
Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbiri keçirib
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Mingəçevir Şəhər Yanğından Mühafizə Dəstəsində “açıq qapı günü” tədbiri keçirilib.
“Mingəçevir Gənclər Evi” sosial xidmət müəssisəsinin gənclərinin iştirak etdiyi tədbirin keçirilməsində məqsəd gənclərin hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşmasına, yanğınsöndürənlərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub.
“Açıq qapı günü” tədbirində iştirakçılara yanğınsöndürənlərin gündəlik rejimi və hissənin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib.
Həmçinin, gənclər fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olub, fövqəladə hadisələr zamanı təhlükəsiz davranış qaydaları barədə məlumatlandırılıblar.
Maraqlı keçən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


















