Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Azərbaycan Respublikası və Macarıstan Respublikası arasında 2011-ci il noyabrın 11-də Bakı şəhərində imzalanmış sənədlər haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası və Macarıstan Respublikası arasında 2011-ci il noyabrın 11-də Bakı şəhərində imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:

1.1. Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında fövqəladə hallar zamanı əməkdaşlıq və qarşılıqlı yardım sahəsində Saziş;

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 7 fevral 2012-ci il

№ 580

 


Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında fövqəladə hallar zamanı əməkdaşlıq və qarşılıqlı yardım sahəsində

 

SAZİŞ

 

Bundan sonra “Razılığa gələn Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti,

- iki dövlət arasında münasibətlərin möhkəmləndirilməsinə və dərinləşdirilməsinə töhfə verməyi arzu edərək,

- fəlakətlərin qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması sahəsində Birləşmiş Millətlər Təşkilatının səylərini dəstəkləyərək,

- Razılığa gələn Tərəflərin və ya onların Dövlətlərinin iştirakçısı olduğu ikitərəfli və çoxtərəfli beynəlxalq sazişlərin müddəalarını nəzərə alaraq,

- fəlakətlərin hər iki tərəf üçün ciddi təhlükələr yaratdığını dərk edərək,

- təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılmasında Razılığa gələn Tərəflərin birgə mənafelərini təsdiq edərək,

aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

 

1.    Bu Saziş çərçivəsində Razılığa gələn Tərəflər təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması, onların nəticələrinin yumşaldılması və aradan qaldırılması sahəsində öz milli qanunvericiliklərinə uyğun olaraq əməkdaşlıq edir və bir-birlərinə qarşılıqlı yardım göstərirlər.

2.    Razılığa gələn Tərəflər arasında bu maddənin 1-ci bəndində müəyyən olunmuş əməkdaşlıq aşağıdakı formalarda həyata keçirilir:

-  fəlakətlərin proqnozlaşdırılması, qarşısının alınması və qiymətləndirilməsi, onların nəticələrinin aradan qaldırılması, elmi, texniki və əməli təcrübə mübadiləsi;

-   Razılığa gələn Tərəflərin və onların aidiyyəti qurumlarının əməkdaşlığı ilə birgə təlimlərin keçirilməsi, təhsil müəssisələrinin əməkdaşlığı, konfransların, tədqiqat səfərlərinin, elmi proqramların və peşə kurslarının təşkil edilməsi;

-   digər Razılığa gələn Tərəfin ərazisinə təsir edə biləcəyi hallarda, fəlakət yarada biləcək təhlükələrin mənbələri və onların nəticələri barədə məlumat mübadiləsi;

-   fəlakətlərin səbəblərinin tədqiqi və onların nəticələrinin qiymətləndirilməsi;

-   qarşılıqlı yardımın təmin olunması, sorğu göndərən Tərəfə mümkün avadanlıqların verilməsi.

 

Maddə 2

 

1. Bu Sazişin müddəaları və 1-ci maddəsi ilə müəyyən. edilmiş əməkdaşlıq sahələrinin həyata keçirilməsi məqsədilə, aşağıda adları qeyd olunanlar səlahiyyətli orqanlar təyin edilirlər (bundan sonra “səlahiyyətli orqanlar” adlandırılacaqdır):

 - Azərbaycan Respublikasının Hökuməti adından: Fövqəladə Hallar Nazirliyi;

 - Macarıstan Respublikasının Hökuməti adından: Fövqəladə halların idarə olunması üzrə Dövlət Baş Direktorluğu, Daxili İşlər Nazirliyi.

2. Sazişin müddəalarının həyata keçirilməsi müddətində səlahiyyətli orqanlar bir biri ilə əməkdaşlıq edir və birbaşa əlaqə saxlayırlar.

3. Bu məqsədlə səlahiyyətli orqanlar məlumatın mütəmadiliyini və intensiv yenilənəcəyini təmin edərək, daimi əlaqə ünvanları təyin edilmiş şəxslər və təşkilatlar barəsində qarşılıqlı olaraq məlumatlandırılırlar.

 

Maddə 3

 

Hazırkı Sazişin məqsədlərinə nail olmaq üçün Razılığa gələn Tərəflər səlahiyyətli orqanlar, hökumət və qeyri-hökumət təşkilatları arasında bütün növ əməkdaşlıq formalarına yardım edir və dəstəkləyirlər.

 

Maddə 4

 

Razılığa gələn Tərəflər başqa şəkildə razılaşmadığı təqdirdə, bu Saziş çərçivəsində yardım təmənnasız olaraq təmin edilir.

 

Maddə 5

 

1.    Fəlakət riskinin olması və ya baş verməsi halında, Razılığa gələn Tərəflər yazılı sorğular əsasında səlahiyyətli orqanlar vasitəsilə bir-birinə yardım göstərirlər.

2.    Sorğu göndərən Tərəf sorğu alan Tərəfi fövqəladə halın xarakteri və miqyası, istənilən yardımın xarakteri/forması və yardımın çatdırılması ardıcıllığı barəsində məlumatlandırır.

3.    Sorğu alan Tərəf gecikmədən yardımın təmin olunması barədə qərar qəbul edir və sorğu göndərən Tərəfi təcili yardımın göstərilməsinin mümkünlüyü, təklif olunan yardımın xarakteri, miqyası və şərtləri barəsində məlumatlandırır.

 

Maddə 6

 

1.    Sorğu göndərən Tərəfin milli qanunvericiliyinə uyğun olaraq səlahiyyətli orqan öz dövlətinin ərazisində xilasetmə əməliyyatlarını istiqamətləndirəcək və əlaqələndirəcəkdir,

2.    Sorğu alan Tərəfin vasitələri Razılığa gələn Tərəflərin qarşılıqlı razılığı əsasında istifadə ediləcəkdir.

3.    Bu maddənin 1-ci bəndində qeyd olunan əməliyyatlar zamanı sorğu alan Tərəfin xilasetmə dəstəsinə təlimatlar ancaq xilasetmə dəstəsinin rəhbəri vasitəsilə verilə bilər.

 

Maddə 7

 

Bu Sazişə əsaslanan fəaliyyətlər zamanı toplanan məlumatlar yalnız məlumatı ötürən Razılığa gələn Tərəfin əvvəlcədən yazılı razılığı ilə üçüncü şəxsə ötürülə bilər. Ötürülən məlumatlar yalnız Razılığa gələn Tərəflərin səlahiyyətli orqanlarının əvvəlcədən yazılı razılığı olduğu təqdirdə nəşr oluna bilər. Bu Saziş çərçivəsində şəxsi məlumatlar ötürülə bilməz.

 

Maddə 8

 

Bu Sazişin təfsiri və ya həyata keçirilməsi ilə bağlı Razılığa gələn Tərəflər arasında meydana çıxa biləcək hər hansı bir fikir ayrılığı danışıqlar və məsləhətləşmələr yolu ilə həll ediləcəkdir.

 

Maddə 9

 

Bu Saziş Razılığa gələn Tərəflərin iştirakçısı olduqları digər beynəlxalq sazişlərdən irəli gələn hüquq və öhdəliklərinə toxunmur. Bu Saziş Macarıstanın Avropa İttifaqına üzv olmasından irəli gələn öhdəliklərinə toxunmur.

 

Maddə 10

 

Razılığa gələn Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə əlavə və dəyişikliklər edilə bilər. Bu Sazişin ayrılmaz tərkib hissəsi olan əlavə və dəyişikliklər ayrıca protokollar formasında tərtib ediləcək və onun 11-ci maddəsi ilə müəyyən olunan qaydada qüvvəyə minəcəkdir.

 

Maddə 11

 

1. Bu Saziş Razılığa gələn Tərəflərin bir-birini onun qüvvəyə minməsi üçün tələb olunan daxili prosedurların tamamlanması barədə məlumatlandırdığı sonuncu bildirişin alındığı tarixdən etibarən 30 (otuz) gün sonra qüvvəyə minir.

2. Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır. Razılığa gələn Tərəflərdən hər hansı biri bu Sazişi ləğv etmək niyyəti barədə digər Razılığa gələn Tərəfə diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərməklə bu Sazişi ləğv edə bilər. Bu Saziş belə yazılı bildirişin alınması tarixindən etibarən 3 (üç) ay sonra öz qüvvəsini itirir.

3. Bu Sazişin qüvvədən düşməsi onun 7-ci maddəsinə təsir etmir.

Bu Saziş Bakı şəhərində 2011-ci il “11” noyabr tarixində, iki əsl nüsxədə, hər biri Azərbaycan, macar və ingilis dillərində olmaqla imzalanmışdır. Bu Sazişin müddəalarının təfsiri ilə bağlı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətn əsas götürüləcəkdir.

 
Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Elmi-texniki Jurnalı akademiya
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu