

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...


FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin üzvləri “Zəlzələyə reaksiyavermə təlimi”ndə iştirak ediblər
Tunis Respublikasının Tunis şəhərində Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) Katibliyinin təşkilatçılığı və Tunis Respublikasının Mülki Müdafiə üzrə Milli İdarəsinin (ONPC) dəstəyi ilə “Zəlzələyə reaksiyavermə təlimi” baş tutub. Təlim INSARAG sinifləndirilməsindən keçmiş beynəlxalq axtarış-xilasetmə dəstələrinin beynəlxalq humanitar əməliyyatlara hazırlığının artırılması, fəlakətlər zamanı vahid koordinasiya sistemindən idarə olunaraq axtarış-xilasetmə işlərinin aparılması və axtarış-xilasetmə qrupları arasında qarşılıqlı fəaliyyətin təmin olunması məqsədilə təşkil olunub.
22 ölkədən peşəkar ekspertlərin və beynəlxalq axtarış-xilasetmə qruplarının nümayəndə heyətinin iştirak etdiyi təlimdə Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin 4 üzvü iştirak edib.
Təlim müddətində FHN əməkdaşları “Təlimin idarə heyəti” (EXCON) və Azərbaycan Respublikasının Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin üzvü qismində iştirak edib.
Sonda təlim iştirakçıları sertifikatla təltif olunublar.