

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


Fövqəladə hallarla bağlı davranış qaydaları
Radiasiya təhlükəsi
Radioaktiv maddələr qaz, toz, bərk və maye halında olur. İnsanlar nüvə silahının tətbiqi, nüvə partlayışı zamanı və nüvə təhlükəli obyektlərdə (ionlaşdırıcı şüa mənbələri istehsal və istifadə olunan müəssisələrdə və s.) radionuklidlərin təsiri altında radiasiya təhlükəsi ilə üzləşə bilərlər.
Əgər radiasiya təhlükəsi yaranıbsa, mütləq şəkildə həmin ərazidə torpaq, su, hava, tikililər və s. radioaktiv çirklənməyə məruz qalır. Hava radioaktiv maddələrlə nə qədər çox çirklənərsə şüalanma təhlükəsi bir o qədər artır. Radioaktiv tozla çirklənmiş hava külək vasitəsi ilə sürətlə yayılır və radioaktiv maddələr zamanla daha geniş ərazidə suyun və torpağın üst qatına çökür. Nəticədə, torpağın üst qatından dərinliklərinə çökən radioaktiv maddələr canlıların qida və su vasitəsilə radiasiya təhlükəsi ilə üzləşməsinə zəmin yaradır. Bu səbəbdən, ərazidən küləyin əks istiqamətinə doğru uzaqlaşmaq lazımdır.
Radioaktiv çirklənmə əhalinin sağlamlığı ilə yanaşı, kənd təsərrüfatına da ciddi ziyan vurur. Bu zaman çirklənmiş ərazidə istehsal olunan kənd təsərrufatı məhsullarının istifadəsinə, balıqçılıq və ovçuluğa qadağalar qoyulur.
Böyük miqyaslı radiasiya təhlükəsi yarandıqda isə kilometrlərlə, bəzən də on kilometrlərlə ərazidən insanların təxliyyəsi təşkil olunur.
Radiasiyanın insan orqanizminə təsiri:
Radioaktiv maddələr orqanizmə daxil olduqda sinir sisteminin funksiyası pozulur, qalxanabənzər vəzini, ağ ciyərləri, mədə-bağırsağın selikli qişasını zədələyir və nəticədə, insan bədənindəki hüceyrələr sıradan çıxır. Çox zaman hüceyrələrin bərpasına orqanizmin gücü çatmır, daxili orqanların fəaliyyəti pozulur, infeksion xəstəliklərə qarşı immunitet zəifləyir və insan həyatı üçün ciddi təhlükə yaranır.
Radioaktiv çirklənmədən qorunma yolları:
- Radioaktiv maddələrlə çirklənmiş ərazilərdən mümkün qədər uzaq məsafədə olmaq;
- Radioaktiv maddələrlə çirklənmiş havada fərdi mühafizə vasitələri ilə nəfəs almaq;
- Radioaktiv maddələrlə çirklənmiş qida məhsullarından istifadə etməmək;
- Radioaktiv toz buludlarının yaşayış yerinə yaxınlaşması barədə xəbərdarlıqdan sonra mənzillərin qapı və pəncərələrini, havalandırma sistemlərini kip bağlamaq, küçəyə çıxmamaq;
- Səhhətdə hər hansı dəyişiklik baş verdikdə dərhal yaxındakı tibb müəssisəsinə müraciət etmək;
- Radioaktiv təhlükə zamanı ev heyvanlarını qapalı yerdə saxlamaq, onlarla təması məhdudlaşdırmaq;
- Radioaktiv çirklənmənin yayılma sahəsi, dərəcəsi və profilaktik tədbirlər barədə rəsmi qurumların yaydığı məlumatları izləmək.
Təxliyyə tədbirləri:
- Aidiyyəti qurumların “radiasiya təhlükəsi” siqnalından dərhal sonra təxliyyə ilə bağlı tələblərinə sözsüz əməl olunmalıdır;
- “Radiasiya təhlükəsi” siqnalı səsgücləndirici vasitələr, teleradio şəbəkəsi və sirenalar vasitəsi ilə 2-3 dəqiqə davam edən siqnaldır;
- İçində müəyyən qədər ərzaq və su, tibb çantası, vacib sənədlər, pul, fənər və isti paltar olan ehtiyat çantasını həmişə əl altında saxlayın;
- Təxliyyə zamanı uşaqlara, yaşlılara, fiziki qüsurlu şəxslərə kömək edilməlidir;
- Təxliyyə zamanı daşınması mümkün olan ev heyvanlarını özünüzlə aparmaq olar, digərləri isə bir neçə günlük qida və su ehtiyatı ilə təmin edilməlidir;
- Aidiyyəti qurumların icazəsi olmadan təxliyyə olunmuş əraziyə qayıtmaq qəti qadağandır.