

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında 2014-cü il oktyabrın 20-də Doha şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qətər Dövləti Hökumətini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
SAZİŞ
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti,
iki ölkə arasında mövcud dostluq əlaqələrinin gücləndirilməsi və inkişafını nəzərə alaraq,
qarşılıqlı maraq, hörmət, suverenlik və bərabərlik prinsiplərinə əsaslanaraq, təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində ikitərəfli əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə
aşağıdakılar barədə razılığa gəlirlər:
Maddə 1
Tərəflər öz qanunvericiliyinə müvafiq olaraq və Tərəflərin səlahiyyətləri çərçivəsində aşağıdakı sahələrdə əməkdaşlıq edəcəklər:
a) fövqəladə halların proqnozlaşdırılması, qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyətin təşkili;
b) məlumat, dövri mətbuat, metodiki, elmi və texniki ədəbiyyat, tədqiqat işlərinin nəticələrinin, video, foto və digər materialların mübadiləsi;
c) birgə ekspert iclaslarının, seminarların, konfransların, təlim kurslarının, məşqlərin, direktivlərin, tədqiqat planlarının, idman və digər fəaliyyətlərin planlaşdırılması, işlənib hazırlanması və həyata keçirilməsi;
d) Tərəflərin təhsil müəssisələrində mütəxəssislərin təliminin təşkili, müəllimlər, alimlər, mütəxəssislər arasında təcrübə mübadiləsi;
e) texniki, sosial və humanitar əməkdaşlıq üzrə birgə planların işlənib hazırlanması və həyata keçirilməsi;
f) təbii və texnogen xarakterli fövqəladə halların nəticələrinin aradan qaldırılmasında qarşılıqlı yardımın təşkili;
g) Tərəflərin fəaliyyətinə aid olan sahələrdə əməkdaşlığın inkişafı.
Maddə 2
Bu Sazişin tətbiqi üzrə tədbirlərin həyata keçirilməsi məqsədi ilə Tərəflər birgə işçi qrup yaradır (bundan sonra “birgə işçi qrup”) və qrup üzvlərinin sayını, tərkibini, funksiyalarını və iş qaydalarını müəyyən edir.
Bu Saziş qüvvəyə mindikdən sonra, birgə işçi qrup Tərəflər arasında əməkdaşlıq üzrə Kompleks Plan hazırlayır və onu müəyyən olunan qaydada təsdiq edir.
Maddə 3
Bu Sazişin həyata keçirilməsi üzrə səlahiyyətli orqanlar aşağıdakılardır:
- Azərbaycan Respublikası tərəfindən: Fövqəladə Hallar Nazirliyi
- Qətər Dövləti tərəfindən: Daxili Təhlükəsizlik Qüvvələri (Lekhwiya).
Bu səlahiyyətli orqanlar ilə bağlı hər hansı dəyişiklik baş verərsə, Tərəflər gecikmədən bu barədə bir-birini məlumatlandıracaqlar.
Maddə 4
Bu Sazişin 1-ci və 2-ci maddələrində nəzərdə tutulan şərtlərin həyata keçirilməsi hər bir vəziyyətə müvafiq olaraq ayrıca müəyyən edilir.
Maddə 5
Bu Saziş Tərəflərin hər hansı çoxtərəfli və ikitərəfli sazişlərdən irəli gələn hüquq və öhdəliklərinə toxunmur.
Maddə 6
Tərəflər bu Sazişin təfsiri və tətbiqi zamanı meydana çıxan hər hansı fikir ayrılıqlarını məsləhətləşmələr və danışıqlar yolu ilə həll edəcəklər.
Maddə 7
Qarşılıqlı razılıq əsasında Tərəflər bu Sazişə onun ayrılmaz tərkib hissəsi olan və onun 8-ci maddəsində nəzərdə tutulan qaydada qüvvəyə minən ayrıca protokollar şəklində əlavə və dəyişikliklər edə bilərlər.
Maddə 8
Bu Saziş Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri olan daxili prosedurların tamamlanması ilə bağlı sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alınması tarixindən etibarən qüvvəyə minir.
Bu Saziş beşillik müddətə bağlanılır və Tərəflərdən hər hansı biri onun qüvvədən düşməsinə ən azı 6 (altı) ay qalmış özünün Sazişi ləğv etmək niyyəti barədə digər Tərəfə diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərmədikdə, avtomatik olaraq növbəti beşillik müddətə uzadılır.
Bu Saziş Doha şəhərində 20 oktyabr 2014-cü il tarixində, Azərbaycan, ərəb və ingilis dillərində olmaqla imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir.
Bu Sazişin təfsiri ilə bağlı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətn əsas götürüləcəkdir.