
Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
FHN Tibb xidmətinin əməkdaşı beynəlxalq tədbirlərdə iştirak edib
Fövqəladə Hallar Nazirliyinin Tibb xidməti Tibb mərkəzinin həkim-kardioloqu tibb xidməti mayoru, Avropa Kardiologiya Cəmiyyətinin və Beynəlxalq Gənc Kardioloqlar Akademiyasının üzvü İlahə Abdurəhmanova Belçikanın Lueven şəhərində Avropa Kardiologiya Cəmiyyəti tərəfindən təşkil edilən “Frontiers of CardioVascular Biomedicine – 2026” beynəlxalq elmi konqresində iştirak edib.
Dünyanın tanınmış aparıcı mütəxəssis və tədqiqatçılarının iştirakı ilə kardiovaskulyar xəstəliklər sahəsində ən son yenilik və tədqiqatların müzakirə olunduğu beynəlxalq tədbirdə İ.Abdurəhmanova “Gənc hərbi qulluqçularda arterial hipertenziyanın erkən prediktorları” mövzusunda çıxış edib.
90-dan çox ölkənin təmsil olunduğu konqresdə İlahə Abdurəhmanovanın məruzəsi İtaliya, Norveç, Danimarka, Finlandiya, Almaniya, Avstraliya, İran, Pakistan, Türkiyə və digər ölkələrdən olan iştirakçılar tərəfindən maraqla qarşılanaraq geniş müzakirə olunub.
Üç gün davam edən beynəlxalq konqresin yekununda FHN əməkdaşı maraqlı təqdimata və iştiraka görə müvafiq sertifikat və xüsusi təşəkkürnamə ilə təltif olunub.
Bundan əlavə, İlahə Abdurəhmanova daha bir mötəbər tədbirdə - Avropa Preventiv Kardiologiya Assosiasiyasının Sloveniyanın Lyublyana şəhərində təşkil etdiyi “European Association of Preventive Cardiology Congress 2026" konqresində iştirak edib. Təxminən 1500 iştirakçının qatıldığı beynəlxalq tədbirdə Avropanın preventiv kardiologiya, kardioreabilitasiya, idman kardiologiyası, kardiovaskilyar xəstəliklərdə birincili və ikincili qoruma sahəsində ən son yeniliklər, qabaqcıl araşdırmalar, müasir elmi tədqiqatlar geniş müzarikə olunub. Tədbirdə FHN-in əməkdaşının təqdimatı kongresin İdarə Heyəti tərəfindən yüksək qiymətləndirilərək müvafiq sertifikat və təşəkkür məktubu ilə dəyərləndirilib.



















