqdim olunmadığı təqdirdə avtomatik şəkildə daha 3 (üç) il uzadılır.
3. Bu Sazişin ləğvi, bu Saziş üzrə əlaqədar həyata keçirilən artıq başlanmış, lakin onun qüvvədən düşməsi vaxtına qədər başa çatdırılmamış fəaliyyətlərə təsir etmir.
4. Tərəflərin başqa cür razılaşmadığı təqdirdə, Saziş ləğv olunduqda belə 16-cı və 17-ci bəndlərdə tərəflərin üzərinə götürdüyü öhdəliklər qüvvədə qalır.
BUNUN TƏSDİQİ OLARAQ, aşağıda imza atmış, müvafiq hökumətləri tərəfindən bunun üçün səlahiyyətləndirilmiş şəxslər bu Sazişi imzaladılar.
Bu Saziş İslamabad şəhərində, 2021-ci il “ ” yanvar tarixində hər biri Azərbaycan, urdu və ingilis dillərində olmaqla iki əsl nüsxədə imzalamışdır, bütün mətnlər bərabər autentikdir. Bu Sazişin təfsiri ilə bağlı fikir ayrılığı yarandığı təqdirdə ingilis dilindəki mətnə üstünlük veriləcəkdir.