Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

“Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında aviasiya axtarışı və xilasetmə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında aviasiya axtarışı və xilasetmə sahəsində əməkdaşlıq haqqında” 2013-cü il avqustun 13-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 sentyabr 2013-cü il

№ 718-IVQ

 

 

Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında aviasiya axtarışı və xilasetmə sahəsində əməkdaşlıq haqqında

 

SAZİŞ

 

Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti,

Azərbaycan Respublikasının və Rusiya Federasiyasının 1944-cü il tarixli beynəlxalq mülki aviasiya haqqında Konvensiyanın iştirakçıları olduqlarını nəzərə alaraq,

Beynəlxalq Mülki Aviasiya Təşkilatının qonşu dövlətlərin axtarış-xilasetmə xidmətləri arasında əməkdaşlıqla bağlı standartlarını və məsləhət gördüyü təcrübəsini nəzərə alaraq,

fəlakətə məruz qalmış insanlar üçün təcili yardımın həyati əhəmiyyət daşıdığını dərk edərək,

aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

 

Hazırkı Sazişin məqsədləri üçün 1944-cü il tarixli beynəlxalq mülki aviasiya haqqında Konvensiyaya (bundan sonra “Konvensiya”) 12-ci əlavənin 1-ci fəslində göstərilən terminlər və anlayışlar, həmçinin Konvensiyaya 11-ci əlavənin 1-ci fəslində göstərilmiş mənanı daşıyan “uçuş məlumatı rayonu” termini tətbiq edilir.

 

Maddə 2

 

Axtarış və xilasetmə əməliyyatlarının təşkil edilməsi və həyata keçirilməsi hər bir Tərəfin dövlətinin qanunvericiliyinə və hazırkı Sazişə əsasən həyata keçirilir. Bu cür əməliyyatların təşkil edilməsi və həyata keçirilməsi üçün əsas kimi Konvensiyaya 12-ci əlavə və Beynəlxalq Dəniz Təşkilatı və Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq aviasiya, dəniz axtarışı və xilasetməsi üzrə təlimatları tətbiq edilir.

Hazırkı Saziş dənizdə axtarış və xilasetmə əməliyyatlarının təşkili və həyata keçirilməsi məsələlərini tənzimləmir.

 

Maddə 3

 

1. Tərəflər öz dövlətləri arasındakı dövlət sərhədlərini özlərinin axtarış və xilasetmə rayonlarının sərhədləri kimi hesab edirlər. Hazırkı Saziş Xəzər dənizinin akvatoriyasının sərhədlərə bölünməsi ilə bağlı Tərəflərin mövqeyinə toxunmur.

2. Hər bir Tərəf özünün axtarış və xilasetmə rayonunda 24 saat növbətçiliyi həyata keçirəcək aviasiya axtarışı və xilasetmə xidmətinin olmasını təmin edir.

3. Hazırkı Sazişin həyata keçirilməsi üzrə səlahiyyətli orqanlar aşağıdakılardır:

– Azərbaycan tərəfindən - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi:

– Rusiya tərəfindən - Rusiya Federasiyasının Nəqliyyat Nazirliyi və ya Rusiya Federasiyasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada bu Nazirlik tərəfindən həyata keçirilən funksiyaları yerinə yetirən şəxs və ya qurum.

Tərəflər hazırkı Sazişin həyata keçirilməsi üzrə cavabdeh olan səlahiyyətli orqanlar ilə bağlı baş vermiş dəyişikliklər barədə bir-birini diplomatik kanallar vasitəsilə məlumatlandırırlar.

 

Maddə 4

 

Tərəflərin dövlətlərinin ərazisində, həmçinin qonşu uçuş məlumatı rayonlarında axtarış və xilasetmə üzrə tədbirlər hər bir Tərəfin dövlətinin qanunvericiliyinə əsasən həyata keçirilir.

 

Maddə 5

 

1. Tərəflərdən birinin aviasiya axtarışı və xilasetmə xidməti öz axtarış və xilasetmə rayonunda aviasiya hadisəsi və ya qəzası barədə məlumat aldıqda, təcili olaraq axtarış və xilasetmə üzrə bütün lazımi tədbirləri görür.

2. Tərəflərdən birinin aviasiya axtarışı və xilasetmə xidməti digər Tərəfin axtarış və xilasetmə rayonunda aviasiya hadisəsi və ya qəzası barədə məlumat aldıqda, təcili olaraq digər Tərəfin aviasiya axtarışı və xilasetmə xidmətini bu cür hadisə və ya qəza barəsində məlumatlandırır.

3. Bu maddənin 1-ci bəndində qeyd olunmuş vəziyyətdə olan Tərəflərdən birinin aviasiya axtarışı və xilasetmə xidməti üçün digər Tərəfin aviasiya axtarışı və xilasetmə xidmətinin köməyinə zərurət yarandığı halda, həmin Tərəf bu yardımı istəyə bilər. Bu halda yardım istəyən Tərəf digər Tərəfin axtarış-xilasetmə heyətinin və avadanlığının onun dövlətinin ərazisinə gecikmədən buraxılması üçün bütün tədbirləri görür. Daha sonrakı tədbirlər hər iki Tərəfin aviasiya axtarışı və xilasetmə xidmətlərinin qarşılıqlı fəaliyyəti şəraitində həyata keçirilir.

4. Təhlükə altında olan şəxsə yardım həmin şəxsin vətəndaşlığından və ya hansı şəraitdə tapılmasından asılı olmayaraq göstərilir.

5. Hər bir Tərəf digər Tərəfi özünün axtarış və xilasetmə rayonunda həmin Tərəfin dövlətində qeydiyyatdan keçmiş hava gəmisinin iştirakı ilə baş vermiş hadisələr və görülmüş tədbirlər barəsində məlumatlandırmağı öz öhdəsinə götürür.

6. Hər bir Tərəf digər Tərəfin dövlətinin diplomatik nümayəndəlik və ya konsulluqları həmin Tərəfin sağ qalmış vətəndaşının xilas edilməsi və ya həlak olmuş vətəndaşının tapılması barəsində məlumatlandırır. Məlumat, mümkün olduğu qədər, soyad, ad, təvəllüd, ev ünvanı, şəxsiyyəti təsdiq edən sənədlərin rekvizitləri, həmçinin xilas edilmiş şəxsin sağlamlıq vəziyyəti və tapıldığı yer barəsində məlumat və ya həlak olmuş şəxslərin cəsədlərinin tapıldığı yer barəsində məlumatı özündə əks etdirməklə təcili olaraq ötürülür.

 

Maddə 6

 

1. Tərəflər öz dövlətlərinin səlahiyyətli orqanları arasında əməkdaşlığı möhkəmləndirirlər. Bu cür əməkdaşlıq ayrı-ayrılıqda axtarış və xilasetmə üzrə birgə təlimləri, beynəlxalq rabitə kanallarının müntəzəm olaraq yoxlanılmasını, axtarış və xilasetmə üzrə ekspertlərin qarşılıqlı səfərlərini, axtarış-xilasetmə məlumatlarını və təcrübə mübadiləsini ehtiva edir.

2. Tərəflərin dövlətlərinin səlahiyyətli orqanları öz aralarında hazırkı Sazişin həyata keçirilməsi məqsədi ilə əməkdaşlıq haqqında saziş işləyib hazırlayır və bağlayırlar.

3. Hazırkı Saziş çərçivəsində praktik əməkdaşlıq məsələlərinin baxılması və həlli üçün Tərəflərin dövlətlərinin səlahiyyətli orqanları növbə ilə öz dövlətlərinin ərazisində zərurət yarandıqca (lakin ildə bir dəfədən az olmamaq şərti ilə) görüşlər keçirirlər.

 

Maddə 7

 

1. Fəlakətə məruz qalmış və ya məruz qalan hava gəmisinə vaxtında yardım göstərilməsi üçün beynəlxalq fəlakət siqnalı, təcililik və xəbərdarlıq siqnallarından, axtarış-xilasetmə əməliyyatları zamanı tətbiq edilən siqnallardan istifadə edilir.

2. Axtarış-xilasetmə əməliyyatlarının həyata keçirilməsi məqsədi ilə təyin olunmuş hava gəmilərinə quraşdırılmalı olan texniki avadanlığın siyahısı hər bir Tərəfin dövlətinin qəbul edilmiş qaydalarına əsasən müəyyən olunur.

 

Maddə 8

 

Hər bir Tərəf hazırkı Saziş çərçivəsində özünün axtarış və xilasetmə rayonunda axtarış-xilasetmə əməliyyatlarının həyata keçirilməsi zamanı meydana çıxan xərcləri özü ödəyir.

 

Maddə 9

 

Hazırkı Saziş Tərəflərin dövlətlərinin iştirakçısı olduqları digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə toxunmur.

 

Maddə 10

 

Hazırkı Sazişin tətbiqi və ya təfsiri ilə bağlı Tərəflər arasında meydana çıxan hər hansı fikir ayrılığı Tərəflərin dövlətlərinin səlahiyyətli orqanları arasında danışıqlar yolu ilə həll olunur. Səlahiyyətli orqanlar razılığa gələ bilmədikdə, bu mübahisə diplomatik kanallar vasitəsilə həll edilir.

 

Maddə 11

 

Tərəflərin razılığı ilə hazırkı Sazişə onun ayrılmaz tərkib hissəsi olan və ayrıca protokollarla rəsmiləşdirilən dəyişikliklər edilə bilər.

 

Maddə 12

 

Hazırkı Saziş və ona edilən hər hansı düzəliş Beynəlxalq Mülki Aviasiya Təşkilatında qeydiyyatdan keçməlidir.

 

Maddə 13

 

1. Hazırkı Saziş qeyri-müəyyən müddətə bağlanılır və Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların tamamlanması barədə sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı gündən etibarən qüvvəyə minir.

2. Hər bir Tərəf istənilən vaxt digər Tərəfə hazırkı Sazişi ləğv etmək niyyəti barədə bildiriş göndərə bilər.

3. Hazırkı Saziş digər Tərəfin bu cür bildirişi aldığı tarixdən etibarən, Tərəflər bu müddətin bitməsinə qədər başqa şəkildə razılaşmadıqları təqdirdə, 12 ay sonra qüvvədən düşür.

Bakı şəhərində 13 avqust 2013-cü il tarixində, hər biri Azərbaycan və rus dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir.

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Elmi-texniki Jurnalı akademiya
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu