Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Çin Xalq Respublikasının Mülki Məsələlər üzrə Nazirliyi arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

  1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Çin Xalq Respublikasının Mülki Məsələlər üzrə Nazirliyi arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında 2014-cü il sentyabrın 23-də Pekin şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
  2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
  3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətini xəbərdar etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 oktyabr 2014-cü il

№ 312

 

 

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Çin Xalq Respublikasının Mülki Məsələlər üzrə Nazirliyi arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında

ANLAŞMA MEMORANDUMU

 

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Çin Xalq Respublikasının Mülki Məsələlər üzrə Nazirliyi (bundan sonra Tərəflər adlandırılacaq),

təbii fəlakətlərin səbəb olduğu mümkün itkiləri nəzərə alaraq,

fövqəladə halların idarə edilməsi sahəsində qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək və təbii fəlakətlər zamanı qarşılıqlı yardım göstərmək səylərini təşviq etməyi arzulayaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

Əməkdaşlığın məqsədi

 

Bu Anlaşma Memorandumu Tərəflərin dövlətlərinin ərazisində baş vermiş və ya baş verə biləcək təbii fəlakətlərin əvvəlcədən xəbərdar edilməsi, qarşısının alınması, hazırlıq, nəticələrinki azaldılması və aradan qaldırılması sahəsində ikitərəfli əməkdaşlığı yaratmaq məqsədi daşıyır.

 

Maddə 2

Əməkdaşlıq sahələri

 

Əməkdaşlıq aşağıdakı fəaliyyətləri əhatə edir:

Məlumat, dövri mətbuat, texniki, metodiki və elmi ədəbiyyatların, tədqiqat işlərinin nəticələrinin, videolar, fotolar və digər materialların mübadiləsi;

ekspertlərin mübadiləsi;

ortaq təbii fəlakət risklərinin azaldılmasına yönəldilmiş strategiya və metodların işlənib hazırlanması;

razılaşdırılmış mövzular üzrə təlim kursları, seminarlar və işçi görüşlərin təşkil edilməsi;

təbii fəlakətlər zamanı qarşılıqlı yardım prosedurlarının müəyyənləşdirilməsi.

 

Maddə 3

Birgə İşçi Qrupu

 

Bu Anlaşma Memorandumunun həyata keçirilməsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Çin Xalq Respublikası Mülki Məsələlər üzrə Nazirliyinin nümayəndələrinin daxil olduğu Birgə İşçi Qrupu tərəfindən əlaqələndiriləcəkdir.

Birgə İşçi Qrupu sorğu əsasında alternativ şəkildə görüşür. Tərəflər bu Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Birgə İşçi Qrupunun tərkibi barədə bir-birini məlumatlandırırlar. Tərəflər Birgə İşçi Qrupunun tərkibi ilə bağlı baş vermiş dəyişikliklər barədə bir-birini məlumatlandırırlar.

 

Maddə 4

Xərclər

 

Bu Anlaşma Memorandumunun müddəalarının icra edilməsi ilə bağlı xərclər Tərəflərin qarşılıqlı razılığı əsasında həyata keçirilir.

 

Maddə 5

Məxfilik

 

Bu Anlaşma Memorandumu çərçivəsində əldə edilmiş bütün məlumatlar, göstəricilər və nəticələr onun müddəti bitdikdən sonra belə, digər Tərəfin əvvəlcədən razılığı olmadan nəşr edilə və ya başqa məqsədlər üçün istifadə edilə və ya üçüncü tərəfə ötürülə bilməz.

 

Maddə 6

Fikir ayrılıqlarının həlli

 

Bu Anlaşma Memorandumunun təfsiri və ya tətbiqi zamanı yarana biləcək istənilən fikir ayrılığı Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll ediləcəkdir.

 

Maddə 7

Əlavə və dəyişikliklər

 

Tərəflərin qarşılıqlı razılığı əsasında bu Anlaşma Memorandumuna onun ayrılmaz tərkib hissəsi olaraq ayrıca protokollar formasında rəsmiləşdirilən və 8-ci maddənin müddəalarına uyğun olaraq qüvvəyə minən əlavə və dəyişikliklər edilə bilər.

 

Maddə 8

Qüvvəyəminmə, müddət və ləğvetmə

 

Bu Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişi diplomatik kanallar vasitəsilə aldığı tarixdən qüvvəyə minir.

Bu Anlaşma Memorandumu üç il müddətinə bağlanılır və Tərəflərdən biri bu Anlaşma Memorandumunu ləğv etmək niyyəti barədə digər Tərəfə ən azı altı ay əvvəldən diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərmədiyi təqdirdə, avtomatik olaraq növbəti üçillik müddətlərə qüvvədə qalır.

Bu Anlaşma Memorandumu Pekin şəhərində 2014-cü il 23 sentyabr tarixində, hər biri Azərbaycan, Çin və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsir zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Elmi-texniki Jurnalı akademiya
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu