

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


“Xəzər dənizində fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Xəzər dənizində fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” 2014-cü il sentyabrın 29-da Həştərxan şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 dekabr 2014-cü il
№ 1122-IVQ
Xəzər dənizində fövqəladə halların qarşısının alınması
və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında
SAZİŞ
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Rusiya Federasiyası və Türkmənistanın hökumətləri,
Xəzəryanı dövlətlər və onların xalqları arasında dostluq və əməkdaşlıq münasibətlərindən çıxış edərək və onların gələcək inkişafına dair istəklərini vurğulayaraq,
fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üzrə yardımın göstərilməsi sahəsində BMT-nin və digər beynəlxalq təşkilatların rolunu qeyd edərək,
Tərəflərdən birinin dövlətinin qüvvələri hesabına aradan qaldırılması mümkün olmayan, qarşısının alınması və aradan qaldırılmasında Tərəflərin dövlətlərinin əlaqələndirilmiş fəaliyyətinin həyata keçirilməsini tələb edən, təbii və texnogen xarakterli fövqəladə halların yaranması ehtimalını qəbul edərək, fövqəladə halların yaradacağı təhlükəni dərk edərək,
Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında 4 noyabr 2003-cü il tarixli Çərçivə Konvensiyasının (Tehran Konvensiyası) müddəalarını nəzərə alaraq,
Xəzər dənizinin unikal ekosisteminin qorunması üzrə gələcək nəsillər qarşısındakı məsuliyyətlərini dərk edərək,
fövqəladə halların qarşısının alınması və aradan qaldırılması məsələləri üzrə elmi-texniki əməkdaşlığın inkişafına səy göstərərək, aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Anlayışlar
1. Hazırkı Sazişdə istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
“fövqəladə hal” - insan tələfatına, insanların sağlamlığına, ətraf mühitə, istehsalat və sosial infrastruktur obyektlərinə zərər gətirən, əhəmiyyətli dərəcədə maddi itkiyə və həyat fəaliyyəti şəraitinin pozulmasına səbəb olan və ya səbəb ola biləcək qəza, bədbəxt hadisə, eləcə də təbii və ya texnogen xarakterli fəlakət nəticəsində yaranmış vəziyyət;
“Sorğu edən Tərəf" - digər Tərəflərə yardım dəstəsi, avadanlıq və təminat materiallarının göndərilməsi sorğusu ilə müraciət edən Tərəf;
“Təmin edən Tərəf" - Sorğu edən Tərəfin yardım dəstəsi, avadanlıq və təminat materiallarının göndərilməsi ilə bağlı sorğusunu təmin edən Tərəf;
“fövqəladə hal ərazisi” - fövqəladə halın baş verdiyi rayon;
“səlahiyyətli orqan” - hazırkı Sazişin həyata keçirilməsi ilə bağlı fəaliyyətlərin əlaqələndirilməsi üçün hər bir Tərəfin təyin etdiyi orqan;
“fövqəladə halların aradan qaldırılması” - fövqəladə hal baş verən zaman həyata keçirilən və insanların xilas edilməsinə, sağlamlığının qorunmasına, ətraf mühitin mühafizəsinə, zərərin və maddi itkilərin azaldılmasına, həmçinin fövqəladə hal ərazisinin lokallaşdırılmasına yönəlmiş qəza-xilasetmə və digər təxirəsalınmaz işlər;
“yardım dəstəsi” - Təmin edən Tərəfin yardım üçün göndərdiyi və zəruri avadanlıqla təchiz etdiyi mütəxəssislər dəstəsi;
“avadanlıq” - qəza-xilasetmə işlərinin həyata keçirildiyi müddətdə yardım dəstəsinin həyat fəaliyyəti üçün zəruri olan materiallar, nəqliyyat və texniki vasitələr, yardım dəstəsinin təchizatı və dəstə üzvlərinin şəxsi ləvazimatları, həmçinin dərman vasitələri və tibbi preparatlar;
“təminat materialları” - fövqəladə hal nəticəsində zərərçəkmiş əhali arasında təmənnasız olaraq paylanılmaq üçün nəzərdə tutulmuş maddi vasitələr;
“fövqəladə halların qarşısının alınması” - fövqəladə halların baş verməsi riskinin və onların insanın sağlamlığına və ətraf mühitə təsirinin maksimum dərəcədə azaldılmasına yönəlmiş kompleks önləyici tədbirlər;
“tranzit dövlət” - Sorğu edən Tərəfin dövləti istisna olmaqla, ərazisi vasitəsilə yardım dəstəsinin, avadanlıq və təminat materiallarının tranzit olaraq daşındığı hər hansı bir Tərəfin dövləti.
Maddə 2
Əhatə dairəsi
1. Hazırkı Saziş, Xəzər dənizində təbii və texnogen xarakterli fövqəladə hallar baş verdiyi halda, Tərəflər arasındakı əməkdaşlığı tənzimləyir.
2. Hazırkı Saziş Xəzər dənizində baş verən, lakin Tərəflərdən hər hansı birinin öz qüvvələri hesabına aradan qaldırması mümkün olmayan və bunun nəticəsi olaraq həmin Tərəfin yardım üçün digər Tərəfə və ya Tərəflərə müraciət etdiyi fövqəladə halların qarşısının alınması və/və ya aradan qaldırılması məqsədi ilə tətbiq edilir.
Hazırkı Saziş Sorğu edən Tərəfin onun quru ərazisində baş verən fövqəladə halın Xəzər dənizinə mənfi təsir göstərə biləcəyini hesab etdiyi hal zamanı da tətbiq edilir.
Maddə 3
Prinsiplər
Tərəflər, dövlətlərinin milli qanunvericiliklərinə və ümumi qəbul edilmiş beynəlxalq normalara müvafiq olaraq, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlığı aşağıdakı prinsiplərə əsaslanaraq həyata keçirirlər:
1) bərabərlik və qarşılıq;
2) dövlətdaxili səviyyədə qərar qəbul etməkdə müstəqillik;
3) öz imkanlarına müvafiq olaraq Tərəflərin yardım göstərməsi;
4) irqi, etnik, dini, siyasi və digər amillər üzrə ayrı-seçkilik yaratmadan təminat materiallarının zərərçəkmiş insanlar arasında paylanması.
Maddə 4
Əməkdaşlığın formaları
Hazırkı Saziş çərçivəsində Tərəflərin əməkdaşlığı aşağıdakıları nəzərdə tutur:
- fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üzrə əməkdaşlıq sisteminin yaradılması və təkmilləşdirilməsi;
- fövqəladə halların proqnozlaşdırılması və monitorinqi üzrə Tərəflərin əməkdaşlığı;
- digər Tərəfə təsir edə bilən fövqəladə halın baş verməsi riski barədə məlumatlandırma (xəbərdarlıq etmə);
- fövqəladə halların aradan qaldırılması zamanı yardım göstərilməsi;
- yardım dəstəsinin təchiz olunmasında zəruri qarşılıqlı yardım göstərilməsi;
- fövqəladə hallar zamanı davranış hazırlığının təşkili üzrə təcrübə mübadiləsi;
- fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində məlumatın, elmi-texniki ədəbiyyatın, tədqiqat işlərinin nəticələrinin və texnologiyaların mübadiləsi;
- birgə konfransların, iş iclaslarının, təlim və məşqlərin, ixtisaslaşmış sərgilərin keçirilməsi;
- təhsil müəssisələrində mütəxəssislərin hazırlanması, təlim iştirakçılarının, müəllimlərin, alim və mütəxəssislərin mübadiləsi;
- Tərəflərin razılığı ilə fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində digər fəaliyyət növləri.
Maddə 5
Səlahiyyətli orqanlar
1. Hazırkı Sazişin həyata keçirilməsi məqsədi ilə Tərəflər aşağıdakı səlahiyyətli orqanlarını təyin edirlər:
Azərbaycan Respublikasından - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi;
İran İslam Respublikasından - İran İslam Respublikasının Daxili İşlər Nazirliyi (Böhranların İdarə Olunması üzrə Milli Təşkilat);
Qazaxıstan Respublikasından - Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi, Qazaxıstan Respublikasının Sərmayələr və İnkişaf Nazirliyi;
Rusiya Federasiyasından - Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Nazirliyi, Rusiya Federasiyasının Nəqliyyat Nazirliyi;
Türkmənistandan - Türkmənistanın Müdafiə Nazirliyi (Mülki müdafiə və fövqəladə hallar Baş idarəsinin Fövqəladə hallar və xilasetmə işləri İdarəsi).
2. Başqa səlahiyyətli orqan təyin edildikdə və ya orqanların adlarında dəyişiklik olduğu halda Tərəf digər Tərəfləri məlumatlandırmaq üçün Depozitarini bu barədə məlumatlandırır.
Maddə 6
Yardım göstərilməsi üçün sorğu
1. Yardım Tərəfin yazılı sorğusu əsasında göstərilir. İstisna hallarda sorğu şifahi şəkildə edilə və daha sonra yazılı olaraq təsdiqlənə bilər. Yardım göstərilməsi barədə sorğuda Sorğu edən Tərəf aşağıdakı məlumatları qeyd edir:
a) fövqəladə halın yeri, baş vermə vaxtı, miqyası və fövqəladə hal ərazisinin cari vəziyyəti;
b) sorğu göndərilən zamanadək görülmüş tədbirlər, tələb olunan yardımın dəqiq təsviri, fövqəladə halların aradan qaldırılması zamanı prioritetlərin müəyyən edilməsi.
2. Sorğu alan Tərəf ən qısa zamanda Sorğu edən Tərəfi öz imkanları, yardımın ölçüsü və göstərilməsi şərtləri və ya yardım göstərmənin mümkün olmaması barədə məlumatlandırır.
Sorğu edən Tərəf, imkan daxilində, bu maddənin 1-ci bəndində qeyd olunmuş məlumatları yeniləyir və onları dərhal Təmin edən Tərəfə ötürür.
Maddə 7
Fövqəladə hallar zamanı əlaqələndirmə və qarşılıqlı fəaliyyəti
1. Sorğu edən Tərəfin dövlətinin ərazisində yardım dəstələrinin fəaliyyətinin əlaqələndirilməsini, ona rəhbərliyi və nəzarəti Sorğu edən Tərəfin səlahiyyətli orqanı bu dəstələrin rəhbərləri vasitəsilə həyata keçirir.
2. Sorğu edən Tərəf yardım dəstələrinin rəhbərlərinə fövqəladə hal ərazisindəki vəziyyət, operativ ştabın təşkili üçün yer və tərcüməçilər barədə operativ məlumat verir, həmçinin yardım dəstələrinin təhlükəsizliyini və tibbi xidməti təmin edir, onları rabitə vasitələri ilə təchiz edir.
3. Yardım dəstələrinin Sorğu edən Tərəfin dövlətinin ərazisində qalma müddəti müvafiq Tərəflər arasında razılaşma ilə müəyyən edilir.
4. İşlər bitdikdən sonra yardım dəstəsinin rəhbəri Sorğu edən Tərəfin dövlətinin səlahiyyətli orqanına öz dəstələrinin fövqəladə halların aradan qaldırılmasına yönəlmiş fəaliyyəti və işlərinin nəticələri barədə hesabat təqdim edir.
Maddə 8
Tranzit
1. Tranzit Tərəf dövlətinin milli qanunvericiliyinə və beynəlxalq hüquq normalarına müvafiq olaraq, öz ərazisi vasitəsilə yardım dəstələrinin, avadanlıq və təminat materiallarının maneəsiz tranzitini təmin edir, həmçinin aşağıda qeyd olunan məsələləri asanlaşdıracaq zəruri hüquqi və inzibati tədbirləri görür:
a) fövqəladə halların aradan qaldırılmasına cəlb olunan bütün növ nəqliyyat vasitələrinin onun dövlətinin ərazisinə gəlməsini, onlardan istifadə edilməsini və getməsini;
b) fövqəladə halların aradan qaldırılması üçün yardım dəstələrinin, avadanlıq və yardım materiallarının öz dövlətinin ərazisinə, ərazisi vasitəsilə və ərazisindən sürətli daşınmasını.
2. Təmin edən Tərəf yardım dəstəsinin hərəkət marşrutu, avadanlıq və yardım materiallarının çatdırılma marşrutları barədə Tranzit Tərəfin dövlətini məlumatlandırır.
Maddə 9
Yardım dəstəsinin Sorğu edən Tərəfin dövlətinin ərazisinə daxil olması,
oranı tərk etməsi və orada qalması
1. Təmin edən Tərəfin səlahiyyətli orqanı yardım dəstəsinin Sorğu edən Tərəfin dövlətinin və/və ya Tranzit Tərəf - dövlətin ərazisinə gəlməsindən əvvəl yardım dəstəsi üzvlərinin şəxsiyyətlərini müəyyən edən sənədlərin təfərrüatlarının qeyd olunduğu siyahını Sorğu edən Tərəfə və/və ya Tranzit Tərəf - dövlətə göndərir.
2. Sorğu edən Tərəf və Tranzit Tərəf - dövlət, öz dövlətlərinin milli qanunvericiliklərinə və beynəlxalq öhdəliklərə uyğun olaraq, Təmin edən Tərəfin yardım dəstəsinin giriş və çıxışla bağlı prosedurları keçməsini ilk növbədə təmin edir.
3. Yardım dəstəsinin üzvləri Tərəflər arasında razılaşdırılmış keçid məntəqələrindən, şəxsiyyəti müəyyən edən və bu qisimdə Sorğu edən Tərəfin və ya Tranzit Tərəf - dövlətin tanıdığı etibarlı sənədlərlə Sorğu edən Tərəfin və ya Tranzit Tərəf - dövlətin ərazisinə girir və ərazisindən çıxır.
4. Lazım olduğu təqdirdə, Sorğu edən Tərəf və Tranzit Tərəf - dövlət yardım dəstəsinin üzvləri üçün ən qısa zamanda viza rəsmiləşdirməsini təmin edir.
5. Yardım dəstəsinin tərkibində xilasetmə itlərinin daşınması proseduru və onların Sorğu edən Tərəfin dövlətinin və ya Tranzit Tərəf - dövlətin ərazisində qalması Sorğu edən Tərəfin dövlətinin və tranzit dövlətin karantin qaydalarına uyğun olaraq müəyyən edilir.
6. Yardım dəstələrinin üzvləri Sorğu edən Tərəfin dövlətinin və Tranzit dövlətin ərazilərində olduqları müddətdə müvafiq dövlətlərin milli qanunvericiliyinə riayət edirlər.
7. Sorğu edən Tərəf yardım dəstələrinin, avadanlıq və təminat materiallarının fövqəladə hal ərazisinə dərhal çatması üçün hərtərəfli yardım göstərir.
8. Yardım dəstələri fövqəladə hal ərazisinə gəldiyi andan ən azı 72 saat ərzində müstəqil fəaliyyət göstərməyə hazır olmalıdırlar. Bu müddətin başa çatmasından sonra, Tərəflər arasında başqa şəkildə razılaşdırılmadığı təqdirdə, Sorğu edən Tərəf yardım dəstəsini onun işi üçün zəruri olan ehtiyatlarla təmin edir.
9. Sorğu edən Tərəf yardım dəstəsinə verilən ərzaq məhsullarının və ilkin zərurət mallarının təhlükəsizliyini təmin edir.
Maddə 10
Hava nəqliyyatından istifadə
1. Yardım dəstələri, avadanlıq və təminat materialları hava nəqliyyatı vasitəsilə daşma bilər.
2. Hava nəqliyyatı vasitəsindən istifadə ilə bağlı qərar qəbul edildiyi zaman Təmin edən Tərəfin dövlətinin səlahiyyətli orqanı Sorğu edən Tərəfi və Tranzit Tərəf - dövlətləri hava gəmisinin növü və tanınma nişanı, uçuşun marşrutu, təyinat hava limanı, ekipaj üzvlərinin sayı, vəzifə öhdəlikləri göstərilməklə sərnişinlərin siyahısı və yükün növü barədə məlumatlandırır.
3. Uçuşlar Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) qaydaları və Tərəflərin dövlətlərinin milli qanunvericilikləri əsasında həyata keçirilir.
4. Hazırkı Sazişə uyğun olaraq yardım göstərilməsində iştirak edən Təmin edən Tərəfin dövlətinin hava gəmisi uçuş, enmə, havaya qalxma, qalma müddəti ərzində dayanacaqda qalmaq və naviqasiya xidmətləri ilə bağlı Sorğu edən Tərəfin və Tranzit Tərəfin dövlətlərinin bütün növ vergilərindən azad edilir.
5. Təmin edən Tərəfin dövlətinin hava gəmisinin yanacağı və texniki xidməti ilə bağlı xərclərinin əvəzinin ödənilməsi müvafiq Tərəflər arasında əldə olunan razılıq əsasında həyata keçirilir.
Maddə 11
Su nəqliyyatı vasitəsindən istifadə
1. Yardım dəstələri, avadanlıq və təminat materialları su nəqliyyatı vasitəsilə daşma bilər.
2. Su nəqliyyatı vasitəsindən istifadə ilə bağlı qərar qəbul edildiyi zaman Təmin edən Tərəfin dövlətinin səlahiyyətli orqanı Sorğu edən Tərəfi gəmilərin növü, ekipaj üzvlərinin sayı, vəzifə öhdəlikləri göstərilməklə sərnişinlərin siyahısı və yükün növü barədə məlumatlandırır.
3. Hazırkı Sazişə uyğun olaraq yardımın göstərilməsində iştirak edən Təmin edən Tərəfin dövlətinin su nəqliyyatı vasitəsi Sorğu edən Tərəfin dövlətinin bütün növ liman ödənişlərindən azad edilir.
4. Təmin edən Tərəfin dövlətinin su nəqliyyatı vasitəsinin yanacağı və texniki xidməti ilə bağlı xərclərinin əvəzinin ödənilməsi müvafiq Tərəflər arasında əldə olunan razılıq əsasında həyata keçirilir.
Maddə 12
Avadanlıq və təminat materiallarının idxalı, ixracı və tranziti
1. Yardım dəstəsinin rəhbəri fövqəladə halların aradan qaldırılması üçün gətirilən avadanlıq və təminat materiallarının Təqdim edən və Sorğu edən Tərəflərin dövlətlərinin səlahiyyətli orqanları ilə razılaşdırılmış siyahısını Sorğu edən Tərəfin dövlətinin və tranzit dövlətin gömrük orqanlarına təqdim edir.
2. Hazırkı Sazişə uyğun olaraq gətirilən və aparılan avadanlıq və təminat materialları gömrük rüsumlarından, vergi və ödənişlərdən azad edilir.
3. Avadanlıq və təminat materiallarının gömrük rəsmiləşdirilməsi Tərəflərin dövlətlərinin milli qanunvericiliyinə uyğun olaraq ilk növbədə həyata keçirilir.
4. Yardımın göstərilməsi işləri başa çatdıqdan sonra Sorğu edən Tərəfin dövlətinin ərazisinə gətirilmiş avadanlıq (tam istifadə olunmuş və ya sıradan çıxmış avadanlıq istisna olmaqla) yardım edən dövlət Tərəfindən geri aparılır. Tam istifadə olunmuş və ya sıradan çıxmış avadanlıq və zərərçəkmiş əhaliyə paylanmış təminat materiallarını Sorğu edən Tərəfin dövlətinin səlahiyyətli orqanı sənədləşdirir. Hər hansı xüsusi hal səbəbindən avadanlığın ixracı mümkün olmadıqda, onların Sorğu edən Tərəfə verilməsi ilə bağlı məsələ hər bir konkret hal üçün Tərəflər arasında razılaşma ilə həll olunur.
Maddə 13
Məlumatın mühafizəsi
Tərəflərin dövlətlərinin milli qanunvericiliyinə uyğun olaraq, yayılmasına yol verilməyən məxfi məlumatlar istisna olmaqla, hazırkı Saziş çərçivəsində həyata keçirilən fəaliyyət nəticəsində əldə olunan məlumatlar, Tərəflər arasında başqa şəkildə razılaşdırılmadığı təqdirdə, ictimaiyyət üçün açıqdır.
Maddə 14
Yardım göstərilməsi xərcləri
1. Yardım Tərəflərin qarşılıqlı razılığı ilə təmənnasız və ya geri ödənilən əsasda göstərilə bilər.
2. Sorğu edən Tərəf öz qərarı barəsində Təmin edən Tərəfi dərhal məlumatlandırmaqla, istənilən vaxt yardımın göstərilməsi ilə bağlı sorğusundan imtina edə bilər. Əgər yardım geri ödənilən əsasda göstərilirsə, Təmin edən Tərəf yardımdan imtina edildiyi tarixədək çəkdiyi xərclərin geri ödənilməsini tələb edə bilər.
3. Yardım dəstəsinin üzvlərinin sığortalanmasını Təmin edən Tərəf həyata keçirir. Yardımın geri ödənilən əsasda göstərilməsi halında, sığortanın rəsmiləşdirilməsi xərcləri yardımın göstərilməsi ilə bağlı ümumi xərclərə daxil edilmir və geri ödənilmir.
4. Yardımın geri ödənilən əsasda göstərilməsi halında Təqdim edən dövlətin səlahiyyətli orqanı fövqəladə halların aradan qaldırılması üzrə işlər başa çatdıqdan sonra bir həftə ərzində göstərilmiş yardımın həcmi barədə Sorğu edən Tərəfin dövlətinin səlahiyyətli orqanını məlumatlandırır.
5. Yardımın geri ödənilən əsasda göstərilməsi halında Sorğu edən və Təqdim edən Tərəflərin dövlətlərinin səlahiyyətli orqanları işlərin başa çatmasından sonra bir ay ərzində yardım göstərilməsi xərcləri ilə bağlı fövqəladə halın səbəbləri və xarakteristikası haqqında məlumatları əks etdirən ikitərəfli akt hazırlayırlar. Sorğu edən Tərəf, xərclərin ödənilməsini yardım göstərilməsi xərcləri ilə bağlı ikitərəfli akt əsasında Tərəflər arasında razılaşdırılan müddətdə həyata keçirir.
Maddə 15
Yardım göstərilən zaman dəyən ziyanın ödənilməsi
1. Hazırkı Sazişin həyata keçirilməsi ilə bağlı tapşırıqların yerinə yetirilməsi zamanı yardım dəstəsinin üzvləri tərəfindən Sorğu edən Tərəfin dövlətinin ərazisində hüquqi və ya fiziki şəxsə yetirilən zərəri, Sorğu edən Tərəf öz dövlətinin milli qanunvericiliyinə uyğun olaraq özü ödəyir.
2. Yardım dəstəsinin üzvləri Sorğu edən Tərəfin dövlətinin ərazisində hüquqi və ya fiziki şəxsə bilərəkdən və ya ciddi ehtiyatsızlıq səbəbindən zərər yetirərsə və bunu, Sorğu edən Tərəfin dövlətinin müvafiq orqanları sübut edərsə, Sorğu edən və Təmin edən Tərəflərin dövlətlərinin səlahiyyətli orqanları müvafiq məlumat mübadiləsi aparır və müvafiq Tərəflərin razılığı ilə zərərin ödənilməsi üzrə tədbirlər görürlər.
Maddə 16
Digər beynəlxalq müqavilələrlə əlaqə
Hazırkı Saziş Tərəflərin dövlətlərinin iştirakçısı olduğu digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə təsir etmir.
Maddə 17
Xəzər dənizinin hüquqi statusu ilə əlaqə
Hazırkı Sazişin heç bir müddəası Xəzər dənizinin hüquqi statusu ilə bağlı danışıqların nəticəsini öncədən müəyyən edən kimi təfsir edilmir.
Maddə 18
Mübahisələrin həlli
Hazırkı Sazişin müddəalarının təfsiri və ya tətbiqi ilə bağlı Tərəflər arasında mübahisələr məsləhətləşmələr, danışıqlar və Tərəflərin müəyyən etdiyi digər dinc vasitələrlə həll olunur.
Maddə 19
Dəyişiklik və əlavələr
1. Hazırkı Sazişin müddəaları Tərəflərin razılığı ilə dəyişdirilə və ya onlara əlavə oluna bilər.
2. Hazırkı Sazişə edilən dəyişiklik və əlavələr onun ayrılmaz tərkib hissəsini təşkil edir və hazırkı Sazişin 21-ci maddəsində nəzərdə tutulmuş qaydada qüvvəyə minən ayrıca protokollar formasında rəsmiləşdirilir.
Maddə 20
Depozitari
Hazırkı Sazişin Depozitarisi Rusiya Federasiyası Hökumətidir.
Maddə 2 1
Qüvvəyəminmə
Hazırkı Saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə sonuncu yazılı bildirişin Depozitari tərəfindən alınması tarixindən sonra otuzuncu gün qüvvəyə minir.
Maddə 22
Sazişdən çıxma
Tərəflərdən hər biri Depozitarini bu barədə məlumatlandırmaqla, hazırkı Sazişdən çıxa bilər. Həmin Tərəf üçün hazırkı Saziş belə bildirişin Depozitari tərəfindən alınması tarixindən etibarən on iki ay müddətində qüvvədə qalacaqdır.
29 sentyabr 2014-cü il tarixində Həştərxan şəhərində, hər biri Azərbaycan, qazax, rus, türkmən, fars və ingilis dillərində olmaqla, bir əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir.
Fikir ayrılığı yarandığı təqdirdə, Tərəflər ingilis dilindəki mətnə müraciət edəcəklər.
Əsl nüsxə saxlanmaq üçün Depozitariyə verilir və Depozitari hazırkı Sazişin təsdiqlənmiş nüsxələrini Tərəflərə göndərir.