

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


Fövqəladə hallarla bağlı davranış qaydaları
Sunami
Sunami güclü sualtı və sahilboyu zəlzələ nəticəsində açıq dənizdə yaranan hündür dalğalardır. Sunami təhlükəli təbiət hadisəsi olduğundan onunla bağlı təhlükəsizlik qaydalarını bilmək vacibdir.
Sunaminin əlamətləri:
Zəlzələ sunami təhlükəsi haqqında xəbərdarlığın təbii siqnalıdır. Sunamidən əvvəl, bir qayda olaraq, su sahildən yüz metrlərlə, bəzən kilometrlərlə geri çəkilir. Bu çəkilmə bir neçə dəqiqədən yarım saata qədər davam edə bilər. Heyvanların təlaşlı şəkildə davranışı, hündür yerlərə doğru hərəkəti də sunaminin əlamətlərindəndir.
Sunami zamanı təhlükəsiz davranış qaydaları:
- sunami təhlükəsi haqqında xəbərdarlıq siqnalını öz ailənizin üzvlərinə izah edin;
- yaxınlıqda olan su basmayan yüksəkliklərin yerini və oraya gedən ən qısa yolları əvvəlcədən öyrənin (sahildən azı 2-3 km məsafədə, dəniz səviyyəsindən 30-40 m yüksəklikdə);
- sunaminin proqnozu üzrə xəbərləri izləyin;
- nəzərə alın ki, təhlükəsizlik tədbirləri üçün bir neçə dəqiqədən yarım saata qədər vaxtınız var;
- qapalı məkandasınızsa, işıq və qazı şəbəkədən ayıraraq dərhal oranı tərk edin və müəyyən etdiyiniz təhlükəsiz yerə gedin;
- təhlükəsiz yerə çata bilmirsinizsə, hündür bir binanın yuxarı mərtəbəsinə qalxın, pəncərə və qapıları bağlayın;
- qapalı məkanda qalmaq məcburiyyətindəsinizsə, binanın yuxarı mərtəbəsinə qalxın və nəzərə alın ki, yükdaşıyan divarların kəsişməsindəki künclər daha təhlükəsizdir;
- üzərinizə düşə bilən əşyalardan uzaq durmağa çalışın;
- açıq yerdəsinizsə və yaxınlıqda hündür bir bina yoxdursa, zərbəyə davamlı (ağac və s.) yerdə daldalanın;
- suda olduqda, dar və ağır geyimdən azad olun, suda batmayan hər hansı əşyadan yapışmağa çalışın;
- dalğanın gətirə biləcəyi təhlükəli əşyalardan qorunun;
- ilk dalğadan sonra, təxminən, 30 dəqiqə sonra gələcək daha güclü olan ikinci dalğaya hazırlaşın;
- zərurət olduqda zərərçəkmişlərə ilk tibbi yardım göstərin.
Sunamidən sonra nə etməli:
- həyəcan siqnalının bitməsini gözləyin;
- su çəkildikdə yalnız müvafiq qurumların icazəsindən sonra evə qayıda bilərsiniz;
- evə qayıtdıqda qaz və elektrik təchizatı sisteminin sazlığına əmin olmadan onları yandırmayın;
- yoluxucu xəstəliklərin yayılmaması üçün sunami sularının gətirdiyi zibili tez yığışdırıb həyət və evi təmizləyin;
- içməli su mənbəyindən müvafiq sanitariya yoxlamasından sonra istifadə edin.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!