
Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
FHN-in birgə təşkilatçılığı ilə “dəyirmi masa” keçirilib
Fövqəladə Hallar Nazirliyi, SOCAR və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası (AISA) arasında sənayedə təhlükəsizlik, əməyin mühafizəsi və ətraf mühitin qorunması sahəsində birgə əməkdaşlığa dair anlaşma memorandumuna əsasən, Bakı Konqres Mərkəzində neft-qaz və sənaye sahəsində tətbiq olunan texniki-normativ sənədlərin təkmilləşdirilməsinə dair “dəyirmi masa” keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd neft-qaz və neft-kimya sənayesində tətbiq olunan texniki-normativ sənədlərin praktiki icra vəziyyətinin qiymətləndirilməsi və onların müasir texnoloji tələblərə uyğun təkmilləşdirilməsi üzrə təkliflərin formalaşdırılması olub.
Tədbirdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, Fövqəladə Hallar Nazirliyi, SOCAR, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON), Azərbaycan Standartlaşdırma İnstitutu və AISA-nın nümayəndələri iştirak edib.
“Dəyirmi masa”da açılış nitqi ilə çıxış edən FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəisi müavini İsmayıl Nəsirov sənaye təhlükəsizliyinin yalnız texniki məsələ olmadığını, dayanıqlı inkişafın və ən əsası – insan həyatının qorunmasının əsas prinsiplərindən biri olduğunu qeyd edib. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən edilmiş strateji inkişaf kursuna uyğun olaraq ölkə sənayesində, o cümlədən neft-qaz və neft-kimya sənayesində təhlükəsizliyin daim yüksəldilməsi, risklərin minimuma endirilməsi və bu sahədə müasir texnologiyaların tətbiqi əhəmiyyətli rol oynayır. Fövqəladə Hallar Nazirliyi mövcud texniki-normativ sənədlərə uyğun olaraq bu istiqamətdə səlahiyyətləri daxilində ardıcıl fəaliyyət həyata keçirir.
Tədbirdə çıxış edən Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının İdarə Heyətinin sədri Orxan Xəlilzadə neft-qaz və neft-kimya sənayesində tətbiq olunan texniki-normativ sənədlərin durmadan yenilənən texnoloji nailiyyətlərə uyğunlaşdırılmasının vacibliyini vurğulayıb.
Müvafiq dövlət qurumlarının nümayəndələrinin də iştirakı ilə “dəyirmi masa”da sənaye müəssisələrinin praktiki təcrübəsi, həmçinin təzyiq altında işləyən qurğular, texnoloji boru kəmərləri, qoruyucu klapanlar, buxar və qaynar su boru kəmərləri, neft-kimya avadanlıqlarının texniki istismarı, neft-qaz zavodlarının təhlükəsizlik qaydaları və digər aidiyyəti sahələr ilə bağlı mövcud normativ sənədlərin tətbiqi məsələləri müzakirə edilib, təkliflər səsləndirilib.






























