Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Latviya Respublikasının İqtisadiyyat Nazirliyi arasında tikinti təhlükəsizliyi üzərində dövlət nəzarəti sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Latviya Respublikasının İqtisadiyyat Nazirliyi arasında tikinti təhlükəsizliyi üzərində dövlət nəzarəti sahəsində əməkdaşlıq haqqında 2017-ci il iyulun 17-də Riqa şəhərində imzalanmış Saziş təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Latviya Respublikası Hökumətinə bildiriş göndərsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 2 noyabr 2017-ci il

№ 1651

 

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə

Latviya Respublikasının İqtisadiyyat Nazirliyi arasında tikinti

təhlükəsizliyi üzərində dövlət nəzarəti sahəsində əməkdaşlıq haqqında

SAZİŞ

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Latviya Respublikasının İqtisadiyyat Nazirliyi (bundan sonra “Tərəflər” adlandırılacaq),

ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi üçün qarşılıqlı maraqdan çıxış edərək,

tikinti təhlükəsizliyi üzərində dövlət nəzarəti sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qəbul edərək,

hər iki Tərəfin dövlətinin qanunlarına və qaydalarına və onların beynəlxalq öhdəliklərinə müvafiq olaraq,

2005-ci il 3 oktyabr tarixli “Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında Saziş”i nəzərə alaraq,

əməkdaşlığın qarşılıqlı faydasını dərk edərək, aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

Tərəflər öz səlahiyyətləri çərçivəsində və milli qanunvericiliklərinə uyğun olaraq aşağıdakı istiqamətlərdə əməkdaşlıq edəcəklər:

- mühəndislik tədqiqatları, dizayn, tikinti və quraşdırma işlərinin həyata keçirilməsi, o cümlədən inşaat mallarının, məhsullarının və qurğularının istehsalı da daxil olmaqla tikinti fəaliyyətləri sahəsində məlumat mübadiləsi;

- binaların və qurğuların seysmik davamlılığı və dinamik möhkəmliyi, layihələndirilən, tikilən və istismar olunan binaların və qurğuların, eləcə də tikinti elementlərinin etibarlılığının qiymətləndirilməsi də daxil olmaqla tikinti təhlükəsizliyi məsələləri üzrə təcrübə mübadiləsi;

- inşaat məmulatları üzərində tənzimləyici nəzarət və onların beynəlxalq normalara və standartlara uyğunlaşdırılması məsələləri sahəsində məlumat mübadiləsi;

- Tərəflərin tikinti fəaliyyətləri sahəsində milli qanunvericiliklərinin uyğunlaşdırılması üzrə birgə tövsiyələrin hazırlanması;

- tikinti təhlükəsizliyi üzərində dövlət nəzarəti məsələləri üzrə birgə seminarların və konfransların, qarşılıqlı səfərlərin və qarşılıqlı maraq doğuran tədbirlərin təşkil edilməsi.

Maddə 2

Bu Sazişlə əhatə olunan fəaliyyətlər barəsində əldə edilmiş məlumat, bu məlumatı təmin edən Tərəfin əvvəlcədən yazılı razılığı olmadan üçüncü tərəflərə ötürülə bilməz. Belə məlumatlar Tərəflərin əvvəlcədən verilmiş yazılı təsdiqi olmadan dərc oluna bilməz.

Maddə 3

Bu Sazişin təfsiri və ya tətbiqi ilə bağlı yarana biləcək bütün mübahisələr Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll ediləcəkdir.

Maddə 4

Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə istənilən əlavələr və dəyişikliklər edilə bilər. Belə əlavə və dəyişikliklər bu Sazişin ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında rəsmiləşdiriləcək və bu Sazişin 5-ci maddəsinin müddəalarına müvafiq olaraq qüvvəyə minəcəkdir.

Maddə 5

Bu Saziş onun qüvvəyə minməsi üçün tələb olunan dövlətdaxili prosedurların tamamlanması barədə Azərbaycan Tərəfinin Latviya Tərəfini məlumatlandırdığı yazılı bildirişinin alındığı tarixdən etibarən qüvvəyə minəcəkdir.

Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır. Tərəflərin hər hansı biri istənilən vaxt bu Sazişi ləğv etmək niyyəti barədə digər Tərəfi yazılı şəkildə rəsmi kanallar vasitəsilə məlumatlandıra bilər. Ləğvetmə belə bildirişin alindığı tarixdən 90 (doxsan) gün sonra qüvvəyə minir.

Başqa formada razılaşılmadığı təqdirdə, bu Sazişin ləğv edilməsi belə ləğvetməyə qədər Saziş çərçivəsində həyata keçirilməyə başlanılmış layihələrin etibarlılığı və müddətinə təsir etməyəcəkdir.

Riqa şəhərində 2017-ci il 17 iyul tarixində, Azərbaycan, latış və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Hər hansı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətnə üstünlük veriləcəkdir.

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Elmi-texniki Jurnalı akademiya
Fhn akademiya

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu