

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


FHN Cənub Regional Mərkəzi “Konstitusiya və Suverenlik İli”nə həsr olunan tədbir keçirib
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı tədbir keçirilib.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə açıq elan edən Cənub Regional Mərkəzinin rəisi polkovnik Müsəddiq Əsədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması tarixi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının imzaladığı Sərəncam Konstitusiyamıza və dövlət suverenliyinə ali ehtiram və dəyərin ifadəsidir.
Çıxış edən natiqlər bildiriblər ki, bu gün Azərbaycan dövləti Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlayıb, öz ideallarına həmişə sadiq qalıb və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edib. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə müstəqil Azərbaycanın ilk milli Konstitusiyası hazırlanaraq ümumxalq səsverməsi ilə qəbul olunub. Bu il Konstitusiyamızın qəbul edilməsinin 30 ili tamam olacaq. Dövlətimizin başçısının Sərəncamı bu baxımdan da əlamətdardır.
Tədbirdə “Konstitusiya və Suverenlik İli” ilə bağlı videoçarx nümayiş olunub.