Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” 2017-ci il avqustun 8-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 2017-ci il

№ 959-VQ

 

Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında

SAZİŞ

 

Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti,

təbii, texnogen və ekoloji xarakterli fövqəladə halların Tərəflərin dövlətləri üçün daşıdığı təhlükəni dərk edərək,

Xəzər dənizində fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Sazişin müddəalarına əsaslanaraq,

öz dövlətlərinin xalqları arasında ənənəvi dostluq münasibətlərinin möhkəmlənməsinə, dövlətlərarası münasibətlərin tam inkişafına və Tərəflər arasında hərtərəfli əməkdaşlığa səy göstərərək,

Tərəflərin dövlətləri arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlığın inkişafının hər iki dövlətin rifahının və təhlükəsizliyinin təmin edilməsinə kömək göstərəcəyini qəbul edərək,

Tərəflərdən birinin dövlətinin qüvvə və vasitələri hesabına aradan qaldırıla bilməyən fövqəladə halların baş verməsinin mümkünlüyünü və fövqəladə halların qarşısının alınması və aradan qaldırılması məqsədilə hər iki dövlətin əlaqələndirilmiş fəaliyyətinə olan tələbatı nəzərə alaraq,

fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üçün effektiv, praktik tədbirlərin işlənib hazırlanması və qəbul edilməsi üzrə dövlətlər arasında əməkdaşlığın gücləndirilməsinə olan təcili zərurətdən əmin olaraq,

fövqəladə halların qaşısının alınması və aradan qaldırılması sahəsində elmi-texniki məlumat mübadiləsinin Tərəflər üçün qarşılıqlı maraq kəsb etdiyini nəzərə alaraq,

hər iki ölkənin fövqəladə halların qarşısının alınması və aradan qaldırılması və ətraf mühitin monitorinqi üzrə razılaşdırılmış siyasət həyata keçirməsini tələb edən ekoloji sisteminin bir-birindən asılılığından çıxış edərək,

Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatların fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində səylərini dəstəkləyərək, aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

Sazişin predmeti

 

Bu Saziş mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində könüllü qarşılıqlı yardımın göstərilməsi üzrə mütəxəssislərin təlimləndirilməsi sahəsində Tərəflərin qarşılıqlı fəaliyyətini müəyyən edir.

 

Maddə 2

Anlayışlar

 

Bu Sazişin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə edilir:

“Fövqəladə hal” - insan ölümünə, onların sağlamlığı, ətraf mühit, istehsalat və sosial infrastruktur obyektləri üçün zərərə, əhəmiyyətli maddi itkilərə və əhalinin həyat şəraitlərinin pozulmasına səbəb olan və ya səbəb ola biləcək, qəzalar, bədbəxt hadisələr, təbii və texnogen xarakterli fəlakətlər nəticəsində müəyyən ərazidə yaranmış vəziyyət;

“Fövqəladə halların qarşısının alınması” - fövqəladə halların baş verməsi riskinin və onların insanların sağlamlığına və ətraf mühitə təsirinin mümkün qədər azaldılmasına istiqamətlənmiş qabaqlayıcı tədbirlər toplusu;

“qəza-xilasetmə işləri” - insanların həyatının xilas edilməsi və sağlamlığının qorunmasına, hüquqi və fiziki şəxslərin mülklərinin, fövqəladə hallar zonasında təbii ətraf mühitin mühafizəsinə, fövqəladə halların aradan qaldırılmasına və onlar üçün xarakterik olan təhlükəli faktorların təsirinin mümkün qədər ən aşağı səviyyəyə salınmasına yönəlmiş fəaliyyətlər;

“Fövqəladə halların aradan qaldırılması” - fövqəladə hal baş verdiyi zaman həyata keçirilən və insanların həyatının xilas edilməsinə və sağlamlığının qorunmasına, ətraf mühitin mühafizəsinə, dəymiş zərərin və maddi itkilərin miqyasının azaldılmasına, həmçinin fövqəladə hal zonasının lokallaşdırılmasına istiqamətləndirilmiş qəza-xilasetmə və digər təxirəsalınmaz işlər;

“Fövqəladə hal zonası” - fövqəladə halın baş verdiyi (elan edildiyi) rayon;

“Avadanlıq” - materiallar, texniki və nəqliyyat vasitələri, yardım dəstələrinin təchizatı və dəstə üzvlərinin şəxsi ləvazimatı, o cümlədən qəza-xilasetmə işləri həyata keçirildiyi müddətdə yardım dəstəsinin həyat təminatı üçün zəruri olan dərman vasitələri və tibbi təyinatlı avadanlıqlar;

“Təminat materialları” - fövqəladə hallar nəticəsində zərər çəkmiş insanlar arasında təmənnasız paylanmaq üçün nəzərdə tutulmuş maddi vasitələr;

“Sorğu göndərən Tərəf” - yardım dəstəsinin, avadanlıq və təminat materiallarının göndərilməsi barədə sorğu ilə digər Tərəfə müraciət edən Tərəf;

“Sorğu alan Tərəf” - yardım dəstəsinin, avadanlıq və təminat materiallarının göndərilməsi barədə Sorğu göndərən Tərəfin sorğusunu yerinə yetirən Tərəf;

“Səlahiyyəti orqan” - bu Sazişin həyata keçirilməsi ilə bağlı işləri əlaqələndirmək üçün hər bir Tərəfin təyin etdiyi orqan;

“Yardım dəstəsi” - Sorğu alan Tərəfin yardım göstərmək üçün göndərdiyi və zəruri avadanlıqlarla təchiz olunmuş mütəxəssislər dəstəsi.

 

Maddə 3

Səlahiyyətli orqanlar

 

Bu Sazişin həyata keçirilməsi üçün Tərəflər səlahiyyətli orqanlar təyin edirlər:

Azərbaycan tərəfindən - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi;

Türkmənistan tərəfindən - Türkmənistanın Müdafiə Nazirliyi.

Tərəflər öz səlahiyyətli orqanlarının adlarında dəyişikliklərin baş verməsi və ya onların funksiyalarının başqa orqanlara ötürülməsi barədə dərhal bir-birini diplomatik kanallar vasitəsi ilə xəbərdar edirlər.

 

Maddə 4

İşçi Qrup

 

Bu Sazişin müddəalarının yerinə yetirilməsi üçün tədbirlərin həyata keçirilməsi məqsədilə Tərəflər mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq üzrə İşçi Qrup yaradırlar (bundan sonra - İşçi Qrup).

İşçi Qrupun tərkibi, iş qaydası və vəzifələri Tərəflərin səlahiyyətli orqanları tərəfindən müəyyən ediləcəkdir.

 

Maddə 5

Əməkdaşlığın formaları

 

Bu Saziş çərçivəsində əməkdaşlıq aşağıdakıları nəzərdə tutur:

Təhlükəli texnogen və ekoloji proseslərin, həmçinin təbiət hadisələrinin monitorinqinin hazırlanması və həyata keçirilməsi;

fövqəladə halların proqnozlaşdırılması və nəticələrinin qiymətləndirilməsi; mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində mütəxəssislərin hazırlanması, yenidən hazırlanması, ixtisaslarının artırılması və təcrübə keçmələri;

əhalinin fövqəladə hallar zamanı fəaliyyətə, o cümlədən ilkin tibbi yardımın göstərilməsinə hazırlaşdırılmasının təşkili;

fövqəladə halların aradan qaldırılması üzrə maraqlı dövlət strukturlarının fəaliyyətinin əlaqələndirilməsi;

sənaye qəzaları, bədbəxt hadisələr və təbii fəlakətlər nəticəsində mümkün çirklənmələr ilə bağlı ətraf mühit və əhali üçün riskin qiymətləndirilməsi;

elmi tədqiqat layihələrinin birgə planlaşdırılması, işlənib hazırlanması və həyata keçirilməsi, elmi-texniki ədəbiyyat və tədqiqat işlərinin nəticələrinin mübadiləsi;

fövqəladə halların proqnozlaşdırılması, qarşısının alınması və qiymətləndirilməsi barədə məlumat mübadiləsi;

dövri nəşrlərin, metodiki və digər ədəbiyyatın, video və fotomaterialların, həmçinin texnologiyaların mübadiləsi;

birgə konfrans, seminar, işçi iclasları, təlim və məşqlərin təşkili; birgə nəşr və məruzələrin hazırlanması;

digər Tərəfin dövlətinin təlim müəssisələrində mütəxəssislərin hazırlanması, müəllimlərin, alimlərin və mütəxəssislərin mübadiləsi;

Tərəflərin dövlətlərinin səlahiyyətli orqanları arasında qarşılıqlı fəaliyyətin təşkili;

fövqəladə halların aradan qaldırılması zamanı, həmçinin texnika, avadanlıq və təminat materialları ilə təchiz olunmaqda qarşılıqlı yardımın göstərilməsi;

fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üzrə tədbirlərin planlaşdırılması və həyata keçirilməsi;

fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində Tərəflərin dövlətlərinin səlahiyyətli orqanlarının razılaşdıra biləcəkləri digər fəaliyyətlər.

 

Maddə 6

Dövlət orqanları və təşkilatlar arasında əməkdaşlıq

 

Tərəflər öz dövlətlərinin mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində fəaliyyət göstərən dövlət orqanları və digər təşkilatları arasında əməkdaşlığa yardım edirlər.

 

Maddə 7

Tərəflərin nümayəndələrinin qəbul edilməsi şərtləri

 

Fövqəladə halların aradan qaldırılması üçün yardımın göstərilməsi ilə birbaşa əlaqəli olmadığı halda, bu Sazişdə nəzərdə tutulmuş fəaliyyətlərdə nümayəndələrinin iştirakı zamanı Tərəflər öz nümayəndələrinin gəliş-gediş və qalma xərclərini özləri ödəyirlər.

 

Maddə 8

Yardımın göstərilməsi

 

Fövqəladə halların aradan qaldırılması üzrə yardım sorğusunu göndərən orqanlar Tərəflərin dövlətlərinin səlahiyyətli orqanlarıdır.

Yardım fövqəladə halın vaxtı, yeri, xarakteri, miqyası və zəruri yardımın növü və həcmi göstərilən Sorğu göndərən Tərəfin yazılı sorğusu əsasında təmin edilir.

Yardım edən Tərəf ən qısa müddətdə Sorğu göndərən Tərəfin müraciətini nəzərdən keçirir və onu yardımın mümkünlüyü, həcmi və şərtləri barədə məlumatlandırır.

Yardım dəstələrinə rəhbərliyi bu dəstələrin rəhbərləri vasitəsilə Sorğu göndərən Tərəfin səlahiyyətli orqanı həyata keçirir.

 

Maddə 9

Yardımın növləri

 

Fövqəladə halların aradan qaldırılmasında yardım dəstələrinin və təminat materiallarının göndərilməsi yolu ilə və ya digər sorğu edilən formada göstərilir.

Yardım dəstələri fövqəladə hal zonasında qəza-xilasetmə işlərini həyata keçirmək üçün istifadə edilir.

Sorğu göndərən Tərəf yardım dəstələrinin rəhbərlərini fövqəladə hal zonasında və müəyyən iş sahələrində olan vəziyyət barəsində məlumatlandırır, zəruri olduqda bu dəstələri tərcüməçilər və rabitə vasitələri ilə təmin edir, eləcə də onlar üçün mühafizəsini, təmənnasız tibbi xidmətlərini təmin edir və fəaliyyətlərinin əlaqətəndirilməsini həyata keçirir.

Yardım dəstələrinin avadanlıqları fövqəladə hal zonasında 72 saat ərzində müstəqil fəaliyyət göstərə bilmək üçün kifayət qədər olmalıdır. Tərəflər arasında başqa cür razılaşdırılmadığı təqdirdə, yardım resursları ehtiyatı bitdiyi halda, Sorğu göndərən Tərəf sözügedən dəstələri işlərini davam etmələri üçün zəruri vasitələrlə, qida və yaşayış yeri ilə təmin edir.

 

Maddə 10

Yardım dəstələrinin dövlət sərhədini keçmək şərtləri və

Sorğu göndərən Tərəfin dövlətinin ərazisində qalma qaydaları

 

Yardım dəstələrinin üzvləri Sorğu göndərən Tərəfin dövlət sərhədini müəyyən edilmiş buraxılış məntəqələrindən şəxsiyyətlərini müəyyən edən etibarlı sənədlərlə (milli pasport) və Sorğu alan Tərəfin səlahiyyətli orqanının təsdiq etdiyi adlı siyahı əsasında vizasız olaraq keçirlər.

Yardım dəstələrinin üzvləri Sorğu göndərən Tərəfin dövlətinin ərazisində olduğu müddət ərzində bu dövlətin milli qanunvericiliyinə riayət etməlidirlər.

Yardım dəstələrinin gəliş-gedişi, onların avadanlıqlarının və təminat materiallarının daşınması avtomobil, dəmir yolu, su və ya hava nəqliyyatı vasitələri ilə həyata keçirilir.

Qeyd olunan nəqliyyat növlərindən istifadə qaydası müvafiq nazirliklər və qurumlar ilə razılaşma əsasında Tərəflərin dövlətlərinin səlahiyyətli orqanları tərəfindən müəyyən edilir.

 

Maddə 11

Fövqəladə halların aradan qaldırılması zamanı yardımın göstərilməsi

üçün avadanlıqların və təminat materiallarının gətirilməsi və aparılması

 

Fövqəladə halların aradan qaldırılması zamanı yardımın göstərilməsi üçün Sorğu göndərən Tərəfin dövlətinin ərazisinə gətirilən və Sorğu alan Tərəfin dövlətinin ərazisindən aparılan avadanlıqlar və təminat materialları gömrük rüsumları, vergilər və digər ödənişlərdən azad edilir.

Avadanlıqların və təminat materiallarının gömrük rəsmiləşdirilməsi Tərəflərin dövlətlərinin səlahiyyətli orqanlarının verdiyi və yardım dəstələrinin tərkibi, gətirilən və aparılan avadanlıqların və təminat materiallarının siyahısı qeyd olunan bildiriş əsasında prioritet qaydada sadələşdirilmiş şəkildə həyata keçirilir.

Yardım dəstələrinə avadanlıq və təminat materiallarından başqa hər hansı bir əşyanın gətirilməsi qadağan edilir.

Yardımın göstərilməsi üzrə işlər başa çatdıqdan sonra gətirilən avadanlıqlar Sorğu göndərən Tərəfin dövlətinin ərazisindən çıxarılmalıdır. Hansısa xüsusi bir səbəbdən avadanlıqların çıxarılması mümkün olmadığı təqdirdə, onlar razılaşdırılmış şərtlərlə yardım şəklində təmənnasız olaraq Sorğu göndərən Tərəfin səlahiyyətli orqanlarına verilə bilər. Bu halda Sorğu göndərən Tərəfin gömrük orqanına verilən avadanlığın növü, sayı və yerləşdiyi yeri göstərilməklə məlumat verilməlidir.

Zərərçəkənlərə təcili tibbi yardımın göstərilməsi zərurəti yarandığı halda, Sorğu göndərən Tərəfin dövlətinin ərazisinə zəruri miqdarda tərkibində narkotik maddələr olan dərman preparatları gətirilə bilər. Bu halda yardım dəstəsinin rəhbəri Sorğu göndərən və Sorğu alan Tərəflərin gömrük orqanlarına nomenklaturası və miqdarı göstərilməklə tərkibində narkotik maddələr olan dərman preparatlarının mövcudluğu barədə bəyannamə təqdim edir.

Qeyd olunan dərman preparatları Sorğu göndərən Tərəfə verilə bilməz və həmin Tərəfin nümayəndələrinin nəzarəti altında xüsusi ixtisaslaşmış tibbi heyət tərəfindən istifadə olunur.

Tərkibində narkotik maddələr olan istifadə olunmamış dərman preparatları Sorğu göndərən Tərəfin gömrük nəzarəti altında, nomenklaturası və miqdarını təsdiq edən sənədlər əsasında ölkədən çıxarılmalıdır. Tərkibində narkotik maddələr olan istifadə olunmuş dərman preparatları üçün onların istifadəsi barədə Sorğu göndərən Tərəfin gömrük orqanına yardım dəstəsinin rəhbəri və həkimi tərəfindən imzalanmış və Sorğu göndərən Tərəfin səlahiyyətli orqanının rəhbəri tərəfindən təsdiqlənmiş akt təqdim edilir.

 

Maddə 12

Hava və dəniz gəmilərindən istifadə edilməsi

 

Sorğu alan Tərəfin səlahiyyətli orqanı Sorğu göndərən Tərəfin səlahiyyətli orqanını yardımın göstərilməsi üçün hava və ya dəniz gəmisindən istifadə etmək qərarı barədə həmin gəminin növünü və fərqlənmə nişanlarını, marşrutunu, ekipaj üzvlərinin sayını, yükün növünü, qalxma və enmə yerini və vaxtını göstərməklə məlumatlandırır.

Sorğu göndərən Tərəf öz dövlətinin ərazisində müəyyən olunmuş məntəqəyə uçuşa icazə verir.

Uçuşlar Beynəlxalq Mülki Aviasiya Təşkilatının və Tərəflərin dövlətlərinin müəyyən etdiyi qaydalarına uyğun olaraq həyata keçirilir.

 

Maddə 13

Xərclərin ödənilməsi

 

Tərəflər başqa cür razılaşdırmadığı təqdirdə, Sorğu göndərən Tərəf yardımın göstərilməsi ilə bağlı xərcləri Sorğu alan Tərəfə ödəyir.

Sorğu göndərən Tərəf yardım barədə sorğusunu ləğv edə bilər, bu halda Sorğu alan Tərəf çəkdiyi xərclərin geri ödənilməsi hüququna malikdir.

Tərəflər başqa cür razılaşdırmadıği təqdirdə, xərclərin geri ödənilməsi Sorğu alan Tərəfin bu barədə tələbi daxil olduqdan dərhal sonra həyata keçirilir.

Sorğu alan Tərəf yardım dəstəsinin üzvlərini sığortalayır. Sığorta rəsmiləşdirilməsi üzrə xərclər yardımın göstərilməsi ilə bağlı ümumi xərclərə daxildir.

Sorğu alan Tərəf hava gəmilərinin uçuşu, enməsi, hava limanında (aerodromda) dayanması və oradan havaya qalxması, eləcə də aeronaviqasiya xidmətlərinə görə ödənişlərdən azaddır.

Hava gəmilərinin yanacağı və texniki xidməti ilə bağlı xərclərin Sorğu alan Tərəfə ödənilməsi məsələlərinə hər bir hal üçün ayrıca baxılacaqdır.

 

Maddə 14

Ziyanın ödənilməsi

 

Bu Sazişin həyata keçirilməsi ilə bağlı işlərin yerinə yetirilməsi zamanı Sorğu alan Tərəfin yardım dəstələrinin üzvləri həlak və ya şikəst olduğu, həmin Tərəfin avadanlıqlarına və ya digər əmlaklarına zərər dəydiyi və ya sıradan çıxdığı halda, Sorğu göndərən Tərəf Sorğu alan Tərəfə kompensasiya ödəyir. Kompensasiyanın miqdarı hər bir hal üçün ayrıca razılaşdırılır.

Əgər yardım dəstəsinin üzvü bu Sazişin həyata keçirilməsi ilə bağlı işlərin yerinə yetirilməsi zamanı Sorğu göndərən Tərəfin dövlətinin ərazisində fiziki və ya hüquqi şəxsə zərər vurarsa, Sorğu göndərən Tərəf öz dövlətinin qanunvericiliyinə müvafiq olaraq zərəri ödəyir.

Zərər yardım dəstəsinin üzvünün yalnış hərəkəti səbəbindən olarsa, zərərin ödənilməsi Sorğu alan Tərəfin öhdəsinə düşür.

 

Maddə 15

Məlumatın istifadə olunması

 

Tərəflərin səlahiyyətli orqanları arasında yazılı şəkildə başqa cür razılaşdırılmadığı təqdirdə, Tərəflərin dövlətlərinin milli qanunvericiliyinə müvafiq olaraq yayılmasına yol verilməyən məlumatlar istisna olmaqla, bu Saziş çərçivəsində həyata keçirilən fəaliyyətlər nəticəsində əldə olunan məlumat adi qaydada və hər bir Tərəfin göstərişi əsasında nəşr və istifadə oluna bilər.

 

Maddə 16

Digər öhdəliklər və beynəlxalq müqavilələr

 

Bu Saziş Tərəflərin dövlətlərinin iştirakçısı olduğu digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə toxunmur.

 

Maddə 17

Mübahisələrin həlli

 

Bu Sazişin müddəalarının təfsiri və ya tətbiqi ilə bağlı mübahisələr və fikir ayrılıqları Tərəflər arasında danışıqların və məsləhətləşmələrin aparılması yolu ilə həll olunur.

 

Maddə 18

Yekun müddəalar

 

Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə diplomatik kanallar vasitəsilə Tərəflərin sonuncu yazılı bildirişinin alındığı tarixdən qüvvəyə minir.

Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır və Tərəflərdən birinin Sazişi ləğv etmək niyyəti barədə digər Tərəfə diplomatik kanallar vasitəsilə yazılı bildiriş təqdim etdiyi vaxtdan etibarən 6 (altı) ay müddətində qüvvədə qalır.

Tərəflərin qarşılıqlı razılığı əsasında bu Sazişə əlavə və dəyişikliklər edilir, onlar bu Sazişin ayrılmaz tərkib hissəsi hesab edilir və bu maddədə nəzərdə tutulan qaydada qüvvəyə minən ayrıca protokollarla rəsmiləşdirilir.

Tərəflər başqa cür razılaşdırmadıqları təqdirdə, bu Sazişin ləğv edilməsi onunla əlaqədar həyata keçirilən artıq başlanmış, lakin onun qüvvədən düşməsi vaxtına qədər başa çatdırılmamış fəaliyyətlərə təsir etmir.

Bakı şəhərində 2017-ci il 8 avqust tarixində, hər biri Azərbaycan, türkmən və rus dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir. Bu Sazişin müddəalarının təfsiri ilə bağlı fikir ayrılığı yarandığı təqdirdə, rus dilindəki mətndən istifadə ediləcəkdir.

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Elmi-texniki Jurnalı akademiya
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu