
Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
FHN Mətbuat xidmətinin məlumatı
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, “Daçnik” adlanan və ən yaxın xilasetmə məntəqəsindən 3 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda vətəndaş - 2003-cü il təvəllüdlü Əmirov Rəhman Məzahim oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Fövqəladə Hallar Nazirliyi bir daha vətəndaşlara müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə, o cümlədən nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə çimməməyə, habelə küləkli hava şəraitində dənizə girməməyə çağırır.















