

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


Fövqəladə hallarla bağlı davranış qaydaları
İldırım (Şimşək)
İldırım– qasırğalı buludla yer arasında baş verən, şiddətli gurultu və parlaq qığılcımla müşayiət olunan qısamüddətli təhlükəli elektrik boşalmasıdır. Bu səbəbdən, bir sıra təhlükəsizlik qaydalarına riayət etməliyik.
İldırımdan mühafizə:
Təsərrüfat obyektləri, bina və müxtəlif qurğuların ildırımdan zədələnmə təhlükəsini azaltmaq üçün ildırım ötürücüləri olmalıdır.
İldırım vaxtı nə etməli?
- sobada odu söndürün, qazı bağlayın, elektrik cihazlarını şəbəkədən ayırın;
- evin pəncərə və qapılarını örtün, pəncərənin qarşısında dayanmayın;
- telefonla danışmayın;
-elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmayın;
- daldalanmaq üçün hündür ağacların altında gizlənməyin (əsasən də palıd və qovaq ağacları daha təhlükəlidir);
-nəzərə alın ki, ildırım düşməsi ağacların hündürlüyü ilə düz mütənasibdir. Belə ki, məsələn, ağacın hündürlüyü 4 metrdirsə, həmin ağacdan, ən azı, 4 metr aralı dayanmaq lazımdır;
- düzəngahdasınızsa, yüksək nöqtə kimi ildırımı cəlb etməmək üçün çuxurda çöməlib dizlərinizi qucaqlayaraq oturun;
- yüksəklikdəsinizsə, çökək yerə enin;
- su hövzəsində çimirsinizsə və ya qayıqdasınızsa, dərhal sahilə çıxın;
- yadda saxlayın ki, metal əşya ilə təmas təhlükəlidir (o cümlədən, saat, sırğa, üzük, idman əşyaları və s.);
- avtomobildəsinizsə, hərəkəti dayandırın, onu tərk etmədən şüşələri qaldırıb ildırımın bitməyini gözləyin;
- traktor, otbiçən maşın, motosiklet və ya velosiped sürürsünüzsə, dərhal düşün və ən azı, 30 metr aralanın;
- qrup halındasınızsa, aranızda, ən azı, 1,5 metr məsafə saxlayın.