

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


Fövqəladə hallarla bağlı davranış qaydaları
Radon qazı təhlükəsi
Radon nədir?
Radon rəngsiz, iysiz radioaktiv qazdır. Suda və orqanizmin piyli toxumasında asanlıqla həll olunur. Xüsusi avadanlıqlar vasitəsilə aşkar olunan radon qazı uranın zaman-zaman başqa radioaktiv elementlərə çevrilməsi nəticəsində yaranır və qaz şəklində olduğu üçün hər yerə yayıla bilir. Radonun əsası olan uran təbii radioaktiv maddə olaraq qayalıq, torpaq və s. yerlərdə az miqdarda da olsa müşahidə olunur. Radon, əsasən,o uranla zəngin olan mədənlərdə, mağaralarda daha çox yayılır. Radioaktiv yayılma təhlükəsi zəif olsa da radon təbii radiasiya mühitinin 50 faizini təşkil edir. Radon əsasən uranın çoxluq təşkil etdiyi mağara və mədənlərdə qranit və vulkanik süxurlarda yüksək miqdarda olur və səhhətə ciddi təklükə törədir. Radona içməli suda da təsadüf edilə bilər.
Radon evlərə haradan gəlir?
Radon qazı evlərə yerin altından – bünövrədən sızıb zirzəmilərə dolur və zamanla divardakı çatlar, evə qalxan borular vasitəsilə yayılır. Bu səbədən də evin zirzəmisində və birinci mərtəbəsində radona daha çox təsadüf olunur. Bundan başqa, radon daş, qum və torpaq tərkibli tikinti materialları, yerin alt qatlarından çıxarılan içməli su vasitəsi ilə də məişətə daxil ola bilər. Müxtəlif səbəblərdən evlərdə olan radonun səviyyəsi ildən-ilə, mövsümdən-mövsümə, gündən-günə dəyişir.
Radonun səhhətə təsiri
Radonun ən ciddi təsiri radiaktivlikdən gələn alfa şüalanmasıdır. Əgər insan radon qazı qarışmış hava ilə uzun müddət nəfəs alarsa zəhərlənməyə və az dozalı daxili şüalanmaya məruz qalacaq. Orqanizmin bu maddə ilə zəhərlənməsi heç bir əlamətlə hiss olunmur, lakin illər sonra zəhərlənmiş insan ciddi xəstəliklərdən əziyyət çəkir. Radon suya, toz və dumana qarışaraq qida və nəfəs yolları vasitəsilə insan orqanizminə asanlıqla daxil olur, immun sistemi, qan yaradan hüceyrələri, sümük iliyini, ağ ciyərləri və nəfəs yollarını zədələyir. Bu isə ağciyər xərçənginə, qan xəstəliklərinə və genetik xəstəliklərə səbəb olur. Radonun siqaret çəkən insanlarada xərçəng xəstəliyi törətmə ehtimalı daha çoxdur.
Radondan qorunmağın yolları
Adi halda radon qazına hər yerdə rast gəlinir ki, onun həcmi norma daxilində olduqda təhlükəli hesab edilmir. Ərazinin radonla çirklənməsi radon asperatorları ilə müəyyən olunur. Qapalı mühitdə radon qazının həcminin normadan artıq olması təhlükəli hesab olunur. Radon təbii qaz olduğundan havalandırma yolu ilə ərazidən kənarlaşdırılır. İçməli sudan isə radonu sönmüş sadə kömür filtrləri ilə təmizləmək olar. Radondan qorunmaq üçün evlər tez-tez havalandırılmalı, zirzəmilərin döşəməsi izolə edilməli, divarlarında xüsusi havalandırma dəlikləri qoyulmalı, birinci mərtəbədə döşəmədəki və divarlardakı çatlar qapanmalıdır. İkinci mərtəbədən aşağıdakı evlərdə radonun səviyyəsi ölçülməlidir.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!