

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


Azərbaycan Respublikasının Konstitusiyası
11-ci fəsil. Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər
Maddə 152. Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərin qəbul edilməsi qaydası
Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklər yalnız referendumla qəbul edilə bilər.
Maddə 153. Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklərin təklif edilməsi qaydası
Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişiklikləri Azərbaycan Respublikasının Milli Məclisi və ya Azərbaycan Respublikasının Prezidenti təklif etdikdə, təklif olunan dəyişikliklərə dair əvvəlcədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyi alınır.
Maddə 154. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin səlahiyyətlərinin məhdudlaşdırılması
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi referendumla qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklərə dair qərar qəbul edə bilməz.
Maddə 155. Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər təklif edilməsi təşəbbüsünün məhdudlaşdırılması
Bu Konstitusiyanın 1-ci, 2-ci, 6-cı, 7-ci, 8-ci və 21-ci maddələrində dəyişikliklər və ya onların ləğv edilməsi haqqında, III fəslində nəzərdə tutulmuş insan və vətəndaş hüquqları və azadlıqlarının ləğvi və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz.