

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının geyim formasının daşınması Qaydaları”nın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN
QƏRARI
№ 20/01-003
Bakı şəhəri 19 aprel 2024-cü il
“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının geyim formasının daşınması Qaydaları”nın təsdiq edilməsi barədə
“Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinin, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 13 avqust 2010-cu il tarixli 314 nömrəli Fərmanının 2.3-cü bəndinin və Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2007-ci il tarixli 623 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının hərbi geyim forması və xüsusi rütbəsi olan əməkdaşlarının geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”nin 21-ci bəndinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”nin 8.2.1-ci və 10.10.4-cü yarımbəndlərini rəhbər tutaraq
qərara alıram:
1. “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının geyim formasının daşınması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq idarəsi (İlhamə Turabova) qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
3. Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş idarəsi (Nailə Mürsəliyeva) qərarın surətinin Nazirliyin Aparatının aidiyyəti struktur bölmələrinə, sisteminə daxil olan qurumlarına və Akademiyasına çatdırılmasını təmin etsin.
4. Təsdiq edilmiş Qaydalar Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarixdən qüvvəyə minir.
Nazir Kəmaləddin Heydərov
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin “19”aprel2024-cü il tarixli 20/01-003 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının geyim formasının daşınması
Q A Y D A L A R I
1. Ümumi müddəalar
1.1. “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının geyim formasının daşınması Qaydaları” (bundan sonra - Qaydalar) “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 13 avqust 2010-cu il tarixli 314 nömrəli Fərmanının 2.3-cü bəndinə və Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2007-ci il tarixli 623 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının hərbi geyim forması və xüsusi rütbəsi olan əməkdaşlarının geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”nin (bundan sonra - Əsasnamə) 21-ci bəndinə əsasən hazırlanmışdır.
1.2. Bu Qaydalar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (bundan sonra - Nazirlik) hərbi qulluqçularına, xüsusi rütbəsi olan əməkdaşlarına və Akademiyasının kursantlarına (müdavimlərinə) şamil olunur.
1.3. Nazirliyin Akademiyasında təhsil alan zabit, gizir, çavuş və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları xidmət etdikləri qurumun geyim formasını daşıyırlar.
1.4. Əsasnamə ilə müəyyən edilmiş təsvirlərə (rəngə və ölçülərə) və bu Qaydalara uyğun olmayan geyim formasının və geyim əşyalarının daşınması qadağandır.
1.5. Bu Qaydalara riayət edilməməsi intizam məsuliyyəti yaradır.
2. Geyim formasının daşınma qaydaları
2.1. Geyim forması Nazirliyin hərbi qulluqçuları, xüsusi rütbəsi olan əməkdaşları və Akademiyasının kursantları (müdavimləri) tərəfindən Əsasnamənin və bu Qaydaların tələblərinə əməl etməklə Nazirliyin mövsümlə əlaqədar əmrləri, bayram günlərində və mərasimlərdə isə göstərişləri əsasında, eləcə də gündəlik fəaliyyət və xidməti vəzifələrin yerinə yetirilməsinin xüsusiyyətləri nəzərə alınmaqla daşınır.
2.2. Yay mərasim geyim forması aşağıdakı tərkibdə daşınır:
2.2.1. furajka (qadınlarda - şlyapa), kitel, şalvar (qadınlarda - tuman), şalvar qayışı, aşırma kəmər və qılınc (yalnız zabitlər üçün), ağ rəngli köynək, qalstuk, ağ rəngli əlcək, corab (qadınlarda - neylon corab) və tufli ilə.
2.3. Qış mərasim geyim forması aşağıdakı tərkibdə daşınır:
2.3.1. papaq və ya furajka (qadınlarda - papaq, şlyapa), palto, kitel, şalvar (qadınlarda - tuman), şalvar qayışı, aşırma kəmər və qılınc (yalnız zabitlər üçün), ağ rəngli köynək, qalstuk, ağ rəngli əlcək, şərf, corab (qadınlarda - neylon corab) və tufli (qadınlarda - uzunboğaz çəkmə) ilə.
2.4. Yay gündəlik geyim forması aşağıdakı tərkibdə daşınır:
2.4.1. furajka (qadınlarda - şlyapa), kitel, şalvar (qadınlarda - tuman), şalvar qayışı, köynək, qalstuk, corab (qadınlarda - neylon corab) və tufli ilə;
2.4.2. furajka (qadınlarda - şlyapa) və ya pilotka (qadınlarda şlyapa), şalvar (qadınlarda - tuman), şalvar qayışı, köynək, qalstuk, corab (qadınlarda - neylon corab) və tufli ilə;
2.4.3. furajka (qadınlarda - şlyapa) və ya pilotka (qadınlarda - şlyapa), şalvar (qadınlarda - tuman), şalvar qayışı, qısaqol köynək, corab (qadınlarda - neylon corab) və tufli ilə;
2.4.4. furajka (qadınlarda - şlyapa) və ya pilotka (qadınlarda - furajka), demisezon gödəkcə, şalvar (qadınlarda - şalvar və ya tuman), şalvar qayışı, köynək, qalstuk, corab (qadınlarda - neylon corab) və tufli ilə;
2.4.5. furajka (qadınlarda - şlyapa), yay qərargah gödəkcəsi, şalvar (qadınlarda - şalvar və ya tuman), şalvar qayışı, qısaqol mayka, corab (qadınlarda - neylon corab) və tufli ilə.
2.5. Qış gündəlik geyim forması aşağıdakı tərkibdə daşınır:
2.5.1. qış papağı və ya furajka (qadınlarda - qış papağı və ya şlyapa), palto, kitel, şalvar (qadınlarda - tuman), şalvar qayışı, köynək, qalstuk, əlcək, şərf, corab (qadınlarda - neylon corab) və tufli (qadınlarda - uzunboğaz çəkmə) ilə;
2.5.2. furajka (qadınlarda - şlyapa), demisezon palto, kitel, şalvar (qadınlarda - tuman), şalvar qayışı, köynək, qalstuk, əlcək, şərf, corab (qadınlarda - neylon corab) və tufli (qadınlarda - uzunboğaz çəkmə) ilə;
2.5.3. furajka (qadınlarda - şlyapa), istiləşdirilmiş gödəkcə, demisezon qərargah gödəkcəsi, şalvar (qadınlarda - şalvar və ya tuman), şalvar qayışı, uzunqol mayka, əlcək, şərf, corab (qadınlarda - neylon corab) və tufli (qadınlarda - uzunboğaz çəkmə) ilə;
2.5.4. furajka (qadınlarda - şlyapa), demisezon gödəkcə, şalvar (qadınlarda - şalvar və ya tuman), şalvar qayışı, yaxası üçbucaq şəkilli yarımyun köynək, köynək, qalstuk, corab (qadınlarda - neylon corab) və tufli (qadınlarda - uzunboğaz çəkmə) ilə;
2.5.5. furajka (qadınlarda - şlyapa), demisezon qərargah gödəkcəsi, şalvar (qadınlarda - şalvar və ya tuman), şalvar qayışı, uzunqol mayka, corab (qadınlarda - neylon corab) və tufli (qadınlarda - uzunboğaz çəkmə) ilə.
2.6. Yay səhra geyim forması aşağıdakı tərkibdə daşınır:
2.6.1. yay furajkası, çoxfunksionallı yay gödəkcəsi, yay şalvarı, şalvar qayışı, qısaqol mayka, bel kəməri, corab və botinka ilə.
2.7. Qış səhra geyim forması aşağıdakı tərkibdə daşınır:
2.7.1. qış papağı (qış furajkası), istiləşdirilmiş çoxfunksionallı qış gödəkcəsi, çoxfunksionallı qış gödəkcəsi, qış şalvarı, şalvar qayışı, yaxası boğazacan yarımyun köynək, uzunqol mayka, bel kəməri, əlcək, şərf, corab və botinka ilə.
2.8. Geyim formasının daşınması zamanı aşağıdakılara riayət olunmalıdır:
2.8.1. geyim forması təmiz, səliqəli və ütülənmiş vəziyyətdə daşınmalıdır;
2.8.2. geyim formasının daşınması zamanı zinət əşyalarından (sadə üzük və sırğa istisna olmaqla) və bəzəkli aksesuarlardan istifadə olunmamalı, hərbi və xüsusi rütbəli vəzifələrdə xidmət edən qadın əməkdaşların saçı çiyinlərini örtməməli, uzun olduqda arxadan yığılmalı, baş geyiminin daşınmasına mane olmamalı, makiyajı gözə çarpmamalıdır;
2.8.3. baş geyimləri - papaq, furajka, şlyapa və pilotka meylsiz, düz şəkildə geyilir. Baş geyimləri başa elə qoyulmalıdır ki, onların aşağı kənarı qaşlardan iki barmaq yuxarıda, günlüyün mərkəzi isə qaşların ortası səviyyəsində dayansın. Sıra duruşu zamanı baş geyimi sağ əllə çıxarılaraq (pilotka istisna olmaqla) sol ələ ötürülür, sol əl azad buraxılmaqla baş geyiminin içəri tərəfi sol ayağa yapışdırılır və baş geyiminin kokardası qabağa baxaraq saxlanılır. Açıq məkanlarda baş geyimi düzgün daşınmalı və heç bir halda əldə gəzdirilməməlidir;
2.8.4. qış mövsümündə açıq məkanlarda geyim formasının üst paltarsız (palto, demisezon palto, istiləşdirilmiş gödəkcə və istiləşdirilmiş çoxfunksionallı qış gödəkcəsi) daşınması qadağandır;
2.8.5. Nazirliyin Aparatının və struktur bölmələrinin inzibati binaları və qərargahları daxilində geyim forması yarımyun və uzunqol köynəklər, xidməti otaqlarda isə maykalar ilə daşına bilər (sıra düzülüşləri, iclaslar və tədbirlər istisna olmaqla);
2.8.6. geyim formasının daşınması zamanı bütün düymələr, zəncirbəndlər bağlı vəziyyətdə olmalı, cib qapaqları cibin üzərinə salınmalıdır;
2.8.7. qalstuk köynəyin (qısaqol köynək istisna olmaqla) yuxarıdan üçüncü və dördüncü düymələri arasında qızılı rəngli metal sıxacla bərkidilməlidir;
2.8.8. geyim forması ilə qara və ya tünd umbra rəngli kiçik ölçülü çanta daşına bilər;
2.8.9. qış mərasim geyim formasının qış paltosunu geyinmədən kitel və furajka (qadınlar - şlyapa) ilə daşınmasına icazə verilir;
2.8.10. qış geyim formasının daşınması zamanı şərf boyunluğun altında səliqə ilə qatlanmış vəziyyətdə daşınır və onun kənarı boyunluqdan 1,5 sm qədər çıxmalıdır;
2.8.11. səhra geyim formasının istiləşdirilmiş çoxfunksionallı qış gödəkcəsini geyinmədən qış furajkası ilə daşınmasına icazə verilir;
2.8.12. səhra geyim formasının bel kəməri döyüş şəraitində, sutkalıq naryadlarda, təlimlərdə, manevrlərdə və döyüş növbələrində, eləcə də silah, avadanlıq və ləvazimatlar ilə daşınır;
2.8.13. Nazirliyin hərbi qulluqçuları və xüsusi rütbəsi olan əməkdaşlarına xidmət vaxtı xüsusi göstərişə əsasən mülki geyimin daşınması hallarına icazə verilir.
2.9. Nazirliyin hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının rütbəyə görə fərqləndirmə nişanları poqonlardır, təsviri Əsasnamə ilə müəyyən edilir.
2.9.1. Nazirliyin Akademiyasının kursantlarının (müdavimlərinin) daşıdığı poqon təhsil kursunu, fakültəni, taqımı və manqanı müəyyən edir.
2.9.2. daşınma üsuluna görə poqonlar tikilmə və taxılıb-çıxarılan poqonlara bölünür:
2.9.2.1. tikilmə poqonlar mərasim və gündəlik geyim formasının qış paltosu və kitelində daşınır;
2.9.2.2. Tikilmə poqonların uzunluğu 120 - 180 mm, aşağı kənarının eni ali rəis heyəti üçün - 56 mm, Nazirliyin hərbi qulluqçuları, xüsusi rütbəsi olan əməkdaşları (ali rəis heyətindən başqa) və Akademiyasının kursantları (müdavimləri) üçün - 50 mm, yuxarı kənarının eni ali rəis heyəti üçün - 40 mm, Nazirliyin hərbi qulluqçuları, xüsusi rütbəsi olan əməkdaşları (ali rəis heyətindən başqa) və Akademiyasının kursantları (müdavimləri) üçün - 35 mm-dir.
2.9.2.3. Taxılıb - çıxarılan poqonlar mərasim geyim formasının qış paltosu və kitelində, gündəlik geyim formasının demisezon palto və gödəkcəsində, istiləşdirilmiş, yay və demisezon qərargah gödəkcələrində, yarımyun, qısaqol və uzunqol köynəklərində, səhra geyim formasının bütün növ gödəkcələrində çiyində, maykalarda isə sinədə daşınır;
2.9.2.4. Taxılıb-çıxarılan poqonların uzunluğu 125 mm, aşağı hissəsinin eni 60 mm, yuxarı hissəsinin eni 45 mm-dir.
2.9.2.5. Ali rəis heyətinin taxılıb-çıxarılan poqonlarının ölçüləri onların tikilmə poqonlarının (səhra geyim formasından başqa) ölçüləri ilə eynidir.
2.9.3. Maykalarda poqonların təsviri olan döş tikməsinin ölçüləri 90 mm x 50 mm-dir.
2.9.4. Ali rəis heyətinin poqonlarının aşağı kənarından 10 mm məsafədə qızılı (səhra geyim formasından başqa) və qara (səhra geyim forması üçün) rəngli 42 mm x 27 mm ölçüdə emblemi yerləşdirilir.
2.9.5. Baş zabitlərin və böyük rəislərin poqonlarının aşağı kənarından 12 mm məsafədə (poqonların təsviri olan döş tikmələrində - 6 mm) çarpazlaşdırılmış qılınclarsız qızılı (səhra geyim formasından başqa) və qara (səhra geyim forması üçün) rəngli 40 mm x 25 mm ölçüdə emblemi yerləşdirilir.
2.9.6. Zabitlərin, orta, böyük və ali rəis heyətinin poqonlarındakı ulduzlar uzununa sıra ilə yerləşdirilir və üzərindəki ulduzlar bu Qaydalara əlavə edilmiş “Zabitlərin, orta, böyük və ali rəis heyətinin poqonlarının üzərində bərkidilən ulduzların rütbəyə müvafiq olaraq sayı və ara məsafəsi cədvəli”nə uyğun bərkidilir.
“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının geyim formasının daşınması Qaydaları”na əlavə
Zabitlərin, orta, böyük və ali rəis heyətinin poqonlarının üzərində bərkidilən ulduzların rütbəyə müvafiq olaraq sayı və ara məsafəsi
C Ə D V Ə L İ
№ |
Rütbələr |
Ulduzların sayı (ədəd) |
Poqonun aşağı hissəsindən birinci ulduzun mərkəzinədək məsafə (mm) |
Ulduzların mərkəzləri |
1. |
general-polkovnik |
3 |
52 |
27 |
2. |
general-leytenant |
2 |
52 |
27 |
3. |
general-mayor |
1 |
52 |
- |
4. |
polkovnik |
3 |
40 |
25 |
5. |
polkovnik-leytenant |
2 |
40 |
25 |
6. |
mayor |
1 |
40 |
- |
7. |
kapitan |
4 |
25 |
25 |
8. |
baş leytenant |
3 |
25 |
25 |
9. |
leytenant |
2 |
25 |
25 |
10. |
kiçik leytenant |
1 |
50 |
- |