

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasinin Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” 2014-cü il oktyabrın 16-da Düşənbə şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 dekabr 2014-cü il
№ 1126-IVQ
Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası
Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması
və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında
SAZİŞ
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti,
hər iki ölkə arasında ənənəvi dostluq münasibətlərinin möhkəmləndirilməsinə səy göstərərək,
Tərəflərin, dövlətləri arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın inkişafının əhalinin rifahının yaxşılaşdırılmasına və milli təhlükəsizliyinin təmin edilməsinə kömək göstərəcəyini qəbul edərək,
Tərəflərin dövlətləri üçün fövqəladə halların daşıdığı təhlükəni dərk edərək, mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində elmi-texniki məlumat mübadiləsinin Tərəflərin dövlətləri üçün faydasını nəzərə alaraq,
bu Sazişi bağladılar və aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Sazişin predmeti
Bu Saziş mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, bu sahələrdə mütəxəssislərin hazırlanması, təlimi, bilik və bacarıqlarının təkmilləşdirilməsi üzrə Tərəflərin qarşılıqlı fəaliyyətini müəyyən edir.
Maddə 2
Bu Sazişdə istifadə olunan terminlər
Bu Sazişdə istifadə olunan terminlər aşağıdakı mənaları ifadə edir:
- Sorğu göndərən Tərəf - yardım göstərilməsi (yardım dəstəsinin, avadanlıq və təminat materiallarının göndərilməsi və s.) barədə sorğu ilə digər Tərəfə müraciət edən Tərəf;
- Sorğu alan Tərəf - Sorğu göndərən Tərəfin yardım göstərilməsi barədə sorğusunu yerinə yetirən Tərəf;
- yardım dəstəsi - zəruri avadanlıq ilə təchiz olunmuş və yardım göstərilməsi üçün təyin edilmiş mütəxəssislər dəstəsi;
- fövqəladə hal - insan ölümünə, insanların sağlamlığına, ətraf mühitə, istehsalat və sosial infrastruktur obyektlərinə zərər vurulmasına, əhəmiyyətli dərəcədə maddi itkiyə və insanların həyat fəaliyyəti şəraitinin pozulmasına səbəb olmuş və ya səbəb ola bilən qəzalar, bədbəxt hadisələr, təbii və digər fəlakətlər nəticəsində müəyyən ərazidə yaranmış vəziyyət;
- fövqəladə halların qarşısının alınması - fövqəladə halların baş verməsi riskinin maksimum dərəcədə azaldılmasına, onların baş verməsi halında insanların həyat və sağlamlığının qorunmasına, ətraf mühitə dəyən zərərin və maddi itkilərin miqdarının azaldılmasına istiqamətlənmiş, öncədən həyata keçirilən tədbirlər toplusu;
- fövqəladə halların nəticələrinin aradan qaldırılması - fövqəladə hal baş verdiyi zaman həyata keçirilən və insanların həyatının xilas edilməsinə və sağlamlığının qorunmasına, zərərin və maddi itkilərin miqdarının azaldılmasına istiqamətlənmiş xilasetmə, qəza-bərpaetmə və digər təxirəsalınmaz işlər;
- fövqəladə hal zonası - fövqəladə halın baş verdiyi ərazi;
- avadanlıq - materiallar, texniki və nəqliyyat vasitələri, yardım dəstəsinin təchizatı və dəstə üzvlərinin şəxsi ləvazimatları;
- təminat materialları - fövqəladə hal nəticəsində zərər Çəkmiş əhali arasında paylanılacaq humanitar yardım üçün nəzərdə tutulmuş maddi vasitələr.
Maddə 3
Səlahiyyətli orqanlar
Bu Sazişin həyata keçirilməsi üçün Tərəflər səlahiyyətli orqanlar təyin edirlər:
Azərbaycan Respublikası tərəfindən - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi;
Tacikistan Respublikası tərəfindən - Tacikistan Respublikası Hökuməti yanında Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsi.
Tərəflər öz səlahiyyətli orqanlarının adlarında dəyişikliklər və onların funksiyalarının başqa orqanlara verilməsi barədə bir-birini diplomatik kanallar vasitəsilə dərhal məlumatlandırırlar.
Maddə 4
İşçi Qrupu
1. Bu Sazişin müddəalarının yerinə yetirilməsi üçün tədbirlərin həyata keçirilməsi məqsədi ilə Tərəflər mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq üzrə İşçi Qrupu yaradırlar (bundan sonra - İşçi Qrupu).
2. İşçi Qrupunun tərkibini, iş qaydasını və vəzifələrini Tərəflərin səlahiyyətli orqanları müəyyən edirlər.
Maddə 5
Əməkdaşlığın formaları
Bu Saziş çərçivəsində bütün fəaliyyət Tərəflərin dövlətlərinin qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir və hər bir Tərəfin zəruri vasitələrinin mövcudluğu ilə şərtləndirilir.
Bu Saziş çərçivəsində əməkdaşlıq aşağıdakı formalarda həyata keçirilə bilər:
fövqəladə halların monitorinqi, proqnozlaşdırılması, qarşısının alınması və risklərinin qiymətləndirilməsi sahəsində məlumat mübadiləsi;
əhalinin fövqəladə hallar zamanı fəaliyyətə hazırlığı sahəsində, o cümlədən ilkin tibbi yardımın göstərilməsi sahəsində təcrübə mübadiləsi;
fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə maraqlı dövlət orqanlarının qarşılıqlı fəaliyyətinin təşkili;
təhlükəli texnogen və ekoloji proseslərin, həmçinin təbiət hadisələrinin monitorinqinin təşkili və həyata keçirilməsi;
mümkün irimiqyaslı təbii və texnogen xarakterli fövqəladə hallarla bağlı ətraf mühit və əhali üçün riskin qiymətləndirilməsi;
elmi tədqiqat layihələrinin birgə planlaşdırılması, işlənib hazırlanması və həyata keçirilməsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində məlumatın, elmi-texniki ədəbiyyatın və tədqiqat işlərinin nəticələrinin, elmi-metodiki, video və fotomaterialların mübadiləsi, həmçinin bu sahədə birgə nəşrlərin və hesabatların hazırlanması;
birgə konfransların, seminarların, işçi iclaslarının, təlim və məşqlərin təşkili;
Tərəflərin dövlətlərinin təhsil müəssisələrində mütəxəssislərin hazırlanması, yenidənhazırlanması, ixtisaslarının artırılması və təcrübə keçmələri, ştajçıların, müəllimlərin, alimlərin və mütəxəssislərin mübadiləsi;
Tərəflərin dövlətlərinin təhsil müəssisələrində təhsilalma şərtləri Tərəflər arasında ayrıca sazişlərlə müəyyən olunur;
irimiqyaslı fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qarşılıqlı yardım göstərilməsi;
fövqəladə halların qarşısının alınması və aradan qaldırılması ilə bağlı Tərəflərin səlahiyyətli orqanları arasında razılaşdırıla biləcək digər əməkdaşlıq formaları.
Maddə 6
Tərəflərin nümayəndələrinin qəbul edilməsi şərtləri
Tərəflər başqa cür razılaşmadıqları təqdirdə, fövqəladə halların nəticələrinin aradan qaldırılması üçün yardım göstərilməsi ilə birbaşa əlaqəli olmadığı halda, İşçi Qrupunun işində iştirak zamanı göndərən Tərəf öz nümayəndələrinin yol, qalma və qida xərclərini öz üzərinə götürür, qəbul edən Tərəf isə birgə konfransların, seminarların, işçi iclaslarının, təlim və məşqlərin təşkil olunması, həmçinin qəbul edən dövlətin ərazisində göndərən Tərəfin nümayəndələrinin nəqliyyat xərclərini öz üzərinə götürür.
Maddə 7
Yardımın göstərilməsi
1. Tərəflər fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı yardımı diplomatik kanallar vasitəsilə göndərilən rəsmi yazılı sorğu əsasında göstərirlər. Təcili olduğu halda belə sorğu şifahi olaraq edilir və ən qısa müddətdə yazılı şəkildə təsdiq edilməlidir.
2. Sorğu fövqəladə halın xarakteri, həmçinin zəruri yardımın növü və həcmi barədə bütün məlumatı özündə əks etdirməlidir.
3. Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı yardım dəstəsinin, avadanlığın və təminat materiallarının göndərilməsi yolu ilə yardım göstərilir.
4. Sorğu alan Tərəf ən qısa müddətdə sorğunu nəzərdən keçirir və yardımın mümkünlüyü, forması, həcmi və şərtləri barədə, yardım dəstəsi üzvlərinin ixtisasları qeyd olunmaqla onların siyahısı, gətirilən avadanlıqlar və təminat materiallarını göstərməklə Sorğu göndərən Tərəfi məlumatlandırır. Həmçinin fövqəladə hal zonasına gəlmək üçün istifadə olunan nəqliyyat vasitələrinin növü və planlaşdırılan dövlət sərhəd keçid məntəqəsi də göstərilir.
Maddə 8
Yardım göstərilməsi şərtləri
1. Sorğu göndərən Tərəf Sorğu alan Tərəfin yardım dəstələrinin qalma xərclərini öz üzərinə götürür.
2. Yardım dəstələrinin avadanlıqları fövqəladə hal zonasında 72 saat müstəqil fəaliyyət göstərə bilmək üçün yetərli olmalıdır. Avadanlıq ehtiyatları qurtardığı halda, Sorğu göndərən Tərəf sözügedən dəstələri işlərini davam etdirmək üçün zəruri vasitələrlə təmin edir.
3. Sorğu göndərən Tərəf öz ərazisində qaldıqları müddət ərzində Sorğu alan Tərəfin dəstələrinə tibbi xidmət göstərilməsini təmin edir.
4. Sorğu göndərən Tərəf hər gün Sorğu alan Tərəfin yardım dəstələrinin rəhbərlərini fövqəladə hal zonasında və konkret iş sahələrində olan vəziyyət barəsində məlumatlandırır, lazım olduqda bu dəstələri tərcüməçilər və rabitə vasitələri ilə təmin edir, eləcə də təhlükəsizliyi təmin edir və onların fəaliyyətinin əlaqələndirilməsini həyata keçirir.
5. Sorğu göndərən Tərəf istənilən vaxt ona yardım göstərilməsi barədə sorğusunu ləğv edə bilər. Bu halda, Sorğu göndərən Tərəf yerinə yetirilmiş işlərin hesabatı əsasında Sorğu alan Tərəfin çəkdiyi xərcləri ödəyir. Sorğu göndərən Tərəf yardım göstərilməsi barədə sorğunu ləğv etdiyi vaxtdan etibarən 30 iş günü müddətində xərcləri ödəməlidir.
6. Sorğu alan Tərəf yardım dəstələri üzvlərinin sığortasını təmin edir. Sığortanın rəsmiləşdirilməsinə dair xərclər yardım göstərilməsi üzrə ümumi xərclərə daxildir.
Maddə 9
Yardım göstərilməsi işlərinin idarə edilməsi
1. Yardım dəstələrinə rəhbərliyi bu dəstələrin rəhbərləri vasitəsilə Sorğu göndərən Tərəfin səlahiyyətli orqanı həyata keçirir.
2. Sorğu göndərən Tərəfin qoyduğu tapşırıqların yerinə yetirilməsi üçün Sorğu alan Tərəfin yardım dəstələri öz rəhbərlərinin birbaşa rəhbərliyi altında qalırlar.
3. Sorğu göndərən Tərəfin müəyyən etdiyi fövqəladə hal zonasında işlərin yerinə yetirilməsi zamanı Sorğu alan Tərəfin yardım dəstələrinin üzvləri qeyd olunan zonaya daxil olan bütün ərazilərə girmək hüququna malikdirlər.
Maddə 10
Dövlət sərhədini keçmək şərtləri və
Sorğu göndərən Tərəfin ərazisində qalma qaydası
1. Yardım dəstələrinin üzvləri Sorğu göndərən Tərəfin dövlətinin ərazisində olduqları müddət ərzində Sorğu alan Tərəfin dövlətinin əmək qanunvericiliyi və bununla bağlı məsələlər sahəsində yurisdiksiyası altında qalırlar.
2. Yardım dəstələrinin tərkibinə daxil olan hərbi heyətə Sorğu alan Tərəfin dövlətinin əmək münasibətləri və sosial-iqtisadi zəmanət baxımından hərbi qulluqçunun statusunu tənzimləyən qanunvericiliyi şamil edilir.
3. Sorğu göndərən Tərəfin dövlətinin ərazisində fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı Sorğu alan Tərəfin yardım dəstələrinin üzvləri öz uniformalarını geyinmək hüququna malikdirlər.
4. Yardım dəstələrinin gəliş-gedişi, Sorğu göndərən Tərəfin ərazisi daxilində onların avadanlıq və təminat materiallarının daşınması avtomobil, dəmir yolu, su və ya hava nəqliyyatı vasitələri ilə həyata keçirilir.
5. Yardım göstərilməsi üçün qeyd olunan nəqliyyat növlərindən istifadə qaydası müvafiq dövlət orqanları ilə razılaşdırma əsasında səlahiyyətli orqanlar tərəfindən müəyyən edilir.
Maddə 11
Fövqəladə halların nəticələrinin aradan qaldırılması
zamanı yardım göstərilməsi üçün avadanlıqların və
təminat materiallarının gətirilməsi və aparılması
1. Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı yardım göstərilməsi üçün Sorğu alan Tərəfin Sorğu göndərən Tərəfin dövlətinin ərazisinə gətirdiyi avadanlıq və təminat materialları gömrük rüsumlarından, vergilərdən və ödənişlərdən azad edilir.
2. Avadanlıq və təminat materiallarının gömrük rəsmiləşdirilməsi səlahiyyətli orqanlar tərəfindən verilən və yardım dəstəsinin tərkibi, gətirilən və ya aparılan avadanlıq və təminat materiallarının siyahısı qeyd olunmuş bildiriş əsasında öncül qaydada həyata keçirilir.
3. Yardım dəstəsinin rəhbərində Sorğu alan Tərəfin səlahiyyətli orqanı tərəfindən verilmiş gətirilən avadanlıq və təminat materiallarının siyahısı olmalıdır.
4. Yardım dəstələrinə Sorğu göndərən Tərəfin ərazisinə tərəflərin razılaşdırdıqları avadanlıq və təminat materiallarından başqa hər hansı bir əşyanın gətirilməsi qadağan edilir.
5. Yardım göstərilməsi üzrə işlər başa çatdıqdan sonra Sorğu alan Tərəfin gətirdiyi avadanlıq Sorğu göndərən Tərəfin dövlətinin ərazisindən çıxarılmalıdır.
6. Hansısa xüsusi bir səbəbdən avadanlığın çıxarılması mümkün olmadıqda, o, razılaşdırılmış şərtlərlə, yardım şəklində təmənnasız olaraq, Sorğu göndərən Tərəfin səlahiyyətli orqanına verilə bilər. Bu zaman Sorğu göndərən Tərəfin səlahiyyətli orqanı və gömrük orqanları verilən avadanlığın növü, sayı və yerləşdiyi yer göstərilməklə əvvəlcədən məlumatlandırılmalıdır.
7. Zərərçəkənlərə təcili tibbi yardım göstərilməsi zərurəti olduğu halda, Sorğu göndərən Tərəfin dövlətinin ərazisinə tərkibində narkotik və psixotrop maddələr olan dərman preparatları zəruri miqdarda gətirilə bilər. Bu halda yardım dəstəsinin rəhbəri Sorğu göndərən və Sorğu alan Tərəflərin gömrük orqanlarına, nomenklaturu və miqdarı göstərilməklə, tərkibində narkotik və psixotrop maddələr olan dərman preparatlarının olması barədə Bəyannamə təqdim edir.
8. Qeyd olunan dərman preparatları Sorğu göndərən Tərəfə verilə bilməz və Sorğu göndərən Tərəfin dövlətinin qanunvericiliyinə uyğun olaraq xüsusi ixtisasa malik tibbi heyət tərəfindən istifadə olunmalıdır. Sorğu göndərən Tərəf qeyd olunan preparatların məqsədəmüvafiq şəkildə istifadəsini yoxlamaq hüququna malikdir.
9. Tərkibində narkotik və psixotrop maddələr olan istifadə olunmamış dərman preparatları Sorğu göndərən Tərəfin gömrük nəzarəti altında onların nomenklaturunu və sayını təsdiq edən sənədlər əsasında ölkədən çıxarılmalıdır.
Maddə 12
Hava və yerüstü nəqliyyat vasitəsindən istifadə
1. Sorğu alan Tərəfin səlahiyyətli orqanı Sorğu göndərən Tərəfin səlahiyyətli orqanını yardım göstərilməsi üçün hava və ya yerüstü nəqliyyat vasitəsindən istifadə etmək niyyəti barədə məlumatlandırır.
2. Sorğu alan Tərəfin hava və ya yerüstü nəqliyyat vasitəsindən istifadə etməsinə Sorğu göndərən Tərəfin razılığı olduğu halda, Sorğu alan Tərəf onların növü və fərqlənmə nişanları, marşrutu, ekipaj heyətinin sayı, yükün növü, hava gəmisinin qalxma və enmə, yerüstü nəqliyyat vasitəsinin isə gediş və gəliş yeri və vaxtı barədə Sorğu göndərən Tərəfin səlahiyyətli orqanını məlumatlandırır.
3. Sorğu göndərən Tərəf öz ərazisində müəyyən olunmuş məntəqəyə hava gəmilərinin uçmasına və yerüstü nəqliyyat vasitələrinin hərəkətinə icazə verir.
4. Hər bir Tərəfin hava və ya yerüstü nəqliyyatın hərəkəti ilə bağlı qanunvericiliyi xüsusilə Tərəflərin müvafiq cavabdeh orqanlarına məlumat verilməsi zamanı tətbiq edilir. Hava və ya yerüstü nəqliyyatın hərəkəti müəyyən olunmuş beynəlxalq qaydalara və Tərəflərin dövlətlərinin qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir.
Maddə 13
İşlərin başa çatdırılması
1. Yardım göstərilməsi üzrə işlərin başa çatması Tərəflərin razılığı ilə həyata keçirilir.
2. Yardım göstərilməsi üzrə işlər başa çatdıqda, Sorğu alan Tərəfin səlahiyyətli orqanı Sorğu göndərən Tərəfin səlahiyyətli orqanına görülmüş işlər barəsində yekun hesabatı göndərir.
Maddə 14
Zərərin ödənilməsi
1. Əgər yardım göstərilməsi üzrə işlərin yerinə yetirilməsi zamanı yardım dəstəsinin üzvü həlak olarsa və ya şikəst olarsa, bu halda Sorğu göndərən Tərəf bütün kompensasiya xərclərinin ödənişini öz üzərinə götürür.
2. Kompensasiya müavinət şəklində yardım dəstəsinin zərərçəkmiş üzvünə və ya onun birbaşa varisinə ödənilir. Kompensasiyanın miqdarı Sorğu alan Tərəfin dövlətinin qanunvericiliyinə uyğun olaraq müəyyən edilir.
3. Tərəflərin səlahiyyətli orqanları yerinə yetirilməsi zamanı bu maddədə qeyd olunan zərərin baş verdiyi işlər barəsində bütün zəruri məlumatı mübadilə edirlər.
4. Dəymiş zərər Sorğu alan Tərəfin yardım dəstəsinin üzvünün bilərəkdən və ya kobud etinasızlığı səbəbindən meydana gələrsə, zərərin ödənilməsi Sorğu alan Tərəfin öhdəsinə düşür.
5. Zərərin ödənilməsi şərtləri və qaydası Tərəflərin dövlətlərinin müvafiq orqanları və müəssisələri arasında müvafiq razılaşmalar vasitəsilə tənzimlənir.
Maddə 15
Əməkdaşlığın maliyyələşdirilməsi
1. Bu Saziş çərçivəsində əməkdaşlıq və yardım göstərilməsi Tərəflərin dövlətlərinin qəza-xilasetmə və qəza-bərpa tədbirləri üçün büdcələrində nəzərdə tutulmuş vəsaitlər çərçivəsində həyata keçirilir.
2. Tərəflər başqa cür razılaşmadıqları təqdirdə, Sorğu göndərən Tərəf Sorğu alan Tərəfə yardım göstərilməsi ilə bağlı xərcləri ödəyir.
3. Sorğu alan Tərəfin hava nəqliyyatı vasitəsi hava limanlarından havaya qalxmaq, enmək və dayanmaq, həmçinin aeronaviqasiya xidmətləri ilə bağlı xərclərdən azad edilir.
Maddə 16
Məlumatdan istifadə olunması
Tərəflərin dövlətlərinin qanunvericiliyinə müvafiq olaraq yayılmasına yol verilməyən məlumat istisna olmaqla, bu Saziş çərçivəsində həyata keçirilən fəaliyyət nəticəsində əldə olunan məlumat Tərəflərin razılığı ilə nəşr edilə bilər.
Maddə 17
Digər beynəlxalq müqavilələrə münasibət
Bu Saziş Tərəflərin dövlətlərinin iştirakçısı olduqları digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə toxunmur.
Maddə 18
Mübahisələrin həlli
Bu Sazişin müddəalarının təfsiri və ya tətbiqi ilə bağlı mübahisələr və fikir ayrılıqları Tərəflər arasında danışıqların və məsləhətləşmələrin aparılması yolu ilə həll olunur.
Maddə 19
Yekun müddəalar
1. Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
2. Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır və Tərəflərdən birinin bu Sazişi ləğv etmək niyyəti barədə digər Tərəfə diplomatik kanallar vasitəsilə yazılı bildiriş təqdim etdiyi tarixdən etibarən 6 (altı) ay müddətində qüvvədə qalır.
3. Tərəflərin qarşılıqlı razılığı əsasında bu Sazişə edilən əlavə və dəyişikliklər bu Sazişin ayrılmaz tərkib hissəsidir və bu maddənin 1-ci bəndində nəzərdə tutulan qaydada qüvvəyə minən ayrıca protokollarla rəsmiləşdirilir.
4. Tərəflər başqa şəkildə razılaşmadıqları təqdirdə, bu Sazişin ləğv edilməsi onunla əlaqədar həyata keçirilən artıq başlanmış, lakin onun qüvvədən düşməsi vaxtına qədər başa çatdırılmamış fəaliyyətə təsir etmir.
Düşənbə şəhərində 16 oktyabr 2014-cü il tarixində, iki əsl nüsxədə, hər biri Azərbaycan, tacik və rus dillərində olmaqla imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir. Bu Sazişin ayrı-ayrı müddəalarının təfsiri ilə bağlı fikir ayrılığı yarandığı təqdirdə, rus dilindəki mətndən istifadə ediləcəkdir.