

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


“Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” 2012-ci il sentyabrın 7-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 dekabr 2012-ci il
№ 512-IVQ
Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında
SAZİŞ
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti,
“Bir tərəfdən Avropa Birliyi və onun üzvü olan dövlətlər, digər tərəfdən Azərbaycan Respublikası arasında tərəfdaşlıq və əməkdaşlıq Saziş”ni nəzərə alaraq,
fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlığın hər iki dövlətin rifahına və təhlükəsizliyinə töhfə verəcəyini qəbul edərək,
fövqəladə halların hər iki dövlət üçün daşıdığı təhlükəni dərk edərək,
fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində elmi-texniki məlumat mübadiləsinin qarşılıqlı maraq doğurduğunu nəzərə alaraq,
Tərəflərdən birinin qüvvə və vasitələri ilə aradan qaldırılması mümkün olmayan fövqəladə halların baş verməsi ehtimalını və fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üçün hər iki dövlətin əlaqələndirilmiş fəaliyyətinin səmərəli olacağını nəzərə alaraq,
fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində BMT və digər beynəlxalq təşkilatların əhəmiyyətini nəzərə alaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Təriflər
Bu Sazişdə istifadə olunan terminlər aşağıdakı mənaları ifadə edir:
“səlahiyyətli orqan” - bu Sazişin həyata keçirilməsi ilə bağlı işlərə rəhbərlik etmək və onları əlaqələndirmək üçün Tərəflərdən hər birinin təyin etdiyi orqan;
“sorğu göndərən Tərəf” - digər Tərəfə yardım dəstələrinin, avadanlıq və təminat materiallarının göndərilməsi sorğusu ilə müraciət edən Tərəf;
“sorğu alan Tərəf” - digər Tərəfin yardım dəstələrinin, avadanlıq və təminat materiallarının göndərilməsi barədə sorğusunu yerinə yetirən Tərəf;
“yardım dəstəsi” - zəruri avadanlıqla təchiz olunmuş və yardım göstərilməsi üçün təyin olunmuş Sorğu alan Tərəfin mütəxəssislərindən (ekspertlərdən) ibarət dəstə;
“fövqəladə hal” - qəzalar, təhlükəli təbii hadisələr, fəlakətlər və digər bədbəxt hadisələr nəticəsində meydana gələn, insan itkisinə, insanların sağlamlığına və ya təbii ətraf mühitə zərərə, böyük maddi itkilərə, habelə insanların həyat fəaliyyəti şəraitinin pozulmasına səbəb olan və səbəb ola biləcək müəyyən ərazidə yaranmış vəziyyət;
“fövqəladə hal ərazisi” - fövqəladə halın baş verdiyi ərazi;
“fövqəladə halın qarşısının alınması” - vaxtında görülmüş və fövqəladə halın baş verməsi riskinin mümkün qədər azaldılmasına, habelə fövqəladə hal baş verən zaman insanların sağlamlığının qorunub saxlanılmasına, ətraf mühitə dəymiş ziyanın və maddi itkilərin miqdarının azaldılmasına yönəldilmiş kompleks tədbirlər;
“fövqəladə halın aradan qaldırılması” - fövqəladə halın baş verməsi zamanı görülən, insanların xilas edilməsinə və sağlamlıqlarının qorunub saxlanılmasına, ətraf mühitə dəymiş ziyanın və maddi itkilərin miqdarının azaldılmasına, həmçinin fövqəladə hal zonasının lokallaşdırılmasına və onun üçün xarakterik olan təhlükəli amillərin təsirinin dayandırılmasına yönəldilmiş qəza-xilasetmə və digər təxirəsalınmaz işlər;
“qəza-xilasetmə işləri” - fövqəladə hal ərazisində insanların, maddi və mənəvi sərvətlərin xilas edilməsi, təbii ətraf mühitin qorunması, fövqəladə halın lokallaşdırılması və onun üçün xarakterik olan təhlükəli amillərin təsirinin mümkün qədər minimuma endirilməsi ilə bağlı fəaliyyət;
“avadanlıq” - materiallar, texniki və nəqliyyat vasitələri, yardım dəstəsinin təchizatı və dəstə üzvlərinin şəxsi ləvazimatları;
“təminat materialları” - fövqəladə hal nəticəsində zərər çəkmiş əhali arasında paylanmaq üçün nəzərdə tutulan maddi vasitələr;
“üçüncü dövlətlər” - hökuməti bu sazişin iştirakçıları hesab olunmayan dövlətlər.
Maddə 2
Sazişin predmeti
Bu Saziş fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq və qarşılıqlı yardım göstərilməsi məsələlərini tənzimləyir.
Maddə 3
Səlahiyyətli orqanlar
Tərəflərin səlahiyyətli orqanları aşağıdakılardır:
Azərbaycan tərəfindən - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi;
Litva tərəfindən - Litva Respublikası Daxili İşlər Nazirliyi.
Tərəflərin səlahiyyətli orqanlarında və ya onların adlarında dəyişiklik olduğu təqdirdə, Tərəflər bir-birini diplomatik kanallar vasitəsilə yazılı şəkildə xəbərdar edirlər.
Maddə 4
Əməkdaşlığın formaları
Bu Saziş çərçivəsində əməkdaşlıq aşağıdakıları nəzərdə tutur:
- Tərəflərin səlahiyyətli orqanları arasında, o cümlədən üçüncü dövlətlərə fövqəladə halların aradan qaldırılması zamanı yardımın göstərilməsi ilə bağlı tədbirlərdə qarşılıqlı fəaliyyətin təmin edilməsi;
- fövqəladə halların proqnozlaşdırılması və onların nəticələrinin qiymətləndirilməsi;
- fövqəladə halların aradan qaldırılmasında aidiyyəti dövlət müəssisələri arasında qarşılıqlı əlaqənin təşkili, fövqəladə halların qarşısının alınması və aradan qaldırılmasına dair tədbirlərin planlaşdırılması və həyata keçirilməsi;
- əhalinin fövqəladə hallar zamanı fəaliyyətə hazırlığının təşkili, o cümlədən ilkin tibbi yardımın göstərilməsi üzrə təcrübə mübadiləsi;
- sənaye qəzaları, bədbəxt hadisələr və təbii fəlakətlər nəticəsində mümkün çirklənmələrlə əlaqədar olaraq əhali və ətraf mühit üçün riskin qiymətləndirilməsinin həyata keçirilməsi zamanı qarşılıqlı fəaliyyət;
- elmi-tədqiqat layihələrinin birgə planlaşdırılması, işlənib hazırlanması və həyata keçirilməsi, elmi-texniki ədəbiyyat və tədqiqat işlərinin nəticələrinin mübadiləsi;
- fövqəladə halların qarşısının alınması və aradan qaldırılması ilə bağlı məsələlər üzrə məlumat, dövri nəşrlər, metodiki və digər ədəbiyyatlar, video və foto materialların mübadiləsi.
- birgə konfransların, seminarların, işçi iclasların, təlimlərin, məşqlərin və ixtisaslaşmış sərgilərinin təşkil olunması.
- birgə nəşrlərin və hesabatların hazırlanması.
- razılıq əsasında digər Tərəfin təhsil müəssisələrində mütəxəssislərin hazırlanması və təcrübə keçənlərin, müəllimlərin, alimlərin və mütəxəssislərin mübadiləsi.
- Tərəflərin səlahiyyətli orqanlarının razılaşdırdıqları fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində digər fəaliyyətlər.
Maddə 5
Birgə Komissiya
Bu Sazişin yerinə yetirilməsi üçün tədbirlərin həyata keçirilməsi məqsədilə Tərəflərin səlahiyyətli orqanları fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq üzrə Birgə Komissiya yaradırlar. Birgə Komissiyanın tərkibi, funksiyaları və fəaliyyət qaydası Tərəflərin səlahiyyətli orqanlarının rəhbərləri tərəfindən təsdiq edilmiş Birgə Komissiya haqqında Əsasnamə ilə müəyyən olunur.
Maddə 6
Fövqəladə halların aradan qaldırılması zamanı yardımın göstərilməsi
1. Yardım Sorğu göndərən Tərəfin fövqəladə halın xarakteri, zəruri yardımın növü və həcmi haqqında məlumatın göstərildiyi yazılı sorğusu əsasında göstərilir.
2. Sorğu alan Tərəf ən qısa zamanda sorğunu nəzərdən keçirir və yardımın göstərilməsinin mümkünlüyü, həcmi və şərtləri barədə Sorğu göndərən Tərəfi məlumatlandırır.
3. Fövqəladə halların aradan qaldırılması zamanı yardım bu və ya digər tələb olunan formaya uyğun olaraq yardım dəstələrinin və təminat materiallarının göndərilməsi yolu ilə göstərilir.
4. Sorğu alan Tərəfin yardım dəstələrinə rəhbərlik bu dəstələrin rəhbərləri vasitəsilə Sorğu göndərən Tərəfin səlahiyyətli orqan tərəfindən həyata keçirilir.
5. Yardım dəstəsi fövqəladə hal ərazisində qəza-xilasetmə və ya digər təxirəsalınmaz işlərin həyata keçirilməsi üçün göndərilir.
6. Sorğu göndərən Tərəf yardım dəstəsinin rəhbərini vəziyyət barədə məlumatlandırır və zərurət olduğu halda, bu dəstələri tərcüməçilər, rabitə vasitələri ilə təmin edir, həmçinin onlara mühafizə, təmənnasız tibbi xidmət təşkil edir və bu dəstələrin fəaliyyətlərinin əlaqələndirilməsini həyata keçirir.
7. Yardım dəstələrinin üzvlərinin həyat və sağlamlıqlarının sığortalanmasını Sorğu alan Tərəf həyata keçirir.
8. Yardım dəstələrinin təchizatı 72 saat ərzində müstəqil fəaliyyət göstərmək üçün kifayət qədər olmalıdır. Ehtiyatların bitməsi halında Sorğu göndərən Tərəf yardım dəstəsini işlərini davam etdirmələri üçün öz hesabına lazımi avadanlıqla təmin edir.
Maddə 7
Yardım dəstəsinin üzvlərinin dövlət sərhədini keçmələri və Sorğu göndərən Tərəfin dövlətinin ərazisində qalma şərtləri
1. Yardım dəstəsinin üzvlərinə vizalar təcili qaydada, Tərəflərin dövlətlərinin ərazisində qüvvədə olan qanunvericiliyə uyğun olaraq, habelə dövlət sərhəd keçid məntəqələrində şəxsiyyəti təsdiq edən etibarlı keçid sənədlərinin, yardım dəstəsinin üzvlərinin siyahısının, avadanlıq və təchizat materiallarının siyahısının, yardım dəstəsinin hər bir üzvü üçün müvafiq etibarlı tibbi sığortaların, Sorğu alan Tərəfin səlahiyyətli orqanı tərəfindən verilən və yardım dəstələrinin rəhbərlərinin səlahiyyətini təsdiq edən sənədin, həmçinin Sorğu göndərən Tərəfin yardım barədə yazılı sorğusunun və ya üçüncü tərəfə tranzit halında üçüncü tərəfin yardım barədə yazılı sorğusunun təqdim edilməsi ilə verilir. Tərəflərin dövlətlərinin ərazisində qüvvədə olan qanunvericiliyə uyğun olaraq, vizalar həmçinin sərhəd nəzarət məntəqələrində də verilə bilər.
2. Yardım dəstəsinin üzvləri Sorğu göndərən Tərəfin dövlət sərhədini beynəlxalq sərhəd keçid məntəqələrindən növbəsiz olaraq keçirlər. Hava gəmisinə sərhəd və gömrük yoxlanışı onun yerə endiyi məntəqədə həyata keçirilir.
3. Yardım dəstəsinin tərkibinə daxil olan kinoloji dəstələrin Sorğu göndərən Tərəfin sərhədindən keçməsi və onun dövlətinin ərazisində qalması Sorğu göndərən Tərəfin dövlətinin ərazisində qüvvədə olan karantin qaydalarına müvafiq olaraq həyata keçirilir.
4. Yardım dəstəsinin üzvləri Sorğu göndərən Tərəfin dövləti ərazisində qaldıqları müddət ərzində bu dövlətin ərazisində qüvvədə olan qanunvericiliyə riayət etməlidirlər. Bu zaman onlar Sorğu alan Tərəfin əmək qanunvericiliyi və ona dair məsələlər sahəsində yurisdiksiyasındadırlar.
5. Yardım dəstələrinin bir yerdən başqa yerə keçməsi, onların avadanlıqlarının və təminat materiallarının daşınması avtomobil, dəmir yolu, su və hava nəqliyyatı vasitəsilə həyata keçirilir.
6. Nəqliyyat vasitələri Sorğu alan Tərəfin dövlətinin ərazisində qüvvədə olan qanunvericiliyə müvafiq olaraq sığorta olunmalıdır.
7. Bu maddənin müddəaları həmçinin birgə təlimləri keçirilməsində, bir Tərəfin yardım dəstələrinin o biri Tərəfin dövlətinin ərazisinə gəlmə və bu ərazidə qalma hallarında da tətbiq edilir.
Maddə 8
Fövqəladə halların aradan qaldırılması zamanı yardım göstərilməsi üçün avadanlıqların və təminat materialların gətirilməsi və aparılması
1. Fövqəladə halların aradan qaldırılması zamanı yardım göstərilməsi üçün Sorğu göndərən Tərəfin dövlətinin ərazisinə gətirilən və Sorğu alan Tərəfin dövlət ərazisindən aparılan avadanlıqlar və təminat materialları Tərəflərin dövlətlərinin ərazisində qüvvədə olan qanunvericilik ilə müəyyən olunmuş qaydada ödənilən gömrük rüsumlarından və digər vergilərdən azad edilir.
2. Avadanlıqların və təminat materialların gömrük rəsmiləşdirilməsi sadələşdirilmiş formada və öncül qaydada, Tərəflərin səlahiyyətli orqanları tərəfindən verilmiş və yardım dəstələrinin tərkibi, gətirilən və ya aparılan avadanlıq və təminat materialları göstərilən siyahılar əsasında aparılır.
3. Yardım dəstələri yalnız avadanlıq və təminat materialları gətirmək hüququna malikdirlər.
4. Yardımın göstərilməsi üzrə işlərin başa çatmasından sonra gətirilən avadanlıqlar Sorğu göndərən Tərəfin dövlətinin ərazisindən çıxarılır.
5. Fövqəladə hala məruz qalanlara təcili tibbi yardımın göstərilməsi zərurəti olduğu təqdirdə, Sorğu göndərən Tərəfin dövlətinin ərazisinə yalnız yardım dəstəsinin ixtisaslı tibbi heyəti tərəfindən və Sorğu göndərən Tərəfin nümayəndələrinin nəzarəti ilə istifadə oluna biləcək lazımi miqdarda tərkibində narkotik və psixotrop maddələr olan dərman preparatları gətirilə bilər. Yardımın göstərilməsi zamanı istifadə olunmamış tərkibində narkotik və psixotrop maddələr olan dərman preparatları Sorğu alan Tərəfin dövlətinin ərazisinə geri qaytarılmalıdır.
6. Tərkibində narkotik və psixotrop maddələr olan dərman preparatlarının gətirilməsi və aparılması Tərəflərin dövlətlərinin ərazisində qüvvədə olan qanunvericilik ilə müəyyən olunmuş qaydada həyata keçirilir.
7. Bu Maddənin müddəaları birgə təlimlərin keçirilməsi üçün zəruri olan avadanlıqların gətirilməsi və aparılması hallarına da tətbiq edilir.
Maddə 9
Hava gəmilərindən istifadə olunması
1. Sorğu alan Tərəfin səlahiyyətli orqanı hava gəmilərinin qeydiyyatda olduğu ölkə, ekipajın və sərnişinlərin sayı, uçuşun marşrutu (uçuş və eniş vaxtı və yeri), hava daşıyıcısı, uçuşun sifarişçisi və yüklərin siyahısı (avadanlıq və təminat materiallarının sadalanması) haqqında məlumatları təqdim etməklə yardımın göstərilməsi üçün hava gəmilərindən istifadə etmək qərarı barədə Sorğu göndərən Tərəfin səlahiyyətli orqanını məlumatlandırır.
2. Sorğu göndərən Tərəf yardım dəstəsi, avadanlıq və təminat materialları daşıyaraq digər Tərəfin dövlətinin ərazisindən uçan hava gəmisinə beynəlxalq müqavilələrə və naviqasiya qaydalarına müvafiq olaraq hava koridorlarından istifadə hüququ verir.
3. Uçuşlar Beynəlxalq Mülki Aviasiya Təşkilatı və həmçinin Tərəflərin hər birinin dövlətinin ərazisində qüvvədə olan qanunvericilik ilə müəyyən olunmuş qaydalara müvafiq olaraq həyata keçirilir.
Maddə 10
Tranzit keçid
1. Hər bir Tərəf öz dövlətinin müvafiq orqanlarının razılığı əsasında digər Tərəfə üçüncü ölkəyə yardım göstərilməsi üçün hava tranziti təmin edir.
2. Həmçinin yardım dəstələrinin, avadanlıqların və təminat materiallarının yerüstü tranziti zamanı bu Sazişin 7 və 8 Maddələrinin müddəaları tətbiq edilir.
Maddə 11
Xərclərin ödənilməsi
1. Tərəflər başqa şəkildə razılaşdırmadıqları təqdirdə, Tərəflərin səlahiyyətli orqanlarının nümayəndələri tərəfindən imzalanan yardımın göstərilməsi xərcləri barədə ikitərəfli akta əsasən yardımın göstərilməsi xərclərini Sorğu göndərən Tərəf ödəyir.
2. Sorğu göndərən Tərəf istənilən vaxt özünün yardım barədə sorğusunu geri götürə bilər, amma bu halda Sorğu alan Tərəf çəkdiyi xərclərinin geri ödənilməsi hüququna malikdir.
3. Tərəflər başqa şəkildə razılaşdırmadıqları təqdirdə, xərclərin ödənilməsi Sorğu alan Tərəfin bu barədə tələbinin daxil olması tarixindən sonra 30 iş günü müddətində həyata keçirilir.
4. Sığorta rəsmiləşdirilməsi üzrə xərclər yardımın göstərilməsi üzrə ümumi xərclərə daxil deyildir və geri ödənilmir.
Maddə 12
Zərərin ödənilməsi
1. Hər bir Tərəf digər Tərəfdən zərərin ödənilməsi tələbindən aşağıdakı hallarda imtina edir:
a. Yardım dəstəsinin üzvünün bu Sazişin həyata keçirilməsi ilə bağlı tapşırıqları yerinə yetirməsi zamanı Sorğu göndərən Tərəfin dövlətinin ərazisində fiziki və ya hüquqi şəxsə, onun əmlakına və ya ətraf mühitə zərər yetirməsi halında;
b. Bu Sazişin həyata keçirilməsi ilə bağlı tapşırıqların yerinə yetirilməsi zamanı yardım dəstəsinin üzvünün şikəst olunması, sağlamlığına zərər yetirilməsi və ya onun həlak olması halında.
2. Yardım dəstəsinin üzvü bilərəkdən hər hansı zərər yetirərsə, bu zərəri Sorğu alan Tərəf özü ödəyir.
Maddə 13
Məlumatların istifadə olunması
Tərəflərin dövlətlərinin ərazisində qüvvədə olan qanunvericiliyə müvafiq olaraq məxfi hesab edilən məlumat istisna olmaqla, Tərəflərin səlahiyyətli orqanları tərəfindən yazılı şəkildə başqa cür razılaşdırılmadığı təqdirdə, bu Saziş çərçivəsində həyata keçirilən fəaliyyət nəticəsində əldə olunmuş məlumat Tərəflərin dövlətlərinin ərazisində qüvvədə olan qanunvericiliyə müvafiq qaydada çap oluna və istifadə edilə bilər.
Maddə 14
Mübahisələrin həlli
Tərəflər arasında bu Sazişin təfsiri və tətbiqi ilə bağlı meydana çıxan mübahisələr Tərəflərin səlahiyyətli orqanları arasında danışıqlar yolu ilə həll edilir.
Bu yolla tənzimlənə bilməyən mübahisələr Tərəflər arasında məsləhətləşmələr və danışıqlar vasitəsilə həll edilməlidir.
Maddə 15
Digər beynəlxalq müqavilələrə münasibət
Bu Saziş Tərəflərin dövlətlərinin iştirakçısı olduğu digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərə toxunmur.
Maddə 16
Sazişə əlavə və dəyişikliklərin edilməsi
Bu Sazişə Tərəflərin qarşılıqlı razılığı ilə Sazişin ayrılmaz tərkib hissəsi olan və 17-ci Maddəsində müəyyən olunan qaydada qüvvəyə minən ayrıca Protokollar formasında rəsmiləşdirilən əlavə və dəyişikliklər edilə bilər.
Maddə 17
Yekun müddəalar
Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin diplomatik kanallar vasitəsi ilə sonuncu yazılı bildirişinin alındığı tarixdən etibarən qüvvəyə minir.
Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır. Tərəflərin hər biri yazılı şəkildə bu Sazişi ləğv edə bilərlər. Bu Saziş Tərəflərdən birinin onun qüvvəsini ləğv etmək niyyəti barədə yazılı bildirişinin alınması tarixdən etibarən 6 (altı) ay sonra qüvvədən düşmüş hesab edilir.
Tərəflər başqa cür razılaşdırmadıqları təqdirdə, bu Sazişin qüvvədən düşməsi onunla əlaqədar olaraq həyata keçirilən və başlanmış, lakin onun qüvvədən düşməsindən əvvəl tamamlanmamış fəaliyyətlərə təsir etmir.
Bu Saziş Bakı şəhərində, 7 sentyabr 2012-ci il tarixində, iki əsl nüsxədə, hər biri Azərbaycan, Litva və rus dillərində olmaqla imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Sazişin müddəalarının təfsiri ilə bağlı fikir ayrılığı yarandığı təqdirdə rus dilindəki mətndən istifadə ediləcəkdir.