

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


“Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında təbii fəlakətlərin və texnogen qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
“Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında təbii fəlakətlərin və texnogen qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” 2010-cu il fevralın 23-də Afina şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 iyun 2010-cu il
№ 1025-IIIQ
Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında təbii fəlakətlərin və texnogen qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında
SAZİŞ
Bundan sonra “Razılığa gələn Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti,
iki ölkə arasında ənənəvi dostluq əlaqələrinin dərinləşdirilməsini arzulayaraq,
fövqəladə halların idarə olunması sahəsində əməkdaşlığın hər iki Dövlətin təhlükəsizliyinə və rifahına yardım edəcəyini dərk edərək,
hər iki ölkə üçün fövqəladə hallara səbəb ola biləcək riskləri dərk edərək,
fövqəladə halların qarşısının alınması və idarə olunması sahəsində elmi və texniki məlumat mübadiləsinə olan qarşılıqlı marağı nəzərə alaraq,
təbii fəlakətlərin qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması, habelə onlardan mühafizə sahəsində müvafiq strategiya tələb edən hər iki ölkənin ekoloji sisteminin qorunmasının vacibliyini dərk edərək,
ölkənin hüdudlarından kənarda baş verən təbii fəlakətlərin və texnogen qəzaların qarşısının alınmasında və nəticələrinin aradan qaldırılmasında birgə fəaliyyətə ehtiyac olduğuna əmin olaraq,
Razılığa gələn Tərəflərdən birinin öz imkanları və vasitələri hesabına öhdəsindən gələ bilməsi mümkün olmayan və bu baxımdan fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün birgə fəaliyyəti zəruri edən, ehtimal oluna bilən fəlakətlərin baş verməsinin mümkünlüyünü dərk edərək,
fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində BMT və digər beynəlxalq təşkilatların rolunu nəzərə alaraq, bu beynəlxalq təşkilatlar çərçivəsində imzalanmış beynəlxalq sazişlərə uyğun olaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər
Bu Sazişin məqsədləri üçün terminlər aşağıdakı mənaları kəsb edir:
“Sorğu Göndərən Razılığa gələn Tərəf” - Razılığa gələn digər Tərəfdən yardımın təmin olunması üçün heyət, ləvazimat göndərilməsi və humanitar yardım göstərilməsi barədə müraciət edən Razılığa gələn Tərəfdir.
“Sorğu Alan Razılığa gələn Tərəf” - Sorğu Göndərən Razılığa gələn Tərəfin sorğusuna cavab verən Razılığa gələn Tərəfdir.
“Yardımın təmin edilməsi” - təbii və texnogen xarakterli fövqəladə halların nəticələrinin aradan qaldırılması üçün xilasediciləri, tələb olunan ekspertləri göndərməklə və ya xidmət təmin etmək, həmçinin materiallar və avadanlıqla təchiz etməklə Sorğu Alan Razılığa gələn Tərəfin Sorğu Göndərən Razılığa gələn Tərəfə göstərdiyi yardımdır.
“Səlahiyyətli qurum” - yardımın göstərilməsi ilə bağlı sorğunun yoxlanılması və bunun əsasında qərar verilməsi üçün Razılığa gələn hər bir Tərəfin təyin etdiyi orqandır. Bu Sazişin həyata keçirilməsindən irəli gələn fəaliyyətin əlaqələndirilməsi də həmin orqana həvalə ediləcəkdir.
“Yardım dəstəsi” - kifayət qədər iş təcrübəsinə və tələb edilən bütün vasitələri olan və yardımın təmin edilməsi üçün Sorğu Alan Razılığa gələn Tərəfin seçdiyi ekspertlər və ya ekspert qruplarından, o cümlədən mülki müdafiə və digər təşkilatların üzvlərindən ibarətdir.
“Fövqəladə hal” - həyat və ya ictimai sağlamlıq, mülkiyyət və ya ətraf mühit üçün nəzərə çarpacaq dərəcədə təhlükə yaradan və ya zərər yetirən, müəyyən sahədə və ya obyektdə baş verən təbii və ya texnogen fəaliyyətin səbəb olduğu vəziyyətdir.
“Fövqəladə halların qarşısının alınması” - fövqəladə halların başvermə riskinin aradan qaldırılması üçün əvvəlcədən görülmüş tədbirlər toplusudur.
“Fövqəladə ərazi” - fövqəladə hal baş verən ərazidir.
“Fövqəladə yardım” - fövqəladə hallar zamanı insanların xilas edilməsi, əhalinin sağlamlığının qorunması, ekoloji, mədəni və maddi itkilərin, həmçinin bunların nəticəsində meydana çıxan nəticələrin aradan qaldırılması üçün həyata keçirilən kompleks tədbirlərdir.
“Avadanlıq” - yardımın təmin olunması üçün tələb olunan texniki vasitələr və nəqliyyat vasitələri, xilasetmə avadanlığı, həmçinin yardımın təmin olunmasında iştirak edən insanlar üçün ilkin zəruri əşyalardır.
“Humanitar təchizat” - fövqəladə halların nəticələrinin aradan qaldırılması üçün ehtiyac duyulan və zərərçəkmiş əhaliyə təmənnasız paylanılmaq üçün nəzərdə tutulmuş maddi vəsaitlərdir.
“Tranzit ölkə” - 3-cü ölkəyə yardımın təmin olunması üçün dövlətinin ərazisi vasitəsilə yardım dəstəsinin keçdiyi və ya humanitar avadanlığın nəql edildiyi Razılığa gələn Tərəflərdən birinin Dövlətidir.
Maddə 2
Səlahiyyətli orqanlar
1) Razılığa gələn Tərəflər aşağıdakı səlahiyyətli orqanları təyin edirlər:
Azərbaycan Respublikası adından: Fövqəladə Hallar Nazirliyi,
Yunanıstan Respublikası adından: Vətəndaşların Müdafiəsi Nazirliyi, Mülki Müdafiə üzrə Baş Katiblik.
2) Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları Saziş qüvvəyə mindikdən sonra 30 gündən gec olmayaraq əlaqələndirici şəxslər kimi təyin edilməli olan orqanlar və ya şəxslər barədə lazımi məlumatı bir-birinə bildirirlər.
3) Bu Sazişin həyata keçirilməsi məqsədilə, səlahiyyətli orqanlar bir-biri ilə birbaşa əlaqə saxlayırlar. Bu məqsədlə onlar əlaqə saxlamaq üçün lazım olan dəqiq məlumatı, xüsusilə ünvanlarını bir-birinə bildirirlər.
4) Razılığa gələn Tərəflər səlahiyyətli orqanların və əlaqə qurumlarının fəaliyyətinin düzgün aparılmasına nəzarət edirlər.
Səlahiyyətli orqan və ya əlaqəli qurumun dəyişdirilməsi zərurəti yarandıqda 30 gün ərzində Razılığa gələn Tərəf Razılığa gələn qarşı Tərəfi yazılı şəkildə məlumatlandırır.
Maddə 3
Əməkdaşlıq formaları
1) Bu Sazişin mahiyyəti çərçivəsində əməkdaşlıq aşağıdakıları əhatə edəcəkdir:
fövqəladə halların xəbərdar edilməsi, qarşısının alınması və qiymətləndirilməsi, monitorinq sisteminin təşkili və fəaliyyət göstərməsi, habelə fövqəladə halların nəticələrinin aradan qaldırılması;
fövqəladə halların başvermə səbəbləri və şəraitlərinin öyrənilməsi və onların nəticələrinin qiymətləndirilməsi;
təbii fəlakətlər və texnogen qəzalar nəticəsində baş vermiş çirklənmənin əhaliyə və ətraf mühitə qarşı risklərinin qiymətləndirilməsi;
texniki avadanlığın və digər vasitələrin təmin edilməsində qarşılıqlı yardım, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədilə birgə planlaşdırma və fəaliyyət, o cümlədən birgə təlimlərin təşkili;
əhalinin fövqəladə hallara hazırlığı üçün, xilasetmə prosedurları da daxil olmaqla, təlimlərin təşkil olunması;
əməkdaşlıq çərçivəsində elmi təşkilatlarla birgə konfransların, təcrübə mübadiləsinin, xüsusi seminarların təşkil olunması və elmi layihələrin aparılması;
informasiya, video və foto materialların, texnologiyaların, fəaliyyətlə bağlı təlimatların və digər nəşrlərin mübadiləsi;
birgə nəşrlərin və hesabatların hazırlanması;
Razılığa gələn digər Tərəfin təhsil müəssisələrində ekspertlərin təlimi, təlimatçıların, müəllimlərin, alimlərin və ekspertlərin qarşılıqlı mübadiləsi;
Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları üçün konfransların təşkili.
2) Razılığa gələn Tərəflər 1-ci bəndin əməkdaşlıq formaları ilə, xüsusilə birgə təlimlər ilə bağlı bu Sazişin müddəalarının hər birini hər bir hal üçün ayrıca həyata keçirirlər.
Maddə 4
Beynəlxalq və milli təşkilatlarla əməkdaşlıq
Razılığa gələn Tərəflər bütün mümkün vasitələrlə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində fəaliyyət göstərən bütün beynəlxalq və milli təşkilatlar, institutlar, fiziki və hüquqi şəxslərlə əməkdaşlığı təklif edə və inkişaf etdirə bilərlər.
Maddə 5
Birgə Komissiya
Birgə Komissiya hər tərəfdən eyni sayda üzvlər olmaqla, bu Sazişin həyata keçirilməsi üçün yaradılır. Birgə Komissiya öz prosedur qaydalarını özü qəbul edəcək və ən azı ildə bir dəfə toplanacaqdır. Birgə Komissiya bu Saziş çərçivəsində Razılığa gələn Tərəflərin əməkdaşlığını və qarşılıqlı fəaliyyətini əlaqələndirəcək və onun həyata keçirilməsinə nəzarət edəcəkdir.
Maddə 6
Nümayəndə heyətlərinin qəbulunun şərtləri
Digər şəkildə razılaşdırılmadığı halda, Razılığa gələn Tərəflərin rəsmi şəxslərinin, və digər nümayəndə heyəti üzvlərinin öz ərazisindəki yerli nəqliyyat xərcləri də daxil olmaqla, bütün yerləşmə xərclərini Sorğu Göndərən Razılığa gələn Tərəf ödəyir. Sorğu Göndərən Razılığa gələn Tərəfin dövlətinin ərazisinə və geriyə səyahət xərclərini isə Sorğu Alan Razılığa gələn Tərəf ödəyir.
Maddə 7
Yardım üçün müraciət və informasiya mübadiləsi
1) Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları fövqəladə hallar zamanı yardım üçün müraciət ünvanlamaq hüququna malikdirlər.
2) Yardım Sorğu Göndərən Razılığa gələn Tərəfin təqdim etdiyi fövqəladə halın yeri, vaxtı, xarakteri, miqyası və parametləri, görülməli olan tədbirlər, həmçinin tələb olunan yardımın növü və prioritetliyi qeyd olunan müraciət əsasında göstərilir.
3) Sorğu Alan Razılığa gələn Tərəfin səlahiyyətli orqanı yardım göstərilməsi barədə mümkün olduğu qədər tez qərar verməli və Sorğu Göndərən Razılığa gələn Tərəfi yardımın mümkünlüyü, şərtləri və miqyası haqqında təcili olaraq məlumatlandırmalıdır.
Maddə 8
Yardım göstərilməsinin metodları, əlaqələndirilməsi və idarə olunması
1) Yardım dəstəsinin və humanitar maddi vəsaitlərin göndərilməsi və ya zəruri bilik və ya məlumatın ötürülməsi vasitəsilə yardım təmin oluna bilər.
2) Sorğu Göndərən Razılığa gələn Tərəfin dövlətinin ərazisində fövqəladə yardım fəaliyyətləri, fövqəladə halların nəticələrinin aradan qaldırılması və zərər çəkmiş əhaliyə yardımın göstərilməsi sözügedən Razılığa gələn Tərəflərin milli qanunvericiliyinə uyğun şəkildə səlahiyyətli qurumlar və şəxslər tərəfindən təmin edilir və əlaqələndirilir.
3) Sorğu Alan Razılığa gələn Tərəfin yardım dəstəsinə təlimatlar yalnız həmin dəstənin rəhbəri tərəfindən verilir.
4) Sorğu Göndərən Razılığa gələn Tərəfin səlahiyyətli orqanı yardım dəstəsinin rəhbərlərini fövqəladə hal baş verdiyi yer və hadisənin gedişatı barədə məlumatlandırır. Bununla əməkdaşlıq proseduru müəyyən edilir və ehtiyac yaranarsa, yardım dəstəsi tərcüməçi və digər zəruri vasitə və avadanlıqla təmin olunur.
5) Sorğu Göndərən Razılığa gələn Tərəf Sorğu Alan Razılığa gələn Tərəfin yardım dəstəsinin təhlükəsizliyini təmin etməli, təcili olaraq təmənnasız ilkin tibbi yardım təşkil etməli, onları qida, yer və ehtiyac duyulan ilkin zəruri maddi vəsaitlərlə təmin etməlidir. Yardım dəstəsinin öz maddi təchizatı onlara 72 saat ərzində kifayət etməlidir.
6) Sorğu Göndərən Razılığa gələn Tərəf humanitar təchizatın düzgün qəbuluna və zərərçəkmiş şəxslərə təmənnasız çatdırılmasına nəzarət edir.
Maddə 9
Yardım dəstəsinin sərhəddi keçmə prosedurları və onların Sorğu Göndərən Razılığa gələn Tərəfin dövlət ərazisində qalma statusu
1) Yardım dəstələrinin üzvləri Sorğu Göndərən Razılığa gələn Tərəfin dövlət sərhədini beynəlxalq gediş-gəliş üçün açıq olan sərhəd yoxlanış məntəqələrindən Şenqen Aktı və ya milli qanunvericiliklərinə uyğun olaraq müvafiq viza alınması üzrə sadələşdirilmiş prosedur tətbiq olunmuş etibarlı pasportlardan istifadə etməklə keçirlər.
2) Yardım dəstəsinin rəhbərində dəstənin üzvlərinin adları qeyd olunan Sorğu Alan Razılığa gələn Tərəfin səlahiyyətli orqanı tərəfindən verilmiş yazılı icazə olmalıdır. Həmin yazılı icazənin nümunəsi bu Sazişə Əlavədə qeyd olunmuşdur.
3) Sorğu Göndərən Razılığa gələn Tərəfin dövlətinin ərazisində qaldıqları müddət ərzində yardım dəstələrinin üzvləri Razılığa gələn həmin Tərəfin dövlətinin milli qanunvericiliyinə riayət etməlidirlər.
4) Yardım dəstələrinin üzvləri Sorğu Göndərən Razılığa gələn Tərəfin dövlətinin ərazisində öz uniformalarını geyinmək hüququna malikdirlər. Sorğu Göndərən Razılığa gələn Tərəf Razılığa gələn digər Tərəfin yardım dəstəsinin nəqliyyat vasitələrinin üzərində xüsusi fərqləndirmə nişanının istifadəsinə hər hansı məhdudiyyət qoymur.
5) Razılığa gələn Tərəflər Razılığa gələn Tərəfin birinin tranzit ölkə olması halında 1-4-cü bəndin müddəalarını tətbiq edəcəklər. Səlahiyyətli orqanlar Razılığa gələn digər Tərəfin səlahiyyətli orqanlarını, tranzitə ehtiyac olması barədə məlumatlandıracaq, habelə ehtiyac olduğu təqdirdə, yardım dəstələrinin keçməsi üçün rəsmi müşayiət təmin edərək tranzitin prosedur və metoduna dair razılığa gələcəklər.
Maddə 10
Avadanlıq və humanitar təchizatın dövlət sərhədi vasitəsilə gətirilməsi,
aparılması və dövriyyəsi
1)Razılığa gələn Tərəflər dövlət sərhədindən keçərkən avadanlıq və humanitar təchizatın daşınmasını aşağıdakı qaydada təmin edirlər:
a) Sərhədi keçən zaman yardım dəstəsinin rəhbəri Sorğu Göndərən Razılığa gələn Tərəfin gömrük orqanlarına yardım dəstəsi üçün lazım olan şəxsi əşyaların siyahısını və humanitar təchizat kimi aparılan əşyaların ayrıca siyahısını təqdim edir. Siyahılar yazılı icazənin ayrılmaz hissəsi olmalıdır. Onların nümunəsi Əlavədə qeyd olunmuşdur.
b) Əgər humanitar təchizatın içində dərman preparatları, o cümlədən narkotik və psixotrop maddələr varsa, bunlar barədə ayrıca ətraflı siyahı hazırlanır. Bu siyahı BMT-nin Narkotiklərə Nəzarət üzrə Beynəlxalq Komitəsi tərəfindən tanınan (BMT NNBK) dövlət qurumuna göndərilməlidir. Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları Dünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq hərəkət edir və BMT NNBK-nı bu barədə məlumatlandırır,
2) Yardım göstərilməsi üçün yardım dəstələri yalnız avadanlıq və humanitar maddi vəsaitlər, o cümlədən nəqliyyat vasitələri idxal və ya ixrac edə bilərlər.
Dövlət sərhədləri vasitəsilə keçirilən avadanlığa və humanitar maddi vəsaitlərə ticarət dövriyyəsi üçün müəyyən edilmiş qadağalar və məhdudiyyətlər şamil olunmur. Yalnız istifadə müddəti bitməmiş məhsulların humanitar təchizat kimi istifadəsi mümkündür.
4) Humanitar maddi vəsaitlər və avadanlıq təyinatı üzrə istifadə ediləcəyinə dair şəhadətnamələr olmaq şərti ilə malların idxalı və ixracı üçün müəyyən edilmiş gömrük, vergi və digər maliyyə ödənişlərindən azad edilir.
5) Razılığa gələn Tərəflər yardım dəstəsinin nəqliyyat vasitələrindən və humanitar yardımı daşıyan digər nəqliyyat vasitələrindən beynəlxalq yol daşımaları icazəsi tələb etmirlər. Bu nəqliyyat vasitələri digər hallarda nəqliyyat vasitələrinə aid olan bütün rüsumlardan azad edilir.
6) İstifadə olunmayan və ya artıq yararsız hala düşən humanitar maddi vəsaitlər və avadanlıq 30 gündən gec olmayaraq Sorğu Alan Razılığa gələn Tərəfin dövlətinin ərazisinə geri qaytarılır.
7) Ləvazimatın bir hissəsinin humanitar yardım kimi sorğu Göndərən Razılığa gələn Tərəfin ərazisində qaldığı təqdirdə, geri qaytarılmayan əşyaların sayı, növü və saxlanma yeri haqqında müvafiq məlumat mümkün qədər tez bir zamanda Sorğu Göndərən Razılığa gələn Tərəfin gömrük orqanlarına təqdim edilir. Sorğu Göndərən Razılığa gələn Tərəfin səlahiyyətli orqanları müvafiq qaydada bu barədə məlumatlandırılır. Sorğu Göndərən Razılığa gələn Tərəfin şərtləri yuxarıda qeyd olunmuş prosedura uyğun olaraq onun ərazisində qalmış ləvazimat hissələrinə də tətbiq edilir.
8) Yardım göstərilməsi üçün Sorğu Göndərən Razılığa gələn Tərəfin dövlətinin ərazisinə dərman preparatları gətirildikdə aşağıdakı qaydalar tətbiq edilir:
a) 3-cü və 6-cı bəndlərin müddəaları tərkibində narkotik və psixotrop maddələrin olduğu dərman preparatlarına tətbiq edilir.
b) Bu cür məhsullar yalnız təcili tibbi yardım üçün lazımi miqdarda gətirilir və Sorğu Alan Razılığa gələn Tərəfin dövlət səhiyyə orqanlarının müvafiq qaydalarına uyğun olaraq ixtisaslaşmış tibbi heyət tərəfindən istifadə edilir.
c) Tərkibində narkotik və psixotrop maddələr olan istifadə edilmiş dərman preparatları haqqında onların istifadəsini təsdiqləyən sənəd yardım dəstəsinin həkimi tərəfindən imzalanmış və Sorğu Göndərən Razılığa gələn Tərəfin səlahiyyətli qurumunun nümayəndəsi tərəfindən təsdiqlənmiş şəkildə Sorğu Göndərən Razılığa gələn Tərəfin gömrük orqanlarına verilir.
d) Razılığa gələn Tərəflər narkotik və psixotrop maddələr haqqında üzv olduqları beynəlxalq konvensiyalar çərçivəsində sözügedən preparatların ölkəyə girişi və çıxışını idxal və ya ixrac kimi hesab etməməlidirlər.
9) Yardım göstərilməsi məqsədilə zəruri istehsal işlərində istifadə üçün
partlayıcı maddələr istisna olmaqla, silahların, hərbi materialların və partlayıcıların Sorğu Göndərən Razılığa gələn Tərəfin dövlətinin ərazisinə gətirilməsi qadağan edilir.
10) Səlahiyyətli orqanlar 3-cü və 7-ci bəndlərdə qeyd olunan ləvazimatın
və materialların Sorğu Göndərən Razılığa gələn Tərəfin milli qanunvericiliyinə uyğun olaraq istifadəsinə və saxlanmasına nəzarət etməlidir.
11) 1-9-cu bəndlərin müddəaları həmçinin tranzitdə karqolara da tətbiq ediləcəkdir.
12) Sorğu Göndərən Razılığa gələn Tərəf kimyəvi və radioaktiv maddələrdən təmizləmə və avadanlığın dezinfeksiyası və dezaktivizasiyası üçün xidmətlər təşkil edir. Bu mümkün olmadıqda, adıçəkilən avadanlıq Sorğu Göndərən Razılığa gələn Tərəfin dövlətinin ərazisində qalır.
Maddə 11
Hava gəmisindən istifadə
1) 8-ci maddənin 1-ci və 2-ci bəndlərinə uyğun olaraq yardımın təmin olunması məqsədilə Razılığa gələn Tərəflər 9-cu və 10-cu maddələrin müvafiq müddəalarında qeyd olunan sadələşdirilmiş sərhəd keçid prosedurlarından və gömrük rəsmiləşdirilməsindən istifadə etməklə Razılığa gələn digər Tərəfin hava gəmisinə öz ərazilərindən istifadə etməyə və tranzit keçidə, o cümlədən havaya qalxmalarına və yerə enmələrinə icazə verə bilərlər.
2) Yardım göstərilməsi üçün nəzərdə tutulan hava gəmisinin uçuş planı (yükün təsviri də daxil olmaqla) bu Sazişə uyğun olaraq, Razılığa gələn Tərəflərin Aeronaviqasiya İnformasiya Toplusunda (AİT) nəşr edilmiş texniki qaydalarına və qanunlarına uyğun olaraq səlahiyyətli quruma təqdim edilir.
3) Digər şəkildə razılaşdırılmadığı halda, uçuşlar Razılığa gələn Tərəflərin AİT-nə uyğun olaraq həyata keçirilir.
Maddə 12
Yardımla bağlı xərclər
1) Razılığa gələn Tərəflər digər şəkildə razılaşdırmadığı halda, bu Sazişin müddəalarına uyğun olaraq yardım təmənnasız təmin ediləcəkdir.
2) Sorğu Alan Razılığa gələn Tərəf uçuş, enmə, hava limanında dayanma, qalxma və radionaviqasiya xidmətləri ilə bağlı xərclərdən azad edilir.
3) Yardım göstərilməsi ilə əlaqədar olaraq hava gəmilərindən istifadə olunduqda, yanacaq xərcləri və hava gəmilərinə texniki xidmət ilə bağlı hər hansı məsələni Tərəflərin səlahiyyətli qurumları hər bir hal üçün ayrıca yoxlayacaqlar.
Maddə 13
Ziyanın ödənilməsi
1) Razılığa gələn Tərəflər qarşılıqlı olaraq, bu Sazişin müddəalarına uyğun şəkildə vəzifə səlahiyyətlərini yerinə yetirən yardım dəstəsinin üzvlərinin fəaliyyəti zamanı dəymiş maddi ziyanı, o cümlədən ətraf mühitə dəymiş zərərin əvəzinin ödənilməsini tələb etməkdən imtina etməlidirlər. Tərəflər həmçinin, yardım dəstəsinin üzvlərinin sözügedən fəaliyyəti yerinə yetirməsi zamanı və ya həmin fəaliyyət səbəbindən üzvlərin sağlamlığına ziyan dəyməsi və ya ölümü ilə nəticələnən hallar baş verdikdə hər hansı kompensasiya ödəməkdən imtina edirlər.
2) Bu Sazişə uyğun olaraq öz fəaliyyətini yerinə yetirən zaman Sorğu Alan Razılığa gələn Tərəfin yardım dəstəsinin üzvü Sorğu Göndərən Razılığa gələn Tərəfin ərazisində üçüncü şəxsə maddi ziyan vurarsa, buna görə Sorğu Göndərən Razılığa gələn Tərəf özünün yardım dəstəsinin səbəb olduğu hallardakı kimi milli qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır.
3) Yardım dəstəsinin bilərəkdən və kobud səhvi nəticəsində meydana gəlmiş ziyana 1-ci və 2-ci bəndlərin müddəaları aid edilmir.
4) Kompensasiya öhdəlikləri Yardım dəstəsinin Sorğu Göndərən Razılığa gələn Tərəfin dövlətinin ərazisinə girməsi anından həmin ərazini tərk etməsi anına qədər səbəb olduğu ziyanlara tətbiq edilir.
5) Səlahiyyətli qurumlar kompensasiya tələblərinin razılaşdırılması üçün yaxından əməkdaşlıq edirlər. Bu məqsədlə onlar ziyana səbəb olmuş şərait haqqında istənilən mövcud məlumatı qarşılıqlı olaraq mübadilə edirlər.
6) Razılığa gələn Tərəflərdən birinin tranzit ölkə olması haqqında bu Maddənin müddəaları müvafiq qaydada tətbiq ediləcəkdir.
Maddə 14
Tranzit keçid
Tranzit və tranzit rəsmiləşdirmələri tranzit barədə sorğunu qəbul etmiş Razılığa gələn Tərəfin Səlahiyyətli Orqanından tranzit keçidi haqqında yazılı təsdiqin qəbulundan sonra tətbiq edilir.
Maddə 15
Məlumatın istifadə edilməsi
Bu Sazişə əsaslanan fəaliyyət barədə toplanmış məlumat, bu məlumatı təqdim edən Razılığa gələn Tərəfin əvvəlcədən yazılı razılığı olmadan üçüncü tərəfə ötürülə bilməz və bu məsələ Razılığa gələn Tərəflərin milli qanunvericiliyinə uyğun olaraq həll edilir. Bu cür məlumat Razılığa gələn Tərəflərin səlahiyyətli orqanlarının yazılı icazəsi olmadan çap edilə bilməz.
Maddə 1 6
Mübahisələrin həlli
Bu Sazişin şərhi və ya həyata keçirilməsindən irəli gələn bütün mübahisələr Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları arasında danışıqlar yolu ilə həll edilir.
Maddə 17
Yekun müddəalar
1) Bu Saziş Razılığa gələn Tərəflərin müvafiq dövlətdaxili prosedurların tamamlanması haqqında bir-birinə göndərdiyi sonuncu bildirişin diplomatik kanallar vasitəsilə alınması tarixindən etibarən qüvvəyə minir;
2) Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır. Razılığa gələn Tərəflərdən hər hansı biri diplomatik kanallar vasitəsilə bu Sazişə xitam verə bilər. Bu Saziş Razılığa gələn Tərəflərdən hər hansı birinin Sazişə xitam vermək barədə bildirişinin alındığı tarixdən 6 (altı) ay sonra öz qüvvəsini itirir.
3) Razılığa gələn Tərəflər digər şəkildə razılaşdırmadığı halda, bu Sazişə xitam verilməsi Sazişin qüvvədə olduğu müddətdə meydana çıxan öhdəliklərin yerinə yetirilməsinə təsir göstərmir.
Bu Saziş Afina şəhərində 2010-cu il 23 fevral tarixində, hər biri Azərbaycan, yunan və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Sazişin təfsiri ilə bağlı hər hansı fikir ayrılığı yarandığı təqdirdə ingilis dilindəki mətndən istifadə ediləcəkdir.