

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


Fövqəladə hallarla bağlı davranış qaydaları
Qum fırtınası
Qum (və ya toz) fırtınası quraq və yarıquraq bölgələr üçün xarakterik olan meteoroloji hadisədir və əsasən, isti havalarda baş verir. Qum fırtınası, qum və toz hissəciklərinin havaya sovrulması nəticəsində yaranır, bir neçə dəqiqədən bir neçə günədək davam edə bilir. Qum fırtınası insan səhhətində tənəffüs sisteminin və ya immun sisteminin zəifləməsi kimi təhlükə yarada bilər.
Qum fırtınasına hazırlıq:
- əgər siz güclü küləkli, tozlu və ya qumlu yerdə yaşayırsınızsa, fırtınaya hazırlıqlı olun;
- əgər səyahətdəsinizsə, nəzərə alın ki, adətən, qum fırtınasının xarakterik olduğu ərazilərdə qum fırtınası təhlükəsi barədə xəbərdarlıq nişanları qoyulur;
- qum fırtınası barədə xəbərdarlığı izləyin;
- qum fırtınası xəbərdarlığından sonra qapalı məkanda qalın;
- fırtına vaxtı uzun müddət acıq havada qalmalısınızsa, bədəninizi qorumaq üçün uzunqollu köynək və şalvar geyinin, üzünüzü qorumaq üçün xüsusi maska, qoruyucu eynəklər gotürün;
- zərurət olmadan bayıra çıxmayın.
Qum fırtınası zamanı açıq havadasınızsa:
- nəzərə alın ki, havada tozun az miqdarı belə gözlərin qıcıqlanmasına, görmədə problemlərə və nəfəsalmanın çətinləşməsinə gətirib çıxara bilər;
- ağız və burnunuzu xüsusi maska ilə örtün, qoruyucu eynək taxın;
- maska yoxdursa, ağız və burununuzu parça və ya dəsmal ilə bağlayın;
- qoruyucu eynək yoxdursa, üz-gözünüzu əllərinizlə bağlayın və ya başınızı parça, dəsmal, geyim və s. ilə bükün;
- burunda selikli qişanın qurumaması üçün burun boşluqlarının iç hissəsinə az miqdarda vazelin vurun;
- qum və ya tozun ən sıx konsentrasiyası çokəklik ərazidə olduğundan ildırım təhlükəsi olmadığı halda hündür yerə çıxın;
- qum təpəsindəsinizsə, sığınacaq kimi təpənin külək tutan hissəsindən istifadə edin. Çünki qum təpənin külək tutmayan tərəfinə yığılacaq;
- özünüzü küləyin sovurduğu müxtəlif mümkün predmetlərdən qoruyun. Bu məqsədlə, sığına biləcəyiniz hər hansı iri daş, qaya və s. tapın, başınızı çanta, balış və s. əlaltı vasitələrlə qoruyun;
- fırtına zamanı mümkün qədər hərəkət etməyin;
- fırtına sizə çatmamış yaxınlıqdakı sığınacağa mümkün qədər tez çatın və orada qalın;
- qapalı məkandasınızsa, qapı və pəncərələri bağlayın, fırtınanın bitməsini gözləyin;
- siz qruplasınızsa, əl-ələ tutaraq biri-birinizdən uzaqlaşmayın;
- kimsə qrupu mütləq tərk etməlidirsə, onu qrup üzvləri ilə iplə əlaqələndirmək lazımdır ki, geriyə qayıda bilsin.
Qum fırtınasına avtomobildə olarkən düşmüsünüzsə:
- uzaqdan qum fırtınasını (dumanabənzər toz) görürsünüzsə, ondan uzaqlaşmağa çalışın;
- nəzərə alın ki, fırtına zamanı görüntü minimuma enə bilər;
- yadda saxlayın ki, fırtınanın istiqaməti və sürəti gözlənilmədən dəyişə bilər;
- fırtınadan uzaqlaşa bilmirsinizsə, şoseni tərk edib külək tutan və təhlükəsiz sahədə avtomobili dayandırın, bayır işıqlarını söndürərək avtomobilin içində fırtınanın bitməsini gözləyin;
- şoseni təhlükəsiz tərk edə bilmirsinizsə, faralar və qəza siqnalı işıqlarını yandırın, sürəti azaldın və vaxtaşırı siqnala basaraq fırtınanın hərəkəti istiqamətində yola davam edin;
- pəncərələri bağlayın və maşına havanı bayırdan çatdıran havalandırma sistemini söndürün.