Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

“Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında axtarış və xilasetmə xidmətlərinin əlaqələndirilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında axtarış və xilasetmə xidmətlərinin əlaqələndirilməsi haqqında” 2012-ci il sentyabrın 11-də Qəbələ şəhərində imzalanmış Saziş təsdiq edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 11 dekabr 2012-ci il

№ 479-IVQ

 

 

 

 

Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında axtarış və xilasetmə xidmətlərinin əlaqələndirilməsi haqqında

 

SAZİŞ

 

Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti,

hava və dənizdə axtarış və xilasetmə sahəsində əməkdaşlığın əhəmiyyətini, təxirəsalınmaz və effektiv axtarış və xilasetmə xidmətlərinin təmin edilməsinə olan ehtiyacı dərk edərək,

Tərəflərin milli qanunvericilikləri və 1944-cü il tarixli Beynəlxalq Mülki Aviasiya Konvensiyasına 12 saylı Əlavə, 1979-cu il tarixli Dənizdə Axtarış və Xilasetmə üzrə Beynəlxalq Konvensiya və 1974-cü il tarixli Dənizdə Həyat Təhlükəsizliyi üzrə Beynəlxalq Konvensiyada əks olunmuş standartlar və təklif edilən fəaliyyətləri nəzərə alaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

Səlahiyyətli orqanlar

 

Tərəflərin səlahiyyətli orqanları aşağıdakılardır:

- Azərbaycan Respublikası adından - Fövqəladə Hallar Nazirliyi;

- Türkiyə Respublikası adından - Nəqliyyat, Dənizçilik və Havaçılıq Nazirliyi, Dəniz və Daxili Suların Nizamlanması Baş Direktorluğu, Baş Axtarış və Xilasetmə Koordinasiya Mərkəzi (BAXKM).

 

Maddə 2

Axtarış və Xilasetmə Regionu

 

1 . Bu Saziş çərçivəsində bəhs edilən Axtarış və Xilasetmə Regionları və məsul Xilasetmənin Əlaqələndirilməsi Mərkəzləri aşağıdakı paraqraflarda təsvir olunmuşdur.

2. Axtarış və xilasetmə fəaliyyətləri 1979-cu il 27 aprel tarixində Hamburq şəhərində imzalanmış Dənizdə Axtarış və Xilasetmə üzrə Beynəlxalq Konvensiya və digər müvafiq beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respublikasının və Türkiyə Respublikasının elan etdikləri Axtarış və Xilasetmə Regionlarında həyata keçirilir.

3. Xilasetmənin Əlaqələndirilməsi Mərkəzi müəyyən bir regionda axtarış və xilasetmə xidmətlərinin effektiv təşkili və axtarış və xilasetmə əməliyyatlarının keçirilməsinin əlaqələndirilməsi ilə məşğul olan dəstədir.

Türkiyə Respublikasında Xilasetmənin Əlaqələndirilməsi Mərkəzi Ankarada yerləşən Baş Axtarış və Xilasetmə Koordinasiya Mərkəzidir (BAXKM).

Azərbaycan Respublikasında Xilasetmənin Əlaqələndirilməsi Mərkəzi Fövqəladə Hallar Nazirliyidir.

4. Tərəflərin üçüncü tərəflərlə bağladıqları axtarış və xilasetmə xidmətlərinin koordinasiyası üzrə Sazişlərin müddəaları bu Sazişin müddəalarına təsir etmir.

 

Maddə 3

Tərəflərin öhdəlikləri

 

1. Tərəflərin məsul axtarış və xilasetmə dəstələri elan edilmiş Axtarış və Xilasetmə Regionlarında hava və ya dəniz qəzasının baş verməsi və ya baş verməsinin ehtimal olunması barədə müvafiq məlumat daxil olduğu təqdirdə, zərərçəkənlərin milliyyət və statusundan, hadisənin baş vermə yerindən asılı olmayaraq bütün münasib yardımın göstərilməsi üçün lazımi addımları atırlar.

2. Axtarış və xilasetmə üzrə əməliyyatlar Tərəflərin milli qanunvericiliyinə və qoşulduqları beynəlxalq müqavilələrə uyğun olaraq həyata keçirilir.

3. Bu Saziş qüvvəyə mindikdən sonra, Tərəflərin hər biri aşağıdakı məsələlərlə bağlı digər Tərəfə qanuni bildiriş edir:

a) özlərinin Xilasetmənin Əlaqələndirilməsi Mərkəzlərinin iş saatları və müddətləri;

b) mövcud rabitə avadanlıqları, o cümlədən birbaşa telefonlar, faks, teleks və peyk rabitəsi nömrələri, Aeronavtik Sabit Telekommunikasiya Şəbəkəsi ünvanları, əlaqələndirmə üçün istifadə edilən radio tezlikləri, internet və digər müvafiq rabitə imkanları;

c) əgər Xilasetmənin Əlaqələndirilməsi Mərkəzi növbə ilə 24 saat işləmirsə, iş saatlarından sonra əlaqə saxlanılacaq məsul şəxsin əlaqə məlumatları.

4. Müvafiq Xilasetmənin Əlaqələndirilməsi Mərkəzləri vasitəsilə Tərəflər:

a) çevik və mütəmadi qaydada potensial və cari fövqəladə hallar barəsində məlumatı paylaşırlar;

b) mümkün çərçivədə müvafiq Axtarış və Xilasetmə regionlarında axtarış və xilasetmə xidmətlərinin həyata keçirilməsi üçün əməkdaşlıq edirlər.

c) Digər Tərəfin axtarış və xilasetmə dəstələrinin öz Axtarış və Xilasetmə Regionlarına daxil olması və qeyd olunan regionda axtarış və xilasetmə əməliyyatı zamanı öz avadanlıqlarından digər axtarış və xilasetmə dəstəsinin istifadəsini asanlaşdırmaq üçün lazımi tədbirləri görürlər.

d) axtarış və xilasetmə bacarıqları haqqında məlumat əldə etmək üçün mövcud axtarış və xilasetmə mənbələrinin mövcudluğu haqqında məlumatı mübadilə edirlər.

e) axtarış və xilasetmə üzrə rabitə kanallarının effektiv çalışdığından əmin olmaq üçün ən azı ayda bir dəfə qarşılıqlı testlər keçirirlər.

f) iş saatlarında və rabitə xətlərində daimi və müvəqqəti dəyişikliklər olduğu təqdirdə digər Tərəfi dərhal məlumatlandırırlar.

g) Birgə axtarış və xilasetmə əməliyyatına cavabvermə qabiliyyətini sınaqdan keçirmək üçün ən azı ildə bir dəfə axtarış və xilasetmə təlimi keçirirlər. Hər iki Tərəfin silahlı qüvvələrinin axtarış və xilasetmə dəstələri bu axtarış və xilasetmə təlimlərinə dəvət olunurlar.

h) Əqli mülkiyyətə və müəllif hüquqlarına xələl gətirmədən, ümumi prosedurları və praktikaları mümkün qədər inkişaf etdirmək üçün mümkün dəyişikliklər və sənəd-formalarla axtarış və xilasetmə əməliyyatları və prosedurları üzrə təlimatları mübadilə edirlər.

i) COSPAS-SARSAT sistemi çərçivəsində və COSPAS-SARSAT Komitəsinin qərarlarına müvafiq olaraq (CSC-37/OPN/SR), Yerüstü Seqment Təminatçısı olaraq Ankaradakı Türkiyə Missiya Nəzarət Mərkəzi müvafiq xidmət regionlarında aşkar edilmiş hər hansı növ təhlükə xəbərdarlıq siqnalını paylaşmaqda Azərbaycan Respublikası ilə birbaşa olaraq əməkdaşlıq etməyə hazırdır. Azərbaycan Respublikası Türkiyə Missiya Nəzarət Mərkəzinin qəbul etdiyi təhlükə siqnallarını paylaşmaqda əməkdaşlığın qurulmasını qiymətləndirir və axtarış və xilasetmə üzrə əlaqələndirici şəxs ilə bölüşməyə hazırdır. Azərbaycan Respublikası bu sahədə əməkdaşlığın inkişaf etdirilməsini nəzərdən keçirir.

 

Maddə 4

Birgə axtarış və xilasetmə əməliyyatları zamanı əməl edilməli olan prosedurlar

 

Axtarış və xilasetmə fəaliyyətlərinin başlanması və onların həyata keçirilməsi

1. Gəminin və ya təyyarənin göyərtəsində təhlükədə olan və köməyə ehtiyacı olan zərərçəkənlər üçün axtarış və xilasetmə fəaliyyətlərinin başlanması və onların həyata keçirilməsi zamanı əməl edilməli olan prosedurlar müvafiq hökumətin milli qanunvericiliyinə uyğun olaraq müəyyən edilir.

Axtarış və xilasetmə fəaliyyətləri zamanı yardım üçün müraciət

2. Öz Axtarış və Xilasetmə Regionlarında axtarış və xilasetmə işləri həyata keçirərkən bir Tərəfin digər Tərəfin Xilasetmənin Əlaqələndirilməsi Mərkəzinə yardım üçün müraciət etməsi halında, Tərəflər imkan daxilində qarşılıqlı olaraq əməkdaşlıq edirlər.

Axtarış və xilasetmə hissələrinin qonşu Axtarış və Xilasetmə Regionlarına daxil olması proseduru

3. Əgər Xilasetmənin Əlaqələndirilməsi Mərkəzi üçün öz axtarış və xilasetmə hissələrini digər tərəfin Axtarış və Xilasetmə Regionlarına səfərbər etmək zərurəti yaranarsa, müvafiq axtarış və xilasetmə missiyasının əlaqələndiricisi təqdim edilmiş aşağıdakı məlumatlar əsasında lazımi icazələri təcili olaraq alır və müvafiq tədbirləri görür:

a) Axtarış və xilasetmə hissələrinin təsviri və növü

b) Çağırış kodu və ya adı

c) Yola çıxma yeri, marşrutu və çatma yeri

d) Təyin edilmiş tapşırıq

e) Axtarış və xilasetmə hissəsinin heyəti

f) İstifadə olunacaq rabitə vasitələri və tezliklər

g) Hissənin axtarış və xilasetmə avadanlıqları

h) Patrul saatı

i) Əhatə dairəsi və fəaliyyət müddəti

j) Xilasetmə planı

k) Qəzaya uğrayan gəmi (və ya insan) haqqında ətraflı məlumat:

-        təsviri və növü

-        məlum olan axırıncı yeri

-        Yola çıxma yeri, marşrutu və çatma yeri

-        Göyərtədəki insanların ümumi sayı (əgər məlum deyilsə, texniki tutumu)

-        İstifadə olunacaq rabitə vasitələri və tezliklər

-        Fövqəladə halın xarakteristikası və başqa məlumatlar.

4. Yardımı qəbul edən Tərəfin Xilasetmənin Əlaqələndirilməsi Mərkəzinin əlaqələndiricisi:

a) Digər Tərəfdən təyin edilmiş axtarış-xilasetmə dəstəsinin qəbul edilməsini təsdiqləyərək, bu dəstənin qəbul edilməsinə hazırlığı barəsində bildiriş verir və yardıma gələn dəstənin sərhəddən maneəsiz keçməsi üçün bütün zəruri tədbirləri həyata keçirir;

b) Regionda mövcud vəziyyət və yardıma gələn dəstələrə verilmiş tapşırıqlar haqqında dəstəyə rəhbərlik edən əlaqələndirici tam şəkildə məlumatlandırır;

c) Yardıma gələn dəstənin üzərinə düşən vəzifələrin müvəffəqiyyətlə tamamlanması üçün bütün zəruri yardımı göstərir.

5. Yardıma gələn dəstələrə yalnız onların fəaliyyəti üçün müəyyən edilmiş regionlarda axtarış-xilasetmə əməliyyatlarının həyata keçirilməsinə icazə verilir və qeyd olunan bölgələrin hüdudlarından kənara yalnız yardımı qəbul edən Tərəfin Xilasetmənin Əlaqələndirilməsi Mərkəzinin razılığı əsasında çıxa bilərlər.

Axtarış regionlarının elan edilməsi

6. 3.1-ci Paraqrafa əsasən axtarış və xilasetmə əməliyyatlarının əlaqələndirilməsi ilə məşğul olan Xilasetmənin Əlaqələndirilməsi Mərkəzləri mümkün axtarış regionlarını müəyyən edir. Məsul Xilasetmənin Əlaqələndirilməsi Mərkəzləri Axtarış və Xilasetmə Regionlarını və fəaliyyətlərini müəyyən edən NOTAM və gəmilər və təyyarələr üçün zəruri təhlükəsizlik məlumatlarını yayır.

Axtarış və xilasetmə əməliyyatı zamanı kommunikasiya

7. Tərəflər birgə həyata keçirilən axtarış-xilasetmə əməliyyatlarının effektivliyini artıra biləcək məlumat mübadiləsini apararaq, əməliyyatların keçirilməsi barəsində bir-birini ən tez və effektiv vasitələrlə məlumatlandırmaq barəsində öhdəlik götürürlər. Tərəflər öz aralarında ən tez və effektiv əlaqələrin təmin edilməsi və saxlanması üzrə zəruri tədbirləri hazırlayırlar. Tərəflər bütün müvafiq axtarış-xilasetmə əməliyyatlarının gedişatı, dayandırılması və ya əməliyyatlarda iştirak edilməsindən imtina edilməsi barəsində bir-birini tam şəkildə və vaxtında məlumatlandırırlar.

 

Maddə 5

Axtarış və xilasetmə dəstələrinin digər Tərəfin avadanlıqlarından istifadə etməsi

 

1. Öz dövlətlərinin hərbi baş qərargahlarının nəzarəti altında qalacaq hərbi təyyarələr, vertolyotlar, gəmilər və ya heyət istisna olmaqla, bir Tərəfin təyin etdiyi axtarış və xilasetmə dəstələri lazım və münasib olduqda özlərinin təyinat müddətləri boyunca axtarış və xilasetmə missiyasının əlaqələndiricisinin göstərişi ilə yerləşdirilir.

2. Digər Tərəfin axtarış və xilasetmə dəstələrindən və ya avadanlıqlarından yardım istəyən Xilasetmənin Əlaqələndirilməsi Mərkəzi tələb olunan yardımın və ya avadanlığın növü və həcmi barədə təfərrüatlı məlumatı təmin edir.

3. Yardım istəyən Xilasetmənin Əlaqələndirilməsi Mərkəzi bu missiya çərçivəsində təyin edilmiş axtarış və xilasetmə dəstələrinə onun axtarış və xilasetmə regionlarına daxil olmazdan əvvəl tam məlumat verir. Aerodromda yerə enməli olan axtarış və xilasetmə dəstələri üçün yardım istəyən Tərəfin Xilasetmənin Əlaqələndirilməsi Mərkəzinin avadanlıqlarından istifadə etmək zərurəti olarsa, yardım istəyən Xilasetmənin Əlaqələndirilməsi Mərkəzi axtarış və xilasetmə dəstələrinə xidmət göstərməsinin asanlaşdırılması üçün bütün lazımi tədbirləri görür.

4. Bir Tərəfin axtarış və xilasetmə dəstələrinin xidmət göstərmək üçün digər Tərəfin ərazisində qaldıqları müddət ərzində ev sahibi olan Tərəf axtarış və xilasetmə avadanlıqlarının təhlükəsizliyinin təmin edilməsinə cavabdehdir.

 

Maddə 6

Axtarış və xilasetmə əməliyyatının xərcləri

 

Hər bir Tərəf axtarış və xilasetmə əməliyyatlarına cəlb olunmuş özünün axtarış və xilasetmə dəstələrinin xərclərinin ödənilməsini öz üzərinə götürür. Axtarış və xilasetmə əməliyyatlarında iştirak edən təyyarələr və ya vertolyotlar Tərəflərin Hökumətlərinin tətbiq etdikləri aviasiya ödənişlərindən azad edilir.

 

Maddə 7

Avadanlıq və ləvazimatların bərpası

 

Yenidən istifadə edilə bilən avadanlıqların və qalan ləvazimatın bərpası müvafiq Xilasetmənin Əlaqələndirilməsi Mərkəzləri arasında nizamlanacaqdır. Xüsusi hallarda onların istismardan çıxarılması üçün qarşılıqlı şəkildə razılaşdırılmadığı təqdirdə, bərpa olunmuş əşyalar, yararlı olarsa, öz sahiblərinə qaytarılır.

 

Maddə 8

Sazişin tətbiqi

 

Bu Sazişin müddəaları Tərəflərin iştirakçısı olduqları digər beynəlxalq sazişlərdən irəli gələn hüquq və öhdəliklərinə toxunmur.

 

Maddə 9

Əlavə və dəyişikliklər

 

Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə əlavələr və dəyişikliklər edilə bilər. Belə əlavələr və dəyişikliklər bu Sazişin ayrılmaz tərkib hissəsi olan ayrı-ayrı protokollar formasında rəsmiləşdiriləcək və bu Sazişin 11-ci maddəsində nəzərdə tutulan qaydada qüvvəyə minir.

 

Maddə 10

Mübahisələrin həlli

 

Bu Sazişin təfsiri və ya tətbiqi ilə bağlı hər hansı fikir ayrılığı Tərəflər arasında məsləhətləşmələr və danışıqlar yolu ilə həll edilir.

 

Maddə 11

Qüvvəyə minmə və ləğv etmə

 

Bu Saziş beş il müddətinə bağlanılır və onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən etibarən qüvvəyə minir.

Tərəflərdən hər hansı biri bu Sazişin müddətinin bitməsinə ən azı altı ay qalmış onu ləğv etmək niyyəti barədə diplomatik kanallar vasitəsi ilə yazılı şəkildə digər Tərəfə məlumat verməzsə, onun qüvvəsi avtomatik olaraq növbəti beş illik müddətlərə uzadılacaqdır.

Tərəflər başqa şəkildə razılaşmadıqları təqdirdə bu Sazişin ləğv edilməsi hazırda yerinə yetirilməkdə olan axtarış və xilasetmə fəaliyyətlərinə təsir etməyəcəkdir.

Bu Saziş Qəbələ şəhərində 11 sentyabr 2012-ci il tarixində iki əsl nüsxədə, hər biri Azərbaycan, türk və ingilis dillərində olmaqla imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Sazişin müddəalarının təfsiri ilə bağlı fikir ayrılığı yaranarsa ingilis dilindəki mətndən istifadə ediləcəkdir.

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Elmi-texniki Jurnalı akademiya
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu