
Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib (foto)
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt Paralimpiya İdman Kompleksində “Kütləvi idman tədbirləri keçirilən ərazilərdə baş vermiş fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması” mövzusunda təlim keçirilib.
Təlimə FHN-in Sumqayıt Regional Mərkəzi ilə yanaşı, Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin canlı qüvvə və texnikası da cəlb olunub.
Təlimin keçirilməsində məqsəd kütləvi idman tədbirləri təşkil olunan ərazilərdə mümkün fövqəladə hadisələr zamanı xilasetmə əməliyyatı üzrə xilasedicilərin bilik və vərdişlərinin təkmilləşdirilməsi, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə bacarıqlarının daha da inkişaf etdirilməsi olub.
Təlim zamanı xilasedicilər tərəfindən şərti olaraq kütləvi idman tədbiri keçirilən ərazidə köməksiz vəziyyətdə qalmış “zərərçəkmişlər” xilas edilərək onlara təxirəsalınmaz ilkin yardım göstərilib.
Uğurla keçirilmiş təlimin sonunda əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.



















