

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında 2006-cı il mayın 11-də Bakı şəhərində imzalanmış sənədlər haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında 2006-cı il mayın 11-də Bakı şəhərində imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:
1.2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Koreya Respublikasının Tikinti və Nəqliyyat Nazirliyi arasında Tikinti Sahəsində Əməkdaşlıq haqqında Anlaşma Memorandumu;
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 sentyabr 2006-cı il
№ 1696
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və
Koreya Respublikasının Tikinti və Nəqliyyat Nazirliyi arasında
Tikinti Sahəsində Əməkdaşlıq haqqında
ANLAŞMA MEMORANDUMU
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Koreya Respublikasının Tikinti və Nəqliyyat Nazirliyi (bundan sonra “Tərəflər” adlandırılacaq), iki ölkənin Hökumətləri arasında qarşılıqlı əməkdaşlığın inkişafına yardım etmək və yuxarıda qeyd olunan nazirliklər arasında əməkdaşlığı gücləndirmək məqsədilə, aşağıdakılar barədə razılığa gəldilər:
B ə n d 1
Məqsədlər
Bu Anlaşma Memorandumuna (bundan sonra “Memorandum” adlandırılacaq) uyğun olaraq əməkdaşlığın məqsədləri aşağıdakılardır:
a) tikinti və təlim sahəsində müxtəlif sertifikatlara, normalara, texniki standartlara, texnoloji əməliyyatlara uyğun olaraq təcrübənin təkmilləşdirilməsi, tətbiqi və strategiyaların yeniləşdirilməsi üzrə qarşılıqlı əməkdaşlıq etmək;
b) tikinti sahəsində, tikinti materialları və konstruksiyalar, tikintidə istifadə olunan avadanlıq, maşın və mexanizmlərə aid məqsədli elmi tədqiqat proqramlarının işlənib hazırlanmasına və həyata keçirilməsinə yardım etmək;
c) tikinti sahəsində, tikinti materialları və konstruksiyalar, tikintidə istifadə olunan avadanlıq, maşın və mexanizmlərin istifadəsində təhlükəsizliyin təmin olunması üzrə təcrübə mübadiləsi aparmaq;
d) tikinti materiallarının və konstruksiyaların, tikintidə istifadə olunan avadanlıq, maşın və mexanizmlərin istifadəsi üzrə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinə və tətbiq olunmasına yardım etmək;
e) hər iki ölkədə istehsal olunan və ölkəyə idxal olunan tikinti materiallarının və konstruksiyaların, tikintidə istifadə olunan avadanlığın, maşın və mexanizmlərin beynəlxalq standartlara uyğunlaşdırılması, sertifikatlaşdırılması, sınaq laboratoriyalarının akkreditasiya sisteminin yaradılması üzrə birgə iş aparmaq;
f) tikinti sahəsində qabaqcıl texnologiyaları və təcrübələri bölüşmək, elmi tədqiqat və təcrübə-konstruktor işləri aparmaqla, qarşılıqlı nailiyyətin əldə olunmasını təmin etmək;
B ə n d 2
Əməkdaşlığın formaları
Bu Memoranduma uyğun olaraq əməkdaşlığın formaları aşağıdakıları əhatə edir:
a) layihələndirmə və tikinti işləri ilə bağlı məlumat mübadiləsi;
b) ekspertlərin, tədqiqatçıların təhsili və təlimi, bu kadrların qarşılıqlı mübadiləsi;
c) hər iki ölkədən birində və yaxud üçüncü ölkədə tikinti layihələrində birgə fəaliyyət (habelə birgə təşkilatların, müəssisələrin yaradılması);
d) texniki seminarlarda, sərgilərdə və ekspozisiyalarda iştirak etmək;
e) tikinti ilə bağlı işçi qüvvəsinin, materialların, avadanlığın, maşın və mexanizmlərin təmin edilməsinin asanlaşdırılması və f) hər iki Tərəfin qarşılıqlı olaraq razılaşdırdığı əməkdaşlığın digər formaları.
B ə n d 3
Həyata keçirilmə
1. Tərəflər bu Memorandumun məqsədlərinə nail olmaq niyyətilə hökumət və ya özəl təşkilatlar və digər təşkilatlar arasında işgüzar əməkdaşlığın inkişafına yardım etməli və belə təşkilatlar arasında birgə proqramların həyata keçirilməsinə dəstək verməlidirlər.
2. Tərəflər birgə razılaşdırılmış qaydada və müəyyən edilmiş vaxtlarda ekspertlərin işçi görüşünü keçirmək və əməkdaşlıq istiqamətlərini müzakirə etmək üçün yerlər müəyyən edə bilərlər.
3. Tərəflərin razılaşdığı təqdirdə bu Momeranduma uyğun olaraq birgə fəaliyyət üçün çəkilmiş xərcləri hər bir Tərəf özü ödəyəcəkdir.
B ə n d 4
Məsləhətləşmələr
Tərəflər digər Tərəfin sorğusu əsasında bu Memorandumun müddəalarına uyğun olaraq hər hansı məsələ barədə məsləhətləşmələr aparacaq və yarana biləcək hər hansı bir anlaşılmazlıq və fikir ayrılığının qarşılıqlı etimad əsasında aradan qaldırılması üçün səy göstərəcəklər.
B ə n d 5
Qüvvəyə minmə və ləğv olunma
Bu Memorandum imzalandığı gündən qüvvəyə minir və bu Memorandumun başa çatdırılması niyyəti barədə bir Tərəfin digərinə doxsan (90) gün əvvəlcədən yazılı bildiriş göndərdiyi tarixədək qüvvədə qalacaqdır. Düzəlişlər Tərəflər arasında yazılı razılıq yolu ilə qüvvəyə minə bilər.
Bakı şəhərində 2006-cı il mayın 11-də iki əsl nüsxədə, Azərbaycan, Koreya və ingilis dillərində imzalanmışdır, bütün mətnlər eyni dərəcədə autentikdir.
Hər hansı fikir ayrılığı olduğu təqdirdə, ingilis dilindəki mətn əsas götürüləcəkdir.