

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


Fövqəladə hallarla bağlı davranış qaydaları
Quraqlıq (Anomal istilər)
Quraqlıq – yağıntının normadan çox aşağı, havanın temperaturunun xeyli yuxarı və rütubətin xeyli aşağı olması ilə müşayiət edilir.
Anomal istilər – bir neçə gün ərzində havanın orta müsbət temperaturunun 10 dərəcə və daha yüksək olması ilə xarakterizə edilir.
Quraqlığa (Anomal istiyə) necə hazırlaşmalı:
- böyük həcmdə su ehtiyatı tədarük edin və ondan qənaətlə istifadə edin;
- içində müəyyən qədər ərzaq və su, tibb çantası, vacib sənədlər, pul, fənər və isti paltar olan ehtiyat çantasını həmişə əl altında saxlayın;
- havanın temperaturuna uyğun açıq rəngli, yüngül, xüsusilə pambıq parçadan olan geyimlər hazırlayın;
- elektrik cihazlarının (ventilyator, kondisioner, soyuducu və s.) sazlığını müntəzəm yoxlayın;
- istidən qorunmaq üçün pəncərə qapaqları, jalüz, qalın materialdan pərdə və ya yaş parça hazırlayın.
Quraqlıq (Anomal istilər) zamanı nə etməli:
- zərurət olmadan açıq havada çox qalmayın;
- açıq rəngli, yüngül, xüsusilə pambıq parçadan olan geyimlərdən istifadə edin;
- tələsmədən hərəkət edin, daha çox kölgə və ya sərin yerdə qalmağa çalışın;
- alkoqollu içkilərdən istifadə etməyin;
- sərin duş qəbul edin, tələsmədən çox miqdarda su için;
- unutmayın ki, quraqlıq zamanı yanğın ehtimalı artır.